Category: Dünya

  • Ermənistanın dəmir yollarına hansı ölkə nəzarət edəcək? – Yeni iddia

    Qətər və Küveyt Ermənistanın dəmir yolu üzərində nəzarəti öz üzərinə götürməyə hazır olduqlarını açıqlayıblar.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə deyib. O, sözügedən məsələnin müxtəlif tərəfdaşlarla müzakirə edilə biləcəyini qeyd edib.

    “Prinsip budur ki, bu nəzarət ancaq o ölkəyə verilə bilər ki, həmin dövlətin həm Ermənistan, həm də Rusiya ilə münasibətləri yaxşı olsun. Biz rusiyalı tərəfdaşlarımızla danışmaq istəyirik. Bu məsləhətləşmələr aparılmalıdır. Razılaşmanı pozmaq yaxşı deyil. Həm dövlətlərarası, həm də şəxsi münasibətlərimiz bizi bu cür yoldan çəkindirir. Əksinə bizim münasibətlərimiz məsələləri sakit və mehriban atmosferdə müzakirə etməyə zəmin yaradır”, – deyə Ermənistanın Baş naziri bildirib.

  • İranın İncirlik bazasına atdığı ballistik raketi kim vurub?

    İran Silahlı Qüvvələri tərəfindən buraxılan ballistik raketin ABŞ Hərbi Hava Qüvvələrinin böyük bir kontingentinin dislokasiya olunduğu Türkiyə ərazisindəki “İncirlik” hərbi bazasını hədəf aldığı ehtimal edilir.

    Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

    Xəbərdə deyilir ki, raket İraq və Suriya hava məkanını keçərək Türkiyə istiqamətində hərəkət edərkən Aralıq dənizi üzərində zərərsizləşdirilib. Dəqiqləşdirilən məlumata əsasən, İran raketi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Oscar Austin” esminesi tərəfindən atılan “SM-3” raketi vasitəsilə vurulub. Məhv edilən raketin parçaları Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətinə düşsə də, hadisə nəticəsində xəsarət alan olmayıb.

    Əlavə olunub ki, Türkiyə NATO üzvüdür və ona qarşı hər hansı hücum alyansın 32 üzvünün münaqişəyə cəlb olunması potensialını daşıyır.

    Türkiyənin cənub bölgəsində, Adana şəhəri yaxınlığında yerləşən “İncirlik” hava bazası ABŞ və NATO Hərbi Hava Qüvvələrinin Avropadakı ən şərq dayağı hesab olunur. 1950-ci illərin ortalarında təsis edilən baza, sonradan Türkiyə Hərbi Hava Qüvvələrinin 10-cu əsas bazası statusunu alıb.

  • İsrail yenidən Tehrana zərbələr endirməyə başladı

    İsrail ordusu Tehranda infrastruktura qarşı yeni zərbələr endirməyə başlayıb.

    Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

    “Tehranda İranın infrastrukturuna qarşı kütləvi hücumlar dalğasına başlanılıb”, – deyə SAXAL bəyan edib.

  • Səudiyyə Ərəbistanında hava hücumu cəhdinin qarşısı alındı

    Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ölkənin şimalında bir pilotsuz uçan aparatı (PUA) ələ keçirib.

    Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

    PUA Əl-Cauf əyalətinin şərq hissəsində ələ keçirilib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Küveyt sahillərində tankerdə MÜƏMMALI PARTLAYIŞ: Neft sızması baş verdi

    Küveyt sahillərində tankerdə baş verən partlayış neft sızmasına səbəb olub.

    Bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) idarəetməsində olan neft tankerlərindən birinin kapitanına istinadən məlumat yayılıb.

    “Tankerin kapitanı güclü partlayış səsi eşidib. Partlayışdan sonra o, başqa bir kiçik gəminin ərazidən uzaqlaşdığını görüb.

    Zədələnmiş tanker lövbər salıb. Gəminin zədələnməsi nəticəsində neft sızması baş verib və borta çoxlu miqdarda su dolub.

    Tankerdə yanğın və ya heyət üzvlərinin xəsarət alması barədə məlumat yoxdur”, – deyə UKMTO-dan bildirilib.

  • Tayvanda fasiləsiz kompüter oyunları oynayan gənc öldü

    Tayvanda tələbənin fasiləsiz kompüter oyunları oynaması nəticəsində beyninə qan sızıb.

    Bu barədə “Oddity Central” məlumat yayıb.

    Bildirilib ki, dərhal xəstəxanaya yerləşdirilən gəncə beyin arteriyasının yırtılması diaqnozu qoyulub. Əməliyyat olunmasına baxmayaraq, fəsadı aradan qaldırmaq mümkün olmayıb. Xəstə reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Aylarla davam edən müalicə effekt vermədiyindən ailəsi onu aparatdan ayırmaq qərarına gəlib.

    Tibb bacısı hadisə barədə sayta məlumat verib. Onun sözlərinə görə, tələbə fasiləsiz kompüter oyunları oynayıb, yalnız təbii ehtiyaclarını ödəmək üçün qısa ara verib. Dörd gün və üç gecə oyun oynadıqdan sonra gənc oğlan huşunu itirib.
    //oxu.az

  • Xameneinin qətlinin GİZLİ MƏQAMLARI: ABŞ doqquz aydır hazırlıq görürmüş

    ABŞ-nin İranın ali lideri Əli Xameneinin öldürülməsi ilə əməliyyata hazırlıqları 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra başlayıb.

    Bu barədə Fransanın “Intelligence Online” portalı məlumat verib.

    Nəşrin məlumatına görə, ABŞ-nin “B-2” gizli bombardmançı təyyarələrinin İran obyektlərinə hücum etdiyi “Gecəyarısı çəkic” əməliyyatından sonra ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və xüsusi xidmətləri regionun kəşfiyyat əhatə dairəsini əhəmiyyətli dərəcədə artırıblar. İlkin olaraq onların əsas vəzifəsi dəyən ziyanın qiymətləndirilməsi olub.

    Portal qeyd edir ki, ilkin mərhələdə ABŞ qurumları arasında gərginlik yaranıb. ABŞ Hərb Nazirliyinin Kəşfiyyatı İdarəsindən və onun yeraltı obyektlərin analizi mərkəzindən sızıntılar Prezident Donald Trampın İranın nüvə proqramının “tamamilə məhv edilməsi”nə dair açıq bəyanatları ilə ziddiyyət təşkil edirdi.

    Nəticədə ABŞ xüsusi xidmətlərinin rəhbərləri Ağ Evə sonrakı addımlar üzrə versiyalar təqdim etmək məqsədilə agent və texniki kəşfiyyatın köməyi ilə Əli Xameneinin hərəkətlərini izləmək üçün nəhəng resurslar ayırıblar. Bu iş İsrail xüsusi xidmət orqanları ilə sıx əlaqələndirmə şəraitində və İran hakimiyyəti tərəfindən xarici kəşfiyyat şəbəkələrinin sıxışdırılmasına baxmayaraq aparılıb. Aylarla davam edən bu səylər fevralın 28-də İran ali liderinin iqamətgahına reydlə nəticələnib.

    Bundan əlavə, qətldən bir neçə gün əvvəl MKİ aktiv şəkildə psixoloji müharibə kampaniyasına başlayıb. İdarə “X” hesabında fars dilində xüsusi videogörüntü yayımlayıb və orada potensial İran üsyançılarına ABŞ kəşfiyyatı ilə təhlükəsiz əlaqə qurmağın yolları ilə bağlı təlimatlar təklif edib.
    //oxu.az

  • İranın yeni Ali Lideri Xamenei haqqında YENİ FAKTLAR

    Media orqanlarında yayılan xəbərlərə görə, İranın ali dini rəhbəri Əli Xameneinin oğlu Möctəba Xamenei ölkənin növbəti Ali Lideri seçilib. Lakin İran hakimiyyəti və rəsmi dövlət mediası bu məlumatı hələlik təsdiqləməyib.

    Sfera.az bildirir ki, məlumatlara əsasən, qərarın Ali Liderin seçilməsi səlahiyyətinə malik olan 88 nəfərlik Ekspertlər Assambleyası tərəfindən qəbul edildiyi iddia olunur. Mənbə kimi Iran International və Deutsche Welle göstərilir.

    “Deutsche Welle”nin yazdığına görə, Möctəba Xameneinin irəli çıxarılması İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi ilə baş tutub. Bununla belə, rəsmi təsdiqin olmaması xəbərin hələ də mübahisəli olduğunu göstərir.

    Digər tərəfdən, The New York Times üç iranlı məmura istinadən bildirir ki, Möctəba Xamenei hazırda yalnız əsas namizəd hesab olunur. Qəzetin yazdığına görə, Ekspertlər Məclisində namizədliklə bağlı müzakirələr aparılsa da, bəzi üzvlər onun adının ictimaiyyətə açıqlanmasının ABŞ və İsrail üçün potensial hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər.

    Möctəba Xamenei kimdir?

    Açıq mənbələrə görə, Möctəba Hüseyni Xamenei 56 yaşlı iranlı din xadimi və siyasi fiqurdur. O, Qum seminariyasında dini təhsil alıb və 1987–1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib.

    2009-cu il prezident seçkilərindən sonra baş verən kütləvi etirazlar zamanı onun “Bəsic” qüvvələrinə nəzarətdə rol oynadığı iddia olunur. Mənbələr onun 2005 və 2009-cu il seçkilərində sabiq prezident Mahmud Əhmədinejadı dəstəklədiyini və siyasi proseslərdə təsirli fiqur olduğunu yazır.

    Bəzi hesabatlarda Möctəbanın İran daxilində və xaricdə – London, Dubay və Avropada maliyyə aktivlərinə nəzarət etdiyi iddia edilir. 2019-cu ildə o, ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Səbəb kimi onun “Bəsic” və regiondakı hərbiləşdirilmiş strukturlarla əməkdaşlığı göstərilib.

    Analitiklərin fikrincə, onun Ali Lider seçilməsi İran siyasətində sərt xətt tərəfdarlarının və təhlükəsizlik strukturlarının təsirini daha da gücləndirə bilər.

    Alternativ namizədlər kimlərdir?

    Mümkün varislər sırasında digər adlar da çəkilir: Əlirza Ərəfi – ruhani və hüquqşünas, keçid dövründə üçtərəfli şuranın üzvü kimi qeyd olunur. Seyid Həsən Xomeyni – İslam İnqilabının banisi Ruhollah Xomeyninin nəvəsi. O, daha çox mötədil və islahatçı dairələrə yaxın hesab edilir. Bəzi analitiklər qeyd edirlər ki, Möctəba Xameneinin rəsmi dini iyerarxiyada Ali Lider olmaq üçün ənənəvi statusa malik olmaması onun namizədliyini hüquqi və dini baxımdan mübahisəli edə bilər.

    Hazırkı mərhələdə Möctəba Xameneinin İranın yeni Ali Lideri seçilməsi ilə bağlı məlumatlar təsdiqlənməyib. O, aparıcı namizəd kimi göstərilsə də, prosesin rəsmi açıqlanması və Ekspertlər Assambleyasının yekun qərarı hələ ictimaiyyətə təqdim olunmayıb.

    İran siyasətində mümkün hakimiyyət dəyişikliyi region və beynəlxalq münasibətlər baxımından ciddi nəticələr doğura bilər. Buna görə də proses diqqətlə izlənilir.

  • İsrail bu şəhəri ələ keçirdi

    İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.

    Bu barədə Livan televiziyası məlumat yayıb.

    “Xiyam şəhərində davamlı artilleriya atəşləri eşidilir, İsrail ordusu şəhərə daxil olub”, – məlumatda qeyd olunub.

    İsrail ordusundan bildirilib ki, qoşunları Livanın cənubunda daha da dərinə yerləşdirmək qərarı Hizbullahın hücumlarına qarşı gücləndirilmiş müdafiə mövqeyinin qurulması planının bir hissəsidir.

  • Pezeşkian qonşu və dost ölkələrin liderlərinə müraciət etdi

    “İran diplomatiya yolu ilə ABŞ və İsraillə müharibədən qaçınmağa çalışıb, lakin onların hərbi təcavüzü müdafiə olunmaqdan başqa seçim qoymayıb”.

    Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian “X” platformasında qonşu və dost ölkələrin liderlərinə müraciətində bildirib.

    “Hörmətli dost və qonşu dövlətlərin liderləri, biz sizin köməyiniz və diplomatiya yolu ilə müharibədən qaçınmağa çalışdıq, lakin ABŞ-İsrail təcavüzü bizə müdafiə olunmaqdan başqa seçim qoymadı. Biz sizin suverenliyinizə hörmət edirik və hələ də hesab edirik ki, regional sülh region ölkələrinin kollektiv səyləri ilə təmin edilməlidir”, – deyə prezident vurğulayıb.