Category: Dünya

  • Dubay aeroportları fəaliyyətlərini qismən bərpa edir

    Dubay aeroportları martın 2-si axşam saatlarından etibarən işini bərpa edəcək. Lakin ilkin mərhələdə hava limanları məhdud sayda reysə xidmət göstərəcəklər.

    Median.Az bu barədə hava limanlarının operatoru “DubaiAirports”un saytına istinadən xəbər verir.

    “DubaiAirports” təsdiq edir ki, bu gün – 2 mart tarixindən etibarən əməliyyatların məhdud şəkildə bərpasına start veriləcək. Dubay Beynəlxalq Hava Limanı (DXB) və Əl-Maktum Beynəlxalq Hava Limanından (DWC) az sayda reysin yerinə yetirilməsinə icazə verilib”, – deyə operatorun bəyanatında bildirilir.

    Buna baxmayaraq, operator sərnişinlərə mühüm xəbərdarlıq edib. Bildirilib ki, əgər aviaşirkət uçuşun baş tutacağını birbaşa təsdiqləməyibsə, sərnişinlərin hava limanlarına gəlməmələri tövsiyə olunur.

    Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayın hava limanları İsrail, ABŞ və İran arasındakı hərbi-siyasi münaqişənin kəskinləşməsi və regionda yaranan təhlükəsizlik riskləri səbəbindən fəaliyyətini müvəqqəti dayandırmışdı.

  • Trampdan İranla bağlı sərt açıqlama: “Biz hələ başlamamışıq”

    ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib.

    O, CNN jurnalistlərinə açıqlamasında ABŞ-nin hələ İrana qarşı güclü zərbələrə başlamadığını bildirib.

    “Böyük dalğa hələ gəlməyib. O yaxınlaşır. Biz onları darmadağın edirik. Düşünürəm ki, hər şey çox yaxşı gedir”, – deyə Tramp vurğulayıb.

  • Xameneinin ailəsində növbəti itki: Həyat yoldaşı da öldü

    İranın Ali Lideri Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə zərbələrdən aldığı yaralar nəticəsində həyatını itirib.

    Bu barədə İranın “Al-Alam” telekanalı məlumat verib.

    Məlumata görə, o, Xameneinin və bir neçə ailə üzvünün ölümünə səbəb olan ABŞ-İsrail birgə hava hücumu zamanı ali lider ilə birlikdə iqamətgahda olub.

    Xatırladaq ki, Əli Xamenei fevralın 28-də səhər öldürülüb, lakin İran bu xəbəri yalnız ertəsi gün təsdiqləyib.

    Qeyd edək ki, daha əvvəl həmçinin Əli Xameneinin qızının, kürəkəninin, gəlininin və nəvəsinin də İran paytaxtına endirilən raket zərbələri zamanı öldükləri bildirilmişdi.

  • İordaniya səmasında uçuşlar müvəqqəti dayandırılıb

    Yaxın Şərqdə müşahidə olunan eskalasiya səbəbindən İordaniya hökuməti hava məkanının fəaliyyətini məhdudlaşdırmaq barədə qərar qəbul edib. Qadağa hər gün yerli vaxtla saat 18:00-dan 09:00-a qədər (Bakı vaxtı ilə 19:00-10:00) tətbiq ediləcək.

    Bu barədə “Petra” agentliyi məlumat yayıb.

    Məhdudiyyətlə bağlı qərar bu axşamdan qüvvəyə minir və növbəti göstərişə qədər bütün hava gəmilərinə aid ediləcək.

    Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ölkənin Müdafiə Qüvvələri İrana qarşı “Aslanın nərəsi” adlı əməliyyata başlayaraq qabaqlayıcı zərbələr endirib. Bu hadisədən dərhal sonra tərəflər öz hava məkanlarını uçuşlar üçün bağlayıblar. Qonşu ölkələr də hava məkanlarını bağladıqlarını bildiriblər.

  • İsrail ordusu “Hizbullah”ın kəşfiyyat rəisini öldürdü

    İsrailin Beyruta hücumu nəticəsində “Hizbullah” hərəkatının hərbi qanadının kəşfiyyat rəisi Hüseyn Makled həlak olub.

    Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

    Daha əvvəl Livan hökuməti “Hizbullah”ın ölkə daxilində silahlı fəaliyyətinə qadağa qoyulduğunu açıqlayıb.

    Qeyd edək ki, bu gün İsrail ordusu Livana qarşı yeni hücumlara başlayıb.

  • KİV: Xameneinin iqamətgahının VURULMA ANI – Video

    İranın ali rəhbəri Əli Xameneinin Tehrandakı əsas iqamətgahının İsrailin hücumları zamanı vurulması anını əks etdirən görüntülər paylaşılıb.

    Bu barədə Median.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər yayıb.

    Kadrlarda paytaxt ərazisində partlayış səsləri və tüstü müşahidə edilir. Həmin məqamları videoya çəkən şəxslərin hadisəni sevinclə qarşıladıqları səslərdən və reaksiyalardan aydın görünür.

  • Rusiya Ukraynanın üç yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk və Xarkov vilayətlərində üç yaşayış məntəqəsini nəzarət altına alıb.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Donetsk vilayətində Drobışevo və Reznikovka, eləcə də Xarkov vilayətində Kruqloye yaşayış məntəqələrini nəzarətə götürüblər.

  • İstanbulda liseydə BIÇAQLI HÜCUM: Şagird iki müəllimi və bir məktəblini VURDU

    İstanbulun Çekmeköy rayonunda yerləşən liseydə şagirdlərdən biri özü ilə gətirdiyi bıçaqla iki müəllimi və bir məktəblini bıçaqlayıb.

    Bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.

    Xəbərdə bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır, digər ikisinin həyatı üçün təhlükə yoxdur.

    Liseyə hücum edən şəxs saxlanılıb, hadisə ilə bağlı araşdırma başlanılıb.

  • İranda son hücumlarda neçə adam ölüb? – Qızıl Aypara Cəmiyyəti açıqladı

    28 fevraldan bəri ABŞ və İsrail hücumları nəticəsində ən azı 555 İran sakini həlak olub.

    Bu barədə İran Qızıl Aypara Cəmiyyəti öz “Telegram” kanalında məlumat verib.

    “Qızıl Aypara Cəmiyyətinin hesablamalarına görə, indiyə qədər 131 şəhər hücuma məruz qalıb və bu hücumlar nəticəsində 555 həmvətənimiz həyatını itirib.

    Qızıl Aypara Cəmiyyətinin humanitar missiyasına əsaslanaraq, yardım əməliyyatları fasiləsiz şəkildə davam edir, xilasedicilər zərərçəkmiş ərazilərdə işləri davam etdirirlər və bütün ölkə ərazisində 100 mindən çox xilasedici tam hazırlıq vəziyyətindədir”, – deyə məlumatda bildirilib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü təsdiqlənib.

  • Əfqanıstan təyyarələri Pakistanın hərbi obyektlərinə yeni zərbələr endirib

    Əfqanıstanın döyüş təyyarələri Pakistan ərazisindəki hərbi təyinatlı obyektlərə, o cümlədən bazalara, düşərgələrə və qərargahlara yeni hücumlar edib.

    Xəbəri “RTA” telekanalı martın 2-də səhər saatlarında Əfqanıstan Müdafiə Nazirliyinə istinadla paylaşıb.

    Mənbənin bildirdiyinə görə, Əfqanıstan Hərbi Hava Qüvvələri tərəfindən Ravalpindi şəhərində yerləşən Nur Xan aviabazasına, Bəlucistan əyalətinin Kvetta şəhərindəki 12-ci korpusun qərargahına, eləcə də Xvazai hərbi düşərgəsinə və Qulani bazasına yenidən hava zərbələri endirilib.