ABŞ Prezidenti Donald Tramp İranın lider postuna üç namizədinin olduğunu bəyan edib.
Bu barədə “The New York Times” məlumat verib.
Nəşrin məlumatına görə, jurnalistlərlə söhbət zamanı Ağ EV rəhbəri qeyd edib ki, İrana kimin rəhbərlik edə biləcəyi ilə bağlı onun çox yaxşı üç seçimi var.
Tramp həmin şəxslərin adlarını açıqlamaqdan imtina edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Yaxın Şərqdə baş verən hərbi eskalasiyanı pisləyib.
Bu barədə baş katibin mətbuat xidməti tərəfindən yayılan bəyanatda qeyd edilib.
Quterreş bildirib ki, ABŞ və İsrailin İrana qarşı güc tətbiqi və sonradan İranın regionda qisas tədbirləri beynəlxalq sülhü və təhlükəsizliyi pozur:
“Bütün üzv dövlətlər BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquq üzrə öhdəliklərinə hörmət etməlidir. Nizamnamə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədləri ilə ziddiyyət təşkil edən hər hansı digər şəkildə güc tətbiqi təhdidini açıq şəkildə qadağan edir.
Mən hərbi əməliyyatların dərhal dayandırılmasına və gərginliyin azaldılmasına çağırıram. Bunun edilməməsi mülki şəxslər və regional sabitlik üçün ağır nəticələrə səbəb olan daha geniş regional münaqişə riskini yaradır. Bütün tərəfləri dərhal danışıqlar masasına qayıtmağa çağırıram”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və ABŞ-nin İrana qarşı hücumlarını pisləyib, eyni zamanda İranın region ölkələrindəki hədəflərə endirdiyi zərbələri qəbuledilməz adlandırıb.
İstanbulda çıxış edən R.T.Ərdoğan bildirib ki, hücumlar İranın suverenliyini açıq şəkildə pozur və regionda sülhə təhdid yaradır.
Onun sözlərinə görə, Türkiyə uzun müddət tərəflər arasında dialoqun qurulması üçün səylər göstərib, lakin istənilən nəticə əldə olunmayıb.
Prezident vurğulayıb ki, İranın Körfəz bölgəsindəki qardaş ölkələrə raket və PUA hücumları da qəbulolunmazdır.
Ərdoğan qeyd edib ki, Türkiyənin sərhədlərinin və hava məkanının təhlükəsizliyi ilə bağlı problem yoxdur, təhlükəsizlik qurumları bütün zəruri tədbirləri görür. O əlavə edib ki, Ankara atəşkəs və danışıqların bərpası üçün diplomatik təşəbbüsləri aktivləşdirəcək.
Türkiyə prezidenti xəbərdarlıq edib ki, diplomatiyaya imkan verilməzsə, region daha geniş münaqişə riski ilə üzləşə bilər.
İran ərazisinə endirilən zərbələr nəticəsində 200-dən çox insan ölüb, 747 nəfər yaralanıb.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Ölən və yaralananlar ölkənin 24 vilayətində qeydə alınıb.
Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats ordunun İrana qarşı “Şir nəriltisi” adlı preventiv əməliyyata başladığını açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da hərbi əməliyyata qoşulduğunu bildirib. Pentaqon ABŞ əməliyyatının “Epik qəzəb” adlandırıldığını bəyan edib. İran isə cavab olaraq İsrailə və regiondakı ABŞ bazalarına raket zərbələri endirib və əməliyyatını “Doğru vəd 4” adlandırıb.
İranın ali rəhbəri Əli Xamenei qərargahda yerləşir və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir.
Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Xamenei 2025-ci ilin yayında baş verən müharibə zamanı olduğu kimi, hazırda da böhran qərargahında yerləşir və döyüş əməliyyatlarını şəxsən idarə edir.
ABŞ Prezidenti Donald Tramp İrana endirilən zərbələri Floridadakı Mar-a-Laqo iqamətgahından izləyib.
Median.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, D.Tramp gecə saatlarında milli təhlükəsizlik komandası ilə birlikdə vəziyyəti Mar-a-Laqodan izləyib. ABŞ prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı da aparıb.
K.Livitt bildirib ki, Tramp gün ərzində hadisələrin inkişafını yaxından izləməyə davam edəcək.
Artıq toy və yas mərasimlərində çəkilən şəkil və videoların sosial şəbəkələrdə yayılması hüquqi məsuliyyət yarada bilər. Eləcə də açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.
Baku TV-nin məlumatına görə, bu, Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.
Bundan sonra kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ kontekstində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.
Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, şəxsin cəmiyyətdəki nüfuzuna, hörmətinə və mənəvi dəyərlərinə xələl gətirən, onu gözdən salan görüntülərin yayılması qanunla qadağandır. Belə hallarla üzləşən şəxslər məhkəməyə müraciət edərək görüntülərin sosial şəbəkələrdən və digər informasiya vasitələrindən silinməsini, həmçinin təzminat ödənilməsini tələb edə bilərlər:
“Əgər yayılan materiallarda təhqir və ya böhtan tərkibi yoxdursa, məhkəmə işin faktiki hallarını və şəxsin fərdi xüsusiyyətlərini nəzərə alaraq təzminat tələbinin təmin olunmasına qərar verə bilər. Bu zaman üzr istənilməsi və görüntülərin silinməsi öhdəliyi də qoyula bilər. Lakin görüntülərdə təhqir və ya böhtan əlamətləri olarsa, həmin şəxslər 1 000 manatdan 1 500 manatadək cərimə edilə bilərlər. Ağırlaşdırıcı hallarda isə 6 ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.