Category: Dünya

  • Əhali qıtlıqla üzləşməyəcək – İRAN

    İran İslam Respublikasının Dövlət İnformasiya Şurası, İsrail rejimi və ABŞ-nin İran ərazisinə hücumundan sonra açıqlama yayıb. 

    Median.Az-ın məlumatına görə, hökumət əmin edib ki, bütün nazirliklər və dövlət qurumları xalqın yanındadır və ölkənin gündəlik işləri, xidmətləri tam gücü ilə davam etdiriləcək.

    “Artıq uzun müddət əvvəl bütün ehtiyat tədbirləri görülüb, buna görə də vətəndaşlar heç bir qıtlıq və ya çatışmazlıqdan narahat olmamalıdır. Əsas ərzaq məhsulları, yanacaq və dərman kifayət qədər mövcuddur. 24 saat fəaliyyət göstərən tibbi mərkəzlər və seçilmiş apteklər fəaliyyətini davam etdirəcək, banklar isə xidmət verməyə davam edəcək”.
    Hökumət həmçinin universitetlərin və məktəblərin müvəqqəti olaraq bağlanacağını açıqlayıb və xalqdan sakitlik və səbir göstərmələrini xahiş edib. İnsanların şəhərlərarası hərəkəti üçün zəruri tədbirlər görülüb və vətəndaşların təhlükəsizliyi təmin edilir.
    Hər bir dövlət orqanı öz xidmətlərinin necə davam edəcəyini ətraflı və müntəzəm şəkildə açıqlayacaq. Hökumət əmin edir ki, İran xalqı və ölkənin təhlükəsizliyi qorunacaq.

  • İran İsrailin məktəblərini vuracaq

    Məktəbləri hədəf alanlara eyni cür cavab verəcəyik.

    Median.Az xəbər verir ki, bunu “Al-Jazzera”ə İranın yüksək vəzifəli şəxsi bildirib:

    “Məktəbləri və mülki şəxsləri hədəf alanlara qarşı eyni cür cavab veriləcək”.

    O qeyd edib ki, artıq ABŞ və İsrailə məxsus hər şey İran Silahlı Qüvvələri üçün qanuni hədəfə çevrilib.

  • Makron BMT-nin təcili toplantısını tələb etdi

    Fransa Prezidenti Emmanuel Makron, ABŞ, İsrail və İran arasında gərginliyin artması ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili şəkildə toplanmasını tələb edib.

    Median.Az xəbər verir ki, Makron bu barədə X hesabında paylaşım edib.

    Fransa, vəziyyətin daha da pisləşməsindən ciddi narahatlıq duyduğunu və münaqişənin azaldılması üçün diplomatik səylərin artırılmasını çağırır.

  • ABŞ-la İsrailin İrana hücumlarının əsas HƏDƏFLƏRİ

    ABŞ-nin hücumları əsasən İranın raket proqramı və raket buraxılış qurğularını hədəfləyir, İsrailin hücumları isə yüksək vəzifəli iranlı rəsmi şəxslərin aradan qaldırılması və raket proqramına yönəlib.

    Median.Az xəbər verir ki, bu barədə “Axios” məlumatı yayıb.

    Qeyd edək ki,  ABŞ Müdafiə naziri Pit Hegset və Birləşmiş Ştatlar Qərargah Rəisləri Komitəsinin sədri general Dən «Raizin» Keyn, ABŞ-ın İran əleyhinə hücum kampaniyasını hazırda Floridadakı Mar-a-Lago iqamətgahından izləyirlər; burada prezident Donald Tramp yerləşir. (Reuters)

  • İranda qızlar məktəbi vuruldu – 40 uşaq öldü

    İranda Miyanab bölgəsində qızlar məktəbində ölən şagirdlərin sayı 40-a çatıb.

    Hadisə nəticəsində 48 nəfər xəsarət alıb.
    * * * * *
    İranda qızlar məktəbinə hücumda 24 nəfərin öldüyü bildirilir.
     
    “İsrailin Miyanabda qızlar məktəbinə hücum etdiyi” qeyd olunub.
    Yaralıların sayı isə barədə məlumat verilməyib.

  • Rusiya vətəndaşlarına İranı Azərbaycan və Ermənistan vasitəsilə tərk etməyə çağırdı

    Rusiyanın Tehrandakı səfirliyi öz vətəndaşlarına İranı Azərbaycan və Ermənistan əraziləri vasitəsilə tərk etməyə çağırış edib.

    Bu barədə Rusiya “Telegram” kanalları səfirliyə istinadən məlumat yayıb.

    Diplomatik qurum bəyan edib ki, İrandan çıxış üçün mümkün variantlar Azərbaycan (Astara) və Ermənistan istiqamətindəki nəzarət-buraxılış məntəqələridir.

    Qeyd olunub ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan tərəfindən lazımi icazənin alınması tələb ediləcək.

    Səfirlik vətəndaşlara İranı tərk edərkən diqqətli və ayıq-sayıq olmağı da tövsiyə edib.

    Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. “Aslanın nərəsi” adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

  • Oğlu Məsud Pezeşkianın SON DURUMUNU açıqladı (YENİLƏNİB)

    İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasının durumu ilə bağlı danışıb.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    O, M.Pezeşkianın sağ olduğunu, sui-qəsd cəhdinin uğursuzluqla nəticələndiyini bildirib.


    * * * * *

    ABŞ-İsrail hücumları zamanı sui-qəsd cəhdi olduğu deyilən İran Prezidenti Məsud Pezeşkianın sağ olduğu açıqlanıb.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    Bildirilib ki, Pezeşkian heç bir xəsarət almayıb.

    * * * * *

    İsrail İran Prezidenti Məsud Pezeşkiana sui-qəsd cəhdi edib.

    Median.Az-ın İsrailin “Ynet” portalına istinadən verdiyi məlumata görə, İran prezidentinin iqamətgahı da daxil olmaqla, İslam Respublikasında təxminən 30 hədəfə hücum edilib.

    Həmçinin İranın Ali Lideri Əli Xameneinin iqamətgahına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına da zərbələr endirilib.

    Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl ölkənin Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini bildirib .

  • İranda internet tamamilə kəsildi

    İranda internet tamamilə kəsilib.

    Median.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

  • İran XİN ABŞ və İsrailin hücumu ilə bağlı BƏYANAT YAYDI – “Cavabsız qalmayacaq”

    “ABŞ və İsrail İrana qarşı hücum həyata keçirməyə başlayıb. İranın buna cavab vermək hüququ var və hücumun qarşısını almaq üçün güc və resurslara malikdir”.

    İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

    “Biz danışıqlara hazır olduğumuz kimi hərbi hücumlara da hazırıq. Müxtəlif bəhanələrlə İrana qarşı hücumlar cavabsız qalmayacaq. Ərazi bütövlüyümüzü və suverenliyimizi bütün qüvvələrimizi səfərbər edərək qoruyacağıq. BMT və digər təşkilatlar beynəlxalq qanunları rəhbər tutaraq bu hücuma qarşı çıxmalı, onu pisləməlidirlər. BMT Təhlükəsizlik Şurasının üzvləri öz vəzifələrini yerinə yetirməli və prosesin dayandırılması üçün addımlar atmalıdırlar” – deyə, bəyanatda qeyd edilib.

  • İsraildə bütün futbol matçları təxirə salındı

    İsrail Futbol Assosiasiyası ölkədə şənbə günü keçirilməsi planlaşdırılan bütün oyunları ləğv edib.

    Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

    Bu qərar təhlükəsizlik səbəbi ilə və Daxili İşlər Nazirliyinin təlimatlarına uyğun olaraq qəbul edilib.

    Qeyd edək ki, İsrail Premyer Liqasının beş oyunu 28 fevral tarixinə planlaşdırılmışdı. Yeni tarixlər hələ açıqlanmayıb.