Category: Hadisə

  • Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb

    Paytaxtın Suraxanı rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Qəza səbəbindən hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

  • Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib

    Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində 30 başa yaxın qoyun-quzu tələf olub.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hücum kənd sakini Orxan Babayevə məxsus təsərrüfat da daxil olmaqla bir neçə sakinin təsərrüfatına olub.

    İlkin məlumata görə, yırtıcılar xırdabuynuzlu heyvanların bir hissəsini parçalayaraq məhv edib, bir neçəsini isə yaralayıb.

    Təsərrüfat sahibi Orxan Babayev bildirib ki, hadisə səhər tezdən baş verib. Onun sözlərinə görə, canavar hündürlüyü iki metrdən artıq olan hasarı aşaraq tövləyə daxil olub və 10 baş qoyunu yerindəcə məhv edib, daha 13 baş heyvanı yaralayıb. Yaralı heyvanların yaşaması sual altındadır. O, həmçinin canavarın bir baş qoyunu aparmasının şahidi olduğunu qeyd edib.

    O.Babayev əlavə edib ki, ailə bütün vəsaitini qoyunçuluğun inkişafına yönəldib və təsərrüfatın saxlanılması üçün xeyli xərc çəkib. Onun sözlərinə görə, dəyən ziyanın məbləği təxminən 20 min manat təşkil edir.

    Qeyd edək ki, Qozlubulaq kəndi Şəki şəhərindən təxminən 70 kilometr məsafədə yerləşir və sakinlərin əsas məşğuliyyəti qoyunçuluq və əkinçilikdir. Kənd ətrafında dərə və təpəliklərin çoxluğu yırtıcı heyvanların fəallaşmasına şərait yaradır.

    Kənd sakini Rahim Əhmədov bildirib ki, sakinlər heyvanlarını örüşə apararkən təhlükəsizlik məqsədilə bir neçə nəfərlə birlikdə hərəkət edirlər. Onun sözlərinə görə, bəzi hallarda canavar hücumlarına qarşı çoban itləri də aciz qalır.

    Kənd icra nümayəndəsi Niyaz Şirinov bildirib ki, tələf olan heyvanlar baytar həkimlərin nəzarəti ilə kənd kənarında xüsusi ayrılmış ərazidə basdırılıb, zərərçəkən təsərrüfatlarda dezinfeksiya işləri aparılıb.

    O, həmçinin qeyd edib ki, bəzi sakinlər hələ də mal-qaranı sığorta etdirməyə laqeyd yanaşır ki, bu da belə hallarda ciddi maddi itkilərlə nəticələnir.

  • Gəncədə qadın sürücünün avtomobili mopedlə toqquşdu: Kuryer ÖLDÜ

    Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Cəvahir Dəmirçiyevanın sürücüsü olduğu “Chevrolet” markalı minik avtomobili hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Yusif Babayevin idarə etdiyi mopedlə toqquşub.

    Qəza zamanı ağır xəsarətlər alan moped sürücüsü dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, həyatını itirən yeniyetmə kuryer fəaliyyəti ilə məşğul olub.

    Yusif Babayevin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə başa çatdıqdan sonra meyit ailəsinə təqdim olunub.

    Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

  • Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI

    Bakıda göldən 58 yaşlı kişi meyiti tapılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

    Belə ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Etibar Məhiyəddin oğlu Kərimovun meyiti qəsəbə ərazisindəki göldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

    Məlumata görə, Etibar Kərimov hadisədən bir gün əvvəl itkin düşübmüş.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

    Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb.

    Aprelin 30-da Bakı şəhər sakini 2021-ci il təvəllüdlü P.M qonaq getdiyi Nizami rayonu C.Naxçıvanski küçəsindəki evin eyvanından yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

    Ağdamda yol qəzası baş verib, ölənlər və yaralananlar var.

    APA-nın xəbərinə görə, hadisə rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

    Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb.

    Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var

    Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan VAZ-2107 və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi

    Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.

    Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi.

    Xatırladaq ki, İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

    O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

  • Milli Onkologiya Mərkəzindəki hadisənin DETALLARI: Xəstə üzərində partlayıcı ilə otağa daxil olubmuş – FOTO (Yenilənib)

    Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayışın baş verməsinə dair Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin qanunsuz olaraq əldə edib saxladığı partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir, müalicəsi xəstəxana şəraitində davam etdirilir.

    Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub.

    Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    * * * * *

    Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.

    Median.Az həmin fotonu təqdim edir:

    * * * * *

    Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şüa-diaqnostika şöbəsində baş verib.

    Şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

    O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

    * * * * *

    Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəstə Mübariz Əliyev hadisə yerində ölüb, bir həkim xəsarət alıb.

    Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Sabirabadda qəza – 3 nəfər yaralandı

    Sabirabadda yol qəzası olub.

    Hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “VAZ-2107” və “Vita” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Onlar 1998-ci təvəllüdlü İlkanə Qəhrəman qızı Qəhrəmanova, 2022-ci il təvəllüdlü Mehdi Nurəddin oğlu Qəhrəmanov və daha bir nəfər xəsarət alıb.

    Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az