Category: Hadisə

  • Sərhədçilərimiz İran dənizçilərini xilas etdi

    Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz kömək istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.

    DSX-dən bildirilib ki, məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal həmin istiqamətə göndərilib.

    Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq, yeddi nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə – Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

    Bundan əvvəl Xəzər dənizindən icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

  • Ramanada “Mercedes” qaz borusuna çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, oktyabrın 17-i saat 3 radələrində Ramana qəsəbəsində qəsəbə sakini Tehran Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Cəlilabadda fəhlələr uçqun altında qaldı: ölən var

    Cəlilabad rayonunda iki fəhlə tikinti sahəsində uçan divarın altında qalıb.

    Hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.

    Belə ki, ötən gün kənd sakini Quliyeva Sevil Mansur qızına məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilidə söküntü işləri aparan zaman tikintinin divarı rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu və 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlunun üzərinə aşıb.

    Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, Emin İsmayılov aldığı xəsarətdən xəstəxanada ölüb.

    Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı – VİDEO

    Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən “Şaqman” yük maşınının çırpılıb.

    Qəza nəticəsində “Gelandewagen” yolun əks istiqamətinə keçib.

    Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir.

    Qeyd edək ki, sürücü Məmmədov Nicat “Gelandewagen”i bir günlük “Rent a car”dan kirayə götürüb.

    Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırmalar aparılır.//oxu.az

  • Bakıda 24 yaşlı gənc intihar etdi

    Bakıda, Xətai rayonu Gəncə prospektində 24 yaşlı gənc oğlan intihar edib.

    1994-cü il təvəllüdlü Rəhimli Ceyhun Elxan oğlu özünü hündürmərtəbəli yaşayış binasında atıb.

    İntiharın səbəbi hələlik məlum deyil.

    Faktla bağlı cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.//oxu.az

  • Bakıda qadın özünü 9-cu mərtəbədən atdı

    Bakıda 41 yaşlı qadın özünü öldürüb.

    Median.Az “report”a istinadən xəbər verir ki, Nərimanov rayonunda 1977-ci il təvəllüdlü Rəna Xanməmmədova özünü 9-cu mərtəbədən ataraq intihar edib.

    Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü (FOTO)

    Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.

    Median.Az xəbər verir ki, virtualaz.org-un redaksiyasına müraciət edən Samirin anası Solmaz Dəmirova və yaxın qohumu Rəşad Muradov əməliyyatdan sonra baş verənləri danışıb.
    Muradovun sözlərinə görə, Samir artıq çəkidən qurtulmaq üçün həkim Taryel Ömərova müraciət edib. Çünki Ömərov mədə kiçiltmə əməliyyatının yeganə mütəxəssisi kimi internetdə və yerli telekanallarda reklam olunur. Samir də məhz buna görə həkimin əməliyyatın fəsadsız başa çatacağı vədlərinə inanıb. Əməliyyat bu ilin iyulun 26-da “Modern Hospital” klinikasında həyəta keçirilib.


    Samir 160 kiloya yaxın çəkidə olub. Amma əməliyyatdan 1-2 gün əvvəl edilən müayinələrdə onda heç bir xəstəlik aşkarlanmayıb. Gözüyaşlı ana deyir ki, iki uşaq atası olan oğlunun ölümündən sonra istintaqa təqdim edilən analizlərin nəticəsindən ikinci dəfə şok yaşayıb. Yazılıb ki, Samir bir neçə xəstəlikdən, eləcə də şəkərdən əziyyət çəkirmiş. “Klinikada 6 gün qaldı, sonra evə buraxıldı. Qarnında kəskin ağrı başladığından səhəri gün klinikaya getdi. Həkim dedi ki, ağrını köp verir, əməliyyatdan sonra köp yaranması təbiidir”, -şikayətçilər əlavə edirlər.
    Ağrılar kəsmir, həkim bu dəfə əməliyyat zamanı tibbi alətlərdən xəstənin mədəsində 3mm-lik deşik yarandığını deyir. Ağrı kəskinləşir, növbəti gün xəstənin mədəsinin əməliyat sonrası burulmasının baş verdiyini söyləyirlər. Beləcə təxminən 2 həftə keçir və hər gün yeni bir bəhanə səsləndirilir.

    Muradov hadisənin davamını danışır: “Biz Samiri təcili Türkiyə və ya Rusiya aparmaq istəyirdik, amma Ömərov dedi ki, buna gərək yoxdur.
    Mədəyə stend qoymaq lazımdır, bunun üçün Türkiyəyə sifariş verilib. 4 gün su belə içmədi”.
    Mədəyə stend qoymaq üçün digər klinikadan həkim dəvət edilsə də, gələn olmayıb. Ömərov əməliyyatı özü yerinə yetirib. Səhəri gün xəstəyə su içməsinə icazə verilib. Şikayətçilər deyirlər ki, həkimlə yazışmalar var və istintaqa təqdim ediləcək. Çünki həkim ağrlaşmanı normadan artıq maye qəbulu ilə əlaqələndirir, halbuki səs yazısında nə qədər istəyir maye qəbul edə biləcəyini söyləyib. “Növbəti müayinədən bəlli oldu ki, stend aşağı sürüşüb və icilən mayelər qarın boşluğuna tökülüb. Stend yuxarı qaldırılsa da, dəfələrlə yenidən sürüşüb, hətta xəstə koma halına düşəndən sonra belə yerində olmayıb. Stendin qoyulması 4 saat əməliyyatla mümkün olmuşdu”, – Muradov qeyd edib.

    Xəstə yaxınlarının təkidi ilə tanınmış professordan biri Samiri müayinə edib, ona əməliyyatdan sonra peritonit diaqnozu qoyulub, qarın boşluğunun təcili acılıb təmizlənməsini məsləhət bilib. Amma bu da kömək etməyib, Samir komaya düşüb. Buna görə təcili Mərkəzi Klinik Xəstəxanaya köcürüb. (hər iki klinikanın epikriz nüsxəsi var). Burda 14 gün müalicə aldıqdan sonra avqustun 30-da gecə dünyasını dəyişib. Yaxınları Samirin sağalması üçün 50 min manata yaxın pul xərcləyib, yataqxanada yaşayan köçkün ailəsi bunun üçün xeyli borca da düşüb. Hələ üstəlik xəstəxanaya da borclu qalıblar.
    Ailənin Səbail Rayon Rrokurorluğuna şikayət əsasında Samir Dəmirovun ölüm səbəbinin müəyyən olunması üçün cəsədi Mərkəzi Patoloji Anatomiya Birliyində yarılıb, ekspertiza təyin edilib, yaxın günlərdə nəticələr bəlli olacaq.
    Dərdli valideynlər ölkə prezidenti İlham Əliyevə müraciət edərək işin ədalətli araşdırılmasına, günahkarların cəzalandırılmasına köməklik göstərilməsini xahiş edirlər. Müalicəyə çəkilən pulların geri qaytarılması da tələb olunur, çünki iki atasız uşağa baxmaq, üstəlik borc ödəmək yaşlı valideynlər üçün imkansızdır.

    “Modern Hospital”dan isə bildiriblər ki, Taryel Ömərov 2013-cü ildən klinikanın baş həkimidir və saysız-hesabsız xəstələri var, aralarında tanınmışlar da az deyil. Buna baxmayaraq xəstə ölümü ilə bağlı sualı yalnız özü cavablandıra bilər, özü isə klinikada deyil. “Gələn həftə yenidən müraciət edərsiz, boş vaxtı olarsa həkim sizinlə danışar”, – adını açıqlamaqdan imtina edən klinikanın qadın əməkdaşı əlavə edib.




  • Bakıda avtobus sürücüsü qəza törətdi: ölən var

    Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 12-də, saat 22:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı, 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

    Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

  • Xudatda “KİA” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 11-i saat 20 radələrində Xudat şəhəri ərazisində Mübariz Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə Çinartala kənd sakini Almas Hacıyevi vurub.

    Nəticədə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.

    Xaçmaz RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Tələbələr dönərdən zəhərləndi

    Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri – 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

    Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.