Category: Hadisə

  • Bakıda 86 yaşlı qadın diri-diri yanıb öldü

    Bakıda yaşlı qadın ehtiyatsızlıqdan yanaraq ölüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 14-də baş verib.

    Həmin evdə yaşayan 1932-ci il təvəllüdlü Səfərzadə Ziba Əlağa qızı evdə olarkən naməlum şəraitdə üzərindəki paltarları alışıb.

    Ağır dərəcəli yanıq xəsarətləri alan qadın Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atdı – Sağ qaldı

    Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.

    1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

    Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Gəncədə 6 yaşlı uşaq hovuzda boğuldu

    Gəncədə azyaşlı suda boğularaq ölüb.

    Median.Az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə şəhərin Səfəvilər küçəsində baş verib. Şəhər sakini, 2012-ci il təvəllüdlü Zülfüqar Sabir oğlu Hacıyev həyətdə olan su hovuzuna düşərək boğulub.

    Məlumata görə, azyaşlının valideynləri Bakıya gedib, uşağı nənəsinin yanında qoyublar. Nəzarətdən yayınan S.Hacıyev hovuza düşüb və orada boğulub.

    Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

  • Təcili yardım gecikdi, sərxoş gənc küçədə öldü – FOTO + YENİLƏNİB

    Ötən gecə Bakının mərkəzində küçədə ölən şəxsin kimliyi məlum olub.

    Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev “Report”a bildirib ki, ölən şəxs Sabirabad rayon sakini, 30 yaşlı Elman Hüseynovdur.

    O deyib ki, paytaxtın 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verən ölüm hadisəsi ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınsına çağırış birinci dəfə saat 03:20 radələrində daxil olub.

    Baş həkimin sözlərinə görə, çağırışı mərhumun dostu edib.

    R.Nağıyev qeyd edib ki, saat 03:36 radələrində həkim briqadası artıq hadisə yerində olub:

    “Bizdə həm səs yazıları, həm də monitor izlənmə var. Hamısı qeydiyyatdadır. Polis maraqlanıb və 03:37-də təcili yardım orada olub. Biz ora çatanda artıq şəxs dünyasını dəyişmişdi.

    Ətrafdakılarının dediyinə görə, o, yaxınlıqdakı bardan çıxıb. Dostu çağırış versə də, hadisə yerindən qaçmışdı. Lakin sonra polis onu tapıb-gətirib. Polisin sözlərinə görə, ölən şəxs narkotik istifadəçisi olub”.

    Baş həkim bildirib ki, içkidən belə sürətli ölüm hadisəsi baş verə bilməz:

    “Elə olsaydı, həmin şəxsdə ağırlaşma və ya komaya düşmə halları ola bilərdi. Sürətli ölüm halı narkotik qəbulunda qeydə alınır. Meyit aidiyyəti üzrə təhvil verilib, hüquq-mühafizə orqanları məsələni araşdırır”.

    * * * * *

    Nəsimi rayonunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gecikməsinə görə bir nəfər ölüb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

    Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, təxminən 25-30 yaşlı sərxoş oğlanın halı yolun kənarında qəfil pisləşib. Bunu görən Bakı sakini Aynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib.

    Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib. A.Məmmədova bildirib ki, təcili yardım məlumat verilən müddətdən təxminən bir saat müddətində gəlib.

    Təcili Tibbi Yardım Xidmətinin həkimi isə sualları cavablandırmaqdan boyun qaçırıb. Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Meyit müayinə olunması üçün morqa təhvil verilib. Hazırda hadisənin dəqiq səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.





  • Ağsuda meşə yanır: Söndürməyə üç rayondan kömək gəlib – YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğın barədə məlumat yayıb.

    Median.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub.

    Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

    İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunur.

    Əlavə məlumat veriləcək.

    * * * * *

    Ağsu rayonunda meşə yanğını başlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatda rayonun Qırlar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir.

    Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib, yaxınlıqdakı meşə sahəsinə keçib.

    Hadisə yerinə FHN-nin Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

    Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

    Faktla bağlı araşdırma aparılır.

  • 26 yaşlı gənc niyə intihar etdi? – Dəhşətli təfərrüat

    Dünən Abşeron rayonunda intihar edən gənc oğlanla bağlı yeni məqamlar ortaya çıxıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. “Kristal Abşeron”un Xırdalan şəhərində yerləşən binalarından birində yaşayan Tovuz rayon sakini, 1992-cı il təvəllüdlü Tural Nağıyevin bundan bir müddət öncə də özünü öldürmək istədiyi məlum olub. Qonşuların bildirdiyinə görə, o, övlad sahibi ola bilmədiyinə görə özünü öldürüb.

    Belə ki, T.Nağıyev bir neçə il öncə ailə həyatı qurub, lakin cütlüyün bu evlilikdən övladı dünyaya gəlməyib. Daha sonra məlum olub ki, ailənin uşaq arzusu reallaşa bilmir. Valideynləri ilə birgə yaşayan Tural bir müddət əvvəl özünü 8-ci mərtəbədə yerləşən yaşadığı mənzilin balkonundan atmaq istəyərkən atası Ramin onu tutub. Dünən isə təxminən saat 17-18 radələrində atasının işdə olmasından istifadə edən Tural əvvəlcə damarlarını kəsib, daha sonra isə özünü yerə atıb. Hadisə şahidləri asfalta çırpılan gəncin beyninin tamamilə dağıldığını bildiriblər. Hadisə yerindəcə keçinən 26 yaşlı Tural bu gün dəfn olunması üçün Tovuz rayonuna aparılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

  • Göyçayda güclü yanğın – 5 rayondan yanğınsöndürənlər cəlb edildi

    Göyçayda güclü yanğın baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

    Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər “Gilan Holdinq”ə məxsus 110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir. Alovun qarşısının alınması üçün tədbirlər görülür. Yanğının söndürülməsinə 5 rayondan yanğınsöndürənlər cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sarayda “Mercedes” piyadanı vurub

    Median.Az xəbər verir ki, Abşeron rayonunun Saray qəsbəsində Cəbrayıl rayon sakini Sərvər Xəlilli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini Filman Abdullayevi vurub. Xəstəxanaya çatdırılan piyada orada keçinib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Qəbələdə intihara cəhdin qarşısı alınıb

    Qəbələdə bir nəfər intihara cəhd edib.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ şəhərində bir nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • Sumqayıtda gənc oğlan özünü binadan atdı – VİDEO

    Sumqayıtda dəhşətli hadisə yaşanıb

    Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Belə ki, kimliyi məlum olmayan gənc özünü hündürmərtəbəli binadan ataraq intihar edib. İntiharın səbəbi məlum deyil.

    Hadisə yerinə təcili tibbi yardım maşınları və polis əməkdaşları gəlib.

    Hadisənin motivləri araşdırılır.