Category: Hadisə

  • 8 yaşlı uşağın üzərinə şkaf aşdı

    Ötən gün Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, şəhərin Rəsulzadə küçəsi, 22 ünvanında yaşayan 2010-cu il təvəllüdlü yerli sakin Babayev Elşən Mətləb oğlunun üzərinə içərisi qab-qacağla dolu şkaf aşıb.

    O, ailəsi tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Cərrahiyyə şöbəsindən verilən məlumata görə, E.Babayev xəstəxanaya ağır-kəllə beyin travması, sağ qulaq nahiyəsinin cırılmış yarası ilə daxil olub. Uşağa ilkin tibbi yardım göstərilib və hazırda vəziyəti orta-ağır qiymətləndirilir.

    E.Babayevin valideynlərinin sözlərinə görə, hadisə uşaq şkafın yuxarı hissəsində özünə aid daxılı götürərkən baş verib. Səsə gələn valideynlər onu şkafın altından çıxarıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda tanınmış hüquqşünas faciəvi şəkildə öldü – UŞAĞI XİLAS EDƏRKƏN… – FOTOLAR

    Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib.

    O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğumaq təhlükəsi yaşayıb.

    F.Rəhimov suya atılaraq uşağı xilas etsə də, özü boğularaq ölüb.

    Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

    Qeyd edək ki, F.Rəhimov bu il keçirilən vəkillik imtahanından uğurla keçibmiş.

    Vəkillər Kollegiyasının sədri Anar Bağırov gənc hüquqşünasın vəfatı ilə bağlı başsağlığı verib və ona vəkil vəsiqəsini təqdim edə bilmədiyinə görə məyusluğunu ifadə edib.

  • Hacıqabulda ağır qəza: ölən və yaralanan var

    Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

    Median.Az xəbər verir ki, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. “Tofaş” markalı “10 CC 011” dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir aralığa çırpılıb. Nəticədə sürücü Lerik sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır./apa/

  • Bakıda 4 otaqlı ev kül oldu

    Bakıda yanğın hadisəsi baş verib.

    Median.Az FHN-in saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (ev əşyaları ilə birlikdə) və həyətyanı sahədə 200 m² quru ot yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Xəzərdə 1 nəfər batıb – axtarış aparılır

    Xəzər dənizində bir nəfər batıb.

    FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.

    Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

  • Bakıda zavod yanır – Video

    Bakıda zavodda yanğın olub.

    Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun həyətində yanğın baş verib.

    Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı texnikası cəlb edilib.

    Yanğınsöndürənlər alovun qarşısını almağa cəhd edirlər.//unikal.org

  • Goranboyda iki yeniyetmə kanalda batıb

    Goranboyda iki yeniyetmə kanalda batıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Dəliməmmədli qəsəbəsindən keçən su kanalına girən 13-14 yaşlı iki oğlan boğulub.

    Hadisə yerinə xilasedicilər cəlb olunub, yeniyetmələrin meyiti sudan çıxarılaraq, ailələrinə təhvil verilib.

    Kanalda batan yeniyetmələr Dəliməmmədli qəsəbə sakinləri Vəliyev Bayram Taleh oğlu və Bayramov Məhəmməd Elçin oğludur. Onlar evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıblar. Xoylu kəndində kanalda çimmək istəyərkən boğulublar.

  • Bərdədə usta bədbəxt hadisə nəticəsində öldü – FOTO

    Bərdə rayonunda təkər təmiri ilə məşğul olan usta bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində baş verib.

    Sexdə təmir olunan avtomobilin təkəri partlayıb. Nəticədə 38 yaşlı usta Məmmədov Elnur İslam oğlu ölüb.

    Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.



  • Bakıda kuryoz hadisə: Evdən çıxa bilməyən ağır çəkili qadına FHN yardım etdi

    Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ağır çəkili xəstə qadının evdən çıxarılmasına yardım edib.

    Median.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 1948-ci il təvəllüdü Əhmədova Seyidxanım Qəndalı qızının halı kəskin pisləşib.

    Bununla əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranıb, lakin ağır çəkili olduğundan bu mümkün olmayıb.

    Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər S.Əhmədovanı evdən çıxarıb və həkim briqadasına təhvil verib.

  • Avtomobil mal-qaraya çırpıldı: 3 nəfər öldü – FOTO

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunda üç nəfərin ölümü, üç nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, taksi sürücüsü Çingiz Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən gecənin qaranlıq vaxtı qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.

    Hadisə zamanı sürücü və 2 sərnişini hadisə yerində ölüb, biri uşaq olmaqla 3 nəfər ağır xəsarət aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralıların adları hələlik məlum deyil.

    Faktla bağı araşdırma aparılır.