Category: Hadisə

  • “Son zəng”də müəllimənin ölüm səbəbi: “Mikrofon əlində…”

    Tovuzda “Son zəng” tədbirində müəllimənin qəfil ölümünün bəzi təfərrüatı məlum olub.

    Tovuz Rayon Mərkəzi Xəstəxanasının Köhnəqala həkim məntəqəsindən AzNews.az-a verilən məlumata görə, məktəbdə “Son zəng” ilə əlaqədar keçirilən tədbirdə Nüşabə Ələkbərova şagirdlərinə xeyir-dua verdiyi yerdə dünyasını dəyişib:

    “Tədbir zamanı Nüşabə Ələkbərovaya çıxış üçün söz verilib. Nüşabə xanım mikrofon əlində danışdığı yerdə yıxılıb. Elə oradaca dünyasını dəyişib. Müayinə zamanı ürəyində damar çatışmamazlığı olduğu müəyyən olunub”.

    Qeyd edək ki, Tovuzda “Son zəng”də ölüm hadisəsi qeydə alınıb. Apa-nın məlumatına görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərova dünyasını dəyişib.

  • Bakıda yaşayış binası yanır – VİDEO

    Bakı şəhərinin Nərimanov rayonu ərazisində bina yanır.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Azadlıq prospekti ilə Məmməd Araz (keçmiş Teymur Əliyev) küçələrinin kəsişməsində beş mərtəbəli binanın üçüncü mərtəbəsində yanğın başlayıb.

    Hadisə yerinə beş yanğınsöndürmə briqadası cəlb edilib.

    Əlavə məlumat veriləcək.

  • Azərbaycanda DƏHŞƏT – Yük maşınından yıxılan oğlanı maşın vurdu – VİDEO

    Astara sakini yük maşınından yıxılıb, arxadan gələn digər bir nəqliyyat vasitəsi isə onu vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, bədbəxt hadisə rayonun Siyəku kəndində baş verib.

    Havalar istiləşdiyindən dağlıq ərazidə olan arı pətəklərini yük maşını ilə Aran zonasına aparan zaman avtomaşının yük yerində olan kənd sakini, 19 yaşlı Şabanov Elton Asəf oğlu ehtiyatsızlıqdan yıxılaraq yüngül xəsarət alıb. Bu zaman həmin yük avtomobilinin arxasınca hərəkətdə olan digər bir minik avtomobili isə E.Şabanovu vuraraq ona xəsarət yetirib.

    Yaralı ağır vəziyyətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Açıq kəllə-beyin travması və digər xəsarətlər alan E.Şabanovun vəziyyəti ağır olduğundan Bakı şəhərindən həkim birqadası dəvət olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Siyəzəndə ana doğuş zamanı ölüb

    Siyəzən rayonunda doğuş zamanı ana ölümü baş verib.

    Bunu oxu.az-a açıqlamasında Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov bildirib.

    Onun sözlərinə hadisə dünən axşam saatlarında baş verib:

    “Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə ikinci dəfə ana olub. Əməliyyatın gedişində heç bir problem yaşanmayıb. Xəstə əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə təhvil verilib”.

    Baş həkim bildirib ki, ilkin nəticəyə görə, ananın ölümünə səbəb dərman olub:

    “Qadında əvvəldən dərmanlara qarşı allergiya olub. İlkin məlumata görə, ana dərmanların birindən anafilaktik şok keçirib və dünyasın dəyişib. Hadisə saat 17:00-18:00 radələrində baş verib”.

    Dadaş Hümbətov qeyd edib ki, qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba şəhər şöbəsinə təhvil verilib:

    “Ekspertizanın nəticəsində ana ölümünün səbəbi məlum olacaq”.

  • Metroda insident: Azyaşlı xəsarət aldı

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “28 May” stansiyasında qolu yaralanan azyaşlının vəziyyəti yaxşıdır.

    Bu barədə oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini əvəz edən Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, hadisə “28 May” stansiyasında baş verib:

    “Qatarın qapısı açılan zaman uşağın qolu qatarın qapısı ilə divarı arasında qalıb.

    Sərnişinlərin köməyilə qapı açılıb və uşaq dərhal stansiya rəisinin otağına aparılıb. İlkin yardım göstərilib. Daha sonra təcili tibbi yardım çağırılıb və uşaq xəstəxanaya aparılıb”.

    Bəxtiyar Məmmədov qeyd edib ki, uşağın vəziyyəti normaldır:

    “Anası bizimlə əlaqə saxladı və uşağa qayğı göstərildiyi üçün təşəkkür etdi. Bu, bizim üçün vəzifə borcudur”.

  • Bakıda sürücü avtobusu dirəyə çırpdı: Ölən var

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, qəza iyunun 9-da, saat 07:00 radələrində Xəzər rayonu ərazisində qeydə alınıb.

    Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.

    Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər.

    Həkimlərin səylərinə baxmayaraq, Namazovun həyatını xilas etmək mümkün olmayıb.

  • Göyçayda qəbiristanlıq yaxınlığında meyit tapıldı

    Göyçay rayonunda kişi meyiti tapılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında rayonun Potu kəndinin qəbiristanlığının yanında təxminən 50 yaşında naməlum kişi meyiti aşkarlanıb.

    Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onun iki gün əvvəl öldüyü ehtimal edilir. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

    Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yeniyetmə qız mobil telefona görə özünü 11-ci mərtəbədən atıb

    Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.

    “Report” xəbər verir ki, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib.

    2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.

    Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Azərbaycanda qəzada yaralanan qadına qarşı iyrənc hərəkət

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə bu gün səhər saat 5:00 radələrində Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.

    “KİA” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsiri nəticəsində irigövdəli ağac ortadan sınaraq avtomobilin üstünə aşıb.

    Hadisə zamanı sərnişin, İsmayıllı sakini, 1973-cü il təvəllüdlü Rəsulova İradə Rəsul qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadası çağırılıb. Həkimlər ora gələn zaman yüngül xəsarət almış orta yaşlı sürücünün avtomobildəki yaralı qadının əl çantasını götürərək yoldan keçən “Mersedes” markalı minik avtomobili ilə hadisə yerindən qaçdığını görüblər. İ. Rəsulova İsmayıllı rayonundan olan həmin kişini tanıdığını deyib. Sürücünün sərxoş olduğu bildirilir.

    Xəsarət alan qadın Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşları sürücünün tapılması üçün tədbirlər görürlər.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

  • Bakıda iki piyada yol qəzasının qurbanı olub

    Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 9-da saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

    Bundan əlavə, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Bakı şəhər sakini Qurban Məhərrəmov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən paytaxt sakini Emiliya Cəbrayılovanı vuraraq öldürüb.

    Hər iki faktla bağlı araşdıma aparılır.