Category: Hadisə

  • Bakıda kafedə PARTLAYIŞ: ÖLƏNLƏR VAR – YENİLƏNİB

    Bakıda kafedə partlayış olub.

    Median.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

    Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

    * * * * *

    Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.

    “Elite” ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

    Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

    Əlavə məlumat veriləcək.

  • Bakıda tələbə intihar etdi – FOTO

    Bakıda universitet tələbəsi intihar edib.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasının IV kurs tələbəsi Ramiz Şahmalıyev özünü asıb.

    Ramiz Şahmalıyev 1996-cı ildə Bakı şəhərində doğulub.

    Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır./oxu.az





  • Bakıda qadın plastik əməliyyatın qurbanı oldu

    Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Stimul Hospital”da baş verib.

    Həkim Elçin Zodan Yeganə Quliyevanı plastik əməliyyat edərkən, xəstə dünyasını dəyişib.

    Həkim Elçin Zodan

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

    E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Stimul Hospital”ın kadrlar şöbəsinin əməkdaşı bildirilib ki, hazırda xəstəxanada bu adda həkim işləmir:

    “Adıçəkilən həkim fevral ayında öz təşəbbüsü ilə ərizə yazaraq, işdən ayrılmaq istədiyini bildirib. Hazırda xəstəxanamızda Elçin Zodan adında həkim fəaliyyət göstərmir. Zodan onun özünə qoyduğu ləqəbdir. Həkimin öz ad soyadı Elçin Ələsgərovdur. Bildiyim qədərilə, artıq 2-3 aydır ki, o, başqa xəstəxanada fəaliyyət göstərir”.

    Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamada bildirilib ki, hazırda faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

    Qeyd edək ki, bu barədə ilk xəbəri Qafqazinfo.az saytı yayıb.

  • Binəqədidə 15 nəfərin faciəvi şəkildə can verdiyi yanğından üç il keçdi – FOTOLAR

    Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 3 il ötür.

    Median.Az big.az-a istinadən xəbər verir ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

    Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

    Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət Məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

    Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib.








  • Azərbaycanda fəhlələri daşıyan mikroavtobus yandı VİDEO

    Cəlilabadda mikroavtobus yanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Əliqasımlı kəndində baş verib. Mikroavtobusda 10-a yaxın fəhlə olub.

    Biləsuvar rayonuna məxsus daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Yanğın yerli sakinlər tərəfindən söndürülüb.

    İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda daha bir şagird məktəbdə öldü

    Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

    APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

    Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

    Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Keçmiş arvadı özünü öldürmək istədi

    Bakıda 31 yaşlı qadın özünü öldürmək istəyib.

    Median.Az “Qafqazinfo”nun verdiyi xəbərə görə bildirir ki, 20-ci sahədə yaşayan 1985-ci il təvəllüdlü Q.Məmmədov boşandığı keçmiş arvadı, 1987-cu il təvəllüdlü K.Davudova ilə bir evdə qalıb. Eyni zamanda, Q.Məmmədovun ikinci və indiki arvadı 1989-cu il təvəllüdlü V.Məmmədova da onlarla birgə yaşayıb.

    Bir evdə yaşayan üçlünün bir neçə gün öncə gecə saat 00:10 radələrində evdə münaqişələri düşüb. Q.Məmmədov keçmiş arvadı K.Davudova ilə mübahisə edərkən indiki arvadı V.Məmmədova bunu mobil telefonla videoya çəkib. K.Davudova da belə təhqir olunmasına etiraz olaraq özünü öldürmək məqsədilə yüksək dozada dərman qəbul edib.

    Keçmiş əri Q.Məmmədov onu Toksikologiya Mərkəzinə aparıb və qadının mədəsi yuyulub. Beləliklə, onun həyatını xilas etmək mümkün olub.

  • Sabirabadda iki yeni doğulan körpə ölüb

    Sabirabadda iki körpə doğuşdan bir neçə saat sonra ölüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Sabirabad rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində yeni doğulan iki körpə həyatını itirib.

    Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlan cinsindən olan körpəsi səhər saatlarında vəfat edib.

    Elə həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir-neçə saat qaldıqdan sonra ölüb. Doğulan körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

    Uşaqların valideyinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Uşaqların meyitləri Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə müayinə olunmaq üçün yerləşdirlib.

    Hazırda faktla bağlı hüquq-mühafizə oranları tərəfindən araşdırma aparılır.

  • Balakən sakini intihar edib

    Balakəndə 69 yaşlı kişi intihar edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə mayın 14-də günorta saatlarında rayonun Talalar kəndində baş verib.

    Kənd sakini, 1949-cu il təvəllüdlü Kamil Əhmədullah oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib.

    69 yaşlı Kamil Məmmədovun intihar etdiyi məlum olub.

    Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

  • Sumqayıtda ağır qəza zamanı yol polisi ölüb, daha iki nəfər yaralanıb

    Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

    “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən “Ford” markalı maşınla toqquşub.

    Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə elə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub.

    X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.

    Faktla bağlı araşdırma aparılır.