Category: İdman

  • Cüdoçularımız ilk günü medalsız bitirdilər

    Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirin ilk günündə medal qazana bilməyiblər.

    Nizami İmranov (66 kq) üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi German Kobetslə üz-üzə gəlib.

    Rəqibinə məğlub olan İmranov yarışı beşinci pillədə bitirib.

    Daha öncə Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) da fəxri kürsüdə yer almaq şanslarını itiriblər.

    Xatırladaq ki, bu gün start götürən “Böyük Dəbilqə” mayın 3-də yekunlaşaq.

  • Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb

    ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin “X” platformasında etdiyi paylaşımda 1915-ci il qondarma erməni soyqırımı, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlər dünya azərbaycanlılarının kəskin etirazı ilə qarşılanıb.

    “Report” xəbər verir ki, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.
    Dünya azərbaycanlıları bu petisiyaya dəstək verməklə Nyu-York merinin Azərbaycanla bağlı həqiqəti əks etdirməyən paylaşımından ciddi narahatlıqlarını ifadə ediblər.

    Petisiyada ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların narahatlıq doğurduğu qeyd edilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qarabağa göndərdiyi son nümayəndə heyətinin 2023-cü il 2 oktyabr tarixli qiymətləndirməsinə əsasən, mülki əhaliyə qarşı zorakılıq halları müşahidə edilməyib, həmin ərazilərdə mülki infrastrukturun zədələnməsi faktları aşkarlanmayıb. 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər də daxil olmaqla Azərbaycanın bir sıra şəhərlərinin raket və artilleriya atəşinə məruz qaldığı, bunun isə mülki itkilərə və infrastrukturun zədələnməsinə səbəb olduğu xüsusi vurğulanıb. Bundan əlavə, 1992-ci ilin fevral ayında bəşəriyyətin ən ağır faciələrindən biri olan Xocalı soyqırımına diqqət çəkilib, Azərbaycanın yüzlərlə mülki vətəndaşının amansızcasına qətlə yetirildiyi xatırladılıb.

    Sonda bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsi tələb edilib.

    Dünya azərbaycanlıları qeyd edilən link vasitəsilə petisiyaya qoşula bilərlər:

    https://shorturl.at/ZtUnS

    Qeyd edək ki, ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropanın Almaniya, Finlandiya, İspaniya, Macarıstan, Çexiya, Sloveniya, İsveç, Yunanıstan və başqa ölkələri, eləcə də 44 ölkəni birləşdirən 17 Koordinasiya Şurası Nyu-York şəhərinin merinin Azərbaycanı əsassız şəkildə ittiham etməsinə qarşı çıxaraq, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə bəyanatlar yayıb, ABŞ Prezidenti Donald Trampa və Nyu Yorkun meri Zöhran Kvame Mamdaninə etiraz məktubları göndəriblər.

  • AFFA “Sumqayıt”ı yüksək məbləğdə CƏRİMƏLƏDİ

    AFFA-nın İntizam Komitəsi “Sumqayıt” klubunu 12 500 manat məbləğində cərimələyib.

    Median.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu ağır cəzaya Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan “İmişli” ilə qarşılaşmada yaşanan insidentlər səbəb olub.

    “Gənclik şəhəri” təmsilçisinin meydana çıxdığı formada aşkar edilən qüsurlar səbəbindən oyunun start fiti gecikib. Məhz bu texniki xətaya görə klub 1 500 manat məbləğində ziyana düşüb.

    Əsas cərimə isə tribunalardakı gərginliklə bağlıdır. Belə ki, komanda azarkeşlərinin futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi kluba 8 000 manata başa gəlib. Qeyd edək ki, bu arzuolunmaz hal cari mövsümdə artıq dördüncü dəfədir təkrarlanır. Bundan əlavə, “kimyaçılar”ın fanatlarının pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub büdcəsindən daha 3 000 manat ödəməyə məcbur olacaq.

    Turun intizam cəzaları bununla bitməyib. “İmişli” klubu beş futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib. Bənzər halla üzləşən “Kəpəz” komandası da “Şamaxı” ilə matçda beş oyunçusunun xəbərdarlıq almasına görə eyni məbləğdə cərimə ödəyəcək.

  • FIFA builki mundialda yenilik tətbiq etməyi planlaşdırır

    FIFA 2026-cı il dünya çempionatında ciddi yeniliklər tətbiq etməyi planlaşdırır.

    Median.Az “The Times” nəşrinə istinadən xəbər verir ki, rəqib oyunçu və ya hakimlə mübahisə zamanı ağzını əli ilə örtərək danışan futbolçular qırmızı vərəqə ilə cəzalandırılacaqlar.

    Mənbənin məlumatına görə, həmçinin hakimin qərarlarına etiraz əlaməti olaraq meydanı özbaşına tərk edən oyunçuların da birbaşa meydandan kənarlaşdırılması nəzərdə tutulur.

    FIFA prezidenti Canni İnfantinonun bu dəyişiklikləri təşkilatın aprelin 30-da Vankuverdə keçiriləcək konqresində rəsmən elan edəcəyi gözlənilir. Vurğulanır ki, sözügedən yeniliklərdən eksklüziv olaraq qarşıdakı dünya çempionatında istifadə olunacaq.

    Qeyd edək ki, turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək.

  • Dünya çempionatında sarı vərəqə qaydaları dəyişir? – YENİ QƏRAR

    Futbolçuların pley-off mərhələsinin həlledici oyunlarını buraxma riskini minimuma endirmək məqsədilə dünya çempionatında qrup mərhələsinin, eləcə də 1/4 finalın yekunlarına əsasən bütün sarı vərəqələrin ləğv edilməsi planlaşdırılır.

    Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

    ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi edəcəkləri turnirdə toplanmış xəbərdarlıqlara görə veriləcək cəzalarla bağlı yeni qaydalar çərşənbə axşamı Vankuverdə keçiriləcək FIFA şurasının iclasında müzakirəyə çıxarılaraq təsdiqlənməlidir.

    Xatırladaq ki, əvvəlki dünya çempionatlarında sarı vərəqələr yalnız 1/4 final mərhələsindən sonra “sıfırlanırdı”. Lakin turnirdə iştirak edəcək komandaların sayının 32-dən 48-ə qədər artırılmasını nəzərə alan ali futbol qurumu cəzalı vəziyyətə düşmə hallarının sayını azaltmaq üçün bu qaydalara dəyişiklik etmək niyyətindədir.
    //oxu.az

  • “Sumqayıt” 50-yə çatdı

    “Sumqayıt” futbol klubu Azərbaycan Premyer Liqası tarixində özünün yubiley – 50-ci səfər qələbəsini rəsmiləşdirib.

    Median.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu əlamətdar hadisə Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutub.

    Rəqib meydanında “İmişli” ilə üz-üzə gələn “gənclik şəhəri” təmsilçisi inamlı oyun nümayiş etdirərək 2:0 hesablı üstünlük qazanıb.

    Komanda bu yubiley qələbəsinə özünün 233-cü səfər matçında imza atıb. Nəticədə “Sumqayıt” turnir tarixində rəqib meydanında ən azı 50 və daha artıq qələbə qazanan 12-ci klub ünvanına sahib çıxaraq, bu xüsusi göstəricidə “Şəmkir”lə bərabərləşib.

    Xatırladaq ki, Sumqayıtın eyniadlı təmsilçisinin səfərdə qazandığı ilk qələbə 2011/2012 mövsümündə qeydə alınıb. Komanda 2011-ci ilin 5 noyabr tarixində səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etməyi bacarmışdı.

  • “Real Madrid” Mbappeni “itirdi”

    “Real Madrid”in gənc ulduzu Kilian Mbappe zədə səbəbindən mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.

    Bu barədə “El Chiringuito TV” sosial şəbəkə hesabında məlumat yayıb.

    Məlumata görə, fransalı hücumçunun zədəsi gözləniləndən daha ciddidir.

    Futbolçunun səhhəti ilə bağlı Madrid təmsilçisinin bu gün rəsmi açıqlama yayacağı gözlənilir.

    Forvard İspaniya La Liqasında XXXII turun “Real Betis”lə matçının (1:1) 81-ci dəqiqəsində əvəzlənib. Mbappenin sol ayağının dizaltı vətərində zədə olduğu bildirilir.

    Qeyd edək ki, fransalı hücumçu dizindəki problemlər səbəbindən fevral-mart aylarında beş görüşü buraxmalı olub.
    //oxu.az

  • Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında bürünc medal qazandı

    Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.

    Median.Az xəbər verir ki, təmsilçimiz Rasul Şapiyevi (Şimali Makedoniya) 8:0 hesabı ilə üstələyib.

    Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.

    Xatırladaq ki, sabah Azərbaycanın 4 sərbəst güləşçisi – Ali Tsokayev (92 kq), Arseniy Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) qızıl medal uğrunda yarışacaqlar. Nürəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

  • İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu

    Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi olub.

    57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib.

    Beləliklə, bu, Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medalı olub.

    Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.

  • Dünyanın ən bahalı 20 klubu

    Sportico versiyasına görə “Real” 7,7 milyard dollar dəyəri ilə dünyanın ən bahalı klubudur.

    “Barselona” 2-ci, “Bavariya” 4-cü, “Tottenhem” 10-cu, “Milan” 14-cü, Messi’nin “İnter Mayami”si isə 16-cıdır.

    Sportico tərəfindən hazırlanan reytinqdə “Real” dünyanın ən bahalı futbol klubu seçilib. Araşdırma müəllifləri klubların maliyyə hesabatlarını, fəaliyyət göstəricilərini, brend gücünü, bazarın ölçüsünü, liqaların iqtisadiyyatını nəzərə alıblar, həmçinin klubların maliyyəsi ilə bağlı şəxslərlə də görüşüblər.

    Ən bahalı ilk 20 klub belə sıralanıb:

    “Real” – 7,7 milyard dollar

    “Barselona” – 6,65 milyard

    “Mançester Yunayted” – 6,47 milyard

    “Bavariya” – 5,78 milyard

    “Liverpul” – 5,74 milyard

    “Mançester Siti” – 5,7 milyard

    “Arsenal” – 5,43 milyard

    PSJ – 5 milyard

    “Çelsi” – 4 milyard

    “Tottenhem” – 3,5 milyard

    “Atletiko” – 2,5 milyard

    “Borussiya” Dortmund – 2,17 milyard

    “Yuventus” – 1,84 milyard

    “Milan” – 1,66 milyard

    “İnter” – 1,62 milyard

    “İnter Mayami” – 1,45 milyard

    “Los-Anceles” – 1,4 milyard

    “LA Galaksi”– 1,17 milyard

    “Atlanta Yunayted” – 1,14 milyard

    “Nyu-York Siti” – 1,12 milyard