Category: İdman

  • “Neftçi” və “Qarabağ”dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT

    Misli Premyer Liqasında həm aprelin 26-sı, həm də 30-u üz-üzə gələcək “Neftçi” və “Qarabağ” klubları oyunlardan əvvəl birgə bəyanat yayıblar.

    Bu barədə klubların sosial şəbəkə hesablarında məlumat paylaşıb.

    Bildirilib ki, futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir:

    “Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

    Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

    Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Qarabağ” və “Neftçi” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

    Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

    Hər iki klub oyunun dostluq əhvali-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

    Azərbaycan futbolu qələbə qazansın!”

    Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da start götürəcək.

  • Bazarqanov Avropa çempionatında finala yüksəldi

    Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
    57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.

    Digər güləşçilərimizdən Cəbrayıl Hacıyev (79 kq) də yarımfinal qarşılaşmasında qüvvəsini sınayacaq.

    Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

  • “Beşiktaş”ın sabiq futbolçusu vəfat etdi

    Nigeriya millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Maykl Eneramo vəfat edib.

    Bu barədə Nigeriya Futbol Federasiyası məlumat yayıb.

    40 yaşlı veteran futbolçunun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.

    Qeyd edək ki, Maykl Eneramo Nigeriya millisinin heyətində 10 oyunda 3 qolla yadda qalıb. O, 2018-ci ildə peşəkar futbolla vidalaşıb.

  • Avropa çempionatı: Sərbəst və qadın güləşçilərimiz xalça üzərinə çıxırlar

    Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycanı təmsil edən beş sərbəst güləşçi Avropa çempionatında öz gücünü nümayiş etdirmək üçün mübarizəyə qoşulur.

    Mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) medallar uğrunda xalça üzərinə çıxacaqlar.

    Günün digər həyəcanverici anları isə qadın idmançılarımızın iştirakı ilə yaşanacaq. Belə ki, milli komandamızın üç qadın güləşçisi bürünc medal uğrunda həlledici görüşlərdə qüvvəsini sınayacaq. Qitə birinciliyində Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova fəxri kürsünün üçüncü pilləsinə qalxmaq üçün mübarizə aparacaqlar.

    Xatırladaq ki, çempionatda bundan əvvəl yunan-Roma güləşçilərimiz böyük uğura imza ataraq komanda hesabında Avropa birincisi olublar. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medala sahib çıxdıqları halda, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat qazanıblar. Qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) ölkəmizin aktivinə daha bir bürünc medal yazdırıb.

  • Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı

    Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

    İdmançı üçüncü yer uğrunda qarşılaşmada Marta Getmanovaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.

    Avropa çempionatı aprelin 26-da başa çatacaq.

    Digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) sabah bürünc medal uğrunda qarşılaşmada qüvvələrini sınayacaqlar.

    Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.

  • Azərbaycan kubokunda finalçılar müəyyənıəşdi

    Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçirilib.

    Bununla da ikinci finalçının adı məlum olub.

    “Sabah” öz meydanında “Qarabağ”la qarşılaşıb. Matç “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.

    Qeyd edək ki, matçın 36-cı dəqiqəsində Ağdam təmsilçisinin qapıçısı Mateus Koxalski “Sabah”ın futbolçusu Velko Simiçə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alıb və komanda azlıqda mübarizə aparmalı olub.

    Xatırladaq ki, ötən mövsüm Azərbaycan kubokunun finalında da bu komandalar üz-üzə gəlib və “Sabah” 3:2 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

    Beləliklə, finala yüksələn “Zirə” və “Sabah” komandaları mayın 13-də final matçında üz-üzə gələcəklər.

  • Azərbaycanın güləşçisi Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb

    Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Suner Konunova (UWW) qalib gələrək (6:0) fəxri kürsüyə yüksəlib.

    Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

  • AFFA 3 komandanı texniki məğlubiyyətlə cəzalandırdı

    AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

    Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    U-14 Liqasında baş tutan “Yasamal Bakı” – “Mübariz” FA qarşılaşmasında meydan sahiblərinin heyətində protokolda adı olmayan futbolçuların iştirakı aşkarlanıb. Bu səbəbdən paytaxt təmsilçisinin nəticəsi ləğv olunub və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

    Eyni liqada keçirilməli olan “European Football Academy” – “Young Pro” oyunu qonaqların meydana çıxmaqdan imtina etməsi səbəbindən baş tutmayıb. Nəticədə “Young Pro” kollektivi texniki məğlubiyyət alıb.

    “Liman” UFK – “Araz Bakı” matçında Liman təmsilçisinin heyətində cəzalı futbolçu Elşad Qafarlının meydana çıxdığı müəyyənləşib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyətlə üzləşib.

  • Azərbaycan millisinin baş məşqçisi işdən çıxarıldı

    17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.

    Bu barədə AFFA-dan məlumat verilib.

    U-17-yə müvəqqəti olaraq A milli komandanın məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.

  • İkinci finalçı “Sabah” – “Qarabağ” oyununda müəyyənləşəcək

    Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bu gün müəyyənləşəcək.

    Yarımfinal mərhələsinin cavab oyununda “Sabah” “Qarabağ”ı qəbul edəcək.

    Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

    Tərəflər arasında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb – 2:2.

    Cütün qalibi finalda “Zirə” ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda “Turan Tovuz”la qolsuz bərabərə qalıb. İlk dueldə “qartallar” üstün olub – 2:0.

    Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.