Category: İdman

  • İkinci finalçı “Sabah” – “Qarabağ” oyununda müəyyənləşəcək

    Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bu gün müəyyənləşəcək.

    Yarımfinal mərhələsinin cavab oyununda “Sabah” “Qarabağ”ı qəbul edəcək.

    Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

    Tərəflər arasında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb – 2:2.

    Cütün qalibi finalda “Zirə” ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda “Turan Tovuz”la qolsuz bərabərə qalıb. İlk dueldə “qartallar” üstün olub – 2:0.

    Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.

  • “Zirə” Azərbaycan kubokunun finalına yüksəldi

    Azərbaycan kubokunun ilk finalçısı bəlli olub.

    “Zirə” həlledici qarşılaşmaya vəsiqə qazanıb.

    İlk oyunda 2:0 hesablı qələbə qazanan Rəşad Sadıqovun komandası cavab matçında “Turan Tovuz”la 0:0-lıq heç-heçəyə imza atıb.

    Bununla da onlar finala adlayıb. “Zirə”nin rəqibinim adına isə “Sabah” – “Qarabağ” matçından sonra aydınlıq gələcək.

  • İtaliyada “Formula-1” pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADI

    İtaliya vergi orqanları “Formula-1” pilotları və komandalarına qarşı ciddi araşdırmaya başlayıb.

    Oxu.Az-ın “RacingNews365″ə istinadən verdiyi məlumata görə, idmançılar ölkə ərazisində baş tutan Qran-pri yarışlarından əldə etdikləri gəlirlərə görə əlavə vergi ödəməli ola bilərlər.

    Nəşrin məlumatına əsasən, İtaliyanın maliyyə polisi artıq hərəkətə keçərək pilotlara xüsusi məktublar göndərib. Onlardan 2025-ci il üçün vergi bəyannamələrini təqdim etmək və hakimiyyət orqanları ilə şəxsən, yaxud nümayəndə vasitəsilə əlaqə saxlamaq tələb olunur. Bununla yanaşı, İtaliya tərəfi əvvəlki illər üzrə vergi qanunvericiliyinə necə əməl olunduğunu da dərindən yoxlamaq niyyətindədir.

    İtaliya qanunlarına görə, ölkə ərazisindəki yarışlarda iştirak edən əcnəbi idmançılar burada qazandıqları gəlirlərdən mütləq vergi ödəməlidirlər. Lakin indiyədək bu qaydanın tətbiqində ardıcıllığın olmaması hazırkı genişmiqyaslı yoxlamalara əsas səbəb kimi göstərilir.

    Gəlirlərin dəqiq mənzərəsini yaratmaq məqsədilə vergi orqanlarının pilotların müqavilələrinə və sponsorluq sazişlərinə çıxış tələb edəcəyi bildirilir. Əgər ödənilməyən verginin məbləği 50 min avronu keçərsə, bu, artıq cinayət əməli kimi tövsif oluna bilər. Üstəlik, qayda pozucularını borcla yanaşı, olduqca iri məbləğdə cərimələr də gözləyir.

    Qeyd edək ki, son illərdə “Formula-1” yarışları İtaliyanın üç fərqli trasında – Montsa (İtaliya Qran-prisi), İmola (Emiliya-Romanya Qran-prisi) və 2020-ci ildə Muccelloda (Toskana Qran-prisi) keçirilib. İtaliya Hesablama Palatası hər üç əyalətdə müvafiq yoxlamaların aparılması barədə xüsusi tapşırıq verib.

  • Cokoviç Federerin rekordunu qırdı

    Serb tennisçi Novak Cokoviç ATP reytinqinin ilk beşliyində keçirdiyi həftələrin sayına görə rekord qırıb.

    Median.Az sport24.ru-ya istinadən xəbər verir ki, 38 yaşlı idmançı hazırda dünyanın ən yaxşı tennisçiləri siyahısında dördüncü yerdədir.

    Hazırda N.Cokoviçin karyerası ərzində dünyanın ən yaxşı beşliyində keçirdiyi artıq 860-cı həftəsi başlayıb.

    Bu göstəriciyə görə o, Rocer Federerin rekordunu (859 həftə) geridə qoyub. Reytinqin ilk beşliyində olma müddətinə görə üçüncü yerdə 837 həftə ilə Rafael Nadal qərarlaşıb.

    Qeyd edək ki, N.Cokoviç dünyanın birinci raketkası statusunda 428 həftə, R.Federer 310, R.Nadal isə 209 həftə keçirib.

  • Azərbaycan çempionatında yeni azarkeş rekordu: Son onilliyin ən yüksək göstəricisi qeydə alındı

    Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

    Median.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, 28-ci turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib. Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. O zaman 22-ci turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı izləmişdi.

    28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa etmişdi.

  • Formula-1 komandalarının dəyəri nə qədərdir? – Təxmini qiymətlər

    Son illərdə Formula-1 komandalarının dəyəri kəskin şəkildə artıb. Hətta 6 il əvvəl bu rəqəmlər indikindən bir neçə dəfə aşağı idi.

    “PlanetF1” portalının hesablamalarına görə, komandaların dəyəri onların maliyyə göstəriciləri, son müqavilələr, hesabatlar və analitik qiymətləndirmələr əsasında müəyyən edilib.

    “Ferrari” liderdir

    Məlumata görə, hazırda Formula-1 komandaları arasında ən yüksək dəyərə sahib olan komanda “Ferrari”dir.

    Komandaların təxmini bazar dəyəri:

    1. “Ferrari” – 7,1 milyard dollar
    2. “Mercedes” – 6,4 milyard dollar
    3. “McLaren” – 5,2 milyard dollar
    4. “Red Bull” – 4,9 milyard dollar
    5. “Aston Martin” – 3,3 milyard dollar
    6. “Williams” – 2,6 milyard dollar
    7. “Alpine” – 2,6 milyard dollar
    8. “Audi” – 2,6 milyard dollar
    9. “Racing Bulls” – 2,4 milyard dollar
    10. “Haas” – 1,9 milyard dollar

    Kəskin artımın səbəbi

    2020-ci illə müqayisədə komandaların dəyərində ciddi artım qeydə alınıb. Məsələn, “Ferrari” həmin dövrdə təxminən 2 milyard dollar dəyərində idi, “McLaren” 740 milyon dollar, “Williams” isə cəmi 120 milyon dollar qiymətləndirilirdi.

    Ekspertlərin fikrincə, artımın əsas səbəbləri Formula-1-də aparılan struktur islahatlar, “Concorde Agreement” razılaşması və büdcə limitlərinin tətbiqidir. Bu dəyişikliklər komandaların gəlirlərini sabitləşdirib və investisiya cəlbediciliyini artırıb.
    //qaynar.az

  • Azərbaycanın beş güləşçisi “Çempionlar” turnirinin ilk günündə medal qazanıb

    Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə keçirilən “Çempionlar” turnirinin ilk günündə Azərbaycanın beş güləşçisi fəxri kürsüyə yüksəlib.

    Median.Az bu barədə Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.

    Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olub. Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.

    Yunan-Roma güləşində Roman Kərimov (67 kq) rəqiblərinə şans tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Murad Əliyev bürünc medalı boynundan asıb. Cavidan Nəhmətov (77 kq) isə turniri gümüş medalla başa vurub.

  • Premyer Liqa: Prinsipial görüşdə “Sabah” “Qarabağ”ı məğlub etdi

    Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

    Günün ikinci matçında “Qarabağ” “Sabah”la üz-üzə gəlib.

    Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

    45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. “Sabah” birinci hissədə penalti zərbəsindən yararlana bilməyib.

    Xallarının sayını 69-a çatdıran “Sabah” çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı “Qarabağ”ın 56 xalı var. Qeyd edək ki, Ağdam klubunun ehtiyatda bir matçı var.

    Günün ilk görüşündə “Karvan-Yevlax” “Şamaxı”nı minimal hesabla üstələyib – 1:0.

    Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün “Turan Tovuz” “Araz-Naxçıvan”ı üç cavabsız qolla üstələyib. “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1.

  • Qadınlardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək

    Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.

    C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşacaq.

    Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 17:00-da start götürəcək.

    Xatırladaq ki, Azərbaycan millisi hazırda altı xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın yeddi, üçüncü sıradakı Şimali Makedoniyanın üç, dördüncü yerdəki Andorranın bir xalı var.

    Qeyd edək ki, millimiz səfərdə Andorraya 1:3 hesabı ilə qalib gəlib.

  • Premyer Liqanın XXVIII turu: “Qarabağ” lider “Sabah”a qarşı

    Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.

    İkinci oyun günündə iki qarşılaşma nəzərdə tutulub.

    İlk olaraq “Şamaxı” səfərdə “Karvan-Yevlax”ım qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.

    Günün ikinci matçında çempionluğa iddialı komandalar – “Qarabağ” və “Sabah” münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.

    Qeyd edək ki, “Sabah” hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən “Qarabağ” 56 xalla ikinci sıradadır. Məhz buna görə, sözügedən matç çempionluq yolunda ən həlledici görüşlərdən biri hesab olunur.

    Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün “Turan Tovuz” “Araz-Naxçıvan”ı üç cavabsız qolla üstələyib. “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1.