Category: İdman

  • Musa Qurbanlı üçün mövsüm bitdi

    Ötən gün “Turan Tovuz”la oyunda zədələnən “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün mövsüm başa çatıb.

    Bu barədə klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

    O bildirib ki, forvardın zədəsi ciddidir və 2-3 həftə müalicə alacaq.

    M.Qurbanlı ondan sonra məşqlərə başlayacaq.

  • 128 ildən sonra ilk dəfə çempion oldu: azarkeşlər meydana axışdılar

    İsveçrənin “Tun” futbol klubu 128 illik tarixində ilk dəfə Super Liqa çempionluğunu qazanıb. Azarkeşlər bu unudulmaz nailiyyəti böyük coşğu ilə qeyd ediblər.

    Uzun illərdir zirvə uğrunda mübarizə aparan “Tun”, bu mövsüm öz performansı ilə xoşbəxt sonluq qazanaraq klub üçün tarixə imza atıb.

    “Tun” azarkeşləri tarixi çempionluqdan sonra coşğu ilə qeyd ediblər.

  • MOİK-in baş məşqçisi klubdan ayrıldı

    Rusiyanın MOİK komandası baş məşqçisi Fabio Çelestini ilə yollarını ayırıb.

    Bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

    İsveçrəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

    MOİK hazırda Rusiya Premyer Liqasında 45 xalla 6-cı pillədə qərarlaşıb.

  • “Qarabağ”ın ulduzuna Avropadan təklif

    “Qarabağ”ın qapıçısı Mateuş Koxalski mövsümün sonunda komandadan ayrılmağa yaxındır.

    Median.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirə bilər.

    Onunla Polşanın “Vitsev Lodz” klubu ciddi şəkildə maraqlanır.

    Sözügedən klub yanvarda qapıçını heyətinə qatmaq istəsə də, transfer baş tutmamışdı. Ancaq Polşa təmsilçisi təcrübəli qolkiperdən vaz keçmir.

    Bildirilir ki, “Vitsev Lodz” Koxalskiyə yeni müqavilə təklifi hazırlayıb. 25 yaşlı oyunçu qərar üçün mövsümün sonunu gözləyir. Onun ölkəsində çıxış etməyə müsbət yanaşdığı da bildirilir. Koxalski daha əvvəl “Vitsev Lodz”dan təklif aldığını açıqlamış, lakin qışda ayrılmasına razılıq verilməmişdi.

    Xatırladaq ki, polşalı qolkiper 2024-cü ilin avqustunda “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb.

  • Premyer Liqa: “Kəpəz” “Sumqayıt”ı məğlub edib

    Misli Premyer Liqasında XXX tura start verilib.

    Median.Az report-a istinadən xəbər verir ki, günün ilk oyununda “Sumqayıt” səfərdə “Kəpəz”lə üz-üzə gəlib.

    Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib – 2:1.

    “Sarı-göylər”in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.

    Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran “Kəpəz” 10-cu pillədə qərarlaşıb. “Sumqayıt” 38 xalla 7-ci sıradadır.

    Günün ikinci matçında “Araz-Naxçıvan” və “İmişli” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

    Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

  • “Formula-1″in sabiq pilotu vəfat etdi

    “Formula-1″in sabiq pilotu, Paralimpiya Oyunlarının dördqat qalibi olan italiyalı Aleks Dzanardi 59 yaşında dünyasını dəyişib.

    Bu barədə məlumatı “La Gazzetta dello Sport” nəşri yayıb.

    Dzanardinin ölüm səbəbi barədə məlumat verilmir.

    Qeyd edək ki, Dzanardi 1991-1994-cü və 1999-cu illərdə “Formula-1” maşınlar sinfində avtoyarışlar üzrə dünya çempionatında çıxış edib. O, “Uilyams”, “Lotus” və “Cordan” komandalarının pilotu olub. İtaliyalı sürücü 2001-ci ildə CART seriyası yarışlarında qəzaya düşüb və nəticədə hər iki ayağı dizdən aşağı amputasiya edilib. Daha sonra Dzanardi veloidman üzrə yarışlara qatılıb və 2012, eləcə də 2016-cı illərdəki Paralimpiya Oyunlarında iki qızıl medal qazanıb. O, həmçinin həmin yarışların hər birində bir gümüş medala da sahib olub.

  • “Qarabağ” azarkeşlərə görə 8000 manat cərimələndi

    “Qarabağ” klubu 8000 manat cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Buna Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” ilə matçda yaşananlar səbəb olub.

    Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.

    “Neftçi” isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

    Xatırladaq ki, “Qarabağ” sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

  • Cüdoçularımız ilk günü medalsız bitirdilər

    Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirin ilk günündə medal qazana bilməyiblər.

    Nizami İmranov (66 kq) üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi German Kobetslə üz-üzə gəlib.

    Rəqibinə məğlub olan İmranov yarışı beşinci pillədə bitirib.

    Daha öncə Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) da fəxri kürsüdə yer almaq şanslarını itiriblər.

    Xatırladaq ki, bu gün start götürən “Böyük Dəbilqə” mayın 3-də yekunlaşaq.

  • Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb

    ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin “X” platformasında etdiyi paylaşımda 1915-ci il qondarma erməni soyqırımı, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlər dünya azərbaycanlılarının kəskin etirazı ilə qarşılanıb.

    “Report” xəbər verir ki, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.
    Dünya azərbaycanlıları bu petisiyaya dəstək verməklə Nyu-York merinin Azərbaycanla bağlı həqiqəti əks etdirməyən paylaşımından ciddi narahatlıqlarını ifadə ediblər.

    Petisiyada ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların narahatlıq doğurduğu qeyd edilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qarabağa göndərdiyi son nümayəndə heyətinin 2023-cü il 2 oktyabr tarixli qiymətləndirməsinə əsasən, mülki əhaliyə qarşı zorakılıq halları müşahidə edilməyib, həmin ərazilərdə mülki infrastrukturun zədələnməsi faktları aşkarlanmayıb. 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər də daxil olmaqla Azərbaycanın bir sıra şəhərlərinin raket və artilleriya atəşinə məruz qaldığı, bunun isə mülki itkilərə və infrastrukturun zədələnməsinə səbəb olduğu xüsusi vurğulanıb. Bundan əlavə, 1992-ci ilin fevral ayında bəşəriyyətin ən ağır faciələrindən biri olan Xocalı soyqırımına diqqət çəkilib, Azərbaycanın yüzlərlə mülki vətəndaşının amansızcasına qətlə yetirildiyi xatırladılıb.

    Sonda bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsi tələb edilib.

    Dünya azərbaycanlıları qeyd edilən link vasitəsilə petisiyaya qoşula bilərlər:

    https://shorturl.at/ZtUnS

    Qeyd edək ki, ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropanın Almaniya, Finlandiya, İspaniya, Macarıstan, Çexiya, Sloveniya, İsveç, Yunanıstan və başqa ölkələri, eləcə də 44 ölkəni birləşdirən 17 Koordinasiya Şurası Nyu-York şəhərinin merinin Azərbaycanı əsassız şəkildə ittiham etməsinə qarşı çıxaraq, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə bəyanatlar yayıb, ABŞ Prezidenti Donald Trampa və Nyu Yorkun meri Zöhran Kvame Mamdaninə etiraz məktubları göndəriblər.

  • AFFA “Sumqayıt”ı yüksək məbləğdə CƏRİMƏLƏDİ

    AFFA-nın İntizam Komitəsi “Sumqayıt” klubunu 12 500 manat məbləğində cərimələyib.

    Median.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu ağır cəzaya Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan “İmişli” ilə qarşılaşmada yaşanan insidentlər səbəb olub.

    “Gənclik şəhəri” təmsilçisinin meydana çıxdığı formada aşkar edilən qüsurlar səbəbindən oyunun start fiti gecikib. Məhz bu texniki xətaya görə klub 1 500 manat məbləğində ziyana düşüb.

    Əsas cərimə isə tribunalardakı gərginliklə bağlıdır. Belə ki, komanda azarkeşlərinin futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi kluba 8 000 manata başa gəlib. Qeyd edək ki, bu arzuolunmaz hal cari mövsümdə artıq dördüncü dəfədir təkrarlanır. Bundan əlavə, “kimyaçılar”ın fanatlarının pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub büdcəsindən daha 3 000 manat ödəməyə məcbur olacaq.

    Turun intizam cəzaları bununla bitməyib. “İmişli” klubu beş futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib. Bənzər halla üzləşən “Kəpəz” komandası da “Şamaxı” ilə matçda beş oyunçusunun xəbərdarlıq almasına görə eyni məbləğdə cərimə ödəyəcək.