Category: İdman

  • Şəki təmsilçisi çempionatdan kənarlaşdırıldı

    Şəkinin “Şorsu” komandası AFFA U-12 Liqasından kənarlaşdırılıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Bölgə təmsilçisi Zaqatalanın “Alfa” kollektivi ilə görüşdə təyin olunan vaxtda meydanda olmayıb.

    Qarşılaşma baş tutmadığı üçün “Şorsu” 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu hal üçüncü dəfə təkrarlandığı üşün komanda yarışdan uzaqlaşdırılıb.

  • “Qarabağ” azarkeşlərə müraciət etdi

    “Qarabağ” Misli Premyer Liqasının XXVIII turunda “Sabah”la keçiriləcək oyuna gəlmək istəyən azarkeşlərinə müraciət edib.

    Ağdam klubu xanım azarkeşlərinin və stadiona “Qarabağ” forması ilə gələcək fanatlara biletlərin pulsuz veriləcəyini daha əvvəl açıqlamışdı.

    Bildirilib ki, istənilən halda stadiona giriş biletlə olacaq. Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunur, amma bilet mütləq əvvəlcədən götürülməlidir. Xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.

    Biletləri 17, 18 aprel tarixlərində: Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından və klubun Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopundan əldə etmək mümkündür.

    Qeyd edək ki, qarşılaşma aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

  • Dişləri nə vaxt fırçalamaq məsləhət görülmür?

    “Şirin qidalar qəbul etdikdən dərhal sonra dişlərin fırçalanması qətiyyən məsləhət görülmür”.

    Median.Az “Deia” nəşrinə istinadən xəbər verir ki, bu barədə stomatoloq Andres Ramires xəbərdarlıq edib.

    Mütəxəssisin sözlərinə görə, ağız boşluğunda şəkər sürətlə turşuya çevrilir və məhz həmin ərəfədə dişlərin fırçalanması diş minasının aşınmasına səbəb ola bilər.

    Həkim dişləri təmizləməzdən əvvəl ən azı 30 dəqiqə gözləməyin zəruri olduğunu bildirir. Bununla yanaşı, şirniyyat məhsullarını fasilələrlə deyil, bir dəfəyə qəbul etmək daha düzgün hesab olunur. Belə yanaşma turşuların diş səthinə təsir müddətini azaldır və onların sağlamlığını qoruyur.

  • Avropa çempionatının ikinci günü: Hidayət Heydərov tatamiyə çıxır

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci günündə daha bir cüdoçumuz mübarizəyə qoşulacaq.

    Bu gün Azərbaycanın son olimpiya çempionu, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov tatami üzərinə çıxacaq.

    İdmançımız 1/16 final mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi Konstantinos Tsaparas ilə üz-üzə gələcək.

    Xatırladaq ki, çempionatın ilk günündə yarışa qatılan 7 cüdoçumuzdan ikisi – 60 kiloqram çəkidə çıxış edən Əhməd Yusifov və 66 kiloqram çəkidə Turan Bayramov ölkəmizin aktivinə bürünc medallar yazdırıblar.

    -73 kq, 1/16 final

    Hidayət Heydərov – Konstantinos Tsaparas

    Təsnifat mərhələsi – 10:00

    Final bloku – 16:00

  • Keçmiş futbolçu qəzada öldü

    “Yuventus” klubunun və Avstriya milli komandasının keçmiş qapıçısı Aleksandr Manninger 48 yaşında həlak olub.

    Median.Az “Bild” qəzetinə istinadən xəbər verir ki, futbolçunun avtomobili Zaltsburqda dəmiryol keçidində qatarın altında qalıb.

    A.Manninger ağır xəsarətlər alıb, hadisə yerinə gələn təcili xidmət orqanlarının əməkdaşları idmançıya ilkin tibbi yardım göstəriblər, lakin onun həyatını xilas ermək mümkün olmayıb.

    Qeyd edək ki, A.Manninger İngiltərənin “Arsenal”, İtaliyanın “Fiorentina”, “Bolonya”, “Siena”, “Yuventus” və digər klublarda çıxış edib. O, “Arsenal”ın heyətində İngiltərə çempionu (1997/1998), “Yuventus”un heyətində isə İtaliya çempionu (2011/2012) olub.

  • Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

    Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf Turnirindəki rəqibləri müəyyənləşib.

    Yığmamız Rusiya, Pakistan və Qazaxıstanla qarşılaşacaq.

    Turnir aprelin 25-dən 30-dək Qazaxıstanın Şımkənd şəhərində keçiriləcək.

  • Azərbaycan çempionatında hakimləri təhdid edən menecer ağır cəza aldı

    İkinci Liqada baş tutan “Araz Saatlı” – “Göygöl” qarşılaşmasından sonra yaşanan gərginlik ağır cəzalarla nəticələnib. Hakimləri və rəqib oyunçuları təhdid edən “Araz Saatlı” rəsmisi 5 oyunluq diskvalifikasiya edilib.

    Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    II Liqanın XXII turu çərçivəsində keçirilən sözügedən matç həm də kobudluqlarla yadda qalıb. Belə ki, hər iki komandanın beş futbolçusu sarı vərəqə aldığı üçün klubların hərəsi 70 manat məbləğində cərimələnib.

    Əsas insident isə oyunun yekun fitindən sonra qeydə alınıb. “Araz Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib futbolçuları və hakimləri təhqir edərək təhdid etdiyi üçün 5 oyunluq cəzaya, klubu isə 1 000 manat cəriməyə məruz qalıb. Bundan əlavə, Saatlı təmsilçisinin oyunçusu Samir Məmmədov əvəzlənərkən hakimləri təhqir etdiyinə görə 4 oyunluq kənarlaşdırılıb və komandasının büdcəsinə daha 1 000 manatlıq cərimə yazılıb.

    “Göygöl” komandası da intizam qaydalarını pozduğu üçün sanksiyadan yaxa qurtara bilməyib. Klubun nümayəndəsi matçöncəsi rəsmi iclasa qatılmadığına görə komanda 150 manat ziyana düşüb.

  • Hacı Əliyevə YÜKSƏK RÜTBƏ verildi

    Azərbaycanın güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyevə “mayor” hərbi rütbəsi verilib.

    Bu barədə idmançı öz “Instagram” hesabında paylaşım edib.

    İdmançı qeyd edib ki, bu rütbə ona Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən təqdim olunub.

    “Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən “mayor” rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

    Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!” – paylaşımda qeyd olunub.

  • “Barselona” Çempionlar Liqasında antirekord müəyyənləşdirdi

    “Barselona” UEFA Çempionlar Liqasında buraxılan qollar seriyasının davamlılığı üzrə İspaniya klubları üçün antirekord müəyyənləşdirib.

    Median.Az “Squawka”ya istinadən xəbər verir ki, Hans-Diter Flikin komandası turnirin 1/4 finalının cavab oyununda “Atletiko Madrid”dən qol buraxıb.

    Bununla da “Barselona” Çempionlar Liqasında ardıcıl 15 matçda qol buraxan ilk İspaniya komandası olub.

    Kataloniyalılar turnirdə sonuncu dəfə qol buraxmadıqları matçı ötən ilin aprelində “Borussiya Dortmund”a qarşı keçiriblər (4:0).

  • Yamal Mbappenin rekordunu qırdı

    “Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 19 yaşına qədər vurulan qolların sayına görə “Monako” və PSJ-nin keçmiş forvardı Kilian Mbappenin rekordunu qırıb.

    Median.Az bu barədə championat.com-a istinadən xəbər verir.

    Yamalın Çempionlar Liqasında 1/4 finalın cavab görüşündə “Atletiko Madrid”ə vurduğu qol onun bu turnirdəki 11-ci qolu olub. Mbappedə isə bu göstərici 10 qoldur.

    Ümumilikdə, Çempionlar Liqasının cari mövsümündə Yamal 10 oyunda altı qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.