Category: İdman

  • “Qarabağ”ın ÇL-dəki potensial rəqibi müəyyənləşdi

    “Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

    “Qarabağ” Sloveniya “Olimpiya”sını keçəcəyi təqdirdə, Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

    “Kukesi” Maltanın “Valletta” klubunu iki oyunun nəticəsinə əsasən üstələyərək növbəti mərhələyə yüksəlib.

    Rəqiblərin hər iki görüşü heç-heçə başa çatıb – 0:0 və 1:1. Lakin “Kukesi” səfərdə vurduğu qol sayəsində mübarizəni davam etdirən tərəf olub.

    “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib.

    Ağdam təmsilçisinin cavab oyunu iyulun 18-i Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.

  • “Formula 1”in keçirilmə vaxtı bilindi

    “Formula 1” Azərbaycan Qran Prisinin gələn il keçirilmə vaxtı müəyyənləşib.

    Bu yarış 2019-cu ilin aprelin 28-də keçiriləcək.

    Ümumiyyətlə, gələn il keçiriləcək yeni mövsüm Avstraliyada martın 17-də start götürəcək. Yarış dekabrın 1-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə yekunlaşacaq.

    Qeyd edək ki, Bakıda keçiriləcək mərhələ dördüncü olacaq.

  • ŞOK! “Uypeşt”in afrikalı futbolçuları Bakıya buraxılmadı

    “Neftçi” ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ilə əlaqədar Bakıya gələn Macarıstanın “Uypeşt” klubunun 2 futbolçusu problemlə üzləşib. 

    Sportnet.az-ın Budapeşt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobodoya hava limanında viza verilməyib. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcəklər. Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb. 

    Bundan başqa “Uypeşt”i çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə – Türkiyənin Bursa və Trabzon hava limanlarına eniş edib. Bu səbəbdən, Budapeştdən yerli vaxtla saat 9:30-da yola çıxan heyət Heydər Əliyev hava limanına saat 18:40-da çatıb. “Uypeşt” aeroport yaxınlığındakı “Şeraton Baku” otelində məskunlaşıb. 

    Bakıya gec çatdıqlarından, budapeştlilər “Dalğa Arena”da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub. 

    Bütün çətinliklərə və yorğunluqlara rəğmən, “Uypeşt”in futbolçusu Daniel Nad bugünkü qarşılaşmada daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib. O, Bakı barədə ilkin təəssüratlarının müsbət olduğunu da vurğulayıb: “Yol çox yorucu oldu, xeyli səfər etdik və yorulduq. Bununla belə, bütün çətinliklərin öhdəsindən gəlməliyik. Ən yaxşı formanı yığmaq üçün mümkün olan hər şeyi edəcəyik. İlkin təəssüratlarımız yaxşıdır. Bizi təmiz və gözəl ətraf mühit qarşıladı. Otel əladır. Elə bir yerdəyik ki, şərait bizə dincəlməyə və böyük günə hazırlaşmağa imkan verir”. 

    Qeyd edək ki, bu gün “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Uypeşt” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq (“Report”). 

  • Güləşçilərimizin dünya çempionatına hazırlığından – VİDEO

    Oktyabrın 22-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatı keçiriləcək.

    Bu münasibətlə kişilərdən ibarət sərbəst güləş üzrə millimiz iyunun 24-dən iyulun 7-dək Göygöldə təlim-məşq toplanışında olublar.

    Millimiz sərbəst güləş üzrə federasiyanın vitse-prezidenti, yığmamızın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında məşq keçiblər.

    Məşqlərdə dünya çempionluğuna əsas namizədlərimiz – Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Hacı Əliyevin necə səylə hazırlaşdığı görünür.

    Həmin məşqlərdən maraqlı görüntüləri təqdim edirik:

  • İngiltərə Futbol Assosiasiyasının prezidenti Bakıda olub

    İngiltərə Futbol Assosiasiyasının prezidenti Qreq Klark Azərbaycanda olub.

    O, Rusiyadakı dünya çempionatı vaxtı qonşuluqdakı Azərbaycan və Gürcüstana səfər edib.

    Məqsəd hər iki ölkənin federasiya rəhbərliyi ilə görüşüb onların 2030-cu ildəki dünya çempionatının İngiltərədə keçirilməsinə razılığını əldə etmək olub.

    Qeyd edək ki, İngiltərə yalnız indiyədək DÇ-66-nın ev sahibliyini edə bilib. Həmin il yeganə dünya çempionluğunu qazanmış ingilislər DÇ-2006 və DÇ-2018 üçün namizədliyini sürsə də, qalib ola bilməyib.

  • DÇ-2018: Bu gün son iki yarımfinalçı məlum olacaq

    Bu gün Rusiyada keçirilən futbol üzrə 21-ci dünya çempionatının son iki yarımfinalçısı məlum olacaq.

    Dörddəbir final mərhələsinin iyulun 7-də keçiriləcək digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.

    İsveç-İngiltərə matçı Bakı vaxtı ilə saat 18:00-da, Rusiya-Xorvatiya görüşü isə saat 22:00-da başlayacaq.

    Çempionatın yarımfinal mərhələsinin görüşləri iyulun 10-11-də oynanılacaq.

    Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

  • Dünya çempionumuz ermənini belə məğlub etdi – VİDEO

    Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

    Artıq oğlanlarda sərbəst güləş yarışları başa çatıb.

    Millimiz bu yarışdan iki qızıl və bir bürünc medal qazanıb. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala layiq görülüb.

    Bunlardan dünya çempionumuz Turan Bayramovun yolu 1/4 finalda Ermənistan idmançısı Narek Harutyunyanla kəsişib. İdmançımız rəqibini 8:4 hesabı ilə məğlub edib.

  • “Qarabağ” Bolqarıstan millisinin futbolçusunu transfer etdi – RƏSMİ

    2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” beşinci transferini rəsmiləşdirib.

    Klub Bolqarıstan yığmasının üzvü Simeon Slavçevi heyətinə qatıb.

    25 yaşlı yarımmüdafiəçiylə üç illik müqavilə imzalanıb. Slavçev artıq bu komandanın Avstriyada davam edən təlim-məşq toplanışında iştirak edir.

    Qeyd edək ki, yarımmüdafiəçi peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və dörd il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.

    Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Simeon Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır.

  • Əfsanəvi boksçu Azərbaycana gəlir

    Məşhur amerikalı sabiq boksçu Mayk Tayson Azərbaycana gələcək.

    Bu barədə oxu.az-a “Qodzilla” şirkətindən məlumat verilib.

    Onunla bu haqda söhbət aparılıb. Tayson Azərbaycana gəlməyə razılıq verib. Onun Bakıya gəlişi oktyabr-noyabr aylarında olacaq. Həmin müddətdə Tayson boksçulara seminar keçəcək və fanatlara avtoqraf paylayacaq.

    Qeyd edək ki, Mayk Tayson peşəkar boksun WBA, WBC və IBF versiyaları üzrə dünya çempionu olub. O, 1985-2005-ci illərdə peşəkar boksla məşğul olub.

  • Millimizin baş məşqçisi vəfat etdi

    Azərbaycan taekvondo ailəsinə ağır itki üz verib.

    Bu gün səhər saatlarında parataekvondo milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

    Qeyd edək ki, bu ay Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatına parataekvondo millimiz onsuz, böyük məşqçilər – Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə yollanmalı olmuşdu.

    56 yaşlı məşqçi I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, taekvondoçu Ayxan Tağızadənin atasıdır.

    Allah rəhmət eləsin!

    //oxu.az