Category: İqtisadiyyat

  • Şamaxıda üzümçülük sahəsi üzrə ilk kooperativ təsis edilib

    Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək (KYRİD) proqramının icrasına texniki yardım layihəsi çərçivəsində Şamaxı rayonunda “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin yaradılması üzrə təsis yığıncağı keçirilib.

    “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, fermer Qurbanəli Babaşov “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin sədri seçilib.

    tədbirdə Nazirliyinin məsul şəxsləri, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, KYRİD proqramının icrasına texniki yardım layihəsinin mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.

    Tədbirdə çıxış edən Kənd Təsərüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin sektor müdiri Azər Əliyev, sözügedən sektorun baş məsləhətçisi Fuad Məmmədov dövlət tərəfindən kooperativləşmə prosesinə verilən dəstəklə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan İsmayılov da öz növbəsində kooperativləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklərə toxunub. O, “Aqrar Tədarük və Təchizat” ASC-nin kooperativlərə verə biləcəyi dəstəklə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.

    Kənd Yerləri və Regionların İnkişafına Dəstək layihəsinin mütəxəssisləri Elməddin Namazov və Elçin Atababayev isə layihənin məqsədlərinə toxunaraq Şamaxı rayonunda üzümçülük və şərabçılığın inkişafı üçün kooperativləşmənin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Natiqlər KYRİD layihəsi tərəfindən aparılmış tədqiqatların nəticələrinə istinad edərək kooperativləşmənin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

    Tədbirdə çıxış edən fermerlər kooperativin yaradılma məqsədi barədə məlumat veriblər. Kənd təsərrüfatı məhsulları istehsalçıları bildiriblər ki, kooperativin yaradılması təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək.

    Daha sonra “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyat keçməklə bağlı qərar qəbul ediblər. İmzalanma mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr təşkil olunub, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.

  • “Qum dəniz” yatağında neft hasilatı 22 faiz artıb

    Bu ilin II rübündə “Qum dəniz” neft yatağından xam neft hasilatı I rüblə müqayisədə, 22 faiz artaraq, gündəlik 813 barel təşkil edib.

    Report-un xəbərinə görə, bu barədə “Greenfields Petroleum Corporation” məlumat yayıb.

    Qeyd olunub ki, hesabat dövründə 12 quyuda təmir işləri başa çatıb və quyular istismara daxil edilib. İyunun sonuna dörd əlavə quyuda təmir işləri davam etdirilib.

    II rübdə “Bahar” yatağında gündəlik qaz hasilatının həcmi I rüblə müqayisədə 11 faiz artaraq, 20,596 mln. kubfut olub. Hesabat dövründə B182 və B205 saylı quyularda əsaslı təmir işləri yekunlaşıb.

    Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd”. şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80 faiz iştirak payına malikdir, qalan 20 faiz isə SOCAR-a məxsusdur.

  • Hökumətin benzinlə bağlı qərarının məqsədi nədir? – ŞƏRH

    Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumunun aradan qaldırılmasını şərh edib.

    İ.Şaban oxu.az-a deyib ki, bu cür qərarlar əvvəllər də verilib.

    Onun sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu cari təmirə dayanır.

    “Zavodun ehtiyatları Azərbaycanın aşağı oktanlı neft məhsullarına olan tələbatını ödəmir. Ona görə də idxala ehtiyac yaranır”, – deyə İ.Şaban əlavə edib.

    O qeyd edib ki, buna görə də hökumət qiymətin dəyişməməsi üçün idxal vergilərini aşağı salır:

    “Məqsəd budur ki, daxili bazarda qiymət sabit qalsın”.

    Xatırladaq ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.

    Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

  • Benzin gömrük rüsumundan azad edildi

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Baş nazir Novruz Məmmədovun imzaladığı müvafiq qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.

    Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

    Bundan başqa, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 tona görə 200 manatdan 1 manata endirilib.

    Bu qərar da sentyabrın 1-dən tətbiq olunacaq.

  • Avtomobil bazarında qiymətləri kim qaldırır?

    Ekspertlər sentyabrda bazarın canlanacağını proqnozlaşdırırlar

    Median.Az kaspi.az-a istinadən yazını təqdim edir.

    Bu ilin iyul ayında Azərbaycanın avtomobil bazarında avtomobillərin orta qiyməti 38 817 manat təşkil edib. Bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən avtomobil bazarında qiymətlər 34 faiz artıb: “Qiymət artımı ilin əvvəlində avtomobil idxalına aksiz vergisinin dərəcəsinin artırılması səbəb olub. Eyni zamanda, ötən illə müqayisədə avtomobil bazarında fəallığın azalması müşahidə olunur. Bazarda təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Hesab edirəm ki, yaxın aylarda yüksək tələbatla əlaqədar olaraq kiçiklitrajlı avtomobillərin qiymətində azalma gözlənilmir. Böyük ehtimalla, irihəcmli və qiyməti yüksək olan avtomobillər ucuzlaşacaq”.

    N.İbrahimov bildirib ki, 2019-cu ilin iyul ayında iyunla müqayisədə böyükhəcmli avtomobillərin qiyməti 0,99 faiz azalıb, kiçiklitrajlı avtomobillərin qiyməti isə 3,8 faiz artıb: “Avtomobil bazarında dizel mühərrikli avtomobillərə marağın azalması müşahidə olunur. Əksər hallarda müştərilər KIA, “Hyundai”, “Toyota” markalarına üstünlük veriblər. Ötən ay bahalı avtomobillərin (əsasən “Land Rover” şirkətinin avtomobilləri) orta qiyməti 400 min manatdan çox olub, az büdcəli avtomobillərin (əsasən 1984-cü il istehsalı olan VAZ) orta qiyməti isə 1800 manat təşkil edib”.
    Ekspert əlavə edib ki, “Peugeot” markalı avtomobillərin münasib qiymətlərinə (ortalama 16 min manat) baxmayaraq, bu nəqliyyat vasitələri Azərbaycanda kifayət qədər populyar deyil.
    Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?

    Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov avtomobil bazarı anlayışının geniş olduğunu və bazardakı qiymət haqqında fikir söyləmək üçün bütün satış platformalarını təhlil etmək lazım olduğunu deyir: “Açığı, keçən həftənin araşdırmasına əsasən bazarda qiymət stabildir. Yəni, ciddi, nəzərəçarpacaq artım yoxdur. Bilirsiniz, avtomobil bazarı geniş anlayışdır, burada yalnız maşın bazarlarında olan qiymət nəzərdə tutulmur. Maşın bazarına gedib ümumi qiymətlərlə maraqlanıb avtomobil bazarı haqqında konkret bir fikir demək düzgün deyil. Günümüzdə maşın alğı-satqısı müxtəlif platformalardan həyata keçirilir. Satış avtomobil salonlarında, maşın bazarlarında, bir də onlayn satış saytlarında elanların yerləşdirilməsi ilə baş tutur. Avtomobil bazarı haqqında danışarkən bu sadaladıqlarımı da kompleks şəklində nəzərə alıb, həm birinci, həm də ikinci əl maşın bazarını araşdırıb, müəyyən təhlillər apardıqdan sonra artım və ya azalma olduğunu deyə bilərik, sırf bazardakı qiymətə yönlənməməliyik. Maşın bazarı elədir ki, insanlar buradan gəlir əldə etmək məqsədi ilə istifadə edir. Yəni, elə şəxslər var ki, artıq müntəzəm olaraq alğı-satqı ilə məşğuldur. Bunlar süni qiymət artımına səbəb olurlar. Amma ümumi bazarda fərdi şəxslər öz maşınlarını normal qiymətə satışa çıxarırlar. Bu istiqamətdə avtomobillərin qiyməti yüksəlməyib. Yeni avtomobillərdə qiymət artımından isə ümumiyyətlə danışa bilmərik. Çünki onların qiymətini rəsmi distribüterlər tənzimləyir. Bu avtomobillərin qiyməti dövlət rüsumları yüksələndə artır. Payızda da yüksəlmə gözlənilir demək olmaz. Birinci əl bazarda yüksəlmə gözlənilmir. Çünki bu ilin sonuna qədər hər hansısa dövlət rüsumunun qalxması haqqında məlumatlı deyilik. Dövlət rüsumunda yüksəlmə olmasa, yeni avtomobillərin qiymətində də artım müşahidə edilməyək. Çünki ölkəyə maşın gətirən şirkətlər də qiymət artımında maraqlı deyillər. Onlar qiymətin rəqabətə uyğun olmasını və məhsulun satılmağını istəyirlər”.

    Qiymətlərdə yüksəlmə müşahidə edilmədiyini deyən ekspert qeyd edir ki, tək-tük adamlar ola bilsin maşın bazarında məhsulu baha qiymətə deyib, süni qiymət artımına səbəb olsunlar: “Lakin onun deməyi ilə deyil, bazar qiymətləri özü tənzimləyir. Həmin satıcı da son məqamda məcbur olaraq bazara uyğun satış edir. Deməzdim ki, azalma var. Hazırda qiymətləri liberal saymaq olar. Son olaraq yenə də qeyd edirəm ki, yeni avtomobil bazarında ən azı ilin sonuna qədər yüksəlmə gözlənilmir. İkinci əl maşın bazarında isə qiymətlər stabildir, kəskin artım müşahidə edilmir”.

    Avtomobil sahəsi üzrə ekspert Eyyub Əliyev bildirir ki, son dönəmlər ikinci əl maşınlara maraq artıb: “Hazırda satış əvvəlki dönəmə nisbətən yaxşıdır. İyun, iyul ayları avtomobil şirkətləri üçün çox yaxşı oldu. Avqust ayı isə həm devalvasiyadan əvvəl, həm də sonra həmişə sönük keçib. Çünki həmin dövrdə insanların başı istirahətə qarışır, çoxu pulunu o istiqamətdə xərcləyir. Amma sentyabrdan mövsümü olaraq bazar yenidən canlanacaq. İkinci əl bazarda bir məsələni müşahidə etmişəm ki, insanlar müəyyən şirkətlərin lizinqdə olan avtomobillərini satmağa çalışırlar. Daha çox nağd pula maşın almaq istəyirlər. Yəni, köhnə olsun, amma nağd olsun deyirlər. Bəziləri aylıq qazanclarının bir hissəsini maşına ödəməkdən beziblər. Demək olar ki, köhnə maşınlara tələbat artıb. Ona görə də ikinci əl bazarda cüzi qiymət yüksəlməsi olub”.

    Ekspertdən dizel mühərrikli avtomobillərə marağın azalma səbəbini də soruşduq. O bildirdi ki, sürücülərin bizim dizeldən ciddi şikayətləri var: “Bizdə avro dizel olmadığı üçün sürücülər narazılıq edir. Amma SOCAR-ın prezidenti bu problemin 2020-ci ildən həll olunacağını qeyd edib. Həmçinin dizel mühərrikli avtomobillərdə problemlər olur və onların ehtiyat hissləri bir qədər baha başa gəlir. Yanacaq baxımdan qənaətcil olsalar da, ehtiyat hissələrinin bahalılığından sürücülər həmin maşınlara üstünlük vermirlər”.

  • İsveçrə şirkətləri Azərbaycana gəlir – SƏBƏB

    24-28 avqust tarixlərində İsveçrə şirkətləri Azərbaycanda səfərdə olacaq.

    Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, bu ölkənin fındıq idxalı üzrə fəaliyyət göstərən şirkətləri çoxsaylı görüşlər keçirəcək.

    Səfər zamanı İsveçrə şirkətləri azərbaycanlı tərəfdaşları ilə Azərbaycandan İsveçrəyə fındıq idxalı imkanlarını müzakirə edəcəklər. Nümayəndə heyətinin səfəri Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyi və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək.

    Dünyanın qabaqcıl şokolad istehsalçılarından biri olan İsveçrə, əsasən şokolad istehsalında istifadə etmək üçün illik 20 min tona yaxın fındıq idxalı həyata keçirir. Qeyd edək ki, 25-29 iyun 2018-ci il tarixində İsveçrəyə təşkil olunan Azərbaycanın fındıq istehsalı ilə məşğul olan 14 şirkətin nümayəndələrindən ibarət ixrac missiyası çərçivəsində İsveçrənin aparıcı şirkətləri ilə görüşlər təşkil olunmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycandan fındıq alımına ciddi maraq göstərilib, İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılıq əldə olunub. 2018-ci ildən etibarən Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixracına başlayıblar.

  • Azərbaycanın xarici dövlət borcu açıqlandı

    İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faizdir (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə).

    Maliyyə Nazirliyindən verilən məlumata görə, borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

    Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

  • İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI

    Bu ilin iyul ayı ərzində dəmir yolları vasitəsi ilə ümumilikdə 270 min sərnişin daşınıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Baku.ws-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, sərnişin sıxlığı ən çox qərb istiqamətində müşahidə olunub:

    “2019-cu ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 1 milyon 896,2 min nəfər sərnişin daşınıb ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünə nisbətən (1 milyon 545,5 min nəfər) 350,7 min nəfər sərnişin və ya 22,7% çox təşkil edib.

    Bu ilin iyul ayı ərzində isə dəmir yolu ilə yerli istiqamətdə 77523, beynəlxalq istiqamətdə 15847, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə 19226 və Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə 157427 nəfər sərnişin daşınıb”.

  • Azərbaycanda qarğıdalının hibrid toxumçuluğunun təşkilinə başlanılıb

    Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Türkiyənin bəzi tədqiqat mərkəzləri ilə “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsini həyata keçirir.

    Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, layihə çərçivəsində ekspert qismində Azərbaycana gəlmiş Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Adana şəhərindəki Doğu Akdeniz Tarım Araştırma İnstitutunun direktor müavini, qarğıdalı üzrə tədqiqatçı Dr. İbrahim Cerit, Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü Müdürlüyünün əməkdaşı Dr. Gönül Cömertpayın və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Həlimə Məmmədovanın birgə iştirakı ilə Türkiyədən gətirilmiş qarğıdalının haploid xətlərinə aid toxumlar seçilərək laboratoriya şəraitində cücərdildikdən sonra tarlaya köçürülüb.

    Layihə çərçivəsində Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili, fermerlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.//milli.az

  • Sabaha olan məzənnə açıqlandı

    Avqustun 21-nə olan manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 21.08.2019-cu il tarixindən etibarən 1 ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.