Category: İqtisadiyyat

  • Azərbaycanda əhalinin gəlirləri 6,6% artıb

    Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6% artaraq 32218,8 milyon manat təşkil edib.

    “APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% çox vəsait qalıb.

  • Pensiyaçıların dəqiq sayı açıqlanıb – Yarıdan çoxu yaşa görə alır

    Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1854,8 milyon manata çatdırılıb.

    Dövlət Statistika Komitəsindən oxu.az-a verilən məlumata görə, vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.

    2019-cu il iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1291,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

    Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 232,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 39,7 faizinə bərabər olub.

    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 2019-cu il 19 fevral tarixli qanuna əsasən, 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.

  • Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb

    Bu ilin iyul və avqust aylarında Bakıda mənzillərin ucuzlaşması qeydə alınıb.

    Bunu Oxu.Az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

    Onun sözlərinə görə, mənzil bazarındakı ucuzlaşma mövsümi xarakter daşıyır:

    “Demək olar ki, hər il iyul və avqust aylarında mənzillərin ucuzlaşmasının şahidi oluruq. Adətən, insanlar bu aylarda istirahətə getdiyi üçün mənzil bazarında da boşluq yaranır. Yəni bu ucuzlaşma müvəqqətidir.

    Sentyabrın ikinci həftəsindən sonra mənzil bazarında yenidən qiymət artım müşahidə ediləcək. Bu artımın 2 və ya 4 faiz civarında olması qaçılmazdır. Ümumiyyətlə, daha çox artım oktyabr və noyabr aylarında müşahidə edilir”.

    Ekspert ucuzlaşmanın daha çox yeni tikilən binalardakı mənzillərə aid olduğunu əlavə edib:

    “Hazırda daha çox yeni tikilən binalarda bir kvadratmetri 2500 manatdan yuxarı qiymətə satılan mənzillərdə ucuzlaşma hökm sürür. Kv.m-i 2000 və ya 2500 manat arasında satılan mənzillərdə isə elə bir dəyişiklik yoxdur. Köhnə binalardakı mənzillərin qiymətində isə əksinə, artım var”.

    N.İbrahimov qeyd edib ki, ümumiyyətlə, bu il mənzil bazarında 4,7 faiz qiymət artımı olub:

    “Yəqin ki ilin sonuna kimi bu rəqəm 5 və ya 6 faiz olacaq. Eyni zamanda, bu il həyət evlərinin və torpaq sahələrinin satışında 4 faizdən yuxarı artım müşahidə edilib”.

    O əlavə edib ki, bu illə müqayisədə gələn il daşınmaz əmlak bazarında qiymətlər beynəlxalq maliyyə bazarlarındakı proseslərdən asılı olacaq.

  • SOCAR 2019-cu ilin II rübündə hasilat səviyyəsini sabit saxlamağa nail oldu

    2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,928 mln. ton neft, 1,672 mlrd. kubmetr qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.
    Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

    Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilib, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılmayıb, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Cari ilin ikinci rübündə şirkət üzrə 41 593 metr qazma işi aparılıb.
    Hesabat dövründə SOCAR tərəfindən, AÇQ üzrə mənfəət nefti də daxil olmaqla 4 911,586 min ton xam neft, 172,292 mln kubmetr təbii qaz, 604,6 min ton neft və neft kimya məhsulları ixrac edilib. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48% artım qeydə alınıb. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.

    II rübdə, Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9,061 mln. ton neft, 8,238 mlrd. kubmetr qaz hasil edilib. Dövr ərzində ölkədən 2 421,574 mln. kubmetr təbii qaz ixrac edilib. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37% təşkil edib.//ölkə.az

  • Аzərbaycan əhalisinin sayı açıqlandı

    Аzərbaycan əhalisinin sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq, 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.

    Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

  • Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlandı

    2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı məlum olub.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu müddət ərzində ölkəyə 22 974 avtomobil idxal edilib.

    Bunlardan 139-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir.

    Əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik maşınları və digər motorlu nəqliyyat vasitələrinin sayı isə 20 800-dür.

    İdxal edilən yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı isə 1943-dür.

    Qeyd olunan dövr ərzində Azərbaycana 92 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal edilib.

  • Minimum pensiya artımı neçə nəfəri əhatə edəcək?

    Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunla ölkəmizdə əmək pensiyasının minumum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə edib. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.

    Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur.

    Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək.

    İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

    Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. əməkhaqlarının ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

    Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm bir addımdır.

  • Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adı açıqlanıb

    Azərbaycan cari ilin yanvar-iyul aylarında ən çox İsveçrədən məhsul idxal edib.

    Dövlət Gömrük KomitəsindənBAKU.WS-ə bildirilib ki, ötən yeddi ay ölkəyə ən çox İsveçrə, Rusiya və Türkiyədən məhsul idxal olunub. İsveçrədən idxalın dəyəri 1 milyard 190 milyon 470 min ABŞ dolları, Rusiyadan 1 milyard 183 milyon 761 min dollar, Türkiyədən isə 816 milyon 44 min dollar təşkil edib.//Baku.ws

  • Azərbaycan təbii qaz ixracını artırıb

    Yeddi ayda Azərbaycandan 6 milyard 709 milyon 659 min kubmetr təbii qaz ixrac olunub.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yanvar-iyul aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 262 milyon 496 min ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 4 milyard 49 milyon 654 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 749 milyon 713 min dollar olmuşdu.//Baku.ws

  • Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub

    “Global Finance” jurnalı dünya ölkələrinin Mərkəzi banklarının sədrlərinin yer aldığı “Central Banker Report Cards 2019” hesabatını yayımlayıb.

    Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov hesabatda “B” kateqoriyasında yer alıb.

    “A”dan “F”dək kateqoriyalaşdırılan sədrlərin siyahısına 94 ölkənin baş bankiri salınıb. Hesabatın hazırlanmasında inflyasiyanın nəzarətdə saxlanılması, iqtisadi inkişaf, sabit məzənnə və faizlərə nəzarət əsas prinsip olaraq götürülüb.

    “A” kateqoriyasında Bolqarıstan, Avropa İttifaqı, İslandiya, Rusiya, Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Tayvan, Gürcüstan, Botsvana, Misir, Küveyt, Livan, Mərakeş, Qətər və Səudiyyə Ərəbistanının Mərkəzi banklarının sədrləri qərarlaşıb. “F” kateqoriyasında isə sadəcə Venesuela var.

    Elman Rüstəmovun da yer aldığı “B” kateqoriyasına Baham adaları, Kanada, Kolumbiya, Dominikan, Şərqi Karib Mərkəzi Bankı, Ekvador, Salvador, Paraqvay, Peru, Belarus, Çexiya, Macarıstan, Norveç və İsveçin baş bankirləri daxildir.

    Region ölkələrindən Gürcüstan “A” kateqoriyasında yer alıb. İran, Türkiyə və Ermənistan isə siyahıya daxil edilməyib.

    Qeyd edək ki, E.Rüstəmov ötənilki siyahıda da “B” kateqoriyasında idi.