Category: İqtisadiyyat

  • Bakıda ən çox və ən az maaş alanların siyahısı açıqlandı

    2019-cu yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820,0 manat olub.

    Bu haqda Bakı Şəhər Statistika İdarəsindən oxu.az-a verilən məlumatda deyilir.

    Bildirilir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

    Ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

  • Kənd təsərrüfatında 13% artım var

    2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. Bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 mlrd. manat) qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.

    2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.
    2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb.

    2019-cu ilin 1 iyul tarixinə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən, buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60,0% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33.2 sent/ha, arpanın məhsuldarlığı isə 29.9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur.

    Yanvar-iyun aylarında respublika üzrə 636.6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24% çoxdur.

  • Mərkəzi Bank növbəti hərrac keçirib – Manat sabitdir

    Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

    Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda iyulun 30-da keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.

  • Nazir: Bu il taxıl biçini 20 gün tez başa çatıb, bolluq olub

    Bu il taxıl biçini 20 gün tez başa çatıb, məhsuldarlıq daha yüksək olub.

    Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

    İ.Kərimov qeyd edib ki, aqrar islahatlar üzrə görülmüş sistemli tədbirlər öz müsbət nəticəsini verir.

    Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə edilir:

    “Bu il bizim qarşımızda duran əsas vəzifələrdən biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir. Bizim əsas qayğımız və vəzifəmiz əkin balansımızı təşkil edən taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub.

    Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib.

    Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan – sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək”.

    Onun sözlərinə görə, fermerləri sevindirən əsas hallardan biri odur ki, Prezident İlham Əliyevin lizinq fəaliyyəti ilə bağlı həyata keçirdiyi islahat nəticəsində artıq bazarda tam liberallaşma mövcuddur. Artıq dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq edilir. Bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib:

    “Subsidiyalarla bağlı dövlət başçısının həyata keçirdiyi islahat nəticəsində, hesab edirik ki, gübrələrlə əlaqədar bu liberallaşma gələn ildən tam həyata keçiriləcək. Gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək. Hazırda bizim qarşımızda duran vəzifə gübrənin əlçatanlığını daha da yaxşılaşdırmaqdır. Çünki bəzi hallarda fermerlərimiz gübrənin əldə edilməsi üçün böyük məsafələr qət etməyə çalışırlar. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırıb”.

    Nazir deyib ki, hazırda artıq 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək:

    “Elektron kənd təsərrüfatı sistemi, həmçinin imkan verəcək ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər. Hazırda subsidiya sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri həyata keçirilir. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımızın yaxşılaşdırılmasına imkan verəcək”.

  • Baş bankir: Biznes kreditləri artmır, tədbirlər görmək lazımdır

    Biznes kreditləri artmır, tədbirlər görmək lazımdır.

    Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

    E.Rüstəmov bildirib ki, dollarlaşma aşağı düşməyə başlayıb:

    “Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb”.

    Onun sözlərinə görə, kredit aktivliyi davam edir. Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb:

    “Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər – 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər”.

    Mərkəzi Bank rəhbəri qeyd edib ki, bu gün bank sektorunda əhəmiyyətli likvidlik var:

    “Amma biz yenə də görürük ki, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.

    E.Rüstəmov onu da bildirib ki, əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Prezidentin fərmanı və təşəbbüsü ilə kompensasiya olunması prosesi tam başa çatıb, bu vəsaitlər əhaliyə ödənilib:

    “Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik”.

  • Elman Rüstəmov: Manatın real məzənnəsi ucuzlaşıb

    Altı ayda manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb.

    Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

    E.Rüstəmov bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatları artır:

    “Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük.

    Bütövlükdə manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və sabit olaraq qalır. Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir.

    Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb”.

    O qeyd edib ki, inflyasiya hədəf diapazonu çərçivəsində həm hökumətin, həm də Mərkəzi Bankın hədəfindən də aşağı səviyyədədir:

    “Baxmayaraq ki, olduqca presedentsiz sosial tədbirlər həyata keçirilir, sosial siyasət gücləndirilir, daxili tələb genişləndirilir, lakin bütövlükdə idarəetmənin yaxşılaşdırılması, görülən tədbirlər və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir.

    İnflyasiyanın idarə olunmasında inflyasiya gözləntiləri olduqca mühüm rol oynayır. Biz özümüz Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq. Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir. Yəni əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır”.

  • Azərbaycanda bəzi avtomobillərin qiyməti ucuzlaşıb

    Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur.

    Bunu əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

    Expert bildirib ki, adətən maşın bazarında yay aylarında alıcılıq qabiliyyəti artır. Hazırda insanlar əsasən mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər:

    “Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərə tələbat çox aşağıdır. Bu baxımdan, bu avtomobillərin qiymətində hətta 5-10 faiz civarında qiymət azalması da müşahidə olunur. Kiçik mühərrik həcimli avtomobillərin qiymətində isə sabitlik müşahidə olunur.
    Son 3-4 il ərzində Azərbaycanda kiçik mühərrikli avtomobillərin qiymət artımına səbəb olan ən böyük amil taksi şirkətlərinin intensiv sürətdə artması idi. Avtomobili olmayanlar da avtomobil alıb taksi şirkətlərinə qoşulmağa başladı və bu da avtomobillərin qiymət artımına səbəb oldu. Hazırda isə taksi bazarı artıq dolub, demək olar ki, yeniləri açılmır. Taksi fəaliyyəti ilə məşğul ola biləcək potensialda olan insanların 90 faizi artıq bu işlə məşğuldur, hamının maşını var. Ona görə də avtomobillərin qiymətində müəyyən sabitlik yaranıb”.

  • SOCAR büdcəyə ödənişləri artırıb

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) cari ilin I yarısında dövlət büdcəsinə 741,326 milyon manat ödəniş edib.

    “Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz, yaxud 19,705 milyon manat çoxdur.

    Qeyd edək ki, SOCAR Prezident İlham Əliyevin strateji kursunu rəhbər tutaraq, ötən 10 ildə idarəetmə, maliyyə, kadr siyasəti, təchizat – bir sözlə, bütün sahələrdə islahatlar həyata keçirib, əməliyyat effektivliyini yüksəldib. Şirkət bu məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırıb, qlobal bazarları kəşf etməyə başlayıb. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrilib.

    Bu gün SOCAR qlobal enerji layihələrində dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoyur, şaquli inteqrasiya strategiyası ilə gəlirlərini optimallaşdırır və ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. Bunun nəticəsidir ki, şirkət 2018-ci ildə əldə etdiyi gəlirlərin 94 faizini xarici bazarlardan qazanıb. Halbuki 2009-cu ildə bu nisbət 34 faiz olub.

  • Vaqif Əliyev qohumunun maliyyə fırıldaqçılığı ilə bağlı məlumatlara aydınlıq gətirib

    SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bacanağının oğlu Nicat Qarayevin maliyyə fırıldaqçılığında iştirakı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

    Vaqif müəllim, bu gün bir sıra saytlarda və sosial şəbəkələrdə sizin və ailə üzvlərinizin qohumunuz – bacanağınızın oğlu Nicat Qarayevlə əlbir bəzi maliyyə fırıldaqçılığında iştirakınız barədə məlumatlar yayılıb. Bu məlumatları necə şərh edərdiniz?

    – İlk başdan deyim ki, həqiqətən mənim çoxsaylı bacanaqlarımdan biri Maarif Qarayevdir və onun Nicat adlı oğlu var. Məsələ burasındadır ki, mənim və ailə üzvlərimizin bacanağım və onun oğlu ilə təmaslarımız yox dərəcəsindədir. Onun nə işlə və kimlərlə gördüyü işlərdən xəbərsizik, ola bilsin və çox ehtimal bu belədir, o həqiqətən kimləri isə dələduzluq yolu ilə aldadıb. Təəssüf edirəm ki, bu dələduzluqda mənim və ailəmin adı hallandırılır.

    Bu fırıldaqçılıq barədə sizdə əvvəldən məlumat vardımı?

    – Təxminən iki həftə bundan öncə mənim və həyat yoldaşımın telefonuna bir neçə zəng daxil oldu və zəng edən şəxslər Nicata böyük məbləğdə “faiz”ə pul verdiklərini və bu məsələni mənimlə müzakirə etmək istədiklərini, guya mənim və ailə üzvlərimin bu əməliyyatlardan xəbərdar olduğumuz barədə danışmaq istədiklərini bildirdilər. Mən onlara bütün bunlar barədə xəbərsiz olduğumuzu bildirdim və şikayətləri barədə hüquq- mühafizə orqanlarına müraciət etmələrini tövsiyyə etdim.

    Baş vermiş dələduzluq hadisəsində mənim və ailəmin adının hallandırılmasıda maraqlı olan bəzi şəxslərin olması qənaətindəyəm, bu adamlar hadisəni ictimailəşdirməklə və mənimlə bağlamaqda maraqlıdırlar. Ehtimal edirəm ki, o adamların bəziləri Nicatla əlbir ola bilərlər.

    O ki qaldı Nicatın əməllərinə, hər kəsin qohumları arasında müxtəlif amallı və əməlli adamlar ola bilər, bütün yaxın-uzaq qohumlarının bunda nə suçu ola bilər?

    Onu da deyim ki, bizə olan telefon zənglərindən və danışmalardan sonra iyulun 15-də oğlum Orxan ailəmizin reputasiyasına təhdidlərə görə rəsmi olaraq Respublika Prokurorluğu yanında Korrupsiya İdarəsinə şikayətlə müraciət edib, sual edirəm, şikayətçilər niyə bunu etmirlər, xəbəri ictimailəşdirirlər?

    Nicat Qarayevin “Azfen” BM şirkətində çalışması və bu şirkət vasitəsi ilə böyük məbləğdə pulların nağdlaşdırılması barədə nə deyə bilərsiniz?

    – Bu absurd fikirdir, “Azfen” 20 ildən çox müddətdə SOCAR və “Tekfen” şirkətlərinin təsisçiliyi ilə yaradılmış şirkətdir və ölkəmizdə həyata keçirilən ən böyük layihələrin mühüm iştirakçılarından biridir. Şirkət müvafiq qaydada səhmdarlar tərəfindən idarə olunur, hər il audit olunur, vergi orqanları tərəfindən yoxlanılır. Şirkətlə bağlı absurd fikirləri yalnız bəsit düşüncəli adamlar danışa bilər. Onu da deyim ki, şirkətin işgüzar etibarına xələl gətirməyə görə yoxlanmamış məlumat yayılması məsuliyyətini unutmaq lazım deyil.

    Fürsətdən istifadə edərək kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət etmək istəyirəm, yoxlanılmamış, qərəzli məlumatın yayılmasına yol verilməsin, heç bir əsası olmayan xəbəri öncə yayıb, sonunda qarşı tərəfin mövqeyini dinləməyə hazırıq məntiqini qəbul etmək mümkün deyil.

  • “Azərsu” ASC-də struktur dəyişiklikləri olunub

    Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” Qərar qəbul edib.

    Qərara əsasən, “Azərsu”nun tabeliyində ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 nömrəli, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 nömrəli, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 nömrəli, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 nömrəli, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 nömrəli, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 nömrəli, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 nömrəli və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 nömrəli regional sukanal idarələri yaradılıb.

    Qərarə əsasən, “Azərsu”nun İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti (TSC) və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. “Birləşmiş Sukanal” MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. Hər iki TSC-nin “Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilib.

    “Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı isə “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.

    Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” ASC-yə bu Qərardan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.