Category: İqtisadiyyat

  • 40 saniyəyə 154 mənzil satıldı

    Güzəştli mənzillərlə bağlı bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4624 nəfər olub. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) agentliyində Bizimyol.info saytına verilən məlumata görə, Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə, 154 mənzilin satışı prosesinə bu gün saat 11:00-da başlanıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

    Satışa çıxarılan 154 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11 003 nəfərdir.

    Mənzillərin seçimi prosesi MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

    Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

    O, Bizimyol.info saytına bildirib ki, güzəştli mənzillərin onlayn satışı ilə bağlı sistemlərində hər hansı problem yaranmayıb.

    “DEMO versiyanın qabaqcadan 1 ay ərzində işə salınması və iddiaçıların qabaqcadan xeyli məşq etməsi və iddiaçılar tərəfindən İT mütəxəssislərin prosesə cəlb edilməsi seçim zamanını xeyli dəyişib. Artıq ilk dəfə olaraq bu satışda ilk seçim 4-5 saniyə çəkdi. 38-40 saniyəyə bütün mənzil seçimi başa çatdı. Ekranda bütün prosesi müşahidə ertmək mümkündür. Əvvəlcədən də yazanlar vardı ki 6 saniyəyə DEMO-da seçim edə bilir”.

    Osman Gündüz bildirir ki, prosesi canlı yayımlamaq üçün ona mkan verilməyib:

    “Düşünürəm ki növbəti mərhələdə mütləq bütün prosesi SOSİAL MEDİADA və TV-lərdə CANLI yayım etmək lazımdır Ümid edirəm MİDA rəhbərliyi nəzərə alacaq”.

    Ekspert deyir ki, MİDA-nın məlumatlandırma işlərini də təkmilləşdirmək lazımdır. “Baxıram ki aprelin 15-dən sonra FB səhifələrində heç bir infromasiya verməyiblər. Eyni zamanda MİDA -nəın hazırda tikdiyi binalara baxanda belə anlamaq olar ki yaxın zamanda iddiaçıların hamısı güzəştli mənzil əldə edə biləcək. MİDA rəhbərliyi bu mənzil tikintisi ilə bağlı dinamikanı və məhdud sayda güzəştli mənzil iddiaçılarının da ən uzağı nə zaman mənzil ala biləcəyini indidən təxmini olaraq elan edə bilər. Əlbəttə onlayn satış ən şəffaf və insan müdaxiləsinə imkan verməyən uğurlu variantdır. Eyni zamanda ümumiyyətlə güzəştli seçim üçün əlavə imkanları da nəzərdən keçirmək pis olmazdı. Onlayn formada yeni mənzil əldə edənləri təbrik edirik, gözləmədə olan iddiaçılara da hövsələli olmağı arzulayırıq”.//bizimyol/

  • Bu halda dövlət rüsumu tətbiq olunmayacaq – Qanun dəyişdirilir

    Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 26-da keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

    Adıçəkilən qanuna dəyişiklik “Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsilə real rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.

    Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.

    Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək. Bu halda da dövlət rüsumu tətbiq olunmayacaq.

    Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.
    //oxu.az

  • Baş bankir illik inflyasiya faizini açıqladı

    2019-cu ilin mart ayında 12 aylıq inflyasiya 2,5 faiz təşkil edib.

    Bununla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.

    Onun sözlərinə görə, bu da Mərkəzi Bankın hədəf çərçivəsindədir.

    “Yada salmaq istərdim ki, Mərkəzi Bankın illik inflyasiya hədəfi 4% ±2%-dir. İllik inflyasiya başlıca olaraq, pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənib. Burada 12 ay ərzində 3,7 faiz səviyyəsində artım olub.

    Uyğun olaraq illik inflyasiyanın artımının təxminən 50 faizi bu amilin payına düşür. Ərzaq 2,3 faiz, qeyri-ərzaq qiymətlərinin isə 1,3 faiz artım dinamikası ümumi inflyasiya səviyyəsindən aşağıdır”, – bank sədri qeyd edib.

    E.Rüstəmov bildirib ki, bu il inflyasiyanın aşağı olacağı gözlənilir. Bu rəqəm təxminən 4 faiz təşkil edəcək.

  • Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq

    Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq.

    Median.Az bildirir ki, bunu Trend-ə ekspert Vüqar Bayramlı deyib.

    V.Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib: “İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub”.

    Ekspert deyib ki, qiymət artımı müvəqqətidir, çünki mayın sonunda yeni kartof bazara çıxacaq.

    Qeyd edək ki, hazırda bazarlarda soğanın bir kiloqramının qiyməti 0.70-1.30 AZN, kartofun qiyməti isə 1-1.30 arasında dəyişir.

    Xatırladaq ki, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 31 may tarixinədək 1 kiloqram üçün 2 dollar, kartofda isə bu ilin 30 aprelinədək 1 dollar rüsum müəyyənləşdirilib. Burda məqsəd ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehlak edilməsidir.

  • Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək

    2020-2025-ci illər ərzində Elektron Hökumətin İnkişafı Mərkəzi hazırkı “one stop shop” modelindən yeni “non-stop shop” elektron hökumət modelinə keçməyi planlaşdırır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzin direktoru Fariz Cəfərov deyib.

    Onun sözlərinə görə, bu modelin xüsusiyyəti ondan ibarətdir ki, bütün zəruri xidmətlər elektron hökumətin vahid bazasında fasiləsiz olaraq göstəriləcək.

    Mərkəzin cari işlərindən danışan F.Cəfərov qeyd edib ki, 400-dən çox xidməti birləşdirən e-hökumət portalı müxtəlif altsistemlərdən ibarət vahid sistemdir.

    Mərkəzin direktoru bildirib ki, rəqəmsallaşma və sənədlərin portalın məlumat bazasına keçirilməsi üçün böyük iş görülüb:

    “Artıq xidmətlərin vətəndaşların müraciəti olmadan göstərilməsi müddəti başlayıb. Məsələn, uşaq doğularkən dövlət vətəndaşa doğum haqqında şəhadətnamənin alınmasının lazım olduğu barədə bildiriş göndərəcək. Sistem yeni doğulan körpənin qeydiyyatını keçirməyə imkan verəcək və doğum haqqında şəhadətnamə rəsmiləşdiriləcək. Bundan başqa, pasport və digər sənədlərin etibarlılıq müddəti bitdikdə vətəndaşlara bu barədə bildiriş gələcək”.

    F.Cəfərov həmçinin portala inteqrə olunacaq sistemlərdən də danışıb:

    “AsanFinans” müştərilərin bank əməliyyatlarını sürətlə həyata keçirəcək, eləcə də fərdi eyniləşdirmə nömrəsi ilə elektron formada sənədləri təqdim edəcək internet bankçılıq xidmətidir. Hazırda banklar və bank olmayan kredit təşkilatları da daxil olmaqla 20-dən çox şirkət sistemə qoşulub”.

    Onun sözlərinə görə, “AsanLogin” unikal layihəsinin xüsusiyyəti ondan ibarətdir ki, bu portalda qeydiyyat zamanı bütün portallara giriş əldə etmək olur.

  • Bakıda evlər bahalaşıb

    “Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var”.

    Median.Az-ın məlumatına görə, bu barədə “Report”a bazarı araşdıran “MBA” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

    Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə, həm sayda, həm də qiymətlərdə özünü göstərir”.

    N.İbrahimov deyib ki, ümumiyyətlə 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımı təqribən 6-8% civarında olması gözlənilir.

    Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında ola bilsin ki, 5-6%-lik artım olsun: “Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8% ola bilər”.

    O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin – ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”.

  • Bu il Rusiyadan Azərbaycana gələn turist sayı açıqlandı

    “Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox turist gəlib”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

    F.Nağıyevin sözlərinə görə, Rusiyadan Azərbaycana turistləri cəlb etmək üçün tək bu ölkənin mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.

    Agentlik sədri qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. 2018-ci ilin dekabrından Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.

    F.Nağıyev Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən “Formula 1”, UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.

  • Kompensasiyalarla bağlı SMS almayan vətəndaşların – DİQQƏTİNƏ

    Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, ötən gündən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev Trend-ə deyib ki, paytaxtla yanaşı, regionlarda da aktivlik müşahidə olunur:

    “Dünəndən etibarən kompensasiyaların verilməsinə start verilib. Banklarda sıxlıq yaranmasın deyə, hər bir bank öz müştərisinə SMS-bildiriş göndərir. Bu da növbəlilik prinsipinin qorunmasına dəlalət edir ki, vətəndaşlarımız vaxt itkisinə məruz qalmasınlar. Vətəndaşlar bildirilən vaxtda banka yaxınlaşırlar. Şəffaf formada, elektron şəkildə bankdan kompensasiyalarını alırlar. 500 manata qədər olan vəsaitlər vətəndaşlara nağd, 500 manatdan yuxarı olan vəsaitlər isə kart formasında verilir”.

    E.Allahverdiyev qeyd edib ki, kredit müqaviləsində qeyd olunan telefon nömrələrini dəyişmiş və ya nömrələrini itirmiş vətəndaşlarımız, banka yaxınlaşaraq əlaqə koordinatlarını yenidən qeyd etdirə və müvafiq SMS-i gözləyə bilərlər.

  • Qaz limitinin ləğvi mümkündür? – İqtisadçıdan açıqlama

    İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mavi qaza tətbiq edilən limitin ləğv edilməsi ilə bağlı müzakirə edilən məsələni araşdırıb.

    Bu barədə mərkəzin rəhbəri Vüqar Bayramov məlumat paylaşıb. V. Bayramov həmçinin elektrik enerjisindən istifadəyə tətbiq edilən limitin dəyişdirilməsinin mümkünlüyünü də təhlil edildiyini vurğulayıb:

    “Qeyd edək ki, Tarif Şurasının 28 noyabr 2016-cı il 18 saylı qərarına əsasən, illik istehlak həcminin 1500 m3 -dək (1500 m3 daxil) olan hissəsi üçün hər kub metri 10, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib. Anoloji olaraq hər min kub metr 100 və 200 manatdır. Yəni 1500 m3-dən daha çox istifadə edən zaman mavi qazın qiyməti 2 dəfə bahalaşır. Monitorinqlər göstərir ki, güzəştli limit böyük olmadığı üçün xüsusən də mavi qazla işləyən istilik sistemindən istifadə edənlər bir neçə ayda sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar. Bu isə aztəminatlı ailələrinin büdcələri üçün əlavə xərc deməkdir.

    Qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? Qiymətləndirmələrimiz göstərir ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.

    Əvvəla, Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. Ötən il həm ölkəmizin, həm də Dövlət Neft Şirkətinin (SOCAR) özünü hasil etdiyi mavi qazın həcmi artıb. Ölkəmizdə 30,490 min kub metr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 7 faizə yaxın çoxdur. 2017-ci ildə Azərbaycanda 28,597 min kub metr mavi qaz hasil olunmuşdu. 2017-ci ildə 6,089 min kub metr mavi qaz hasil edən SOCAR ötən il bu göstəricini 6,525 min kub metrədək çatdıra bilib. Bu isə Dövlət Neft Şirkətinin istehsalını ötən il əvvəlki illə müqayisədə 6,7 faiz artırması deməkdir. Şahdənizin 2-ci fazasında və eləcə də Abşeron yatağından proqnozlaşdırılan mavi qaz hasilatını da nəzərə aldıqda növbəti illərdə də mavi qaz istehsalında artım davam edəcək və 2 ildən sonra əlavə olaraq daha 5 milyard kub metr mavi qaz hasil edə biləcəyik. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır.

    İkincisi, Dövlət Neft Şirkəti BP-dən səmt qazı almaqda davam edir. 2018-ci ildə AÇG çərçivəsində SOCAR-a 2,3 milyard kubmetr səmt qazı alıb. Səmt qazının əsasən daxili istehlak üçün istifadə ediliyini nəzərə alsaq, bu əhali üçün satdığı qaz limitinə aradan qaldırmağa imkan yaradır.

    Üçüncüsü, manatın məzənnəsinin 2017-ci ilin fevralından sonra stabil qalması SOCAR üçün valyuta riski problemini aradan qaldırıb. Belə ki, Dövlət Neft Şirkəti əhaliyə satdığı qazın bir hissəsini BP-dən xarici valyuta ilə alır. 2016-cı ilin noyabrında, limitlər müəyyənləşdirilən zaman, manatın məzənnəsi stabil deyildi və bu şirkətə xərcini planlaşdırmaqda çətinlik yaradırdı. Amma indi kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır.

    Dördüncüsü, Azərbaycanın qaz ixracatındakı artım tendensiyası ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır ki, bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan yaradır. Belə ki, ötən il Azərbaycan 7,9 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu 1,499 milyard dollar deməkdir. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub. Artım tempi bu ilin birinci rübündə də davam edib. 2019-cu ilin birinci rübündə qaz ixracı 2 milyard 971 milyon kubmetr olub. Beləliklə, bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3,2 dəfə artım deməkdir. Qaz satışından əldə etdiyimiz gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2,5 dəfə artıb. Göründüyü kimi, həm ötən il, həm də geridə qoyduğum rübdə mavi qaz ixracatı və xarici satışdan əldə edilən gəlirdə ciddi artım var. Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb.

    Təbii ki, mavi qaza müəyyənləşdirilən qiymət limitin ləğv edilməsi həmçinin sosial baxımdan da əhəmiyyətlidir. Belə ki, limitin ləğvi əhalinin bu istiqamətə yönəltdiyi xərclərinin azalmasına və sosial təminatının yaxşılaşdırılmasına xidmət etmiş olacaq. Bütün yuxarıda qeyd etdiyimiz iqtisadi əsaslandırmanı və məsələnin sosial tərəfini nəzərə alaraq mavi qaza müəyyənləşdirilən limitin ləğvini məqsədəuyğun hesab edirik”.

  • Azərbaycana maşın gətirmək istəyənlərin nəzərinə – QAYDALAR DƏYİŞDİ

    Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarında dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öncədən bəyannamə təqdim etməlidir. Həmin şəxsin hansısa bir malı, atomobili ölkəyə gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öncədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələncək.

    Komersiya fəaliyyəti ilə məşğul olan şəxslər ölkəyə mal gətirməzdən əvvəlqısa idxal bəyannaməsi təqdim etməli olacaqlar.

    Nazirlər kabinetinin qərarına əsasən gömrük sərhədindən keçirilən mallarin və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarinda dəyişiklik edilib.

    Öncədən qısa bəyyannamə təqdim etməyənlər isə cərimələnəcəklər.

    Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də öncədən bəyannamə təqdim etməlidir. Həmin şəxsin hansısa bir malı gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öndcədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələncək.

    Elektron formada qısa gömrük bəyannaməsi Egov .az saytı vasitəsi ilə həyata keçirilir. Prosesin elektron həyata keçirilməsi ilə gömrük prosedurlarına sərf edilən vaxt minimum endirilir.