Category: İqtisadiyyat

  • Maaşlarımızdan nə qədər pul tutulacaq?

    Sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salındı.

    Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Verilən məlumata görə, bu vergini tətbiq etmək hüququ məhdudlaşdırılmış və gəlir (mənfəət) vergisi rejiminə keçmiş vergi ödəyicilərinə isə güzəştlər tətbiq edildi.

    Sadələşdirilmiş verginin əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirdi.

    Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxslər uçot sistemini qurduqları halda daha aşağı vergi yükünə nail ola bildilər.

    Bəzən əvvəlki vergi rejimi ilə hazırkı vergi rejiminin müqayisəsi verilərkən yanlış şərhlərə yol verilir.
    Bu cür şərhlərin bəzilərinə aydınlıq gətirmək istərdik.

    Bunlardan biri – sadələşdirilmiş verginin hazırkı dərəcəsi (2%) ilə gəlir vergisi üzrə dərəcələrin (20% və ya 5%) müqayisə edilməsidir və vergi yükünün artdığı iddia edilir.
    Bu, vergi rejiminin tətbiqi xüsusiyyətlərindən xəbərdar olmamağın nəticəsidir. 2019-cu ilin 1 yanvar tarixinə qədər sadələşdirilmiş vergi mükəlləfiyyətində olan vergi ödəyicisi heç bir xərc nəzərə alınmadan ümumi hasilatından (dövriyyəsindən) Bakı şəhərində 4% vergi ödəyirdi.

    Dəyişiklikdən sonra gəlir vergisi mükəlləfiyyətini seçən sahibkar öz xərclərini rəsmiləşdirmək və onları gəlirindən çıxmaqla vergi yükünü aşağı salmaq imkanı əldə edib.

    Belə ki, sahibkarların böyük əksəriyyətini təşkil edən mikro sahibkarlıq subyektlərinə gəlir vergisindən 75 faiz güzəşt hüququ verilib.

    Üstəgəl qeyri-neft sektorunun özəl bölməsində sektor əməkhaqqı üzrə 8.000 manatadək gəlirlər vergidən tam azad edildiyinə görə, kiçik sahibkar vergi yükünü əhəmiyyətli şəkildə aşağı salmış olub.

    Vergi yükünün necə dəyişməsinə kiçik bir misalda baxmaq olar: Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120.000 manatdır.

    O, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib.

    Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.
    Dəyişiklikdən əvvəlki vergi hesablaması aşağıdakı qaydada idi:

    – Sadələşdirilmiş vergi: 120.000 (illik gəlir) * 4% (sadələşdirilmiş vergi dərəcəsi) = 4.800,0 manat

    – Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2.197,4 manat

    – Cəmi: 4800,0 + 2197,4 = 6997,4 manat

    Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

    – Gəlir vergisi: (120.000 (illik gəlir) – 108.000,0 (illik xərc))*20%*25% (mikro sahibkarlara təqdim edilən 75%-lik güzəşt) = 600,0 manat

    – Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat

    – Cəmi: 600,0 + 0,0 = 600,0 manat

    Beləliklə, dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə sahibkarın illik vergi yükünün 6.397,4 manat azalması deməkdir.

    Diqqət çəkmək istədiyimiz digər bir məsələ vergi və sosial sığorta hesabatlarının təqdim edilməsi ilə bağlıdır. Bəzi hallarda hesabatların təqdim edilməsinin mürəkkəbləşdiyi bildirilir.

    Məlum olduğu kimi, 2019-cu ildən başlayaraq sosial vergi yığımlarının Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsi vergi hesabatlarının təqdim edilməsi prosesində də yeniliklərlə müşayiət olunub.

    Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması

    və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın yeni formaları,

    onların tərtib olunması qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub. Kağız hesabatlarla yanaşı, sosial sığorta üzrə hesabatların elektron şəkildə təqdim edilməsi imkanı yaradılıb.

    Bu zaman fiziki şəxslər üçün “Asan imza”ya malik olmaq məcburi deyil. Vergi ödəyicisi bəyannamələri elektron şəkildə göndərdiyi kimi, sosial hesabatları da eyni qaydada təqdim edə bilər. Sosial hesabatların hazırlanması sadə elektron qutulardan istifadə qədər asan və rahatdır.

    İşçisi olmayan sahibkar cəmi 4-5 klikdən istifadə etməklə hesabatı tamamlayaraq təqdim edə bilir. Digər sahibkarlar üçün də bu proses əvvəlkinə nisbətən xeyli asanlaşdırılıb.

    Vergi və sosial ödəmələr isə elektronlaşdırılıb ki, bu proses də sahibkarın cəmi bir neçə dəqiqəsini ala bilər. Bununla yanaşı, hesabatların optimallaşdırılması və daha da sadələşdirilməsi istiqamətində davamlı tədbirlər görülməkdədir.

    Ümumiyyətlə, aparılan təhlillər göstərir ki, vergi orqanlarına təqdim olunan bəyannamələrin və hesabatların böyük əksəriyyəti elektron şəkildə göndərilir.

    ƏDV ödəyiciləri, o cümlədən orta sahibkarlıq subyektləri üzrə bu göstəricilər 95 faiz üzərindədir. Vergi hesabatlarının təqdim olunması üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə, əsasən, mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan ödəyicilər müraciət edirlər.

    Təəssüf ki, bir çox hallarda ödəyicilər bəyannamə və hesabatları son günə qədər saxlayır və bu, bəyannamələrin təqdimetmə müddətinin sonunda xidmət mərkəzlərində sıxlığa gətirib çıxarır.

    Vergi bəyannamələrinin və hesabatlarının elektron təqdim edilməsi mürəkkəb proses deyil, Vergilər Nazirliyinin hazırladığı video-təlimatlara baxan hər kəs bunu asanlıqla mənimsəyə bilər. Buna görə də sahibkarlar bu mərkəzlərə getmədən də elektron qaydada hesabatlarını verə bilərlər.

    Vergi qanunvericiliyi kiçik sahibkarlar üçün kifayət qədər aydın və rahat şərtlər müəyyən edib. 2019-cu ildən gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarların dividendləri vergilərdən azad edilib, onlara sürətli amortizasiya normaları tətbiq etmək imkanı yaradılıb.

    Mikro sahibkarlıq subyektləri əmlak vergisindən tam həcmdə azad olunub.

    Müəyyənləşdirilmiş güzəştlər sistemi kiçik sahibkara daha əlverişli mühitdə çalışmaq, öz gəlirlərini artırmaq və reinvestisiya etmək imkanları yaradıb.
    //Baku.ws

  • Mindən çox borclu vergi ödəyicisinin ölkədən getmə hüququ məhdudlaşdırılıb

    Vergilər Nazirliyi dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması sahəsində fəaliyyətini davam etdirir.

    Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzi 2019-cu ilin I rübündə vergi sahəsində görülmüş işlər barədə məlumat yayıb.

    Məlumata görə, 2019-cu ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib, proqnoza 110,4% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, 16,5% və ya 236,4 milyon manat çox vəsait toplanıb.

    Ödənilən vergilərin 30,9%-i neft-qaz sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3% təşkil edib.

    Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsindən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib.

    2019-cu ilin I rübündə regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çox olub. Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların daxili potensialı üzrə daxilolmaların həcmi daha böyük həcmdə 40,4% artıb. Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1%-ə yüksəlib.

    2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Cari ilin 1-ci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8%, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3% icra olunub.

    2019-cu ilin I rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25.536 (3.270 hüquqi şəxs, 22.266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5% çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2%-i regionların payına düşüb.

    Hesabat dövründə 11.232 təsərrüfat subyekti (obyektinin) qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrün nisbətən 73,2% çox olub. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 4.033 olub ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,8 dəfə çoxdur.

    2019-cu ilin I rübündə vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilib, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib.

    2019-cu ilin I rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb.

    2019-cu ilin I rübündə vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 7,4 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur.

    Vergilər Nazirliyi vergi nəzarətinin səmərəliliyinin artırıması məqsədilə vergidən yayınma hallarının müasir informasiya texnologiyaları vasitəsilə aşkar etməklə onların elektron qaydada idarə olunması, səyyar vergi yoxlamalarının risk meyarları əsasında təyin edilməsi, mövcud risklərin alqoritmlərlə daha dəqiq qiymətləndirilməsi və vergi potensialının effektiv dəyərləndirilməsini təmin edir.

    2019-cu ilin I rübündə açılmış yoxlamaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,9%, başa çatdırılmış yoxlamaların sayı isə 75,2% azalsa da, yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği cəmi 3,7% azalıb. Bir yoxlamaya düşən dövriyyənin məbləği isə əvvəlki dövrlə müqayisədə 47.7% artıb.

    2019-cu ilin I rübündə vergi borcu 14 milyon 624,0 min manat olan 1.858 sayda vergi ödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırlıb ki, bunun nəticəsində də borcun 50%-dən çoxu dövlət büdcəsinə ödənilib.

    Cari ilin I rübü ərzində 21.874 sayda təqdim edilməmiş bəyannamələrin alınması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,9% artım deməkdir. Borclu vergi ödəyicilərinin 95%-dən çoxu inzibati tədbirlər həyata keçirilmədən, məhz vergi orqanları tərəfindən aparılmış məlumatlandırma tədbirləri nəticəsində könüllü şəkildə ödəniş edib.

  • Azərbaycanda dövlətə məxsus 4 qeyri-yaşayış sahəsi icarəyə verilir

    Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakı və Gəncə şəhərlərində, eləcə də Zərdab və Yardımlı rayonlarında yerləşən dövlət məxsus 4 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi üzrə müsabiqə elan edib.

    “Report” bu barədə Komitəyə istinadən xəbər verir.

    Məlumatda deyilir ki, müsabiqə “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 6 iyun 2007-ci il tarixli fərmanına və 22 iyun 2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na uyğun olaraq elan edilib.

    Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum məbləğdə icarə haqqı təklif edən sifarişçiyə üstünlük veriləcək.

    Sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyekin, ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaratmamaq, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirməmək, icarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünü qoruyub-saxlamaq, dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin vermək (“İcarə haqqında” qanuna uyğun olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən və aylıq start icarə haqqı məbləğindən az olmamaq şərti ilə) kimi şərtlər qoyulub.

    Müsabiqədə iştirak etmək üçün lazimi sənədləri, o cümlədən obyektin aylıq start icarə haqqı məbləğinin 10%-i qədər behin ödənilməsini təsdiq edən qəbzi mayın 20-nə qədər ƏMDK-ya (regionlarda yerləşən əmlaklar üzrə Komitənin Gəncə, Ucar və Cəlilabaddakı ərazi şöbələrinə) təqdim etmək lazımdır. Həmin məbləğ ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir, müsabiqənin digər iştirakçıları tərəfindən köçürülmüş beh müsabiqənin başa çatdığı gündən 10 təqvim günü ərzində onlara qaytarılır.

    Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 20 gün müddətində icarə müqaviləsini imzalamalı, müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqını dövlət büdcəsinə köçürülməli, müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

    Bakı, Gəncə və Yardımlıdakı qeyri-yaşayış sahələri üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsinə mayın 21-də, Zərdabdakı qeyri-yaşayış sahəsi üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsinə isə mayın 22-də başlanılacaq.

  • Problemli kreditlərlə bağlı problem yaşayanlar nə etsin? – Vacib suallara cavab

    Problemli kreditlərlə bağlı kompensasiyaların verilməsinə bu gündən başlanılıb. Lakin cəmiyyətdə vətəndaşları bir sıra suallar düşündürür. 10 min dollardan artıq olan kreditlərə kompensasiyaların verilib-verilməməsi, kompensasiyaların verilməsinin hansı müddətə qədər davam etməsi, apellyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə, o zaman növbəti addım kimi nə etmək olar və s. kimi suallar cavabsız qalıb.

    Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov özünün sosial şəbəkə hesabında yazıb.

    O, hələ də açıq qalan suallara cavab verib:

    1. Əvvəl adı siyahıda olan və adlarını aprelin 15-i elan olunan siyahıda tapmayanlar nə etməlidirlər?

    – Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşalarımız Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. Bu hal ilə rastlaşan vətəndaşlarımız palatanın yanında formalaşdırılan Apellyasiya komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsi üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraicətə baxıb cavablandırmalıdır.

    2. Kompensasiya almaq hüququ olduğunu iddia edən , amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımız nə etməlidirlər?

    – Belə vətəndaşlarımız da eyni ilə Apellyasiya komisiyasına müraciət etməlidirlər.

    3. Əgər Apellyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə, o zaman növbəti addım nə ola bilər?

    – Bu halda Azərbaycan qanunvericiliyinə uyğun olaraq belə vətəndaşlarımız məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.

    4. Güzəştlər kompensasiya məbləğindən çıxılır, hesablanmış və artıq ödənilmiş faiz və cərimlər nəzər alınacaqmı?

    – Qaydalara əsasən, bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil.

    Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbləğindən azaldılır.

    Təssəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4800 manat kompenasiya hesablanıb, amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb.

    Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədiyi cərimə və faizlər nəzərə alınmır. Bu o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə alınmır. Bu baxımdan da, bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənizmlənməsi məqsədəuyğundur.

    5. 10 min dollardan artıq olan kreditlərə kompensasiya veriləcəkmi?

    – Biz 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təkliflərimizi martın əvvələrində hökumətə təqdim etmişik və ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik.

    6. Bəzi avtomobil kreditlərində kredit bir şəxsin adınadır, amma borcu digəri, yəni avtomobili alan ödəyib, bu halda kompensasiya necə ödəniləcək?

    – Bizə olan müraciətlər göstərir ki, belə halların da sayı az deyil. Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədəyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər.

    7. Kompensasiyaların verilməsi nə zamanadək davam edəcək?

    – Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də, məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlarımız və o cümlədən, ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar.
    //oxu.az

  • Dollar kreditlərinə görə ödənişlər başladı – BU GÜNDƏN

    Bu gündən etibarən prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlayıb.

    Ödənişlər kredit təşkilatları və poçt rabitəsi milli operatoru tərəfindən həyata keçirilir.

    Bütün ödənişlərin fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

    Kompensasiya alacaq şəxslərin sayı 602347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçirilir.

  • Qaz və elektrik limiti ləğv oluna bilər

    Məsələ yeni yaradılan İşçi Qrupda müzakirəyə çıxarılacaq; deputatın dedikləri etirazla qarşılandı; iqtisadçı təklif verdi

    Son günlər sosial şəbəkələrdə təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. İlin əvvəli qış fəslinə təsadüf etdiyindən bir çox ailələr artıq güzəştli qiymətlə bağlı tətbiq olunan limiti tükədib, təbii qazı yüksək qiymətlə almağa başlayıb. Bu da maddi vəziyyəti elə də yüksək olmayan insanlar üçün çətinlik yaradır, xüsusən bölgələrdə, mərkəzləşdirilmiş istilik sistemi olmayan Bakı kəndlərində əhali təbii qazdan imtina edərək odun yandırmağa başlayıb. İstifadəçilər təyin olunmuş 1700 kub təbii qaz limitinin çox az olduğunu bildirirlər.

    Sosial şəbəkədə limitin ləğvi ilə bağlı gedən müzakirələrə Milli Məclisin deputatı Aydın Hüseynov münasibət bildirib, limitin ləğv edilməsinin əleyhinə çıxış edib: “Məlumdur ki, elektrik enerjisinə və qaza tətbiq olunan limitin məqsədi artıq məsrəfə yol verilməməsi, qənaət rejimindən istifadə olunmasıdır. Əhalinin gəliri artdıqca bu problemlər öz-özlüyündə həll olunacaq.

    Doğrudan da limitlərin tətbiqi hər kəsin qazı və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaratdı. Əlbəttə, maliyyə imkanlarımız artdıqca vətəndaşlarımız üçün sosial tədbirlər də çoxalacaq. Əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı tədbirlər getdikcə daha da çoxalacaq. Lakin qaz və elektrik enerjisi ilə bağlı limitlərin ləğvi real deyil”.

    Bakının neft-qaz kəndləri sırasında adı ilk yerdə çəkilən Balaxanı qəsəbə sakini, “Yeni Müsavat” əməkdaşı Elşən Balaxanılı deputatın fikirləri ilə razılaşmır: “Aydın Hüseynovun açıqlamasının əmək haqlarının artırılması ilə bağlı hissə ilə razıyam, dəstəkləyirəm. Qazın limiti ilə bağlı dedikləri isə reallıqdan çox uzaqdır. Deputat bəlkə də, məlumatsızlığı səbəbindən belə danışır. Mərkəzləşdirilmiş istilik sistemi olmayan kənd və qəsəbələrdə qaza qoyulan limit əksər xəstəliklərin başlıca səbəbidir. Axı hansı limitdən söhbət gedə bilər ki, camaat 10 manat verib 100 kub qaz almağa çətinlik çəkir? Limit tətbiq olunandan dünyada ən keyfiyyətli neftin vətəni olan qəsəbəmizdə özünü dağ kəndinin sakini kimi hiss edirsən. Qışın günü camaat əlinə keçəni sobaya atıb yandırır. Aydın müəllimi Balaxanıya dəvət edirəm. Gəlsin, öz gözləri ilə real durumu görsün, sonra limitlə bağlı danışsın”.

    Əməkdaşımız deyir ki, bir tərəfdə gecə-gündüz, ilin 365 günü işləyən, qəsəbəni üzük qaşı kimi əhatələyən buruqlar neft-qaz çıxarır, o biri tərəfdə isə camaatın böyük əksəriyyəti nəinki limiti keçməmək, ayaqlarının altından çıxan qazdan istifadə edə bilmir: “İnanıram ki, deputatın anadan olduğu Tovuzun Çatax kəndində də vəziyyət fərqli deyil. Limiti qaza yox, faktiki vətəndaşın sağlamlığına qoyublar. Həyət evlərində 1 günlük qaz sərfiyyatı 1 manat 20, 1 manat 50 qəpiyə başa gəlir. Bu hələ sərt qənaətlə mümkün olur. Deputatı neft-qaz ölkəsinin vətəndaşının qazı limitlə alması sualı ətrafında düşünməyə dəvət edirəm. Elə parlamentdə təmsilçisi olduğu Qaradağ rayonunun qəsəbələrindəki həyət evlərinə gedib qapıları döysün. Maraqlansın ki, orada evlər niyə soyuqdur? Adamların gözləri Xəzər dənizində neft-qaz çıxaran platformaları görə-görə niyə soyuq evlərdə oturublar? Halbuki həmin platformalarda çalışan əcnəbi şirkətlər neftlə bərabər qalxan səmt qazını bizim dövlətə havayı verir. Həmin səmt qazının emalı üçün də elə də böyük xərc tələb olunmur. Deputat qaza qoyulan limitlə bağlı maraqlansa, dediklərimi özü üçün təsdiqləyə bilər. Anlayar ki, 1700 kubmetr qaz limiti 365 gün üçün çox azdır. Əlbəttə ki, əgər bu haqda məlumatsızdırsa…”

    İqtisadçı-ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında Azərbaycanda bu limiti ləğv etmək üçün yetərincə imkanların olduğunu bildirdi: “Azərbaycanda elektrik enerjisi və qaza tətbiq olunan limit ilk gündən narazılığa səbəb oldu. Çünki həm fəlsəfi, həm də iqtisadi mənada bunun tətbiqi üçün əsas yox idi. Azərbaycanda elektrik və qazla bağlı infrastrukturun qurulmasında elektrik enerjisi önəmli rol oynayır, bu yatırımlar dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan vətəndaşları da dövlət büdcəsinin formalaşmasında önəmli rol oynadıqları üçün belə məhdudiyyətlərin tətbiqi iqtisadi yox, sosial-siyasi anlamda da doğru deyil. Qazla bağlı tətbiq olunan limit ümumiyyətlə anlaşılmır. Çünki Azərbaycana səmt qazı pulsuz verilir. BP-nin operatoru olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 90-cı illərdən bəri səmt qazı pulsuz verilir. Bu da ildə təxminən 2,5-3 milyard kubmetrə yaxın qaz edir. Azərbaycan əhalinin illik istehlak etdiyi qaz da təxminən bu qədərdir. Deməli, təbii qazı Azərbaycana Beynəlxalq Əməliyyat Şirkəti pulsuz verirsə, burada yalnız daşınma və saxlama xərcləri yer alır. Bu xərclər də hər min kubmetr üçün 40 manata başa gəlir”.

    İqtisadçının sözlərinə görə, bu pulsuz verilən qazın Azərbaycan əhalisinə həm baha satılması, həm də limitin qoyulması doğru yanaşma deyil: “Ölkə iqtisadiyyatının kifayət qədər potensialı var ki, bu limitlər ləğv olunsun. Büdcəyə də problem yaratmayacaq. Çünki elektrik enerjisi və təbii qazla bağlı infrastrukturun qurtulmasında büdcə vəsaitlərindən istifadə olunur. Dolayısı ilə bu prosesdə Azərbaycan vətəndaşları da iştirak edir. Hökumətin bu məsələyə həm iqtisadi, həm siyasi, həm də fəlsəfi olaraq yenidən baxmasında fayda var. Qənaət məsələsi ilə bağlı sosial çarxlar çəkilə bilər, maarifləndirmə işləri aparıla bilər. Bunu bahalaşdırmaqla tənzimləmək olmaz. Elə çoxuşaqlı ailələr var ki, orada istər-istəməz qaz da işıq da çox işlənir, bunun qənaətlə əlaqəsi yoxdur”.

    Energetika naziri Pərviz Şahbazovun müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

    Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.

    Maraqlıdır, İşçi Qrup son vaxtlar əhalinin qaz və işıq limitlərilə bağlı narazılığına baxacaqmı?

    Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, İşçi Qrup daxil olan müraciətlərin nədən ibarət olmasını araşdırma üçün yaradılıb: “Aprelin 18-də yaradılan İşçi Qrup tərəfindən təhlillər aparılacaq, şikayətlərin daha çox nədən ibarət olması müəyyənləşəcək”.

    Z.Əliyeva “qaz və işıq limitlərilə bağlı şikayətlər araşdırıldıqdan sonra, məsələyə baxılacaqmı” sualına cavab olaraq “bu sadəcə vətəndaşları narahat edən məsələlərin həllini tapması üçündür”, – deyə bildirib.

    Nazir müşaviri həmçinin qeyd edib ki, təhlil nəticələri yaxın günlərdə ətraflı şəkildə ictimaiyyətə açıqlanacaq.

    “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev Modern.az-a deyib ki, İşçi Qrup sırf qaz və işıq limitləri məsələsinə baxılması üçün yaradılmayıb.

    “Burada vətəndaşlardan daxil olan şikayətlərin yerində araşdırılması və operativ cavablandırılması əsas meyardır”.

    “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də öz növbəsində İşçi Qrupun şikayətlərin araşdırılması və yerində baxılması üçün yaradıldığını qeyd edib.

    ///yeni musavat

    Qaz vÉ elektrik limiti lÉÄv oluna bilÉr

  • Problemli kreditlərin VERİLMƏ TARİXİ AÇIQLANDI

    Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.

    Maliyyə Bazarlarına Nəzarət Palatasından Redaktor.az-a verilən məlumata görə, palata kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.

    Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.

    Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək.
    22 aprel 2019-cu il tarixindən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayacaq.
    Bütün ödənişlərin yuxarıda qeyd olunan Fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

  • Prezident Pirallahıda yolların yenidən qurulmasına pul ayırdı

    Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,9 milyon (bir milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Bakıda əczaçılıq zavodu inşa olunacaq

    Bakıda əczaçılıq zavodunun inşa edilməsi planlaşdırılır.

    Bu barədə prezident İlham Əliyevlə İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin görüşü zamanı fikir səsləndirilib.

    Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin artdığı vurğulanıb, sənaye sahəsində uğurlu layihələrin həyata keçirildiyi bildirilib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin və əlavə imkanların olduğu qeyd olunub.

    Görüş zamanı həmçinin ölkələrimizin birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun uğurla fəaliyyət göstərdiyi bildirilib.

    Qeyd edək ki, Reza Rəhmaninin Azərbaycana bu səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.

  • Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir? – AÇIQLAMA

    Problemli kreditlərin həlli ilə bağlı imzalanmış sərəncamdan sonra martın 28-də müvafiq siyahı açıqlanıb. Tam siyahı isə aprelin 15-dən açıqlanıb. Bundan sonra bəzi vətəndaşlardan adlarının siyahıda olmaması ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Bunlar, əsasən, bağlanmış banklarda kreditləri olan vətəndaşlardır. 

    Bəs həmin vətəndaşlar nə etməlidir?

    Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məsələ ilə bağlı oxu.az-a açıqlama verib. 
    Onun sözlərinə görə, həmin vətəndaşlar üçün palatanın rəsmi saytında bölüm yaradılıb:

    “Adları siyahıda tapılmayan, ancaq onlara kompensasiya və ya restrukturizasiya şamil edilməsindən əmin olan vətəndaşlar üçün elektron portalda “Apellyasiya komissiyasına müraciət” bölümü yaratmışıq.

    Həmin bölümdə müvafiq xanaları dolduraraq, şikayət edə bilərlər. Apellyasiya komitəsi ona baxır və 15 iş günü müddətində vətəndaşa cavab verilir. Həqiqətən, ola bilər ki, hansısa texniki məsələ ilə bağlı həmin şəxsin adı siyahıda çıxmayıb”.