Category: İqtisadiyyat

  • Azərbaycanda kredit faizləri qonşu ölkələrindəkindən aşağıdır

    Azərbaycanda bakların təklif etdikləri kredit faizləri qonşu olkələrlə müqayisədə daha aşağıdır. Median.Az–ın ONA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev bildirib.

    Onun sözlərinə görə, bu gün bütövlükdə ölkədə kreditlərin orta faiz dərəcəsi 11,8% təşkil edir, hüquqi şəxlərə verilən kreditlərin orta faiz dərəcəsi isə 7,7%-dir: “Bu, yaxın qonşu ölkələrin milli valyutada verilən kredit faiz dərəcələri ilə müqayisədə aşağıdır”.

  • Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır

    2019-cu il martın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1534,3 min nəfər olub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, onlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 21,8 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2019-cu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Azərbaycanda 10 min dollaradək kreditlərlə bağlı məhkəmələr dayandırıldı

    10 min dollar və 17 min manata qədər olan problemli kreditlərin məhkəməsi dayandırılıb.

    Bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

    O bildirib ki, prezidentin sərəncamına uyğun olaraq, respublika üzrə problemli kreditlərlə bağlı məhkəmə prosesləri dayandırılıb:

    “Bu istiqamətdə Maliyyə Bazarına Nəzarət Palatası ilə birgə dəqiq araşdırmalarımız davam edir. Hüquqi cəhətdən bütün normalara riayət edilməsinə nəzarət olunur”.

    Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Əsəd Mirzəliyev isə bildirib ki, fərman dərc olunan gündən bank nümayəndələri ilə dəfələrlə görüş keçirilib:

    “Cənab prezidentin imzaladığı fərman 10 min dollar və 17 min manata qədər borcu olan vətəndaşa şamil olunacaq. Amma bir vətəndaşın bir yox, bütün banklarda toplanan borclarının ümumi dəyəri nəzərdə tutulur. Bu isə geniş prosesdir.

    Araşdırma dəqiq aparılmalıdır və buna görə də proseslər dayandırılıb. Ali Məhkəmə olaraq biz kənarda dayanmamışıq, əksinə, hüquqi cəhətdən istiqamətlərimizi vermişik”.

  • SOCAR Pakistana neft məhsullarının tədarükü barədə

    “SOCAR Trading” şirkəti Pakistana ildə 1 milyon tondan çox neft məhsulunun tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə imzalayacaq.

    Median.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

    O bildirib ki, ilkin olaraq 100 milyon dollar həcmində məhsul üçün kredit xətti ayrılacaq:

    “Nəticədə SOCAR Pakistana ikinci ən iri uzunmüddətli neft və neft məhsulları tədarükçüsü olacaq”.

    Qeyd edək ki, bir müddət əvvəl Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsi SOCAR-la yanacaq tədarükü barədə sazişi təsdiq etmişdi.

  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

    2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6 faiz bahalaşıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

    Ay ərzində unun, çörəyin, makaron məmulatlarının, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, kəsmiyin, zeytun yağının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, balqabağın, bibərin, çuğundurun, kartofun, soğanın, sarımsağın, energetik içkilərin qiymətlərində bahalaşma, mal və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, xamanın, süfrə marqarininin, qarğıdalı yağının, yumurtanın, qozun, fındığın, şabalıdın, badımcanın, yerkökünün, quru noxud və lobyanın, mərcinin, şəkər tozunun, duzun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

    Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, televizorların, dəftərxana ləvazimatlarının, sementin, kərpicin, nitro və yağlı boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxtanın, sulu boyanın, kondisionerlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Cari ilin mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • TANAP vasitəsilə sınaq qaz tədarükü başladı

    “Cənub Qaz Dəhlii” layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Trend-ə TANAP konsorsiumundan mənbə bildirib.

    Konsorsiumdan deyilib ki, bu, sistemin sınaqdan keçirilməsi üçün istifadə olunacaq təbii qazdır: “Təbii qazın kommersiya tədarükü Transadriatik qaz kəməri (TAP) qazı qəbul etməyə hazır olduqdan sonra başlayacaq. TANAP bütün mərhələlərdə hazırdır, lakin TAP hazır olmayana qədər qazın Avropaya kommersiya tədarükü mümükün deyil”.

    Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.

    İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

    Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

    Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

  • Problemli krediti olanların diqqətinə – Tam siyahı açıqlanacaq

    Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 15-dən, yəni bu gündən sonra problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edəcək.

    Bu barədə Palatadan məlumat verilib.

    Siyahı qurumun rəsmi saytında yerləşdiriləcək. Bundan başqa, problemli kreditlərlə bağlı məlumatlar kreditlərin alındığı müvafiq banklara ötürüləcək.

    Qeyd edək ki, fevralın 28-də Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq “10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Sənəd 800 min nəfəri əhatə edəcək.

  • Azərbaycan Qazaxıstana güc kabellərinin ixracına başlayıb

    Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstana geniş həcmdə böyük tutumlu güc kabellərini ixrac etməyə başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə STP-dən bildiriblər.

    Məlumata əsasən, artıq 6 yük maşını yola düşüb. Həmçinin bağlanmış müqaviləyə əsasən, Qazaxıstana 77 yük maşını həcmində və 5 milyon dollar dəyərində məsaməli və digər növ kabellər göndəriləcək.

    Müqavilə fəaliyyətini genişləndirən dağlıq-zənginləşdirici kombinatı ilə bağlanıb.

    Texnoparkda qeyd ediblər ki, ilin sonuna kimi STP Qazaxıstan şirkəti ilə əlavə 7 milyon dollar dəyərində 3 müqavilə bağlayacaq.

    Həmçinin kabel məhsullarının Gürcüstan və Qırğızıstana tədarükünə dair ixracı müqavilələri imzalanıb.

  • “AtaSığorta” və “Atəşgah Sığorta”ın fəaliyyəti məhdudlaşdırılıb

    “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (Qanun) əsasında verilmiş təqdimatın vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Qanunun 106.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 11 aprel 2019-cu il tarixli qərarı ilə “SİNKO QRUP Azərbaycan-Sığorta və Təkrarsığorta üzrə Broker” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə verilmiş 20 iyul 2009-cu il tarixli 000203 nömrəli lisenziyanın qüvvəsi 3 ay müddətinə dayandırılıb.

    İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 111.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən “Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə verilmiş 18 avqust 2011-ci il tarixli 000460 nömrəli lisenziyanın qüvvəsi bərpa edilmişdir.

    Bundan əlavə, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.

  • Son 10 ildə Azərbaycanda 435 mln. tondan çox neft hasil olunub

    Azərbaycanda 2009-2018-ci illərdə 435,86 mln. ton neft hasil olunub.

    Median.Az-ın məlumatına görə, ONA SOCAR-ın göstəricilərinə əsasən xəbər verir ki, bu 10 il ərzində ən yüksək hasilat göstəricisi 2010-ci ildə qeydə alınıb – 50,8 mln. ton, ən aşağı göstərici isə (38,7 mln. ton) 2017-ci ilə təsadüf edir.

    Son 10 ildə ölkədə istehsal olunan neftin 80,98 mln. tonu məhz SOCAR-ın payına düşüb. Şirkət üzrə ən yüksək göstərici (8,54 mln. ton) 2009-cu ildə, ən aşağı hasilat göstərici isə (7,43 mln. ton) 2017-ci ildə qeydə alınıb.