Category: İqtisadiyyat

  • İşsizlərin NƏZƏRİNƏ! SOCAR 15 min yeni iş yeri açıb

    İşsizlər və işaxtaranlar üçün. Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulan SOCAR əlavə olaraq ictimai işlərdə çalışmaq üçün 15000 nəfərlik yeni iş yerləri açıb.

    Median.Az xəbər verir ki, bu barədə SOCAR-ın vitse prezidenti Xaliq Məmmədov məlumat yayıb.

    “Hazırda 4500 dən çox iş yeri vakantdır. Qeydiyyatda olan işsizlərin işə qəbul olması üçün rayon məşğulluq xidmətlərindən göndəriş alıb, SOCAR-ın yerli idarələrinə təqdim etməsi kifayətdir. Yerli idarələrin rəhbərləri müvafiq təlimat almışlar”.//Baku.ws

  • Güzəştli mənzil tikintisi ilə bağlı YENİ XƏBƏR – FOTO

    Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibəti ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi, abidəsi önünə əklil qoyuldu.

    Median.Az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, bununla yanaşı, qurumun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

    Həmin gün, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 3-cü ildönümü ilə əlaqədar qurumun inzibati binasında iclas keçirildi.

    3 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açdı. O, qurumun yaradılmasının 3-cü ildönümü münasibəti ilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

    S.Sadıqov bildirdi ki, Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının mənzil şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadi inkişafın dəstəklənməsi istiqamətində atdığı mütərəqqi addımların rolu danılmazdır. Ölkə başçısının insanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinə ayırdığı xüsusi diqqət və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.

    Əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə ölkə başçısının tapşırığına əsasən ötən müddət ərzində Agentliyə 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində Sumqayıt şəhərində 0,75 hektar torpaq sahələri ayrılmışdır. Paralel olaraq Gəncə şəhərində də güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə torpaq sahəsinin ayrılması üçün işlər aparılır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulmuşdur.

    2018-ci ilin dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin açılışında iştirak etmiş, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq yeni yaşayış kompleksinin təməlini qoymuşlar. Yaşayış binaları ilə yanaşı yeni şəhərciyin ərazisində sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 1 mərtəbəli 350 (100,125,125) yerlik üç uşaq bağçasının, 3 mərtəbəli 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi, ərazidə 2200 sayda avtomobilin park edilməsi üçün açıq tipli dayanacaq nəzərdə tutulmuşdur.

    Qeyd edildi ki, Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsi ilə həyata keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olmuşdur. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilmişdir. Güzəştli şərtlərlə əldə edilmiş 430 mənzildən 94-ü 1 otaqlı, 229-u 2 otaqlı, 107-si isə 3 otaqlıdır.

    Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3000 minə yaxın ailəni mənzil ilə təmin edəcək, ərazisində 1920 şagird yerlik orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Ümumilikdə, Kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Hazırda 7 mərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılmış, bəzək işlərinə başlanılmışdır. Paralel olaraq digər 5 binanın tikintisi də sürətlə davam etdirilir.

    Sadiq Sadıqov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirir. Ötən müddət ərzində MİDA tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin inşası üçün 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manata yaxın investisiya vəsaitinin 11 milyon manat hissəsi uğurla reallaşdırılmışdır. Bununla yanaşı, Yasamal Yaşayış Kompleksində (15,4 ha) 12 binanın tikintisi üçün MİDA tərəfindən 4-cü özəl investor cəlb olunmuşdur. Şirkətin 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

    Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 10 000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

  • “Diqlas”da yanğından zərər çəkmiş daha 69 sahibkara maddi yardım ödənilib

    Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu gün daha 69 zərər çəkmiş sahibkarın bank hesabına 218 min manat məbləğində maddi yardım ödənilib. Beləliklə, indiyədək İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 228 zərər çəkmiş sahibkarın bank hesabına 1 mln. 360 min manat məbləğində maddi yardım köçürülüb. Maddi yardımın ödənilməsi “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

    Bununla yanaşı, sahibkarların Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İndiyədək 200 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.

    İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir.

    Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.//report.az

  • Yeni təqaüdlər nə vaxt veriləcək? – Gecikmələrlə bağlı açıqlama

    Yeni təyin olunmuş təqaüdlər bu ayın sonuna kimi veriləcək.

    Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov yaranmış gecikmələrlə bağlı açıqlamasında bildirib.

    “Bildiyiniz kimi, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə, onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən, əmək pensiyası alanlar) üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib.

    Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələlik verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.

    Qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi müəyyən vaxt tələb edir.

    Vətəndaşların diqqətinə çatdırırıq ki, onlar yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə, onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən, əmək pensiyası alanlar) üçün yeni təyin olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq”, – o qeyd edib.

  • Azərbaycanda bu şəxslərin maaşı artırıldı – RƏSMİ

    Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb.

    Median.Az-ın ONA-ya istinadla verdiyi məlumata görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında deyilir.

    İndiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin 482 aylıq vəzifə maaşı manat olub. Dəyişikliyə əsasən, direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb. direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.

    Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

  • Azərbaycanda bazarda bahalaşmaya səbəb olan amillər açıqlandı

    Xəbər verdiyimiz kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib. Bazarda bahalaşmaya səbəb olan amillər isə müxtəlif səbəblərdən qaynaqlanır. Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bazarda bahalaşmaya səbəb olan bu amillərdən danışıb: “Bu gün Azərbaycanda qiymətlərə təsir edən əsas amillərdən biri də saxlanma kameralarının olmaması, infrastrukturun zəifliyi ilə bağlıdır. Hər il noyabrın sonlarından etibarən yerli məhsulların bazarda azalması qiymətlərə təsir edən amillərdəndir. Bundan başqa yerli məhsulların ixaracata yönəldilməsi daxili bazarda defisitə, təkliflərin azalmasına səbəb olur”.

    İqtisadçının sözlərinə görə, bu amillərdən asılı olaraq yay aylarınadək hər il qiymətlərin qalxdığı müşahidə edilir. Lakin N.Cəfərli yaxın aylarla bağlı pozitiv proqnoz verib: “Yaxın aylarla bağlı proqnozları müsbət qiymətləndirmək olar. Çünki mövsümü xarakterli səbəblərə görə, bir neçə aydan sonra yerli məhsulların bazara daha çox çıxması qiymətlərin tənzimlənməsinə təsir edəcək”.

    Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb. Soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.

  • “Diqlas”dakı yanğından zərər çəkmiş daha 70 sahibkara maddi yardım edilib

    Bu gün Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş daha 70 zərər çəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, indiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərər çəkmiş sahibkara 1 mln. 142 min manat məbləğində maddi yardım ödənilib.

    Qeyd edək ki, ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

    Bununla yanaşı, aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir. İndiyədək 175 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.

    Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.//report.az

  • Azərbaycanda unun qiyməti ucuzlaşdı

    Azərbaycanda unun topdansatış qiyməti aşağı salınıb.

    Median.Az bildirir ki, bu barədə ONA-ya “Karat Holdinq” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

    Qeyd olunur ki, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkan yaradıb. Ona görə də əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən “Karat Holdinq” indiyədək topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kq-lıq “Karmen” ununun topdansatış qiymətini bu gündən 25,45 manat müəyyənləşdirib.

    “Karat Holdinq” MMC-dən bildirilib ki, məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq. Şirkət bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.

  • Kartof, soğan və kələmin gömrük rüsumları artırıldı – Amma bu, müvəqqəti xarakter daşıyır

    ”Azərbaycanda kartof, soğan və kələm kimi kənd təsərrüfatı məhsularının heç bir səbəb olmadan real dəyərindən baha satılması bu məhsulların ixracına qoyulan rüsumun artırılmasını vacib edib. Amma bu, müvəqqəti xarakter daşıyır”. Bu sözləri Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Mirqasım Vahabovun sözlərinə görə, kartofun ixracı ötən il ərzində də çox olmayıb. Bu rəqəm ötən il 66 min tondan biraz çox olub. Amma yerli bazarda qiyməti tənzimləmək üçün həm də bir çox ölkədən idxala tətbiq edilən rüsuma da güzəşt edilir.

    Gömrük rəsmisi bildirib ki, dövlət üçün ixrac siyasəti vacib olsa da, bunun ölkə əhalisinə ziyan vurmamasına xüsusi diqqət yetirilir. Bütün amillər nəzərə alındıqda hazırda ölkə bazarında satılan bu məhsulların qiymətinin suni şəkildə artırıldığını görmək olur. Bu isə ölkə əhalisinə mənfi təsir göstərir.

    Bu qərarın yerli bazara hansı formada təsir edəcəyini yaxın günlərdə görmək mümkün olacaq.

  • Bir sıra beynəlxalq şirkətlər Azərbaycanda korporativ kibertəhlükəsizlik həlləri ilə məşğul olacaq

    Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan iki magistral (backbone) internet provayder şirkətindən biri olan “AzerTelecom” dünya üzrə tanınmış və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər olan “Trend Micro”, “Symantec”, “ESET”, “Quest” və “One İdentity” şirkətlərinin rəsmi tərəfdaşı statusunu əldə edib. Median.Az-ın report-a istinadən məlumata görə, qeyd olunan tanınmış şirkətlərlə tərəfadaşlıq “AzerTelecom” şirkətinin korporativ müştərilərə kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində həllərin təqdim olunmasına şərait yaradır.

    “Bu qlobal şirkətlərlə tərəfdaşlıq imkan verir ki, “AzerTelecom” onların təqdim etdiyi qabaqcıl kibertəhlükəsizlik həlləri ilə korporativ müştərilərin sistemlərini, şəbəkə və proqram təminatlarını müxtəlif rəqəmsal hücumlardan qorusun və beləliklə də müştərilərin biznesinin daha təhlükəsiz və etibarlı şəkildə fəaliyyətinə öz töhfəsini versin. Hazırda dünya üzrə informasiya təhlkəsizliyi məsələlərinə mühüm diqqətin göstərilməsi fonunda “AzerTelecom” şirkəti kibertəhlükəsizliyin təmin edilməsi sahəsində müştərilərə keyfiyyətli həllərin və ən son yanaşmaların təqdim olunmasını öz fəaliyyətində əsas tutur.

    Belə ki, dövrümüzdə effektiv təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi xüsusilə çətinləşir, çünki hər gün müxtəlif cihaz və hücum platformaları daha da təkmilləşir. “AzerTelecom” tərəfindən təqdim olunan həllər şirkətlərə təhlükəsizlik sahəsində qarşılaşdıqları çağırışlara dövrün tələblərinə uyğun effektiv cavab verməyə imkan verir. Onu da qeyd edək ki, “AzerTelecom” şirkətinin Kommersiya departamentinin əməkdaşları kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış təlimlərdə də iştirak edərək müvafiq sertifikatlara yiyələniblər” – deyə açıqlamada qeyd olunur.

    Xatırladaq ki, “Bakcell” şirkətinin törəmə müəssisəsi olan “AzerTelecom” şirkəti 2008-ci ildə təsis edilib. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.