Category: İqtisadiyyat

  • Vergilər Nazirliyinin səlahiyyətləri genişləndirilir

    Sığortanı da, vergini də bir qurum yığacaq. Bununla yığım bir qədər də artacaq.

    Bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə çıxışı zamanı deyib.

    O qeyd edib ki, yaxın zamanlarda növbəti dəfə böyük vergi islahatları nəzərdə tutulur.

    “Bununla bağlı Vergi Məcəlləsində ciddi dəyişikliklər gözlənilir. Bu barədə artıq məlumatlar verilməkdədir. Bu islahatların tərkib hissəsi kimi, nazirliyin işləri, səlahiyyətləri bir qədər də artmış olacaq. Yəni, bundan sonra sığorta və vergi yığımını eyni qurum – Vergilər Nazirliyi həyata keçirəcək. Bu, yığıma çox müsbət təsir göstərəcək”.//oxu.az

  • 2019-cu ildə maaşlar artırılacaq (RƏSMİ)

    Gələn il büdcə təşkilatlarında çalışanların maaşları artırılacaq.

    Bu barədə Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

    Nazir bildirib ki, prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə büdcə təşkilatlarında çalışanların əmək haqqlarının artırılmasına qərar verilib.

    Samir Şərifov bildirib ki, bu qərarın maliyyə təminatı üçün əlvə 620 milyon manat tələb olunur və bu 2019-cu ilin dövlət büdcəsində əksini tapıb.

    Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.

  • Azərbaycan nefti kəskin ucuzlaşıb

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,78 dollar və yaxud 2,38% azalıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 72,87 dollar təşkil edib.

  • Nazir: “Pensiyaların orta məbləği 240 manatdan çox olacaq”

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 95%-dən çoxu əhaliyə ödənişlərdir. Bu ödənişlər vasitəsilə ölkədə pensiyanın orta məbləğinin artırılması və 240 manatı keçməsi planlaşdırılır.

    “Report” xəbər verir ki, bunu nazir Sahil Babayev bildirib.

    Xatırladaq ki, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlirləri və xərcləri 3 928 104 000 manat məbləğində nəzərdə tutulub.

    Sənədə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirləri 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə gəlirləri 110 684 590, qeyri-büdcə sektoru üzrə gəlirləri 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə gəlirləri 65 000 000, sair gəlirləri isə 6 000 000 manat təşkil etməlidir.

  • Azərbaycan 2019-cu ildə qaz idxalından imtina edəcək

    Azərbaycan 2019-cu ildən Rusiya və Türkmənistandan qaz idxal etməyi planlaşdırmır.

    Median.Az xəbər verir ki, bu fikirləri TASS agentliyinə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

    “Şirkətin hazırkı planlarına əsasən, növbəti ildə Rusiyadan qaz idxalını planlaşdırmırıq”, – SOCAR nümayəndəsi bildirib.

    Bununla yanaşı, o əlavə edib ki, 2017-ci ilin sonunda Rusiya ilə imzalanmış illik müqaviləyə əsasən, idxal edilməli olan bir neçə milyon kubmetr qaz növbəti aylarda alınacaq.

    “İdxal ediləcək qazın həcminin artırılması məsələsində Rusiya ilə yeni müqavilənin imzalanması gözlənilmir. Eyni zamanda, bu, Türkmənistana aiddir”, – Əhmədov bildirib.

    O qeyd edib ki, Azərbaycan qazın əsas hissəsini Rusiyadan idxal edirdi.

    “Bunun əsas hissəsi yay aylarında idxal edilirdi. İdxal edilən qaz anbarlara vurulur, ixrac, emal və digər məqsədlər üçün istifadə edilir. Bu yolla biz qaz anbarlarımızın potensialını həyata keçirmişik”, – nümayəndə deyib.

    “Hazırda qaz anbarlarımıza üç milyard kubmetrdən çox qaz vurulub ki, bu da ötənilkindən çoxdur. Daxili hasilat da artır. Müvafiq olaraq, qaz anbarlarına vurulan Azərbaycan qazının həcmi də artacaq. Buna görə idxal zərurəti qalmır və biz bilirdik ki, növbəti ildən qaz idxal etməyəcəyik”, – SOCAR rəsmisi əlavə edib.

    “Qazprom eksport” və SOCAR 2017-ci ilin noyabrında Azərbaycana qaz idxalı ilə bağlı müqavilə imzalamışdı. İdxal 2017-ci il noyabrın 22-də başlamışdı. İllik müqavilə çərçivəsində Azərbaycana 1,6 milyard kubmetr rus qazının idxalı planlaşdırılır.

  • Nazir Azərbaycan manatına təzyiqlərin səbəblərini açıqladı

    Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır.

    Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirib.

    O deyib ki, neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır.

    “Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır” – deyə o qeyd edib.

    Nazirin sözlərinə görə, xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq:

    “Bununla yanaşı, büdcənin sabitliyinin, ortamüddətli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-ci il də daxil olmaqla, növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun hazırlanacaq”.//oxu.az

  • Azərbaycanda bir saat işə verilən pul nə qədərdir?

    Azərbaycanda son illərdə ÜDM-in davamlı artımı nəticəsində əmək məhsuldarlığı (1 adam/saat) üzrə göstərici yüksəlib və 2006-cı ildə cari qiymətlərlə 2,35 manatdan (2,6 ABŞ dollarından), 2017-ci ildə 7,59 manata (4,4 ABŞ dollarına) çatıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda öz əksini tapıb.

    2006-2013-cü illər ərzində əmək məhsuldarlığı cari qiymətlərlə ABŞ dolları ifadəsində artıb, 2014-2016-cı illərdə azalıb, 2017-ci ildən yenidən artmağa başlayıb. İqtisadi fəaliyyət növləri arasında əmək məhsuldarlığı göstəricilərində ciddi fərqlər mövcuddur. Belə ki, 2016-cı ildə mədənçıxarma sənayesi üzrə əmək məhsuldarlığı göstəricisi cari qiymətlərlə 257,7 manat (161,4 ABŞ dolları) olduğu halda, kənd təsərrüfatı üzrə bu göstərici 1,03 manata (0,6 ABŞ dolları), emal sənayesi üzrə 6,3 manata (3,9 ABŞ dolları), tikinti sahəsi üzrə isə 9,4 manata (5,8 ABŞ dollarına) bərabər olub.

    Kənd təsərrüfatında əmək məhsuldarlığı səviyyəsinin aşağı olması bu sahədə intensiv üsullardan, innovasiya və məsləhət xidmətlərindən zəif istifadə edilməsi, eləcə də işçi qüvvəsinin əksəriyyətinin ixtisassız olması ilə əlaqələndirilir. Digər tərəfdən, qeyd olunan sahələrdə mütəmadi hesablamalar aparılması üçün əmək məhsuldarlığı üzrə uçot sisteminin təkmilləşdirilməsinə zərurət yaranır.

  • Gürcüstan larisi kəskin ucuzlaşdı – MƏZƏNNƏ

    Noyabrın 1-də Gürcüstan Milli Bankının məzənnəsinə əsasən 1 ABŞ dolları 2,7203 GEL-ə dəyişdirilir. Bu, son iki ildə ən aşağı göstəricidir.

    Bundan bir qədər əvvəl 1 dollar 2,50 və ya 2,55 lariyə dəyişdiriləndə hökumət təcili tədbirlərin görüləcəyini və milli valyutanın ucuzlaşmasının qarşısının alınacağını bildirmişdi.

    Lakin bu gün lari dollar, avro və Azərbaycan manatı qarşısında xeyli ucuzlaşıb.

    Noyabrın 1-də 1 avro – 3.0848, 1 manat isə 1.6044 lariyə bərabər olub.

    Ekspertlərin fikrincə larinin ucuzlaşması davam edəcək və 1 dollar 3 lariyə qədər bahalaşacaq. Bu da ölkədə istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq.

    Məlumat üçün bildirək ki, son üç ayda Gürcüstanda avtomobil yanacağının qiyməti 15-35 tetri, çörəyin qiyməti isə 10-20 tetri arasında bahalaşıb.

  • Azərbaycanda yeni cərimə – 600 manat

    Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub.

    Məcəlləyə yeni – 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilib.

    Maddəyə əsasən, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

    Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.//oxu.az

  • Manatın məzənnəsi dəyişəcək? – Baş bankir sualları cavablandırdı

    Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov qarşıdakı dövrdə manat/dollar məzənnəsi və dəyişmə ehtimalı ilə bağlı sualı cavablandırıb.

    Median.Az Fed.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Mərkəzi Bank pul kütləsinin hədəflənməsi rejimindədir. Yəni əsas məqsəd məzənnə deyil: «Məzənnə bizim aralıq hədəfimizdir. Bizim əsas hədəfimiz qiymət sabitliyidir».

    Elman Rüstəmov bildirib ki, dolların məzənnəsi ilə bağlı dəqiq proqnoz yoxdur, amma daxili və xarici amillər Azərbaycanın xeyrinədir: «Dəqiq proqnoz deyə bilmərəm, amma həm daxili, həm də xarici şərait göstərir ki, makroiqtisadi sabitlik var. O cümlədən, neftin qiyməti sabitdir və yüksəkdir. Valyuta mövqeymiz möhkəmdir. ÜDM-nin də artımı dayanıqlıdır. Bütövlükdə bu məsələ makroiqtisadi sabitlikdən asılı olacaq, amma dediyim kimi, bu sahədə sabitlik var».

    Elman Rüstəmov bildirib ki, yeni büdcə qaydalarının tətbiqi və orta müddətli xərclər strategiyasının tətbiqi bizə gələcəyə optimist baxmağa imkan verir. İnanıram ki, AMB və Maliyyə nazirliyi birgə fəaliyyətlə orta müddətli dövrdə makroiqtisadi sabitliyi qorumaq üçün lazımi addımları atacaq.