Category: İqtisadiyyat

  • Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

    Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz aşağı salıb.

    Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib.

    Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 11,75, aşağı həddi isə 7,75 faiz müəyyən edilib.

    Eyni zamanda ötən 9 ayda orta illik inflyasiya 2,6 faiz təşkil edib.

    Bu isə Azərbaycan Mərkəzi Bankının qiymət artımı üzrə hədəfindən 6-8 faiz aşağıdır.

    Bu səbəbdən uçot dərəcəsinin salınmasına qərar verilib.

  • Azərbaycanda “kənd yumurta”sı 100 faiz bahalaşdı — RƏSMİ AÇIQLAMA

    Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev son günlər ölkədə yaşanan yumurta çatışmazlığı və onun qiymətinin bahalaşması məsələlərinə aydınlıq gətirib.

    A.Vəliyev “Ölkə.Az”-a açıqlamasında deyib ki, yumurta çatışmazlığının və qiymət artımının sənaye quşçuluğuna heç bir təsiri yoxdur:

    “Hazırda Azərbaycanda sənaye üsulu ilə yumurta istehsalı öz qaydasında gedir. Burada yalnız problem fərdi təsərrüfatlarla bağlı ola bilər. İndi payız ayı olduğu üçün kəndlərdə fərdi təsərrüfatlarda olan quşlar artıq yumurtadan kəsilib. Çünki havalar soyuyanda quşların 50-70 faizi yumurtadan kəsilir. Bizim “kənd yumurtası” adlandırdığımız məsulların da bahalaşmasına səbəb budur. Ancaq bizim yerli istehsalımız əvvəlki qaydada gedir”.

    Cəmiyyət sədri bir sıra ekspertlərin quşların kütləvi qırılması ilə bağlı səsləndirdiyi iddialara da cavab verib.

    O deyib ki, bu il Azərbaycanda kütləvi quş qırılması faktı olmayıb və burada heç bir məsələ əhalidən gizlədilməyib:

    “Sentyabrın 15-dən etibarən Azərbaycanda tədris mövsümü başlayıb. Bu zaman tələbələrin Bakıya axını baş verir. Tələbələr də ən çox yediyi qida yumurta olur. Ona görə də yumurta məhsuluna alıcılıq qabiliyyəti yüksəlib, tələbat çoxalıb. Ancaq yenə də deyirəm, sənaye üsulu ilə istehsal olunan yumurtaların qiymətində heç azalma və ya bahalaşma müşahidə edilməyir. Müqavilə ilə kim nə qəfər məhsul istəyirsə, o qədər də istehsal edilir. Kimsə deyirsə ki, guya quşlar kütləvi şəkildə qırılıb və bu əhalidən gizlədilib, bu səhv fikirdir. Bəs bui qədər yumurtalar bazara haradan gəlir? Sadəcə olaraq indi fərdi təsərrüfatlarda yumurta demək olar ki, yoxdur. Biz tez-tez rayonlara gedirik. İndi rayonlarda qətiyyən yumurta qalmayıb. Bu da Azərbaycanda satılan yumurtanın təxminən yarısına bərabərdir. İndi “kənd yumurta”sı yoxdur deyə, bu cür şərait yaranıb”.

    A.Vəliyev qeyd edib ki, sözügedən problemin aradan qaldırılması üçün dövlət tərəfindən lazımı addımların atılması çətin məsələdir:

    “Çünki ətlik istiqamətində olan quşlar tez ət verdiyi üçün onu kəsirlər. Ancaq yumurtalıq quşlarda məsələ fərqlidir. Yumurtalıq quşlar təxminən 2 il saxlanılır, sonra 1,5 il yumurta verir, yenə dayanır. Ona görə də həmin quşlara biz deyə bilmərik ki, indi yumurta azdır, yumurta verin və sairə. Rayonlarda fərdi təsərrüfatlarda kimsə qiyməti qaldırırsa, bunun bizə heç bir bağlılığı yoxdur. Onlara biz nəzarət edə bilmərik. Sənaye üsulu ilə istehsal olunan təsərrüfatlarda heç bir qiymət artımı mövcud deyil”.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə “Ölkə.Az”-a açıqlamasında bildirib ki, rayonlarda kənd yumurtasının qiyməti təqribən 100 faiz qalxıb:

    “Biz rayon şöbələrindən müvafiq məlumatlar toplamışıq. Misal üçün, Qusarda 20 qəpiklik kənd yumurtasının qiyməti 40 qəpiyə qalxıb. Bu da bizi narahat edir. Bunun konkret səbəbləri mövcuddur. Birincisi, payız ayı olduğu üçün əhalinin yumurtaya olan tələbatı artıb. İkincisi, kənd və rayonlarda toyuqların yumurtaması azalıb. Üçüncüsü isə bu il Azərbaycanda böyük quş qırğını olub. Milyonlarla quş tələf olub. Çox təəssüf ki, bu hadisə cəmiyyətdən də gizli saxlanılıb. Digər bir səbəb isə quş yemlərinin bahalaşmasıdır. Yəni, yem baha olduğu üçün insanlar saxladıqları quşları ətə veriblər. Ümid edirəm ki, yumurtanın qiyməti aşağı enəcək”.

    Ekspert qeyd edib ki, Azərbaycanda yumurta çox ucuz qiymətə satıldığı üçün fabriklər də yumurtanı aşağı qiymətə satmağa məcbur idi:

    “Hazırda fabriklərdə bir yumurtanın maya dəyəri 15 qəpik təşkil edir. Ümid edirəm ki, bu belə də davam edəcək”.

  • Tələbələrin təqaüdləri artırılacaq

    2019-cu ildə Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.

    Bunun üçün dövlət büdcəsində 189,5 milyon manat vəsait nəzərdə tutulub.

    Büdcə zərfinə görə, gələn il ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği yüksələcək.

    Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 2018-ci ilə nisbətən 230,6 milyon manat çox, yəni 2 milyard 274 milyon manat vəsait nəzərdə tutulub.

  • Aylıq gəliri 8000 manatadək olan bu şəxslər gəlir vergisi ödəməyəcək – YENİLİK

    “1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub”.

    Bu məlumat 2019-cu il dövlət büdcə zərfində öz əksini tapıb.

    Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

    “2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir. Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir”, – deyə büdcə zərfində vurğulanıb.

    Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir isə – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya faydadır. Hazırda fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:

    -2500 manatadək 14%, 2500 manatdan çox olduqda 350 manat və + 2500 manatdan çox olan məbləğin 25%-i. (Report)

  • Azərbaycanda gələn il üçün yaşayış minimumu açıqlandı

    Azərbaycan hökuməti 2019-cu il üçün ehtiyac meyarının həddini müəyyənləşdirib.

    Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olub.

    Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

    Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun həddinin ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsi nəzərdə tutulub.

    Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

    Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.

  • “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir” – Ekspert

    “STAR neft emalı zavodunun açılması Azərbaycan və Türkiyənin iqtisadi və enerji siyasəti baxımından çox önəmli hadisədir”.

    Bunu “Report”a açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər bildirib.

    Onun sözlərinə görə, Türkiyədə STAR neft emalı zavodunun inşası üçün Azərbaycanın qoyduğu birbaşa investisiya Türkiyənin tarixi boyu xaricdən aldığı ən böyük birbaşa investisiya baxımından xüsusi çəkiyə malikdir: “Bundan başqa, neft-kimya sənayesi sahəsində inkişaf etmiş Türkiyə ilə zəngin neft ehtiyatlarına malik Azərbaycanın əməkdaşlığı sayəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinə əlavə olaraq İzmirdə də STAR kimi layihənin həyata keçirilməsi, həm Türkiyə, həm də Cənubi Avropadakı enerji və sənaye sektoruna əlavə dəyər qatacaq müəssisənin yaradılması böyük bir inkişafa səbəb olacaq”.

    O.Tanrısevər bildirib ki, Türkiyə ilə Azərbaycan arasında strateji iş birliyi dərinləşərək daha da güclənəcək: “Bu, qarşıda SOCAR-ı Türkiyədə energetikanın başqa sahəsinə də investisiya yatırmağa cəsarətləndirəcək”.

    Qeyd edək ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə STAR zavodunun açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

    Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisə “Urals”, “Azeri Light” və “Kərkük” kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib.

    Zavodda ildə 1,6 mln. ton nafta,təxminən 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

  • Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı – MÜHÜM QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar verib.

    Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Qərara əsasən, “Aİ-92” oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib.

    Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.

    Nazirlər Kabinetinin daha bir qərarı ilə “Aİ-92” markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azaldılıb.

    Hər iki qərar oktyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

    Qeyd edək ki, Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.

  • “Kupça”sız evlərdən vergi yığılmasına – RƏSMİ CAVAB

    Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi (“kupça”) olmayan fərdi evlərin sakinlərinə müraciət edərək, onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər.

    Vətəndaşlara bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyyə bildirişlərində hətta bu da xüsusi qeyd edilir ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək.

    Bununla, bələdiyyələr vətəndaşları həmin vergilərin onlar tərəfindən qanunauyğun şəkildə toplanıldığına inandırmaq istəyirlər.

    Lakin məlum olub ki, bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil.

    Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Vergilər Nazirliyi xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərə görə əmlak və torpaq vergisinin toplanılmasının düzgün olub-olmadığına aydınlıq gətirib.

    Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə), əmlak vergisi ödəyirlər.

    Nazirlik “xüsusi mülkiyyətdə olan binalar”ın hansı binalara şamil olunduğunu da açıqlayıb.

    Bildirilib ki, əgər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır:

    “Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Qanunvericilikdə “kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır”.

    Nazirlikdən qeyd edilib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də “xüsusi mülkiyyət” anlayışı dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir:

    “Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda, həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır”.

    Sənədi olmayan həyətyanı sahələr üçün bələdiyyələr tərəfindən torpaq vergisinin toplanılmasına gəldikdə, Vergilər Nazirliyindən bildirilib ki, qanunvericiliyə görə, fiziki şəxslərin və müəssisələrin Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır:

    “Vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir. Məsələn, Sumqayıtda olan və 10 min kvadrat metrədək torpaqların hər 100 kvadrat metrinə (1 sot) görə 50 qəpik, 10 min kvadrat metrdən artıq olan torpaqların hər 100 kvadrat metrinə görə 1 manat torpaq vergisi hesablanır. Əgər torpaq 3 sotdursa, onda vətəndaş 1 manat 50 qəpik torpaq vergisi ödəməlidir”.

  • Azərbaycan DİF-in rəqabət qabiliyyəti reytinqində

    Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyətinin sıralamasında 69-cu yeri tutub. 

    Hesabat Dünya İqtisadi Forumunun (DİF) saytında yayımlanıb və bu, təşkilatın yeni nəsil “4.0” metodologiyası ilə hazırlanıb. 
    Hesabatda bildirilir ki, Azərbaycan sosial bərabərliyin dünyada ən yaxşı səviyyədə təmin olunduğu ölkə hesab olunur. 

    Reytinqdə birinci yeri ABŞ tutub. O, İsveçrənin doqquz illik liderliyinə son qoyub. İlk beşliyi Sinqapur, Almaniya, İsveçrə və Yaponiya tamamlayıb. 

    “İnterfaks-Azərbaycan”ın məlumatına görə, ötənilki reytinqlə müqayisədə, Azərbaycan “infrastruktur”, “ictimai institutlar”, “İKT potensialı”, “əmək bazarı”, “biznesin dinamikası” üzrə mövqeyini yaxşılaşdırıb, “makroiqtisadiyyat” və “maliyyə bazarının zəif inkişafı” indikatorları üzrə isə mövqeyini zəiflədib. Buna ötən il ölkədə qeydə alınan yüksək inflyasiya, bank kreditləri üzrə problemlərin həll edilməməsi və kapitallaşma səviyyəsinin aşağı olması səbəb olub. 

    Azərbaycan bu rəqabət qabiliyyətlərinin sıralamasında aşağı göstəriciyə sahib olub: “maliyyə bazarının zəif inkişafı” (96-cı yer), “sağlamlıq” (91-ci yer), “makroiqtisadiyyat sahəsi” (126-cı yer), “innovasiya potensialı” (71-ci yer).

    Azərbaycanın yüksək göstəriciyə sahib olduğu indikatorlar isə bunlardır: “biznesin dinamikası” (31-ci yer), “əmək bazarı” (40-cı yer), “məhsul bazarı” (37-ci yer), “infrastruktur” (46-cı yer), “bacarıq” (54-cü yer), “ictimai institutlar” (58-ci yer), “bazarın ölçüsü” (65-ci yer), “İKT potensialı” (69-cu yer).
    Reytinqə görə, Azərbaycanın dünya ÜDM-də payı 0,14 faizdir.

  • Bakı Biznes Tədris Mərkəzi ləğv olundu

    İqtisadiyyat Nazirliyi yanında Bakı Biznes Tədris Mərkəzinin ləğv olunduğu elan edilib.

    Median.Az xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin bugünkü xüsusi buraxılışında məlumat verilib.

    Məlumatda deyilir ki, kreditorlar iki ay müddətində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına bildirə bilərlər.