Category: İqtisadiyyat

  • Bu işçilərə ödənilən müavinət artırılacaq

    Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik ediləcək.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

    Mövcud qanunvericiliyə görə, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyir.

    Layihəyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

    Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
    //qaynar.az

  • Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib

    2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 344 milyon 206.6 min ABŞ dolları dəyərində 1 milyon 81 min 332 ədəd smartfon idxal edilib.

    Dövlət Statistika Komitəsinin məlumatına, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 7.3% və ya 84.9 min ədəd azalıb, dəyər baxımından isə 5.5% və ya 17.9 milyon ABŞ dolları artıb. Belə ki, 2024-cü ilin ilk 10 ayı ərzində ölkəyə 326 milyon 243.6 min dollar dəyərində 1 milyon 166 min 285 ədəd smartfon gətirilib.

    Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 541 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 475.5 manat idi.

    Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 863 min 707 ədəd), Vyetnamdan (205 min 315 ədəd), Hindistandan (11 min 439 ədəd), İndoneziya ( 606 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 517 manata, Vyetnamdan 619 manata, Hindistandan 989 manata, İndoneziyadan 472 manata Koreyadan isə 204 manata idxal edilib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 256.2 min ABŞ dolları dəyərində 1428 ədəd smartfon ixrac edilib. Gürcüstana (803 ədəd) və Çexiya ( 625 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 305 manat təşkil edib.

  • Vergi Məcəlləsində YENİLİK: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır

    Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

    2026-cı ildən etibarən isə ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0.5 əmsal tətbiq etməklə iki dəfə artırılaraq 400 min manata çatdırılır.

    Həmçinin, eyni yanaşma vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı da tətbiq ediləcək. Belə ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı 100 000 manatdan çox olmadığı halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edə bilirdisə, 1 yanvar 2026-cı ildən etibarən ƏDV qeydiyyatının ləğvi zamanı vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

    Nağdsız əməliyyatlara tətbiq edilən 0.5 əmsal nə deməkdir?

    Median.Az xəbər verir ki, bununla bağlıAzərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev “APA-Economics”ə açıqlama verib.

    O bildirib ki, dəyişiklik nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır:

    “Pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız aparılan ödənişlərə 0.5 əmsal tətbiq edilir. Bu, həmin dövriyyənin ƏDV qeydiyyatı üçün yarı məbləğ kimi qəbul edilməsi deməkdir”.

    “Bu yanaşma sahibkarların nağdsız əməliyyatlarını faktiki dövriyyədən daha aşağı göstərici ilə ƏDV məqsədlərinə hesablanmasına imkan verir.

    Yeni qaydaların tətbiqi praktikada sahibkarlar üçün real güzəştlər yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində POS-terminal vasitəsilə 300 min manat nağdsız dövriyyəsi, əlavə olaraq isə 40 min manat nağd dövriyyəsi formalaşdığını nəzərə alaq. Bu halda sahibkarın ümumi dövriyyəsi 340 min manat təşkil edir. Mövcud yanaşmaya görə bu məbləğ ƏDV qeydiyyatı üçün öhdəlik yaradır. Lakin yeni mexanizm çərçivəsində nağdsız dövriyyəyə 0.5 əmsal tətbiq olunduğundan, 300 min manatlıq nağdsız dövriyyə ƏDV məqsədləri üçün 150 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 190 min manat təşkil edir. Bu məbləğ 200 min manatlıq məcburi ƏDV qeydiyyatı həddindən aşağı olduğuna görə, sahibkarın ƏDV ödəyicisi kimi qeydiyyata alınması öhdəliyi yaranmır”, – Mehdi Babayev qeyd edib.

    “Dəyişikliklər nəticəsində sahibkarlara demək olar ki, belə bir imkan yaradılır: Nağdsız qaydada 400 min manat dövriyyə apar, amma yenə də ƏDV ödəyicisi olma. Bu mexanizm sadələşdirilmiş vergi sistemində fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli dəstək olacaq”, – Mehdi Babayev vurğulayıb.

    ƏDV qeydiyyatından çıxma prosesində də dəyişiklik tətbiq edilir

    Hazırkı qanunvericiliyə görə, vergi ödəyicisi ardıcıl 12 ay üzrə dövriyyəsi 100 min manatdan çox deyilsə, ƏDV qeydiyyatının ləğvi üçün müraciət edə bilər.

    “Yeni yanaşma ƏDV qeydiyyatından çıxma prosesində də sahibkarlar üçün daha əlverişli şərait yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində 50 min manat nağd, 90 min manat isə POS-terminal vasitəsilə nağdsız dövriyyəsi formalaşıb. Bu halda ümumi dövriyyə 140 min manat təşkil etdiyindən, hazırkı qaydalara əsasən sahibkar ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ əldə etmir. Lakin yeni mexanizm tətbiq olunduqda nağdsız dövriyyə 0.5 əmsalla hesablanır və 90 min manatlıq dövriyyə ƏDV məqsədləri üçün 45 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda isə sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 95 min manat təşkil edir. Bu isə ona ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ verir.

    Nəticə etibarilə, nağdsız ödənişlərə tətbiq edilən 0.5 əmsal mexanizmi sahibkarların vergi yükünü azaltmaqla yanaşı, onların maliyyə əməliyyatlarını daha şəffaf və sistemli şəkildə aparmasına imkan yaradır. Bu islahat nağdsız dövriyyənin təşviqinə xidmət edir, sahibkarların fəaliyyətini yüngülləşdirir və dövlətin nağdsız iqtisadiyyatın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji hədəflərlə uzlaşır”, – Mehdi Babayev əlavə edib.

    Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə müzakirələrdən sonra səsə qoyularaq III oxunuşda qəbul edilib.

  • Bu avtomobillər ucuzlaşa bilər?

    Azərbaycanda hibrid və elektrik avtomobillərinin istehsalı nəzərdə tutulur. Bu halda həmin avtomobillərin qiyməti ucuzlaşacaq?

    Nəqliyyat eksperti Eldəniz Cəfərov sfera.az-a açıqlamasında bildirib ki, artıq ölkəmizdə elektrik mühərrikli avtobusların, yəni elektrobusların istehsalı prosesinə başlanılıb və bu tip nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin istehsalı da mümkündür:

    “Ancaq hər hansı məhsulun müəyyən ölkədə istehsal olunması həmin məhsulun, bu halda avtomobilin qiymətinin mütləq ucuz olacağı anlamına gəlmir. Sadəcə olaraq, daha əlverişli və daha səmərəli qiymətlərlə bu avtomobillər vətəndaşlara təklif oluna bilər”.

    E.Cəfərovun sözlərinə görə, bu növ avtomobillər ölkəmizdə istehsal ediləcəyi təqdirdə müəyyən rüsumlardan azadolmalar da mümkün olacaq ki, bu da həmin nəqliyyat vasitələrini vətəndaşlar üçün daha əlçatan edə bilər.

  • Azərbaycana ən çox kərə yağı İrandan gətirilir, Rusiyaya isə ən çox satılır

    Cari ilin 10 ayında Azərbaycana ümumi dəyəri 121 milyon 60.42 min dollar dəyərində 16 763.73 ton kərə yağı idxal olunub.

    Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkədən 26 milyon 322.88 min dollar dəyərində 3 779.17 ton kərə ixrac edilib.

    Azərbaycandan ən çox Rusiyaya kərə yağı ixrac edilib. Belə ki, 10 ayda Rusiyaya 23 milyon 998.76 dollar dəyərində 3 437 ton kərə yağı satılıb.

    Bu sahədə idxal lideri İrandır. İrandan ümumi məbləği 42 milyon 117.27 min dollar dəyərində 6 994.56 ton kərə yağı alınıb. Daha sonrakı yerləri isə Yeni Zelandiya (3 632.96 ton) və Səudiyyə Ərəbistanı (1 284.64 ton) tutur.

    Hesabat dövründə Ukrayna, Rusiya, Hindistan, Türkiyə, Uruqvay, Almaniya, Belçika, Finlandiya, Fransa, İspaniya, İtaliya, Litva, Lüksemburq, Polşa, Portuqaliya və Danimarkadan da Azərbaycana kərə yağı idxal olunub.

    Kərə yağının ixrac olunduğu ölkələr isə Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkmənistan və İraqdır.

  • Azərbaycanda broyler yumurtaları BAHALAŞDI (Video)

    Broyler toyuqlarının yumurtasının qiyməti artıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərdə son bir neçə gündə 5-7 qəpik artım müşahidə olunur. Onlar bildirirlər ki, hazırda broyler yumurtası 20 qəpiyə satılır.

    Satıcılar qiymət artımını müxtəlif səbəblərlə əlaqələndirirlər. Alıcılar da qiymətin artdığını təsdiqləyirlər.

    Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, broyler toyuqlarının yumurtasının bahalaşmasının bir səbəbi də tələbatın artmasına görədir.

    Qeyd edək ki, kənd yumurtasının qiyməti isə 50 qəpiyə kimi artıb.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb

    “Azerbaijan Rigs” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.

    Median.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalının 70 milyon manat hissəsi təsisçilərə geri qaytarılmaqla, kapital 950 milyon manatdan 880 milyon manata endirilib.

    “Azerbaijan Rigs” MMC neft‑qaz sənayesində müasir qazma qurğularına olan tələbatı ödəmək məqsədilə 2013-cü il iyunun 21-də yaradılıb. Şirkətin təsisçiləri Dövlət Neft Şirkəti (SOCAR) və Dövlət Neft Fondudur (ARDNF).

  • Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

    2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub.

    Median.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur.

    Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.5 milyon ədəd təşkil edib.

    Eyni zamanda, 1 786.1 ton tütün istehsal olunub, bu göstərici isə illik müqayisədə 56.6 faiz azalıb. Tütün üzrə hazır məhsul ehtiyatı 486.9 ton səviyyəsində olub.

    Spirtli içkilərin istehsalında fərqli dinamika müşahidə edilib. 2025-ci ilin yanvar-noyabr aylarında 395.4 min dekalitr viski və brendi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48.2 faiz azdır. Üzüm şərabının istehsalı 554.7 min dekalitr təşkil edərək 50.1 faiz azalıb. Araq istehsalı 1 422 min dekalitr olub və 5.1 faiz azalma qeydə alınıb. Pivə istehsalı isə 4 972.9 min dekalitr səviyyəsində olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz artıb.

    Cari il dekabrın 1-i vəziyyətinə spirtli içkilər üzrə hazır məhsul ehtiyatları viski və brendi üçün 317.2 min dekalitr, üzüm şərabı üzrə 618.5 min dekalitr, araq üzrə 175.1 min dekalitr, pivə üzrə isə 200.4 min dekalitr təşkil edib.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.1% artaraq 64.43 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64.36 ABŞ dolları təşkil edib.

  • Avro bahalaşır: 2026-cı ildə valyutanı nə gözləyir?

    Gələn həftə avro yenidən bahalaşa bilər. Valyutaya əsas təsir edən amil Avropa Mərkəzi Bankının iclası olacaq.

    Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, Avropanın vahid valyutası ABŞ Federal Ehtiyat Sisteminin ardıcıl üçüncü dəfə faiz dərəcələrini azaltmasından sonra son iki ayın maksimumu yaxınlığında hərəkət edir.

    Vəziyyəti Avropa Mərkəzi Bankının İcraiyyə Şurasının üzvü İzabel Şnabelin şərhləri də qızışdırıb. Sərt pul-kredit siyasətinin tərəfdarı olan alman ekspert əmindir ki, investorlar Avropa Mərkəzi Bankının növbəti faiz artırılmasını müsbət qiymətləndirirlər.

    Bazar əhvalı, həqiqətən də, son üç ayda ən optimist səviyyədədir.

    Mərkəzi Bank 2026-cı ildə faiz dərəcələrini artırmasa belə, “Morgan Stanley” strateqləri avronun 2026-cı ilin ikinci rübünə qədər 1,30 dollara yüksələcəyini proqnozlaşdırırlar.

    Qeyd etmək lazımdır ki, bu ay avronun qiyməti 1,18 dollardır.