Category: İqtisadiyyat

  • Qızıl və gümüşün qiyməti rekord həddə çatdı

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızıl və gümüş füçerslərinin qiyməti tarixi maksimumları yeniləyərək, müvafiq olaraq trua unsiyası (təqribən 31 qram – red.) üçün 4 425 və 69.5 dolları keçib.

    Bu barədə ticarət məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 8:17-yə olan məlumata görə, qızılın qiyməti 0.94% artaraq 4428.5, gümüşün qiyməti isə 3.01% artmaqla 69.52 dollara çatıb.

    Məlumata görə, ilin əvvəlindən bəri qızıl 62.82%, gümüş isə 137.27% bahalaşıb.

  • Azərbaycan neftinin qiyməti 64 dolları keçdi

    Azərbaycan neftinin qiyməti 64 dolları keçdi
    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dollar və ya 0,59 % artaraq 64,25 ABŞ dolları təşkil edib.
    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 61,17 ABŞ dolları təşkil edib.
    Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,38 ABŞ dolları və ya 0,61 % artaraq 62,15 ABŞ dolları təşkil edib.
    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

  • Platinin qiyməti 17 illik maksimuma çatdı

    Nyu-York Ticarət Birjasında (NYMEX) 2026-cı ilin yanvar ayı üçün platin füçerslərinin qiyməti bir Trua unsiyasına görə 2 000 dolları keçib.

    Bunu ticarət məlumatları sübut edir.

    Bildirilir ki, bu, 15 iyul 2008-ci ildən bəri ilk dəfə baş verib.

    Məlumata görə, ilin əvvəlindən bəri qiymətli metalın qiyməti iki dəfədən çox, 115.39%, dekabrın əvvəlindən isə 16.46% artıb.

  • Azərbaycan Kanadadan mal əti tədarük etməyə başlayıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 39,8 milyon ABŞ dolları dəyərində 9 min 708 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çox, kəmiyyət olaraq – 0,3 % azdır.

    Hesabat dövründə Azərbaycan Ukraynadan 23,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % az) 5 min 125 ton (-10 %), Braziliyadan 7,7 milyon ABŞ dolları dəyərində (+27 %) 2 min 482 ton (+22 %), Belarusdan 4,7 milyon ABŞ dolları dəyərində (+18 %) 1 min 52 ton (+3 %), Hindistandan 3 milyon ABŞ dolları dəyərində (+43 %) 920 ton (+33 %), Rusiyadan 521 min ABŞ dolları dəyərində (-43 %) 78,1 ton (-48 %) məhsul alıb.

    Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadadan tədarük (0,6 min ABŞ dolları dəyərində 0,03 ton) həyata keçirilib.

    2024-cü ildə Azərbaycana idxal edilmiş 12 min ton mal ətinin 59 %-i Ukraynanın payına düşüb.

  • Dövlət Komitəsi gələn ilin tədbirləri üçün 4,5 milyon manat ayırdı

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2026-cı il üçün fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlərin təşkili xidmətlərinin satın alınması məqsədilə iki ayrı tender elan edib.

    Oxu.Az xəbər verir ki, tenderlərin ehtimal olunan məbləği 4.5 milyon manatdan çoxdur.

    Birinci tender komitənin 2026-cı ilin I yarımili üzrə fəaliyyət planına uyğun tədbirləri əhatə edir və ehtimal olunan dəyəri 2 milyon 988 min 816.10 manat təşkil edir. Tender çərçivəsində uşaq hüquqları, uşaq əməyi, sosial media platformalarında uşaqların hüquqlarının qorunması, beynəlxalq konfrans və təhlillərin aparılması, eləcə də “Uşaq Səfirlər Məclisi” layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsinin təşkili nəzərdə tutulur.

    İkinci tender isə 2026-cı ilin II yarımili üzrə tədbirlərin təşkili xidmətlərini əhatə edir və ehtimal olunan qiymət 1 milyon 517 min 421 manatdır. Bu tender çərçivəsində uşaq əməyi ilə bağlı beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər, “Ailəm könüllüləri” proqramının icrası, əlilliyi olan uşaqlarla bağlı kadrların hazırlanması, regionlarda qadın və uşaq hüquqları üzrə təhlillər, eləcə də insan alveri və məişət zorakılığına dair sosial çarxların hazırlanması planlaşdırılır.

    Hər iki satınalmaya yanvarın 23-də yekun vurulacağı planlaşdırılır.

  • Azərbaycanın neft məhsulları Ermənistana ÇATDI

    Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.

    Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial media hesabında məlumat verib.

    Onun sözlərinə görə, Bakıdan yola salınan 1 300 ton Azərbaycanın “Aİ-95” markalı benzinini daşıyan yük qatarı artıq Ermənistandadır.

    O qeyd edib ki, neft məhsulları daşıyan 22 vaqon Gürcüstan-Ermənistan sərhədini keçib.

    Papoyanın sözlərinə görə, bu, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından sonra, eləcə də bütövlükdə müstəqillik dönəmində ilk ticarət və iqtisadi sövdələşmədir.

    Qeyd edək ki, dünən Biləcəri stansiyasından Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana göndərilib.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.47 ABŞ dolları və ya 0.74% artaraq 63.87 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 63.4 ABŞ dollarına bərabər olub.

  • Qızılın qiyməti tarixi maksimumu yeniləyib

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir troya unsiyası üçün 4 400 dolları ötərək, tarixi maksimumu yeniləyib.

    Median.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir.

    Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 21:18-də 1.05% artaraq, bir troya unsiyasına görə 4 407.5 dollar təşkil edib.

  • Azərbaycan – Oman iqtisadi əməkdaşlığı müzakirə etdi

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
     
    Görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib.
     
    Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.
     
    Görüşdə bərpa olunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.

  • Unun topdansatış qiymətləri AÇIQLANDI

    Ölkə üzrə fəaliyyət göstərən un istehsalçıları və topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin satış qiymətləri açıqlanıb.

    Median.Az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, siyahıya Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz, Salyan, Tovuz, Ağsu, Göygöl, Şəmkir və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28-dən çox sahibkarlıq subyekti daxildir.

    Məlumata görə, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri əsasən 26,10 manat – 28,60 manat aralığında dəyişir. Ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən “Dəvəçi-Taxıl” MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də (28.6 manat) qeydə alınıb.