Category: İqtisadiyyat

  • “İşıqların kəsilməsi ölkəyə milyardlarla dollar zərər vurub” – Ekspert

    “Ötən gecə baş verən hadisə nəticəsində ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib”.

    Bu sözləri Yenicag.az-a açıqlamasında gecə saatlarında “Mingəçevir” İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza və yanğın nəticəsində bütün respublikanın qaranlığa qərq olmasının ölkə iqtisadiyyatına vurduğu ziyanı hesablayarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

    “Elə istehsal sahələri var ki, ora fasiləsiz elektrik enerjisi verilməlidir. Məsələn, poladəritmə sexində poladın əridilməsi prosesində elektrik enerjisinin verilişi kəsildikdə, qazandakı metal məhlulu həmin qazana yapışaraq, ümumiyyətlə sıradan çıxır. Belə olan halda onun yenidən bərpasına milyonlarla manat vəsait lazım gəlir. Neftayırma zavodunda benzin istehsal edən qurğuya elektrikin verilişində 30 saniyə fasilə baş verərsə, qurğu partlayar. Bu mənada alternativ elektrik mənbəyi olmayıbsa və yaxud vaxtında qoşulmayıbsa, böyük ehtimalla Azərbaycan neftayırma zavodundakı həmin qurğu partlayıb. Belə olan halda hadisə nəticəsində ölkəyə dəyən ziyanın həcmi milyardlarla dollardır”.

    Ekspertin fikrincə, yaranmış vəziyyətin əsas səbəbi ölkədə korrupsiya, məsuliyyətsizlik, kooperativ maraqların dövlət maraqlarından üstün tutulması ilə bağlıdır:

    “Digər tərəfdən inanmıram ki, bütün ölkənin qaranlığa qərq olması təkcə “Mingəçevir”də elektrik stansiyasının partlaması ilə bağlı olsun. Ölkə üzrə 30-a yaxın elektrik stansiyası var. Onlardan yalnız biri sıradan çıxırsa, nəyə görə bütün ölkə üzrə elektrik enerjisinin verilişində fasilə yaranmalı, strateji obyekt sayılan metroda işıqlar sönməlidir? Sənədləşdirmədə yüksək keyfiyyətli avadanlığın gətirildiyi göstərilir. Reallıqda isə Çinin ən keyfiyyətsiz avadanlıq və qurğularından istifadə olunur. Hesab edirəm ki, baş verən hadisə ilə ölkə iqtisadiyyatına vurulan zərərin həcminin milyardlarla dollar ölçülməsi məhz məsuliyyətsizlikdən, korrupsiyadan irəli gəlir. Yoxsa, bir stansiyanın partlaması iqtisadiyyata bu qədər böyük həcmdə ziyan vura bilməz. Yəni ki, yaxın günlərdə rəsmi qurumlar da olay nəticəsində iqtisadiyyata dəyən ziyanla bağlı açıqlama verəcək. Nəticədə baş vermiş hadisə ilə iqtisadiyyata dəymiş ziyanın adekvatlığını tam aydınlaşdıra biləcəyik. Amma ilkin qənaətim odur ki, baş verən hadisə ilə ölkə iqtisadiyyatına dəyən zərər adekvat deyil. Ona görə adekvat deyil ki, dəymiş zərərin hamısı birbaşa baş verən hadisə ilə əlaqədar deyil”.

    Xatırladaq ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Qəza yanğınla nəticələnib. Nəticədə bütün ölkə demək olar ki, səhərə qədər elektriksiz qalıb. Hansı ki, indinin özündə belə rayonlar bir yana, hətta Bakıətrafı əksər ərazilərdə belə elektrik verilişi tam bərpa olunmayıb.

  • Agentlik sahibkarlıq subyektlərinin qeydiyyatına başlayır

    Qida Təhlükəsizliyi Agentliyi bu gündən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq.

    Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək.

    Eyni zamanda, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək.

  • Azərbaycan nefti yüksəlişdə: 80 dolları keçdi

    Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb.

    “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,92 dollar və ya 2,44% artaraq, 80,53 dollar təşkil edib.

  • Tarif Şurasından vacib açıqlama: İşıqpulu artırılır?

    Tarif Şurası enerji qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda enerji tariflərinə yenidən baxılması müzakirə mövzusu deyil.

    Bəzi saytların yaydığı məlumata görə, “Azərenerji” və “Azərişıq” ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. Müraciətlə enerji qiymətlərinin 14-16 qəpiyədək qaldırılacağı bildirilib.

    Bu qəbildən olan xəbərlər sosial şəbəkələrdə müzakirələrə və panikaya səbəb olub.

    Xatırladaq ki, 2016-cı ildə edilən dəyişikliklə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşib.

  • Aksiz vergisindən azad alkoqollu içki və siqaretin həcmi azaldılır

    Azərbaycanda fərdi istehlak üçün ölkəyə gətirilən aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır.

    Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

    Nazirin sözlərinə görə, bu, Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır.

    Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan üç litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksizdən azad idilər. Dəyişikliklə əlaqədar Vergi Məcəlləsinə 194.1.2-ci maddə əlavə edilir.

    Yeni maddəyə görə, aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

  • Qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısı artırılıb

    “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”na dəyişiklik edilib.

    Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Dəyişikliyə əsasən, bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi xidmətləri siyahıya əlavə olunub.

  • Azərbaycan nefti kəskin bahalaşdı

    Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb.

    “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 2,7 dollar və ya 3,54% artaraq 78,95 dollar təşkil edib.

  • Neftin qiyməti 150 dollara yüksələcəkmi? – RƏY

    ABŞ müttəfiqlərindən İrandan neft idxalını noyabr ayına qədər dayandırmalarını istəyib.

    ABŞ-ın Xəzinə Nazirliyinin açıqlamasına görə, noyabrın 4-nə qədər müttəfiq ölkələr, eləcə də, şirkətlər İrandan neft idxalını dayandırmalıdırlar.

    Bildirilib ki, şirkətlər göstərilən müddətdə İranla neft ticarəti edərlərsə, ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər.

    Qeyd edək ki, ABŞ-ın xəbərdarlığının bazarlara təsiri özünü gecikdirmədi. Belə ki, açıqlamadan dərhal sonra neftin qiyməti bahalaşmağa başladı. Sual doğuran İrana qarşı sanksiyaların neftin qiymətinə hansı həddə qədər təsir göstərəcəyidir.

    Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a açıqlamasında bildirdi ki, neft London birjasında 77 dollara qədər yüksəlib:

    “Bu da Dövlət Departamentində bir mənbənin şirkətlərə İranla neft ticarətini dayandırmaları ilə bağlı xəbərdarlıq etməsinin ictimaiyyətə sızdırılmasından qaynaqlanır. May ayının 12-də ABŞ prezidentinin İrana qarşı sanksiyaların bərpa edilməsi ilə bağlı qərarından sonra əlaqələrə yenidən baxılması uçün altı ay vaxt verilmişdi.

    Doğrusu, İranla neft ticarətinin dayandırılması ilin sonuna gözlənilirdi. Ancaq artıq konkret vaxt açıqlandı”.

    İ.Şaban deyir ki, şirkətlərə və dövlətlərə xəbərdarlıq bazarda təlatümlə qarşılanıb:

    “ABŞ-ın İrana qarşı atacağı addımlar, bir çoxlarının gözlədiyi kimi, ötəri olmayacaq. Belə ki, sanksiyalar əvvəlkindən daha ciddi və sərt şəkildə həyata keçiriləcək. Ona görə də bazar Dövlət Departamentindəki mənbənin sözlərinə belə reaksiya verir.

    İkinci tərəfdən, dünən Vaşinqtonda keçirilən “World Gas Conference”də ABŞ energetika naziri bildirdi ki, ilin sonuna qədər bazarda qıtlıq yaşana bilər. Bu açıqlama da birjaya təsir edib”.

    İ.Şaban deyir ki, hazırda dünyada neftə olan tələbat kifayət qədərdir:

    “Makroiqtisadi göstəricilərə əsasən, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin enerjiyə olan tələbatı ilin ikinci yarısında da davam edəcək. Bu da neftin qiymətində, eləcə də, həcmində özünü göstərəcək”.

    İ.Şabah hesab edir ki, qeyd edilən proseslər neftin orta illik qiymətinin 70 dollardan aşağı düşməsinə imkan verməyəcək.

    İran neftinin bazar payına toxunan ekspert deyir ki, bu ölkə 3,8 milyon barel gündəlik neft hasil edir:

    “Bunun 2,8 milyon barelini ixrac edir. OPEC-in may ayı üzrə hesabatına əsasən, İranın neft ixracı 2,5 milyon barelə qədər azalıb. Yəni Donald Trampın sanksiyaları imzalamasından sonra İranın neft ixracı 300 min barel düşüb. Belə çıxır ki, xarici neft şirkətləri İran nefti almaqdan imtina etməyə başlayıblar”.

  • Azərbaycan Rusiyanın bəzi bölgələrindən quş əti idxalını dayandırdı

    Xəbər verdiyimiz kimi, Beynəlxalq Epizootik Büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen quş qripi qeydə alıb. Artıq Belarus və Qazaxıstan bu ərazilərdən sözügedən məhsulların idxalını dayandırıb.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin oxu.az-a açıqlamasına görə, Azərbaycan sözügedən ərazilərdən quş ətinin idxalını dayandırıb:

    “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Moskva və Moskvaərtafı bölgədə quş qripi təhlükəsi ilə bu məhsulların idxalına qadağa qoyub. Bu səbəbdən biz də həmin ərazilərdən quş əti məhsullarının idxalına məhdudiyyətlər tətbiq etmişik”.

    Qərarın hansı müddətə qədər davam edəcəyinə gəlincə, Y.Xanvəli bildirdi ki, bu, xəstələyin nə zaman aradan qaldırılmasından asılıdır. Onun sözlərinə görə, qadağa beş ay da qüvvədə ola bilər.

    Y.Xanvəli onu da əlavə etdi ki, iyul ayının 1-dən Baytarlıq Xidmətinin bu səlahiyyətini Qida Təhlükəsizliyi Agentliyi icra edəcək.

    O, Azərbaycanın Rusiya, Ukrayna və Gürcüstandan quş əti və məhsulları idxal etdiyini vurğuladı:

    “Məsələn, Dağıstanda eyni vəziyyət qeydə alınmadığından oradan quş ətinin idxalı dayandırılmayıb”.

    Nəzərə çatdıraq ki, Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev Rusiyada quş əti idxal edilmədiyini bildirir.

    Onun sözlərinə görə, Azərbaycan quş ətinə tələbatını yerli istehsal hesabına ödəyir.

    Bu arada, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında quş əti və onun əlavə məhsulları – 13,3 faiz azalıb. Hansı ki, ilin əvvəlində bu rəqəm üç dəfə artmışdı.

  • Yüksək rütbəli şəxslərin əmək pensiyalarına əlavələr yenidən hesablanacaq

    “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilib.

    Median.Az xəbər verir ki, dövlət başçısının fərmanı ilə təsdiqlənən qaydalarda sabiq baş nazir və müavinlərinin, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbər müavinlərinin, yerli icra hakimiyyəti orqanının rəhbərinin (başçısı), Milli Televiziya və Radio Şurasının üzvlərinin, sabiq hakimlər, prokurorluq orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin, fövqəladə hallar orqanlarının işçilərinin əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablama qaydası müəyyən olunub.

    Beləliklə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq hakimlər, xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla, prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla), əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla), əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri, xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya I qrup əlil olmuş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla), xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya I qrup əlil olmuş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla), xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya I qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürüləcək.

    Sənəddə qeyd olunur ki, bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur.

    Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.