Category: İqtisadiyyat

  • Mərkəzi Bankın zəruri saydığı 200 manatlıqlar niyə dövriyyədə deyil? – RƏY

    Ötən ay dövriyyəyə buraxılan 200 manatlıq əskinasların hələ də hesablaşmalardakı payı azlıq təşkil edir.

    Nağd əməliyyatlarda, pərakəndə satış zamanı ödənişlərdə 200 manatlıq əskinaslara, demək olar ki rast gəlinmir.

    Sadəcə, barmaqla sayıla biləcək qədər şəxsdə 200 manatlıq əskinas var. Onlar da bu nominalı nadir nümunə kimi istifadə edirlər. Yəni portmanatlarının bir cibində kimlərəsə belə nominala sahib olduqlarını göstərmək məqsədilə saxlayırlar.

    Xatırladaq ki, Mərkəzi Bank sədri bankların istənilən həcmdə sifariş yerləşdirib 200 manatlıq əskinasları təhvil ala biləcəyini söyləmişdi. Həmçinin bildirmişdi ki, bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi – 0,2% müəyyən edilib.

    Görünür, digər əskinaslar üçün 0,1% tarif dərəcəsinin mövcud olması bankları 200 manatlıq əskinas almağa maraqlı etmir.

    Kimdə 200 manatlıq əskinas var?

    Əvvəlcə müştəri kimi bankların kassalarına müraciət etdik. Bildirdilər ki, onlarda 200 manatlıq əskinas yoxdur. Market və dükanlardan da eyni cavabı aldıq.

    İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, 200 manatlıq əskinasların iyun ayında dövriyyəyə buraxılmasına baxmayaraq, çoxları bu əskinasları görməyib:

    “Bu da praktik olaraq, əskinasların dövriyyədə payının az olması və ya az nominalın buraxılması ilə bağlıdır. Digər tərəfdən, 200 manatlıq əskinasların buraxılmasına ehtiyac və tələb yox idi”.

    Ekspert deyir ki, 200 manatlıqların dövriyyəyə buraxılması pul bazasında heç nəyi dəyişməyib:

    “Hesablaşmalara təsir etməyib. Belə ki, 100 manatlıq nominalların dövriyyəsini azaltmayıb. Baxmayaraq ki, 200 manatlıq əskinasların buraxılmasını Mərkəzi Bank zəruri hesab edirdi”.

    Onun sözlərinə görə, indiki məqamda irinominallı əskinasların dövriyyəyə buraxılmasına ehtiyac yoxdur.//oxu.az

  • Qatarlarda gediş haqqı artırılır

    İyul 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Məlumatda qeyd edilib ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları təxminən 10% artırılacaq.

  • Neft Fondu üç tona yaxın qızıl alıb

    Yanvar-iyun aylarında ARDNF London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan 2 ton 799,31 kq (90 min troya unsiyası) qızıl alıb.

    Median.Az Fonda istinadən xəbər verir ki, bununla da ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı 2018-ci il iyunun 30-na 32974,21 kiloqram (1 mln. 60 min 145,51 troya unsiyası) təşkil edib.

    30 iyun 2018-ci il tarixinə fond qızıl alışına 1 mlrd. 326,5 mln. ABŞ dolları məbləğində investisiya yönəldib.

  • Vaxt açıqlandı: Azərbaycan tam üzən məzənnəyə keçəcək

    Hesabatda qeyd olunub ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır

    2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

    Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

    Sənəddə qeyd edilib ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən icra edib. Tədbirlər planı tam hazır edilmədiyindən Maliyyə Sabitliyi Şurası ötən il bu sənədi təsdiq edə bilməyib.

    Hesabatda qeyd olunub ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır.

    Bu istiqamət üzrə əsas icraçı orqan olan Mərkəzi Bank tərəfindən 2019-cu ildə tam üzən məzənnə rejiminə keçid üçün tədiyyə balansında və istehlak səbətində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılması və tam üzən məzənnə rejiminə keçidin müddətlərinin müəyyənləşdirilməlidir. 2020-ci ildən isə Mərkəzi Bank tam üzən məzənnəyə keçidi təmin etməlidir.

    Qeyd edək ki, Mərkəzi Bank “Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində” 2017-ci ildə nəzərdə tutulan tədbirləri 69 faiz icra edib.

  • Rüsumsuz gətirilən siqaret və alkoqollu içkinin həcmi azaldıldı

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

    Dəyişiklik Azərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcminin azaldılması ilə bağlıdır.

    Ölkəyə idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi iki dəfə, siqaretin həcmi isə üç dəfə azaldılıb.

    Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər. Bundan əvvəl üç litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

    Dövlət başçısı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1195-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Sənədə əsasən, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyən edilib.

  • Azərbaycan nefti yüksəlişdə

    Azərbaycan nefti iyulun 16-da 2 dollardan çox bahalaşıb.

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 2,1 dollar və yaxud 2,81% artaraq 76,85 dollar/barelə bərabər olub.

  • “Vergi yükünün azaldılması nəzərdən keçirilir” – NAZİR

    Vergilər Nazirliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) birgə təşkilatçılığı ilə qurumun üzvləri və sahibkarlarla görüş keçirilib.

    Median.Az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, “AHK-İmpuls” tədbirində vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, AHK Azərbaycan rəhbərliyi və təşkilata üzv şirkətlər iştirak edib.

    Tədbirdə çıxış edən “AHK Azərbaycan”ın icraçı direktoru Tobias Bauman Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələr arasında imzalanmış müxtəlif sənədlərin xarici investorların iqtisadiyyatın müxtəlif sahələrdə fəal iştirakına əlverişli şərait yaratdığını bildirib. Qeyd edilib ki, ticarət dövriyyəsinin həcminə görə, hazırda Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 5-ci yerdədir.

    Görüşdə vergilər naziri Mikayıl Cabbarov bildirilib ki, Vergilər Nazirliyi biznes nümayəndələri, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə açıq dialoqa və qarşılıqlı geniş fikir mübadiləsinə böyük əhəmiyyət verir. Palata hər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verir, eyni zamanda, Vergilər Nazirliyi təşkilatla yaxşı platformaya çevrilmiş bu əlaqələrin biznes mühitinin yaxşılaşdırılması sahəsində səmərəli nəticələr verəcəyini gözləyir.

    Vergilər naziri bildirib ki, rəhbərlik etdiyi qurumun qarşısında vergi mühitinin cəlbediciliyinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması, vergi orqanlarında şəffaflığın təmin olunması istiqamətlərində mühüm vəzifələr müəyyənləşdirilib. Vergilər Nazirliyinin başlıca strategiyası dövlətin həyata keçirdiyi fiskal siyasətə uyğun olaraq vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilən vergilərin tam və vaxtında ödənilməsini təmin etməkdir. Müasir iqtisadi şərait, biznes mühiti, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər həm vergi ödənişlərinin təmin edilməsi, həm də vergi inzibatçılığının həyata keçirilməsi baxımından qarşıya yeni tələblər qoyur. Hazırda vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi və struktur islahatları həyata keçirilməkdədir, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir.

    M.Cabbarov bildirib ki, struktur islahatlarının ən vacib institusional yeniliklərindən biri yeni apelyasiya institutunun yaradılmasıdır. Bu struktur vergi orqanı ilə vergi ödəyiciləri arasında mübahisələrin ədalətli şəkildə həll olunması və şəffaflığın təmin olunmasına, vergi orqanlarından şikayətlərə obyektiv və vaxtında baxmaqla vergi ödəyicilərinin etimadının artırılmasına xidmət edəcək.

    İslahatların digər mühüm istiqamətlərindən biri vergi auditinin təkmilləşdirilməsidir. Bu məqsədlə yaradılmış audit departamenti yoxlama və nəzarət tədbirlərinin vahid mərkəzdən idarə olunması, yoxlamaların koordinasiyası, rəqəmsal texnologiyalara əsaslanan təkmil risk qiymətləndirilməsinin həyata keçirilməsi, yoxlamaların keyfiyyətinin artırılması, audit sistemin şəffaf, effektiv və keyfiyyətli qurulmasına imkan yaradacaq. Risklərin qiymətləndirilməsi meyarı vergi orqanı əsas fəaliyyət istiqamətlərindən olacaq.

    Nazir qeyd edib ki, islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin aparılması məqsədilə ixtisaslaşmış strukturlar yaradılıb. Yeni institusional struktur vergi siyasətini dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmış analitik potensial üzərindən qurulmasına yardım edəcək. Makro və mikro səviyyədə iqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması mümkün olacaq. Bu siyasət kiçik və orta sahibkarlığın dəstəklənməsinə, vergitutma bazasının genişlənməsinə, vergi mədəniyyətinin gücləndirilməsinə öz töhfəsini verəcək.

    Bildirilib ki, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması aparılan islahatların əsas prioritetlərindəndir.

    Vergi yükü ilə bağlı məsələyə diqqət çəkən vergilər naziri qeyd edib ki, fiskal dərəcələrin aşağı salınması, bəzi vergi dərəcələrinin optimallaşdırılması yolu ilə vergi yükünün azaldılması nəzərdən keçirilir. Bu islahatlar qeyri-rəsmi məşğulluğun qarşısının alınması, şəffaflığın təmin edilməsi, könüllü əməletmənin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. M.Cabbarov yeni vergi sisteminin sahibkarlar üçün əvvəlcədən proqnozlaşdırıla bilən və şəffaf vergi mühitinin yaranmasına xidmət edəcəyini vurğulayıb.

  • Azərbaycan nefti kəskin ucuzlaşdı

    Azərbaycan nefti iyulun 12-də 2 dollardan çox ucuzlaşıb.

    “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 2,44 dollar və ya 3,04% azalaraq 77,92 dollar təşkil edib.

  • Azərbaycan nefti yenidən yüksəlişdə

    Azərbaycan nefti 1 dollardan çox bahalaşıb.

    “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,18 dollar və ya 1,5% artaraq, 79,62 dollar təşkil edib.

  • Vergilər Nazirliyində kadr dəyişikliyi olub

    Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, vergilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad edilib.

    Eyni zamanda, vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.

    Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

    Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.