Category: İqtisadiyyat

  • Azərbaycandan xaricə pul köçürmələrinin azalmasının səbəbi açıqlandı

    2017-ci ildə neft-qaz sektoru üzrə 1 846,8 mln. dollar kəsir, qeyri-neft sektoru üzrə isə 87,2 mln. dollar profisit olub.

    Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə azalaraq 1 759,5 mln. dollar təşkil edib.

    İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4,3 mlrd.dollar olub. Bunun 70%-i (3 mlrd.dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1,9 mlrd.dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (278,6 mln.dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (458,9 mln.dollar) təşkil edir.

  • Azərbaycanda siqaret BAHALAŞDI

    Azərbaycanda siqaret markalarından biri bahalaşıb.

    Median.Az Minval.info-ya istinadən xəbər verir ki, siqaret çəkənlərin ən çox istifadə etdiyi “Winston XS”in qiyməti qalxıb. Buna səbəb kimi gömrük sərhəd buraxılış məntəqəsində tütün məhsullarının saxlanılması göstərilir.

    Məlumata görə, siqaretlərin ölkəyə keçirilməsində artıq 1 aydır ki, problemlər yaranıb. Bununla əlaqədar “Winston XS”in qiyməti 0.10 manat bahalaşıb. Sözügedən siqaret markası bəzi satış nöqtələrində yeni qiyməti ilə satılır.

  • Azərbaycan daha 4 ölkəyə meyvə ixrac edə bilər

    Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunun Yuxarı Zeyxur kəndində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti işgüzar forum keçirib.

    Nazirlikdən verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

    İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
    İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq və bağçılıq sahələrinin inkişafına, logistik mərkəzin tikintisinə inkişafına yönəldiləcək və 80-dən çox yeni iş yeri açılacaqdır. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 189,1 milyon manat güzəştli kredit verilib.

    Forum çərçivəsində Qusar rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış 400 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının və tutumu 12 min ton olan logistik mərkəzin daxil olduğu kompleksə baxış keçirilib. Kompleksdə ötən il istehsal olunan meyvə Rusiya, Qazaxstan, BƏƏ və Gürcüstana ixrac edilib. Hazırda Qətər, Əfqanıstan, Pakistan, Sri-Lanka və s. ölkələrlə danışıqlar aparılır. Bu kompleks fəaliyyətini genişləndirərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən istehsal olunan məhsulların tədarükünü, çeşidləmə və qablaşdırma, istehsal olunan məhsulların saxlanması, satışının təşkili, nəqliyyat, sertifikatlaşdırma, gömrük və digər xidmətlər göstərəcəkdir ki, bu da yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdıracaq.

  • Kürdəmirdə xalça istehsalı emalatxanasının tikintisinə pul ayrılıb

    Prezident İlham Əliyev Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • Azərbaycan və İran energetika sahəsində biznesi genişləndirir

    Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də, on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar.

    Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumunda bildirib.

    O qeyd edib ki, ticarət dövriyyəsi həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaq:

    “Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq.

    Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin.

    Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı – Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi.

    Eyni zamanda, biz dünən cənab prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb.

    Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır. Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir”.

  • Əmək haqlarının ödənilməsi qaydası dəyişir: Hər kəs çalışdığı qədər maaş alacaq

    Dövlət müəssisələrində əməyin ödənilməsində diferensial sistem tətbiq ediləcək

    Azərbaycanda 2018-ci ilin iyul ayınadək büdcədən maliyyələşən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur. Bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti üzrə hesabatında öz əksini tapıb.

    Hesabatda bildirilir ki, həmin müddətədək əmək haqqının məbləğində iqtisadi risklərin təsirlərini və əməyin keyfiyyəti parametrlərini nəzərdə tutan vahid və çevik əməyin ödənişi sisteminin yaradılması ilə bağlı təkliflərin hazırlanması da planlaşdırılır. Hazırda Azərbaycanın dövlət orqanlarında (Azərbaycanın xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) işləyən dövlət qulluqçularının aylıq vəzifə maaşlarının minimum məbləği inzibati vəzifələr üçün 250 manat, yardımçı vəzifələr üçün isə 150 manatdır.

    Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, burada əməyin yenidən qiymətləndirilməsi ilə bağlı 2 məqamın nəzərə alınması qeyd olunub: “Birincisi, iqtisadi risklərin qiymətləndirilməsi və əməyin ödənilməsində nəzərə alınmasıdır. İkincisi, əməyin ödənilməsində daha diferensial sistemin, yəni təşviqin tətbiq edilməsi və keyfiyyətə görə qiymətləndirmənin həyata keçirilməsidir”.

    Ekspertin sözlərinə görə, iqtisadi risklərin qiymətləndirilməsi daha çox müəssisədaxili iqtisadi risklərin hesablanmasını, eyni zamanda, müəssisədən, yəni iş yerindən asılı olmayan iqtisadi risklərin qiymətləndirilməsi və nəzərə alınmasını nəzərdə tutur: “Məsələn, məzənnədəki dəyişikliklər, istehlak bazarındakı qiymət artımları və ya inflyasiya dərəcəsinin dəyişməsi, hətta xarici faktorların iqtisadiyyata təsirləri”.

    “Nəticə etibarı ilə bir sıra hallarda iqtisadi risklər əməyin ödənilməsi zamanı, xüsusən də əmək haqqının alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxarır. Yeni təkliflərdə əməyin ödənilməsi zamanı bu risklərin nəzərə alınması və buna uyğun olaraq əmək haqqının müəyyənləşdirilməsi, əməyin ödənilməsi dəyərinin hesablanması nəzərdə tutulur. Məqsəd odur ki, əmək haqqı və ya əməyə görə ödənilən vəsait nəticə etibarı ilə bu tip risklərdən sığortalansın”, — deyə o əlavə edib.

    İqtisadçının fikrincə, ikinci məqam keyfiyyətə görə əməyin ödənilməsinin müəyyənləşdirilməsidir: “Bu da vacib məqamdır. Çünki bu, əməyin ödənilməsində daha diferensial yanaşmanın nümayiş etdirilməsindən xəbər verir. Məsələn, bir müəssisədə iki fərqli şəxs eyni mövqedə çalışırsa, onların əmək haqları mövcud qanunvericiliyə görə eynidir. Amma onların əməyinin keyfiyyəti fərqli ola bilər və bir sıra hallarda fərqlidir. Nəticə etibarilə bu, artıq keyfiyyətə görə əməyin ödənilməsinin müəyyənləşdirilməsinə və əmək haqqının hesablanmasına gətirib çıxaracaq”.

    Ekspertin qənaətincə, nəticədə daha keyfiyyətli iş həyata keçirən, daha çox töhfə verən işçi daha yüksək əmək haqqı alacaq: “Digəri isə onunla müqayisədə daha az əmək haqqı alacaq. Bu da əməyin qiymətləndirilməsi zamanı diferensial sistemin tətbiq edilməsi anlamına gəlir. Bu, keyfiyyətə görə əməyin ödənilməsi və əmək haqqının məbləğinin müəyyənləşdirilməsinə səbəb olacaq”.

    “O baxımdan bunun tətbiqi nəticədə əməyin ödənilməsində kəmiyyətdən daha çox keyfiyyət göstəricilərinə üstünlük verilməsinə gətirib çıxara bilər. Eyni zamanda, bu, əməyin müəssisədən kənar iqtisadi risklərdən sığortalanmasına səbəb ola bilər” — V.Bayramov bildirib.

    İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, dövlət sektorunda əməyin məhsuldarlığı düzgün qiymətləndirilmir və bəzi hallarda daha çox çalışan, töhfə verən işçilər digərləri ilə eyni əmək haqqı alırlar, bu isə doğru yanaşma deyil.

    “Uzun müddətdir bu yanaşmanın dəyişməsi təklif olunur və hərə öz əməyinə, bacarıqlarına, ümumi işin gedişatına verdiyi töhfəsinə görə əmək haqqı almalıdır. Yəni istənilən halda çalışanın zəhməti qiymətləndirilməlidir. Ola bilsin, əməyin hesablanması qaydalarında dəyişikliklər diferensial qiymətləndirmənin tətbiqi ilə bağlıdır”, — deyə R.Həsənov bildirib.

    ÆmÉk haqqı

  • “Made in Azerbaijan”- çeşid artır, ixrac coğrafiyası genişlənir

    Median.Az “Azərbaycan” qəzetinə istinadən yazını təqdim edir.

    Azərbaycanda uğurla reallaşdırılan iqtisadi islahatların prioritetlərindən biri ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və ixracının təşviqidir. Artıq demək olar ki, Azərbaycan brendi dünyada şöhrət qazanmağa başlayıb.

    Ötən il 3179 çeşiddə məhsul ixrac edilib

    Məhsullarımızın xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi üçün atılan praktik addımlar öz müsbət nəticəsini verməkdədir. Ötən il “Made in Azerbaijan” brendi ilə 3179 çeşiddə məhsulun ixracı bunu deməyə əsas verir.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün təqdim olunan növbəti sayında göstərilir ki, yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. İlin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36.8 milyon dollar). Bundan başqa, Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

    Ən çox ixrac olunanlar – qızıl, xurma və polietilen

    Yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 milyon dollar). Bu siyahıda ikinci yeri xurma (13 milyon dollar), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 milyon dollar) tutub.

    Ümumiyyətlə, yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3.6 milyon dollar olub.

    2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb.

    15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edilib

    “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 423 min dollar məbləğində gəlir əldə edilib. “Azərkosmos” ASC-nin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.

    78 ölkə, 556,6 milyon dollarlıq ixrac sifarişləri
    Yanvar ayı ərzində “Azexport.az” portalına daxil olan ixrac sifarişləri 81,5 milyon dollar olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından bu ilin 31 yanvar tarixinə kimi portala dünyanın 78 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 556,6 milyon dollar təşkil edib.
    2018-ci ilin yanvar ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya, Türkiyə, Ukrayna, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.
    Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin yanvar ayında ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, pomidor şirəsi, nar,  nar konsentratı və  alma olub. Həmçinin lobya, toyuq yumurtası, dekorativ güllər, kosmetik vasitələr,  quru süd, dekorativ qurğular, qənnadı məhsulları, meyvə cemi, biyan kökü, mebel dəsti, mühərrik yağı, velosiped,  pambıq yağı, boya məhsulları, pambıq toxumu (çiyid),  kərpici  və s. mallara da sifariş daxil olub.
    Təbii qaz və sənaye məhsullarının ixracı getdikcə artır
    Bu ilin ilk 2 ayında Azərbaycandan 217 min 283 ton neft məhsulları, 398 milyon 840 min kilovat/saat elektrik enerjisi, 10 min 568 ton kimya sənayesi məhsulları, 205 milyon 48 min kubmetr təbii qaz, 3 milyon 648 min 802 ton xam neft ixrac edilib.
    İxrac edilən neft məhsullarının dəyəri 107 milyon 7 min dollar, kimya sənayesi məhsullarının dəyəri 6 milyon 623 min dollar, elektrik enerjisinin dəyəri 20 milyon 290 min dollar, təbii qazın dəyəri 29 milyon 428 min dollar, xam neftin dəyəri isə 1 milyard 827 milyon 303 min dollar olub.
    Dünyada ilk dəfə olaraq online vahid ixrac ərizəsi xidməti
    İqtisadi inkişaf strategiyası modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirilən Azərbaycanda çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində böyük layihələr həyata keçirilir.
    Bunlardan biri də fevral ayında təqdim edilən online vahid ixrac ərizəsidir. Dünyada ilk dəfə olaraq Azərbaycanda təqdim olunan bu xidməti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Rəqəmsal Ticarət Qovşağı və “Azexport” portalı vasitəsilə həyata keçirəcək.
    Sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. Yeni elektron xidmət, sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir.

  • Neft sürətlə bahalaşır – RƏQƏMLƏR

    Martın 24-də dünya birjalarında neftin qiyməti bahalaşıb.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,58 dollar və ya 2,46% artaraq 65,88 dollar təşkil edib.

    ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,54 dollar və ya 2,23% azalaraq 70,45 dollar olub.

  • Qızıl 11 dollaradək bahalaşıb

    Amerika fond bazarında “Dow Jones” indeksi 2,93% – 23 957,89 bəndədək, “S&P 500” 2,52% – 2 643,69 bəndədək, NASDAQ isə 2,42% – 7 166,69 bəndədək ucuzlaşıb.
     
    Avropa fond bazarlarında “FTSE 100” indeksi 1,23% – 6 952,59 bəndədək, Almaniya DAX-ı 1,70% – 12 100,08 bəndədək, Fransa CAC-40-ı isə 1,38% – 5 167,21 bəndədək ucuzlaşıb.
     
    COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,80 dollar artaraq 1 344,00 dollara, gümüşün unsiyasının qiyməti 0,11 dollar bahalaşaraq 16,50 dollara satılıb./apa.az

  • Dövlət Film Fondunun işçilərinin maaşı artırılıb

    Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

    Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edib.

    Dəyişikliyə əsasən Dövlət Film Fondunun direktor müavininin maaşı 725 manatdan 798 manata, direktor müavininin maaşı 615 manatdan 677 manata, şöbə müdirinin maaşı 545 manatdan 600 manata, baş mühafizəçisi, baş biblioqraf, baş redaktor, baş mütəxəssisin maaşı 475 manatdan 423 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis, bərpaçı-rəssamın maaşı 450 manatdan 495 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi, mütəxəssisin maaşı 440 manatdan 484 manata, Kompüter operatoru, sürücü, kinomexanik, katibə-makinaçı 190 manatdan 209 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran, dalandarın maaşı 135 manatdan 165 manata qaldırılıb.

    Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.