Category: İqtisadiyyat

  • Vergilər Nazirliyi sahibkarlara tam şəffaf fəaliyyət göstərmək üçün bu ilin sonuna qədər vaxt verib

    Azərbaycanda vergi ödəyicilərinin sənədləşmələri qaydasında olmadığı təqdirdə, vergi orqanları onlara müvafiq sanksiyalar tətbiq edəcək.

    “Report” xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.

    “Müəyyən çətinliklər nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonuna qədər vaxt verilir. 2019-cu il yanvarın 1-dən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək”, – o qeyd edib.

    Nazirin müşaviri yeni dönəmdə vergi orqanlarının da qarşısına qoyulmuş tələbləri tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Bu gün vergi orqanlarının ən ümdə vəzifəsi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməkdir. Sahibkarların öz vergi öhdəliklərini rahat yerinə yetirmələri üçün vergi ödəyicilərinə göstərilən xidmətlər onların gözləntilərinə və tələblərinə uyğun formada qurulacaq və təkmilləşdiriləcək. Vergilər Nazirliyi ödəyicilərə kifayət qədər xidmətlər təklif edir və qarşılıqlı etimad şəraitində onları eşitməyə, qanuni tələblərinə baxmağa, kömək göstərməyə həmişə hazırdır”.

    X.Abdullayev vergi ödəyiciləri ilə münasibətdə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb: “Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq, Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq”.

  • Sahibkarlar vergi qanunvericiliyi ilə bağlı təkliflər verə bilərlər

    Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.

    Median.Az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal və Kiçik Sahibkarlıqla İş Departamenti, eləcə də, ərazi vergi orqanlarının yerləşdikləri və əhatə dairəsində olan 12 şəhərdə – Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Lənkəran, Şəmkir, Quba, Göyçay, Qəbələ, Zaqatala, Şamaxı və İmişlidə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 4000-ə yaxın vergi ödəyicisi iştirak edib.

    Görüşlərdə bildirilib ki, hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də, ictimaiyyətin nümayəndələrinin fikir və təklifləri öyrənilir.

    Bu prosesdə sahibkarlar təşəbbüskar olmalı, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.

    Görüşlərdə vergi ödəyicilərinə ünvanlanmış müasir vergi siyasətinə uyğun tələb və gözləntilər, vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsi, vergi uçotunun təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında qurulmasının vacibliyi, vergi auditinin gəlir və xərc sənədlərinə əsasən aparılması, vergi qanunvericiliyi, vergi inzibatçılığı və digər məsələlər barədə vergi ödəyiciləri ilə işgüzar şəraitdə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

  • Xaricə təbii qaz satışı azalıb

    Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan 205,048 mln. kubmetr təbii qaz ixrac edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qazın idxal dəyəri 29,428 mln. dollar olub.

    Təbii qazın ümumi ixracda payı 1,33% təşkil edib. 2017-ci ilin yanvar-fevral ayında bu rəqəm 2.38 olub.

    Bu ilin iki ayı ərzində ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 37%, dəyəri isə 25% azalıb.

  • Düyü və kərə yağı bahalaşdı

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% bahalaşıb.

    Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% ucuzlaşıb.

    Bayram təamlarının qiyməti artıb

    Ay ərzində uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətlərində bahalaşma, yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, xalça və digər döşəmə örtüklərinin, televizorların, mobil telefon və fotoaparatların qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Avtomobil təmiri ucuzlaşıb

    Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının, avtomobillərin təmiri xidmətlərinin qiymətlərində ucuzlaşma, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, məişət cihazlarının və ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Azərbaycan nefti dəyər itirir

    Martın 9-da keçirilən hərraclarda Azərbaycan nefti ucuzlaşıb.

    Səhər saatlarına “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,17 dollar və ya 1,76% azalaraq 65,28 dollar təşkil edib.

  • Bitkoin 100 dollara düşəcək – PROQNOZ

    Harvard Universitetinin iqtisadçısı Kennez Rodoff növbəti 10 ildə bitkoinin dəyərinin 100 dollara düşəcəyini açıqlayıb.

    Rodoff kriptovalyutanın 100 dollar təşkil edəcəyi ehtimalının 100 min dollara yüksələcəyindən daha real olduğunu deyib:

    “Bitkoin çirkli pulların yuyulması və vergidən yayınma istisna olmaqla, ödəniş vasitəsi kimi çox az istifadə edilir”.

    Ekspertlər hökumətin tənzimləmə siyasətlərinin qiymətlərin azalmasında rol oynayacağını bildirirlər. Lakin onlar qlobal miqyasda tənzimləməyə hazır olmaq üçün vaxt tələb edildiyini irəli sürürlər.

    Rodoff qlobal tədbirlərə ehtiyac olduğunu vurğulayıb:

    “ABŞ və Çin bu məsələyə qarşı tədbirlər görür”./oxu.az

  • Sığorta borclarının silinməsi ilə bağlı qanun qəbul edildi

    Əli Məsimli: “Dollar kreditləri ilə bağlı da belə bir qanuna ehtiyac var”

    Milli Məclisdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxatılıb. Bizimyol.info saytının xəbərinə görə, Əmək və sosial siyasət komitəsinin sdəri Hadı Rəcəbli bildirib ki, layihə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən parlanmebntə daxil olub. Layihədə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edilir.

    Layihəyə əsasən, 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
    Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.
    Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:
    – sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;
    – sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;
    – sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;
    Məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.
    Müzakirədə çıxış edən deputat Əli Məsimli qanun layihəsini alqışlayıb: Bu qanun alyihəsi sahibkarlığın inkişafına dəstək olacaq”.

    Deputat bildirib ki, növbəti belə bir addımın dollar kreditləri ilə bağlı atılmasına ehtiyac var. “Bizə olunan müraciətlərin əksəriyyəti dollar kreditkləri ilə bağlıdır. Ona görə də bu problemin həlli üçün ayrıca qanun layihəsinin qəbuluna ehtiyac var”.
    Layihə səsə qoyularaq qəbul edilib.

  • Apreldə böyük özəlləşdirmə gözlənilir

    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 3-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

    Komitədən oxu.az -a verilən məlumata görə, budəfəki hərracda müxtəlif çeşidli 184 dövlət əmlakı öz sahibini axtarır.

    Bunlardan 18-i səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 67-si isə istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir.

    Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

    Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

    Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” ASC-dir.

    Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Balakən, Şəmkir, Cəlilabad, Mingəçevir, Şəki və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3 813 kvadratmetr arasında dəyişir.

    Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şamaxı, Qusar, Ağcabədi və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qusar Tədarük Satış Bazası, Şamaxı ərazi Yun tədarükü və qəbulu idarəsi, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

    Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kvadratmetrə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur.

    Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən Mərdəkan restoranını misal göstərmək olar. Əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxındır.

    Bundan başqa, Şəki istirahət zonası da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur. Adıçəkilən əmlak torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Həmin obyektin ümumi faydalı sahəsi 372 kvadratmetr, torpaq sahəsi isə 10 min kvadratmetr təşkil edir.

    Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 49-u paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Xızı, Tovuz, Lənkəran və digər rayon və şəhərlərdə yerləşir. Belə əmlakların sahəsi 13 kvadratmetrlə 1 621 kvadratmetr arasında dəyişir.

    Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixi 2002-2007-ci illəri əhatə edir.

  • Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

    Vergilər Nazirliyi gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə xəbərdarlıq edib.

    Median.Az bu barədə nazirliyə istinadən xəbər verir.

    2017-ci hesabat ilinin yekunlarına görə, gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini bu ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

    “Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən

    • vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;

    • büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

    • vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur”.

  • Rusiyaya işləməyə gedənlər geri göndəriləcək

    İqtisadi tələbi nəzərə alaraq Rusiyanın əmək bazarında nmiqrantların sayı azaldılmalıdır.

    Oxu.az xəbər verir ki, bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq İşçi Forumda baş nazirin müavini Olqa Qolodets bildirib:

    “Xaricilərin əməyindən istifadə edilməsini tədricən məhdudlaşdırmaq üçün ciddi bir proqramı realizə edirik.

    Məsələn, 2015-ci ildə nəqliyyatda xarici işçi qüvvəsi 50 faiz təşkil edirdi, bu gün həmin nisbət 28 faizdir. Ticarətdə həmin rəqəm 25 faiz idi, hazırda 15 faizə düşüb. Biz elə etməliyik ki, bu rəqəmlər getdikcə daha da azalsın”.