Category: İqtisadiyyat

  • Türkiyədən ev alan azərbaycanlıların sayı bəlli oldu

    Türkiyə mənzil satışları 2018-ci ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 110 905 ədəd təşkil edib.

    İlkin mənzil bazarında satışlar 2017-ci ilin mart ayı ilə müqayisədə 10,1% azalaraq 50 701 ədəd olub.

    Təkrar bazarda isə azalma 17% təşkil edib. Bu bazarda cəmi 60 204 ev satılıb.

    Hesabat dövründə xarici ölkə vətəndaşları Türkiyədən 1 827 ədəd ev alıblar. Bu da ötən ilin müvafiq dövrünə nisbətdə 15,8 % artım deməkdir. Xaricilər təkcə İstanbuldan 556 mənzil alışı həyata keçiriblər.

    Mart ayında İraq vətəndaşları Türkiyədən 348 mənzil, Səudiyyə Ərəbistanı vətəndaşları 181, İran 156, Rusiya Federasiyası 120, Əfqanıstan vətəndaşları isə 108 ev alıblar.

    Qonşu ölkədən ev alan azərbaycanlıların sayına gəlincə, bu rəqəm 61 ədəd təşkil edib.

    Müqayisə üçün bildirək ki, 2017-ci ilin mart ayında həmyerlilərimiz Türkiyədən 50 mənzil almışdılar. Ümumilikdə azərbaycanlılar Türkiyədən 189 mənzil alıblar. 2017-ci ildə həmin rəqəm 159 mənzil təşkil edib.

  • Neftin qiyməti 100 dolları ötəcəkmi? – PROQNOZ

    Səudiyyə Ərəbistanı “öz istədiyinə nail olsa”, neftin bir barelinin qiyməti 100 dolları ötəcək.

    Bunu “USA Today” nəşrinin ekspetləri bildirib.

    Məqaləyə görə, OPEC ölkələri, eləcə də, təşkilatın bir çox tərəfdaşları 2019-cu ilin ortalarına kimi hasilat həcmini azaltmağı davam etdirməyi planlaşdırır. Bu, bazarda neft defisitinin yaranmasına yol açacaq.

    Ekspertlərin fikrincə, bu, Səudiyyə Ərəbistanının işinə yarayacaq, belə ki, belə olan halda “IPO” sisteminə qoşulmağa çalışan “Saudi Aramco” şirkətinin dəyəri qalxacaq.

    “Saudi Aramco”nun ilk səhmlərini satışa çıxarmaqla, Ər-Riyad neft resurslarına olan yüksək qiymətləri saxlamağa çalışır.

    “USA Today”ə görə, Səudiyyə Ərəbistanının planları neft bazarlarının cari trendlərində ciddi dəyişikliklərə yol aça bilər.

    Neft qiymətinin bahalaşmasına neft ehtiyatlarının azalması, tələbin artması və Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi təsir göstərəcək.

  • Azərbaycan nefti bahalaşıb

    Azərbaycan nefti 2 dollaradək bahalaşıb.

    Səhər saatlarına “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,54 dollar və ya 2,1% artaraq 76,15 dollar təşkil edib.

  • Türkiyə Azərbaycanla hesablaşmalarda milli valyutaya keçməyə hazırdır

    Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçid üçün maneə görmür.

    Median.Az xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bu barədə Trend-ə müsahibəsində deyib.

    N.Zeybekci bildirib ki, valyuta məzənnələrinin oynaması iqtisadiyyata mənfi təsir göstərir:

    “Biz hesab edirik ki, valyuta məzənnələrinin oynaması bizim ölkələrin iqtisadiyyatına vura biləcəyi zərərdən yayınmaq üçün ticarət hesablaşmalarında Türkiyə lirəsi və Azərbaycan manatından istifadə ən səmərəli üsuldur”.

    Nazirin fikrincə, müvafiq razılaşma hesablaşmalarda milli valyutaya keçid prosesini sürətləndirə bilər.

    Qeyd edək ki, son illər Türkiyə başqa ölkələrlə ticarət hesablaşmalarında lirənin payını xeyli artırıb. Əgər 2013-cü ildə ixracda lirənin payı 2,6 faiz təşkil edirdisə, hazırda bu göstərici 13 faizə bərabərdir. İdxalda Türkiyənin milli valyutasının payı həmin dövr ərzində 3,1 faizdən təxminən 8 faizə qədər artıb.

    Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Türkiyə ilə əmtəə dövriyyəsi 2,64 milyard dollar təşkil edib, bunun 1,37 milyardı bu ölkəyə ixracın payına düşür.

    2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 14,8 faiz artıb. Cari ilin ilk rübündə Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 573,1 milyon dollar (il ərzində 3,7 faiz artım) təşkil edib.

  • İş təklifi üzrə müddət 11 gündən beş günə endirilir

    Aprelin 17-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

    Iclası açan sözügedən komitənin sədri, professor Hadi Rəcəbli iclasın gündəliyinə iki məsələnin – “Məşğulluq haqqında” yeni qanun layihəsinin və “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin salındığını bildirib.

    O qeyd edib ki, son illərin ən başlıca prioritet məsələlərindən biri məşğulluq məsələsidir.

    Onun sözlərinə görə, məşğulluq məsələsi təmin edilən yerdə digər problemlər də qismən öz həllini tapa bilir:

    “Qeyd edim ki, bizdə məşğulluqla bağlı qanun vardı. Amma həmin sənədin dövrün reallıqlarına və tələblərinə uyğun olaraq dəyişdirilməsi ehtiyacı yaranmışdı. Odur ki, məşğulluqla bağlı yeni qanun layihəsinin hazırlanması məqsədəuyğun sayıldı və özünüz də görəcəksiniz ki, könhə qanunla yeni qanun arasında fərq 50 faizdən çoxdur”.

    Qanun layihəsi ilə bağlı mövqeyini açıqlayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris Əsgərov isə yeni sənəddə yeni yanaşmanın ortaya qoyulduğunu bildirib.

    Nazir müavini deyib ki, qanun layihəsi beş fəsildən və 34 maddədən ibarətdir.

    İ. Əsgərovun dediyinə görə, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib:

    “Ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən beş günə endirilir”.

  • Nazir: Kommersiya əməliyyatlarında vergidən yayınılır

    “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib-hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsinin açılış mərasimi keçirilib.

    Vergilər naziri Mikayıl Cabbarov bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının nümayəndələrinə minnətdarlığını bildirib.

    Nazir bildirib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir. Eləcə də, bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır:

    “Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir.

    Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır”.

  • Banklarda dollar satışı ilə bağlı problem olduğu xəbərlərinə RƏSMİ CAVAB

    Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər yerli kommersiya banklarında ABŞ dollarının satışına məhdudiyyət qoyulması, bəzi bankların dollar satmaqdan imtina etməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fikirlərə reaksiya verib.

    Qurumun sədri Zakir Nuriyev “Report”a açıqlamasında bildirib ki, banklarda dollar satışı ilə bağlı hər hansı problem yoxdur.

    “Banklar dollar satışını adi qaydada həyata keçirir. Bununla bağlı hər hansı narahatlıq mövcud deyil. Azərbaycan Mərkəzi Bankı keçirdiyi hərraclarda bankları kifayət qədər valyuta ilə təmin edir. Sabah da hərrac olacaq və banklara lazımi qədər dollar veriləcək. Hər kəs qanuna uyğun olaraq, yəni 500 dollara qədər şəxsiyyət vəsiqəsiz, 500 dollardan çox şəxsiyyət vəsiqəsi ilə dollarla təmin olunur. Ola bilsin ki, bəzən bank filiallarında dollar satışına müvəqqəti fasilə verilsin. Bu da nahar fasiləsi və yaxud texniki problemlərlə bağlı ola bilər. Amma ümumilikdə banklarda dollar qıtlığı yoxdur”, – deyə o, qeyd edib.

  • Büdcəyə yenidən baxılacaq: Əmək haqları artırılacaq

    “2018-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 45 dollardan götürülüb və hazırda dünya bazarında Azərbaycan nefti 70 dollardan baha satılır, onda büdcəyə əlavə gəlir daxil olacaq. Büdcəyə daxil olacaq əlavə gəlir əhəmiyyətli rəqəmlərlə ifadə olunsa, onda həmin əlavə gəlirin bölgüsü ilə bağlı büdcəyə yenidən baxıla bilər. Digər məqam isə əmək haqları ilə bağlıdır”.

    Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

    Deputat bildirib ki, 2018-ci ilin dövlət büdcəsində görünən o idi ki, diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı artırılacaq.

    “Hələ 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ildə artırıldı. Bundan əlavə Prezidentin xüsusi sərəncamları ilə 3 milyon nəfərdən artıq insanın əmək haqqı, pensiyası, müavinəti və digər ödənişlər də artırıldı. İlin sonuna qədər həmin artımları örtmək üçün aşağı-yuxarı 600 milyon manat pul lazımdır. 2018-ci ilin dövlət büdcəsində həmin istiqamətdə tələb olunan xərclər də konkret təyinatı üzrə göstərilməklə öz əksini tapmalıdır. Bu baxımdan hər şey bu ilin birinci rübünün nəticələrindən asılı olacaq. Həmin nəticələrdən asılı olaraq, qanunvericilikdə müəyyən olunmuş qaydada 2018-ci ilin büdcəsinə yenidən baxıla da bilər”.

  • İdxal edilən kərə yağının qiyməti bahalaşıb

    Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 20 mln. 692,17 min ABŞ dolları dəyərində 3 479,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

    Ötən ilin müvafiq dövründə bu rəqəm 13 milyon 504.97 min dollar təşkil edib.

    Qeyd edək ki, həcm baxımından 2018-ci ildə 2017-ci ilin üç ilə müqayisədə kərə yağının idxalı 197,43 ton az olub.
    Belə ki, 2018-ci ildə 3 479.88 ton, 2017-ci ildə 3 677.31 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

    Göründüyü kimi, həcmdə 5% azalma olsa da, məbləğ baxımından isə illik nisbətdə 7 mln. 187,2 min dollar və ya 53,22% artım var./olke.az

  • Bağlanan bankdan pulunu almaq istəyənlərin – NƏZƏRİNƏ

    Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

    Müraciətdə bildirilir ki, əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti aprelin 16-da bitir.

    Qeyd edək ki, kompensasiya ödənişi barədə ilk elan 17 aprel 2017-ci il tarixində dərc edilib.

    “Əmanətlərin sığortalanması haqqında” qanuna görə, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

    Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən, uzadıla bilər. Lakin bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ kompensasiya ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.