Category: İqtisadiyyat

  • Dövlət Komitəsinə məxsus çörəkbişirmə müəssisəsi bağlandı

    Əmək Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin Tabeçiliyindəki “Azərtaxıl” Dövlət  Şirkətinin “Azərçörək” İstehsalat Birliyinin 20 saylı çörəkbişirmə müəssisəsi ləğv olunduğunu elan edib. 

    Median.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi 11 a ünvanına bildirə bilərlər. 

  • Yeni qərar siqaretin qiymətini nə qədər bahalaşdıracaq? – ŞƏRH

    Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

    Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabineti hələ ötən ilin dekabrında bu barədə qərar verib.

    Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.


    İqtisadçı-ekspert Qubad İbadoğlu bildirir ki, aksiz vergisinə cəlb edilən idxal mallarının aksiz dərəcələrinin dəyişdirilməsi və bu dəyişikliyin bu sahədə fəaliyyət göstərən sahibkarların işinə təsiri olduğuna görə qərar verilməsindən 30 gündən sonra, yəni bu gün qüvvəyə minib: “Bu ona görə edilir ki, həmin müddət ərzində sahibkarlar fəaliyyətlərini yeni qərarın tələblərinə uyğunlaşdırsınlar. O ki qaldı qərarın istehlak bazarında qiymətlərin səviyyəsinə təsirinə, əvvəla, onu qeyd edim ki, 21 yanvar 2017-cii il tarixli, 574 saylı qərarla edilən dəyişiklik yalnız idxal mallarına şamil olunur. Bu qərar ölkəyə xaricdən gətirilən yalnız 1 növ benzin markasına (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, oktan ədədi 95-dən az olan) və tərkibində tütün olan siqaret və siqarların qiymətinin bahalaşmasına təsir edir. Qərarın digər növ benzin markalarına təsiri yoxdur. Belə ki, 92 markalı benzin idxal malı deyil, onun qiymətini yalnız Tarif Şurası artıra bilər. Super -95 və premium – 98 markalı benzin markaları idxal olunsa da bu qərarla onlara tətbiq edilən aksiz dərəcələri qaldırılmayıb. Amma bu o demək deyil ki, həmin markalı benzinin qiyməti bahalaşmayacaq. Çünki, onların qiyməti neftin dünya bazar qiymətlərindən asılı olduğuna görə hər an bahalaşa bilər”.

    Ekspert deyir ki, siqaretlərə və siqarlarda qiymət artımı labüddür: “Lakin ilk növbədə xaricdən hazır məhsul kimi gətirilən siqaret və siqarlar, sonra isə bazarların qarşılıqlı təsiri ilə daxildə istehsal olunan tütün məmulatları bahalaşacaq. Üçüncüsü, alkoqollu içkilər, o sıradan pivə, üzüm çaxırı, viski, rom cin , araq, likörlər və digər spirtli içkilərin idxalına aksiz dərəcələri qaldırıldığından onların da qiyməti bu gündən etibarən artacaq”.

    Siqaret 25% bahalaşacaq

    İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Nazirlər Kabinetinin qərarı Azərbaycan gətirilən tütün və tütün məmulatlarının, spirtli içkilərin satış qiymətlərinə 25% təsir edəcək:

    “Bir çox hallarda idxal mallarının aksiz dərəcələrinin artırılmasının xaricdən gətirilən malların qiymətinə təsir edəcəyi irəli sürülür. Bildirilir ki, bunun yerli istehsala təsiri olmayacaq. Lakin bu, heç də belə deyil. Düzdür, əsas artım xaricdən gətirilən məhsullarda olacaq. Amma spirtli içki istehsal edən yerli müəssisələrin bir çoxunda xammal xaricdən gətirilir. Xammalın da aksiz vergisinin artırıldığını nəzərə alsaq, yerli istehsal olan spirtli içkilərin qiymətlərinin 10-15 % artması gözlənilir”.
    Ekspertə görə, bu gündən başlayaraq hissə-hissə qiymətlərin artımını müşahidə edəcəyik: “Əsas artım yeni partiyanın idxalından sonra baş verəcək. Növbəti ayın əvvəlindən satışa çıxarılan xarici istehsal tütün və tütün məmulatlarının, spirtli içkilərin qiymətləri bahalaşacaq”.

  • Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susur – ARAŞDIRMA

    Azərbaycana gətirilən kərə yağı üçün gömrük idxal rüsumunun 3 dəfə azaldılması barədə qərar idxalçılardan çox istehlakçıları sevindirmişdi. Hər kəs kərə yağının ucuzlaşacağından danışırdı. Qeyd edək ki, ötən ilin noyabr ayında verilmiş bu qərar dekabrın 7-dən qüvvədədir və 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.

    Yeni qərara qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Yeni qərara əsasən bu malların idxal gömrük rüsumu dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və ya 3 dəfə azaldılıb. Bəs görəsən, bu azalma kərə yağlarının qiymətində özünü necə göstərməli idi?

    Bir aydan artıq vaxt keçsə də, kərə yağlarının qiymətində ucuzlaşma müşahidə edilmir. Bunun səbəblərini araşdırmaq üçün paytaxtın ən böyük marketlər şəbəkəsinə baş çəkdik.

    “Bazarstore” supermarketində kərə yağının qiymətləri, elə həmişəki kimi, od tutub yanırdı. Satıcıların dediyinə görə, bəzi yerlərdə kərə yağlarının qiymətində ucuzlaşma olsa da, son bir ayda “Bazarstore”da ucuzlaşma qeydə alınmayıb.
    Yeri gəlmişkən, alıcılar qiymətlərdən narazıdır. Bakı sakini Fərhad Quliyev Lent.az-ın əməkdaşı ilə söhbətində belə deyib: “Ötən ay televizorda dedilər, kərə yağının qiyməti ucuzlaşacaq. Bəs hanı? Nə vaxt gəlirik, eyni qiymətdir. Hətta bəzi yağların qiyməti artıb ki, azalmayıb”.

    Satıcılar onu da dedilər ki, rüsumun aşağı salındığı vaxtdan sonra – son bir ayda ölkəyə gətirilən kərə yağları, güman ki, hələ mağazaya çatdırılmadığı üçün qiymətlər də yenilənməyib: “Bu mallar əvvəldən gətirilənlərdir. Ola bilsin, yeni rüsumla gətirilənlər mağazaya veriləndə yeni qiymət olacaq”.

    Digər iri mağazalar şəbəkəsindən olan “Neptun” supermarketində də alıcılar eyni qaydada gileylidirlər. Nəsibə xala kərə yağlarının qiymətinin dəyişmədiyini deyir: “Deyirlər guya ucuzlaşıb, amma elə eyni şeydi…”

    Marketin satıcısı isə iddia edir ki, ötən aya nisbətən kərə yağlarının qiymətində 1-2 manat ucuzlaşma olub. Bunun idxal rüsumunun azaldılması ilə bağlı olub-olmadığını isə izah etmədi: “Bu, rəhbərliyin işidi, mən o səbəbi izah edəcək qədər məlumatlı deyiləm”.

    Qeyd edək ki, kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənmir. Ona görə də qiymətləri idxalçıların tənzimlədiyini, nəzərə alaraq, əsas idxalçılardan olan “Veysəloğlu” MMC-dən məsələ ilə bağlı rəy öyrəndik.

    Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə Lent.az-a açıqlamasında qeyd edib ki, kərə yağının idxal rüsumunun 15%-dən 5%-ə endirilməsi əsasən MDB ölkələrindən kənardan gətirilən kərə yağına aiddir: “Yəni idxal olunan məhsulun statistik dəyərinin (əlavə dəyər vergisindən başqa) 15%-i həcmində idxal vergisi tutulurdu. “Veysəloğlu” şirkəti də kərə yağlarını MDB ölkəsindən, yəni Belarusdan idxal etdiyi üçün ölkələr arasındakı razılaşmaya əsasən, bu məhsullar idxal rüsumuna cəlb olunmurlar. Ona görə də sözügedən 15% idxal rüsumunun azaldılması bizim gətirdiyimiz yağlara şamil olunmur. Onsuz da bizim Belarusdan idxal edərək ölkədə satışını həyata keçirdiyimiz yağlarda elə bir ciddi qiymət artımı müşahidə olunmamışdı. Bizim idxal etdiyimiz Belarus yağlarının qiymətlərinə ciddi təsir edən iki əsas amil daşınma xərcləri və idxal gömrük rüsumu idi. Bizim gətirdiyimiz kərə yağları da gömrük rüsumuna cəlb edilmədiyi üçün “Veysəloğlu”nun idxal etdiyi kərə yağları ucuz başa gəlir və bazarda da ucuz qiymətə satılırdı”.

    İqtisadçı Natiq Cəfərli Lent.az-a açıqlamasında bildirdi ki, kərə yağında gömrük rüsumlarının 15%-dən 5%-ə enməsi təqribən qiymətlərə 0.50-1 manat arası təsir göstərməli idi:

    – Hələ ki, bazarda qiymətlərə ciddi təsir etdiyini görmürük. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri odur ki, kərə yağının önəmli bir qismi Avrozonadan gətirilir və avro ilə alınır. Son zamanlar isə avronun manat qarşısında kəskin bahalaşmasını görürük. 2017-ci ilin yanvar ayı ilə müqayisədə avro təqribən 18%-ə yaxın dəyər görüb. Və bu da qiymətlərə təsir göstərir. Hətta Avrozonadan gələn kərə yağının qiymətində, gömrük rüsumlarının azalmasına baxmayaraq, artım da ola bilər.

    Ekspert hesab edir ki, ikinci və daha maraqlı məsələ bazar oyunçularının sayının az olmasıdır. Bazarda ölkəyə idxal edən, məhsul gətirən şirkətlərin sayı azdır. Bu da rəqabətli mühitin yaranmasına mane olan amillərdən biridir. Gömrük rüsumlarının aşağı çəkilməsi baş verib, ola bilər ki, bundan sonra bazara yeni oyunçular, yeni şirkətlər, hüquqi və fiziki şəxslər daxil olmağa, xaricdən daha çox kərə yağını gətirməyə çalışsınlar. Bu da rəqabətli mühit yarada bilər. Belə mühit yaransa, qiymətlərdə müəyyən dərəcə normallaşma, sabitləşmə, hətta ucuzlaşma da müşahidə edə bilərik.

    Ekspert onu da qeyd edib ki, bir müddət sonra kərə yağlarının qiymətlərində ucuzlaşma olması gözləniləndir:
    – Qərar yeni qüvvəyə minib və çox qısa bir zaman keçib. Ona görə də qısa bir zamanda ciddi dəyişikliklərin olmasını gözləmək də əbəsdir. Çünki bu gün bazarda satışda olan məhsulların bir çoxu hələ qərar qüvvəyə minməzdən öncə ölkəyə gətirilmiş məhsullardır və onlar gömrük rüsumunu 15%-lə ödəyiblər. Bir müddət sonra əsasən Avstraliya və Yeni Zelandiyadan gətirilən kərə yağlarının qiymətlərində 0.50-1 manat arasında ucuzlaşma ola bilər. Çünki onlar dollarla müqavilə bağlayırlar. Doların məzənnəsi də hələlik sabitdir.

    Xatırladaq ki, ötən ilin oktyabr ayında “Delta Qrup C.O.” MMC, “Vest Produkt Marketinq” MMC, “Azərsun Holdinq” MMC, “Dinçer və Carçıoğlu” BM, “Gulistan Baku” MMC, “Veysəloğlu” MMC və “Lactalis Caspi” MMC kimi şirkətlər Azərbaycan bazarında kərə yağının qiymətlərinin baha olması ilə bağlı istehlakçılara müraciət etmişdi. Bu müraciətdən 1 ay sonra Nazirlər Kabinetində Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldacaq qərar qəbul edildi.

    İdxalçılar üçün yerində verilmiş bu qərar yuxarıda adı çəkilən idxalçı şirkətlərin o qədər ürəyincə olub ki, bu gün bu haqda danışmaq belə istəmirlər. Yalnız “Veysəloğlu MMC”-də suallarımıza ətraflı cavab verdilər. Digər adıçəkilən şirkətlərin cavabdeh şəxsləri bir həftə ərzində müxtəlif səbəblər gətirərək, bu barədə danışmaqdan yayındılar…

  • Saxta pul hazırlayanların və keyfiyyətsiz məhsul satanların sayı artıb

    2016-cı ildə ölkədə iqtisadi fəaliyyət üzrə 914 cinayət qeydə alınıb. 689 nəfər cinayət törədib. 

    Median.Az Statistika Komitəsinə istinadən xəbər verir ki,  saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satınalma ilə bağlı 33 cinayət faktı araşdırılıb. 2015-ci illə müqayisədə bu yöndə cinayət faktlarının sayı azalsa da, cinayətə təşəbbüs edənlər çoxalıb. Belə ki, 2015-ci ildə 28 nəfər saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satınalması ilə məşğul olmuşdusa, 2016-cı ildə bu rəqəm 38 nəfərə çatıb. 

    Eləcə də  saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satınalma ilə bağlı cinayətlərin iqtisadi fəaliyyət üzrə cinayət faktlarındakı payı artıb. Bu rəqəm bir əvvəlki ilə (1,8%) nisbətdə 2016-cə ildə 3,6 %-ə yüksəlib. 
    İstehlakçıları aldatma və pis keyfiyyətli mal satma faktlarının da iqtisadi fəaliyyət cinayətlərində ümumu payı 2,4 faizə çatıb. 

  • Benzinin gömrük rüsumu 200, tütünün isə 2 dəfə artdı

    Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

    Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minir.

    Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

    Digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb.
    Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.
    Xatırladaq ki, 2017-ci il iyul ayının 17-də Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli və “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.
    Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarının əlavəsi olan 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib.

    Onu da əlavə edək ki, analoji qərar 2016-cı ilin avqustunda Heydər Əliyev adına BNEZ-in təmirə dayanması ilə əlaqədar verilmişdi. Təmir prosesinin modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq, daxili bazardakı tələbatı ödəmək məqsədi ilə SOCAR Nazirlər Kabinetinə idxal olunacaq “Ai-92” markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət etmişdi.

  • Azərbaycana gətirilən alkoqollu içkilərə yeni rüsumun tətbiqinə başlanıb

    Azərbaycan Respublikasının ərazisinə gətirilən pivə və alkoqollu içkilərə bu gündən yeni aksiz dərəcələri tətbiq olunacaq.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

    Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra – yanvarın 23-də qüvvəyə minir. İndiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub. Dəyişikliyə əsasən yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.

    Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərablarna aksiz dərəcəsi 1 litr üçün 2 manatdan 3,5 manata, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqlarına 1 litr üçün 2 manatdan 3.5 manata, denaturasiya olunmamış etil spirtinə ( 80 həcm % və ya çox spirt qatılığı ilə) 1 litr üçün 2 manatdan 4 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaralar, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər, digər spirtli içkilərə 1 litr üçün 6 manatdan 10 manata, həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinə 1 litr üçün 2 manatdan 4 manata qaldırılıb.

  • Benzinin ucuz və baha olduğu ölkələr – Siyahıda Azərbaycan da var

    “Global petrol prices” bəyan edib ki, dünya üzrə benzinin orta qiyməti 1,14 dollar təşkil edir. 

    Dünya dövlətlərində benzin müxtəlif qiymətlərə təklif olunur.

    Benzin ən ucuz Venesuelada və Türkmənistanda satılır. Bu ölkələrdə benzin müvafiq olaraq 0,1-0,23 sent təşkil edir. Azərbaycan isə benzinin qiymətinə görə siyahıda 30-cu sıradadır.

    Ümumiyyətlə, siyahıya görə, varlı dövlətlərdə baha, kasıb və neft istehsalçısı olan ölkələrdə isə bezin ucuz qiymətə təklif edilir. Bu siyahıda ABŞ istisnadır. İnkişaf etmiş və varlı olmasına baxmayaraq, ölkədə benzin ucuzdur.

    Benzin ən baha İslandiyada satılır – 2, 04 dollar. //oxu.az

  • Azərbaycanda şirkət ləğv olundu

    Sinqapurun “Keppel” gəmiqayırma korporasiyası Azərbaycanda “Caspian Shipyard Company” (CSC) MMC-nin könüllü şəkildə ləğvini açıqlayıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

    Qeyd olunur ki, CSC ləğvolunma proseduruna 26 avqust 1997-ci il tarixli “AzerFELS” (“Keppel Offshore & Marine Ltd” şirkətinin törəmə şirkəti), SOCAR və “Lukoil Europe Holdings BV” arasında imzalanmış şirkətin yaradılması haqqında müqavilə müddətinin başa çatmasından sonra başlayıb.

    “Keppel” şirkəti Azərbaycanda fəaliyyətini “Bakı gəmiqayırma zavodu” MMC-də iştirak payı çərçivəsində davam etdirəcək.

  • Vergidən yayınmaya qarşı SƏRT TƏDBİRLƏR

    “2017-ci ildə 3.9 milyard dollar vəsait vergiyə cəlb edilməyib”.

    Bu sözləri Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

    Onun sözlərinə görə, həmin vəsaitin 700 milyondan çoxu lizinq əməliyyatları vasitəsilə xərcləndiyi üçün vergiyə cəlb edilməyib:

    “306 milyon dolların vergiyə cəlb edilməmənin səbəbi sahibkarlara təşviq səlahiyyətilə verilməsi ilə bağlıdır. Bu siyahıya bir sıra təşkilatlarla bağladığımız azad ticarət zonalardan idxal edilən məhsullar, həmçinin humanitar yardımlar da daxildir. 460 milyon isə Nazirlər Kabinetinin müvafiq qərarları ilə bağlıdır”.

    DGK-nin sədri Aydın Əliyev bildirib ki, qanunsuz vergidən yayınma hallarına qarşı isə sərt tədbirlər həyata keçirilib.

    “Son iki il ərzində digər ölkələrin gömrük idarələrinə qiymətləndirmə sənədləri ilə bağlı 1600-dən çox sənəd göndərmişik. Burada təəssüf ki, vergidən yayınma hallara rast gəlirik”, deyə komitə sədri qeyd edib./publika.az

  • Azərbaycana bir blokdan artıq siqaret gətirmək qadağan olunacaq

    Dövlət Gömrük Komitəsi şəxsi istehlak üçün gətirilən siqaretin sayının azaldılması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini təklif edir.

    Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev şəxsi istehlak üçün gətirilən siqaretin üç blokdan bir bloka qədər endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi üçün Milli Məclisə müraciət edəcəklərini deyib.
    O deyib ki, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, belə məhsulların idxalında azalma müşahidə edilmir:

    “Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar üç blok siqaret gətirilə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Bunları nəzərə alaraq Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək”.