Category: İqtisadiyyat

  • Banklarda dollar satışı ilə bağlı problem olduğu xəbərlərinə RƏSMİ CAVAB

    Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər yerli kommersiya banklarında ABŞ dollarının satışına məhdudiyyət qoyulması, bəzi bankların dollar satmaqdan imtina etməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fikirlərə reaksiya verib.

    Qurumun sədri Zakir Nuriyev “Report”a açıqlamasında bildirib ki, banklarda dollar satışı ilə bağlı hər hansı problem yoxdur.

    “Banklar dollar satışını adi qaydada həyata keçirir. Bununla bağlı hər hansı narahatlıq mövcud deyil. Azərbaycan Mərkəzi Bankı keçirdiyi hərraclarda bankları kifayət qədər valyuta ilə təmin edir. Sabah da hərrac olacaq və banklara lazımi qədər dollar veriləcək. Hər kəs qanuna uyğun olaraq, yəni 500 dollara qədər şəxsiyyət vəsiqəsiz, 500 dollardan çox şəxsiyyət vəsiqəsi ilə dollarla təmin olunur. Ola bilsin ki, bəzən bank filiallarında dollar satışına müvəqqəti fasilə verilsin. Bu da nahar fasiləsi və yaxud texniki problemlərlə bağlı ola bilər. Amma ümumilikdə banklarda dollar qıtlığı yoxdur”, – deyə o, qeyd edib.

  • Büdcəyə yenidən baxılacaq: Əmək haqları artırılacaq

    “2018-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 45 dollardan götürülüb və hazırda dünya bazarında Azərbaycan nefti 70 dollardan baha satılır, onda büdcəyə əlavə gəlir daxil olacaq. Büdcəyə daxil olacaq əlavə gəlir əhəmiyyətli rəqəmlərlə ifadə olunsa, onda həmin əlavə gəlirin bölgüsü ilə bağlı büdcəyə yenidən baxıla bilər. Digər məqam isə əmək haqları ilə bağlıdır”.

    Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

    Deputat bildirib ki, 2018-ci ilin dövlət büdcəsində görünən o idi ki, diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı artırılacaq.

    “Hələ 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ildə artırıldı. Bundan əlavə Prezidentin xüsusi sərəncamları ilə 3 milyon nəfərdən artıq insanın əmək haqqı, pensiyası, müavinəti və digər ödənişlər də artırıldı. İlin sonuna qədər həmin artımları örtmək üçün aşağı-yuxarı 600 milyon manat pul lazımdır. 2018-ci ilin dövlət büdcəsində həmin istiqamətdə tələb olunan xərclər də konkret təyinatı üzrə göstərilməklə öz əksini tapmalıdır. Bu baxımdan hər şey bu ilin birinci rübünün nəticələrindən asılı olacaq. Həmin nəticələrdən asılı olaraq, qanunvericilikdə müəyyən olunmuş qaydada 2018-ci ilin büdcəsinə yenidən baxıla da bilər”.

  • İdxal edilən kərə yağının qiyməti bahalaşıb

    Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 20 mln. 692,17 min ABŞ dolları dəyərində 3 479,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

    Ötən ilin müvafiq dövründə bu rəqəm 13 milyon 504.97 min dollar təşkil edib.

    Qeyd edək ki, həcm baxımından 2018-ci ildə 2017-ci ilin üç ilə müqayisədə kərə yağının idxalı 197,43 ton az olub.
    Belə ki, 2018-ci ildə 3 479.88 ton, 2017-ci ildə 3 677.31 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

    Göründüyü kimi, həcmdə 5% azalma olsa da, məbləğ baxımından isə illik nisbətdə 7 mln. 187,2 min dollar və ya 53,22% artım var./olke.az

  • Bağlanan bankdan pulunu almaq istəyənlərin – NƏZƏRİNƏ

    Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

    Müraciətdə bildirilir ki, əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti aprelin 16-da bitir.

    Qeyd edək ki, kompensasiya ödənişi barədə ilk elan 17 aprel 2017-ci il tarixində dərc edilib.

    “Əmanətlərin sığortalanması haqqında” qanuna görə, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

    Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən, uzadıla bilər. Lakin bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ kompensasiya ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.

  • Azərbaycanla İran enerji sahəsində razılığa gəldilər

    Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

    Nazirlikdən oxu.az-a verilən məlumata görə, İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.

    “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR” şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb.

    Müqaviləyə əsasən cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanacaq.

    Bundan başqa, görüşdə Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün üçtərəfli görüşün 26 aprel 2018-ci il tarixində Bakıda keçirilməsi razılaşdırılıb. Eləcə də İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafına dair geniş fikir mübadiləsi aparılıb və üçtərəfli görüşün keçirilməsinin vacibliyi bildirilib.

  • Pensiyaların vaxtından əvvəl verilmə səbəbi açıqlandı

    Pensiyaların orta aylıq məbləği 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,27 faiz artıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən oxu.az-a verilən məlumata görə, yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 999,85 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz və ya 95,01 milyon manat artıb.

    O cümlədən, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artaraq 507,85 milyon manat təşkil edib. Həmin daxilolmaların 63,8 faizi və ya 324,18 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin birinci rübünə nisbətən 10,03 faiz və ya 29,54 milyon manat çox olmaqla proqnozun 102,1 faiz icra edildiyini göstərir.

    2018-ci ilin birinci rübündə işsizlikdən sığorta haqları üzrə gəlirlər isə 15,5 milyon manat təşkil edib.

    İşləyən əhalinin sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradan fərdi uçot sistemində iştiraka marağın artması həmin sistemdə fərdi şəxsi hesabı olanların sayının cari ildə də artmasını şərtləndirib.

    Bunun əyani təsdiqi olaraq, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 443 760 nəfər) ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.

    Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində özünü göstərən artım dinamikası cari ilin ötən dövründə də hər ay üzrə pensiyaların elə həmin ay daxilində, hətta Novruz bayramının keçirildiyi mart ayında bu ödənişlərin vaxtından daha tez olmaqla bayrama qədərki dövrdə maliyyələşdirilməsinə imkan verib.

    Azərbaycan Respublikası prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 1 yanvar tarixinə əmək pensiyasının minimum məbləği, bütün növ əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının 5,7 faiz illik artım tempinə uyğun olaraq indeksləşdirilib.

    Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, 2018-ci ilin fevral ayının pensiyalarının ödənişi onların yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçirilib.

    Beləliklə, ötən dövrdə olduğu kimi, cari ildə də əmək pensiyalarında artım tempi davam edərək, pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il 01 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib.

    Bu da ötən ilin müvafiq dövrünə nisbətən pensiyaların orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 faiz artdığını göstərir.

    Onu da bildirək ki, 01 aprel 2018-ci il vəziyyətinə ölkəmizdə 1 milyon 313 min nəfər və ya ölkə əhalisinin 13,3 %-i əmək pensiyası alır. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardır.

    Hazırda ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə ( 525,6 manat) nisbəti 46,5 % təşkil edir.

  • Azərbaycanda ərzaq məhsulları bahalaşıb

    2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9 faiz bahalaşıb.

    Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

    Ay ərzində qoyun ətinin, zeytun və marqarin yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və toyuq ətinin, yumurtanın, kərə və qarğıdalı yağlarının, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Azərbaycanda 17 min yeni daimi iş yeri yaradılacaq

    Növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş qərarlar öz gözəl nəticəsini verir.

    Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

    O bildirib ki, investisiya təşviqi mexanizminə start verilib və qısa müddət ərzində çox gözəl nəticələr əldə edilib:

    “Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilib, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır.

    Baxın, əgər biz investisiya təşviqi mexanizmini işə salmasaydıq, bu vəsait ölkə iqtisadiyyatına qoyulmayacaqdı. Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaq.

    Görün, nə qədər əlavə məhsul istehsal ediləcək və bu məhsul rəqabətqabiliyyətli məhsul olacaq. Çünki bütün bu məsələlərə dövlət qurumları çox diqqətlə yanaşırlar”.

    Onun sözlərinə görə, son bir-iki il ərzində neftin qiymətinin və hasilatın müəyyən dərəcədə düşməsi nəticəsində sənaye istehsalı Azərbaycanda azalırdı. Qeyri-neft sənayesi az da olsa artırdı, amma ümumiyyətlə, sənaye istehsalı azalırdı:

    “Artıq bu ildən başlayaraq dönüş yarandı, sənaye istehsalı qeyd etdiyim kimi, iki faiz artıb, qeyri-neft sənayesi isə 9,9 faiz, yəni, təxminən 10 faiz. Çox gözəl göstəricidir, bir daha demək istəyirəm ki, bizim siyasətimizi əks etdirir, görülən işlərin nəticəsidir. Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək”.

  • Ərəb milyarderlər Bakıya niyə toplaşır

    Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək

    Mayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə özəl mənbələrdən məlumat verilib.

    Forum Azərbaycan və ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil edilir.

    Tədbirdə ərəb ölkələrindən təxminən 300 sahibkar və investorun iştirakı gözlənilir.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ərəb ölkələri ilə 2017-ci ildə mal dövriyyəsi 324,53 milyon dolar təşkil edib.

  • Elman Rüstəmov manatın devalvasiyasından danışdı

    Hazırda Azərbaycan manatının devalvasiyası üçün heç bir fundamental səbəb yoxdur.

    Median.Az-in Trend-ə istinadla məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

    O qeyd edib ki, artıq təqribən bir ildir ki manatın ABŞ dollarına nisbətdə məzənnəsi sabit vəziyyətdə qalıb:

    “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər həm əhali, həm də real sektorun iştirakçıları arasında azalıb”.