Category: İqtisadiyyat

  • Bakıda tikintiyə icazə ilə bağlı qaydalar dəyişir

    Bundan sonra Bakıda tikinti işi aparmaq istəyən sahibkarlar Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) icazəni “bir pəncərə” sistemi vasitəsi ilə alacaqlar.

    “Report” xəbər verir ki, bunu qurumun nümayəndəsi Akif Abdullayev deyib.

    “Bundan sonra sahibkarların sənədləri müxtəlif əllərdə gəzməyəcək”, – deyə o, qeyd edib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlı isə bildirib ki, ölkə prezidentinin müvafiq fərmanı ilə tikintiyə icazə prosedurları sadələşdirilib: “Əgər əvvəl prosedurların sayı 21 idisə, indi bu 9-a endirilib”.

    Qeyd edək ki, bu gün İİTKM paytaxt meriyasında 30-a yaxın tikinti şirkətinin rəhbəri ilə görüş keçirib. Görüşdə V.Qasımlı Dünya Bankının “Doing Business” hesabatında “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar barədə çıxış edib. O, bildirib ki, aparılan sistemli iqtisadi islahatlar nəticəsində “Tikintilərə icazələrin alınması” indikatoru üzrə biznes mühitinin yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılıb. Tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə bir sorğu vasitəsi ilə “ASAN Kommunal/Xidmət” mərkəzlərində əldə olunur.

    BŞİH-nin Baş Memarı Akif Allahverdiyev bildirib ki, meriyada “Tikintilərə icazələr üzrə Bir Pəncərə”də sənədlər qəbul edilir. Eyni zamanda qurumun internet səhifəsindən sahibkarların elektron qaydada tikinti icazələri üçün müraciət etməsinə imkan yaradılıb. Tikinti sahəsində çalışan sahibkarlar Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar nəticəsində yaradılmış şəraitə görə razı olduqlarını bildiriblər.

    Görüşdə islahatların davam etdirilməsi üçün tikinti şirkətlərinin səmərəli təklifləri nəzərə alınıb. Xüsusilə vurğulanıb ki, biznes mühitinin digər istiqamətlərində də aparılan iqtisadi islahatlar, infrastrukturun yaxşılaşdırılması və dövlət dəstəyinin genişləndirilməsi sahibkarlığın inkişafı üçün münbit şərait yaradır.

  • 150 manat təqaüd alan pensiyaçıların banklara borcları bağlansın – TƏKLİF

    Bir müəssisəni sağlamlaşdırırıq, amma nəticədə minlərlə sahibkarı bankrot vəziyyətdə qoyuruq.

    Bunu “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsində deputat Əli Məsimli deyib.

    O qeyd edib ki, hər hansı bankın lisenziyası alınırsa, sahibkar bundan əziyyət çəkir:

    “Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. “Dəmirbank”ın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa, onu başqa banka keçirsinlər. Bu, yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər.

    Nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci ildə səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik? Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı.

    Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, üç min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın”.

  • Yeni nazir fəaliyyət prinsiplərini açıqlayıb – VİDEO

    Yeni təyin olunan kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında üç əsas fəaliyyət prinsipini açıqlayıb.

    Nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.

    O, fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların xüsusilə “Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

    Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə təyin edilib.

  • “QAZ” markalı avtomobillər Azərbaycanda yığılacaq

    Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.

    Sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında keçirilmiş görüş çərçivəsində imza atılıb.

    M.Oreşkin isə bildirib ki, görüşdə iki ölkənin yeni birgə müəssisələr yaratması məsələsi müzakirə olunub.

    Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında yaradılmış İşçi Qrupu iki ölkənin ticarət dövriyyəsinin artırılmasına töhfə olub.

  • Türkiyədən ev alan azərbaycanlıların sayı bəlli oldu

    Türkiyə mənzil satışları 2018-ci ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 110 905 ədəd təşkil edib.

    İlkin mənzil bazarında satışlar 2017-ci ilin mart ayı ilə müqayisədə 10,1% azalaraq 50 701 ədəd olub.

    Təkrar bazarda isə azalma 17% təşkil edib. Bu bazarda cəmi 60 204 ev satılıb.

    Hesabat dövründə xarici ölkə vətəndaşları Türkiyədən 1 827 ədəd ev alıblar. Bu da ötən ilin müvafiq dövrünə nisbətdə 15,8 % artım deməkdir. Xaricilər təkcə İstanbuldan 556 mənzil alışı həyata keçiriblər.

    Mart ayında İraq vətəndaşları Türkiyədən 348 mənzil, Səudiyyə Ərəbistanı vətəndaşları 181, İran 156, Rusiya Federasiyası 120, Əfqanıstan vətəndaşları isə 108 ev alıblar.

    Qonşu ölkədən ev alan azərbaycanlıların sayına gəlincə, bu rəqəm 61 ədəd təşkil edib.

    Müqayisə üçün bildirək ki, 2017-ci ilin mart ayında həmyerlilərimiz Türkiyədən 50 mənzil almışdılar. Ümumilikdə azərbaycanlılar Türkiyədən 189 mənzil alıblar. 2017-ci ildə həmin rəqəm 159 mənzil təşkil edib.

  • Neftin qiyməti 100 dolları ötəcəkmi? – PROQNOZ

    Səudiyyə Ərəbistanı “öz istədiyinə nail olsa”, neftin bir barelinin qiyməti 100 dolları ötəcək.

    Bunu “USA Today” nəşrinin ekspetləri bildirib.

    Məqaləyə görə, OPEC ölkələri, eləcə də, təşkilatın bir çox tərəfdaşları 2019-cu ilin ortalarına kimi hasilat həcmini azaltmağı davam etdirməyi planlaşdırır. Bu, bazarda neft defisitinin yaranmasına yol açacaq.

    Ekspertlərin fikrincə, bu, Səudiyyə Ərəbistanının işinə yarayacaq, belə ki, belə olan halda “IPO” sisteminə qoşulmağa çalışan “Saudi Aramco” şirkətinin dəyəri qalxacaq.

    “Saudi Aramco”nun ilk səhmlərini satışa çıxarmaqla, Ər-Riyad neft resurslarına olan yüksək qiymətləri saxlamağa çalışır.

    “USA Today”ə görə, Səudiyyə Ərəbistanının planları neft bazarlarının cari trendlərində ciddi dəyişikliklərə yol aça bilər.

    Neft qiymətinin bahalaşmasına neft ehtiyatlarının azalması, tələbin artması və Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi təsir göstərəcək.

  • Azərbaycan nefti bahalaşıb

    Azərbaycan nefti 2 dollaradək bahalaşıb.

    Səhər saatlarına “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,54 dollar və ya 2,1% artaraq 76,15 dollar təşkil edib.

  • Türkiyə Azərbaycanla hesablaşmalarda milli valyutaya keçməyə hazırdır

    Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçid üçün maneə görmür.

    Median.Az xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bu barədə Trend-ə müsahibəsində deyib.

    N.Zeybekci bildirib ki, valyuta məzənnələrinin oynaması iqtisadiyyata mənfi təsir göstərir:

    “Biz hesab edirik ki, valyuta məzənnələrinin oynaması bizim ölkələrin iqtisadiyyatına vura biləcəyi zərərdən yayınmaq üçün ticarət hesablaşmalarında Türkiyə lirəsi və Azərbaycan manatından istifadə ən səmərəli üsuldur”.

    Nazirin fikrincə, müvafiq razılaşma hesablaşmalarda milli valyutaya keçid prosesini sürətləndirə bilər.

    Qeyd edək ki, son illər Türkiyə başqa ölkələrlə ticarət hesablaşmalarında lirənin payını xeyli artırıb. Əgər 2013-cü ildə ixracda lirənin payı 2,6 faiz təşkil edirdisə, hazırda bu göstərici 13 faizə bərabərdir. İdxalda Türkiyənin milli valyutasının payı həmin dövr ərzində 3,1 faizdən təxminən 8 faizə qədər artıb.

    Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Türkiyə ilə əmtəə dövriyyəsi 2,64 milyard dollar təşkil edib, bunun 1,37 milyardı bu ölkəyə ixracın payına düşür.

    2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 14,8 faiz artıb. Cari ilin ilk rübündə Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 573,1 milyon dollar (il ərzində 3,7 faiz artım) təşkil edib.

  • İş təklifi üzrə müddət 11 gündən beş günə endirilir

    Aprelin 17-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

    Iclası açan sözügedən komitənin sədri, professor Hadi Rəcəbli iclasın gündəliyinə iki məsələnin – “Məşğulluq haqqında” yeni qanun layihəsinin və “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin salındığını bildirib.

    O qeyd edib ki, son illərin ən başlıca prioritet məsələlərindən biri məşğulluq məsələsidir.

    Onun sözlərinə görə, məşğulluq məsələsi təmin edilən yerdə digər problemlər də qismən öz həllini tapa bilir:

    “Qeyd edim ki, bizdə məşğulluqla bağlı qanun vardı. Amma həmin sənədin dövrün reallıqlarına və tələblərinə uyğun olaraq dəyişdirilməsi ehtiyacı yaranmışdı. Odur ki, məşğulluqla bağlı yeni qanun layihəsinin hazırlanması məqsədəuyğun sayıldı və özünüz də görəcəksiniz ki, könhə qanunla yeni qanun arasında fərq 50 faizdən çoxdur”.

    Qanun layihəsi ilə bağlı mövqeyini açıqlayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris Əsgərov isə yeni sənəddə yeni yanaşmanın ortaya qoyulduğunu bildirib.

    Nazir müavini deyib ki, qanun layihəsi beş fəsildən və 34 maddədən ibarətdir.

    İ. Əsgərovun dediyinə görə, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib:

    “Ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən beş günə endirilir”.

  • Nazir: Kommersiya əməliyyatlarında vergidən yayınılır

    “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib-hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsinin açılış mərasimi keçirilib.

    Vergilər naziri Mikayıl Cabbarov bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının nümayəndələrinə minnətdarlığını bildirib.

    Nazir bildirib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir. Eləcə də, bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır:

    “Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir.

    Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır”.