Category: İqtisadiyyat

  • Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI

    Azərbaycanda un istehsalçılarına məxsus topdansatış məntəqələrində 50 kiloqramlıq un kisələrinin satış qiymətləri açıqlanıb.

    Median.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, müxtəlif bölgələrdə fəaliyyət göstərən müəssisələrdə qiymətlər əsasən 26 manat 10 qəpikdən 28 manat 40 qəpik intervalında dəyişir.

    Ən aşağı qiymət 26.1 manat olmaqla “Dəvəçi-Taxıl” MMC-də, ən yüksək qiymət isə 28.4 manat olmaqla “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də qeydə alınıb.

  • Manatla pul kütləsində artım qeydə alınıb

    Bu ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəli ilə müqayisədə 1 faiz artaraq 37 milyard 27.4 milyon manata çatıb.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri isə ilin əvvəlinə nəzərən 374.2 milyon manat artaraq 2 milyard 959.6 milyon manat təşkil edib.

    Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınan qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

  • İlk dəfə manatın məzənnəsi 25 Türkiyə lirəsini keçdi

    Bu gün tarixdə ilk dəfə olaraq Azərbaycan manatı (AZN) ilə Türkiyə lirəsinin (TRY) arasında rekord məzənnə qeydə alınıb.

    Median.Az Azərbaycan və Türkiyə Mərkəzi banklarının açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bir manat artıq 25 lirəyə satılır.

    Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı məzənnədə bir Türkiyə lirəsi 0.04 manat edir. Türkiyə Mərkəzi Bankının açıqladığı rəqəmlərə görə, manatın alış qiyməti 24 lirə 77 quruş, satışı isə 25 lirə 9 quruşdur.

    İndiyə kimi manatın lirəyə qarşı ən yüksək məzənnəsi 24.8 lirə olmuşdu.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.77 ABŞ dolları və ya 1.18% artaraq 66.05 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.28 ABŞ dollarına bərabər olub.

  • Azərbaycan Suriyaya meşə fındığı satmağa başlayıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 100,4 milyon ABŞ dolları dəyərində 13 486 ton meşə fındığı ixrac edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 13 % çoxdur.

    Hesabat dövründə Azərbaycan Rusiyaya 44,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,5 % az) 6 510 ton (-15 %), Almaniyaya 18,3 milyon ABŞ dolları dəyərində (+82 %) 2 145 ton (+62 %), İtaliyaya 12 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 366 ton (+63 %), Türkiyəyə 9,3 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 243 ton (+4 dəfə), İsveçrəyə 4,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 560 ton (+3 dəfə) məhsul satıb.

    Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (472,4 min ABŞ dolları dəyərində 46 ton) həyata keçirilib.

  • Azərbaycanda 10 ayda dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib

    Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 371,3 milyon manat kredit verilib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.

    Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,3 % azalaraq 351 milyon manat olub.

    İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 22,2 % artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2,7 % azalaraq 63,9 milyon manata düşüb.

  • Nazirlikdən pensiyalarda artımlarla bağlı AÇIQLAMA

    2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb.

    Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2.8 dəfə, yaşa görə orta aylıq pensiyada 2.7 dəfə artıma nail olunması deməkdir.

    Eyni zamanda, gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2.3 dəfə artımın olduğunu göstərir.

  • Azərbaycan neftinin qiyməti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.48 ABŞ dolları və ya 0.74% artaraq 65.28 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64.8 ABŞ dolları təşkil edib.

  • Qızılın qiyməti 2026-cı ildə necə olacaq?

    Cari ildə qızıl qiymətləri əhəmiyyətli dərəcədə artıb. Avqustun 18-də qızılın bir troya unsiyasının qiyməti 3333 dollar idisə, iki ay ərzində qiymət rekord həddə çataraq 4381 dolları ötüb.

    Sonuncu dəfə qızıl qiymətlərində belə artım 1979-cu ildə baş vermişdi. Ancaq daha sonra qiymətlər təxminən 4000 dollar səviyyəsində olub.

    Cari il noyabrın 26-da isə qızılın bir troya unsiyasının qiyməti 4196,6 dollara çatıb.

    2024-cü ildə başlayan qızılın yüksəliş tendensiyası 2025-ci ilin aprelindən sonra sürətləndi. Lakin bu tendensiya davamlı olmayıb və vaxtaşırı kəskin enişlər də müşahidə edilib.

    Ekspertlərin fikrincə, qızıl qiymətlərindəki dalğalanmaların bir çox səbəbi var – bunlardan biri investorların mənfəət əldə etmək üçün satış etməsidir.

    “CPM İnvestisiya Şirkəti”nin baş direktoru Ceffri Kristian qarşıdakı həftələrdə və aylarda artım gözlədiklərini bildirib: “Tezliklə qızılın bir troya unsiyasının qiyməti 4500 dollara çatsa təəccüblənmərik. Həmçinin 2026-cı ildə qızılın bir troya unsiyasının qiyməti 5000 dollara çatsa təəccüblü olmayacaq. Bu ssenari daha çox qlobal siyasi iğtişaşların artmasından asılıdır, amma qiymətlər daha çox artım istiqamətində gedir”.

    Həmçinin Britaniyanın ən böyük bankı HSBC orta proqnozunu 100 dollar artıraraq 2026-cı ildə qızılın unsiya qiymətinin 5000 dollar olacağını proqnozlaşdırıb.

    Mövzu ilə əlaqədar iqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, son bir ildə qızıl qiymətlərində 55 faiz artım müşahidə olunur.

    “Qızıl qiymətlərindəki bu artım bəlkə də tarixin ən sürətli artım dövrüdür. Səbəblər isə müxtəlifdir – qızıl qiymətlərinin düşmə səbəbi risklərin aşağı düşməsi, inflyasiya rəqəmləri ilə əlaqədardır. Qızıl riskdən qorunma alətidir. Qızılın qiyməti dollarla ifadə olunduğu üçün dolların dəyərinin necə dəyişməsinə qızıl həssas reaksiya verir. Həmçinin qızıl dividend verən istiqrazların gəlirliliyi ilə də bağlıdır. Qızıl dividend vermədiyinə görə, dividend verən aktivlər əlverişli olduqda qızılın dəyəri düşür, dividend verən aktivlərin sahib olunması əlverişsiz olduqda isə qızıl bahalaşır”,- deyə o qeyd edib.

    X.Kərimli əlavə edib ki, 2026-cı ildə qızıl qiymətlərinin yüksək qalacağı ilə bağlı proqnozlar var: “Ancaq əvvəlki kimi 50-60 faiz bahalaşacağı gözlənilmir. Qiymətlərdə 5-10 faizlik artım proqnozlaşdırılır, həmçinin ucuzlaşa da bilər. Təhlükəsizlik, strateji, hərbi, ticari risklər yüksəlsə qızıl bahalaşacaq, əks halda isə ucuzlaşacağı gözlənilir”.

  • Restoranlara xərclənən pul artıb: Səbəb nədir? – İqtisadçı açıqladı

    “İnsanlar ilbəil varlanır. Kasıb adamlar restoranlara getmir. Restoranlara ancaq imkanı yüksək olanlar gedir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli əhalinin yemək yeyərkən restoranları evdən daha üstün tutmasının səbəblərindən danışarkən deyib.

    Ekspert hesab edir ki, dövriyyənin artmasının səbəbi menyu qiymətlərinin artmasıdır:

    “Restoranlarda dövriyyənin artmasının bir neçə səbəbi var. Birincisi inflyasiyadır, qiymətlər artır. İnflyasiya ölkədə 6 %-ə yaxın olsa da, əsas inflyasiya ərzaq qiymətlərindədir – 8 %. Yəni restoranlar 8% ərzaq, içki satır. Düzdür, içkilərin qiyməti bir az artıb, 2%-dən yuxarıdır. Amma ərzaq qiymətləri, qidalar daha çox bahalaşıb. Onun da birinci səbəbi inflyasiyadır. İkinci səbəb şəffaflaşmadır”.

    Xalid Kərimli deyir ki, rəsmi statistika hələ də real vəziyyəti əks etdirmir:

    “Çünki ölkədə dövriyyələrin şəffaflaşması prosesi yekunlaşmayıb. Bura şəffaflığın hansı dərəcədə təsir etdiyi məsələlər var. Məsələn, malı eyni həcmdə də ala bilərik, amma şirkət daha çox dövriyyə göstərə bilər. Xüsusən də “ƏDV geri al” kimi məsələlər insanların çekə marağını artırıb. Biz çox yeməyə də bilərik. Əvvəl yediklərimizə qəbz almırdıq, gizlədirdik. İndi daha az gizlədirlər”.

    İqtisadçı üçüncü səbəbi alıcıların davranışı ilə bağlayır:

    “İnsanlar 30-40 il bundan əvvələ nisbətdə restoranlarda qidalanmağa daha çox üstünlük verirlər. İistehlakçı davranışı əhəmiyyətlidir”.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr ayları üçün əhalinin restoranlara nə qədər pul xərcləməsi ilə bağlı statistika açıqlanıb. Sənədə əsasən iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə iaşə dövriyyəsinin dəyəri 1 milyard 990 milyon 168,8 min manat təşkil edib. 2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 1 milyard 668 milyon 291,1 min manat olub.