Category: İqtisadiyyat

  • Bakıdakı maşın bazarı Ağdama KÖÇÜRÜLƏCƏK

    İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri davam edir.

    Görülən işlər ölkənin iqtisadi, sosial və strateji inkişaf xəritəsində yeni mərhələnin əsasını qoyub. Regionun inkişafı üçün dövlət tərəfindən planlı siyasət həyata keçirilir. Əsas məqsəd bölgələrin daha innovativ, dayanıqlı və regionda rəqabətqabiliyyətli iqtisadi zonalara çevrilməsidir.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır.

    Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.

    Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.

    Bu sürətli dinamika bölgənin iqtisadi inkişafına töhfə verəcək.

    Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu özünəməxsus coğrafi, iqtisadi və mədəni xüsusiyyətlərinə əsaslanaraq fərqli inkişaf modeli ilə layihələndirilir.

    Kəlbəcərin zəngin təbiəti, mineral suları, dağ mənzərələri və təbii ehtiyatları onu gələcəkdə nəinki ölkənin, iddialı şəkildə demək olar ki, regionun ən gözəl turizm zonalarından biri kimi formalaşdırır. Burada sağlamlıq turizmi, ekoturizm və dağ turizmi üzrə ixtisaslaşmış komplekslərin yaradılması planlaşdırılır.

    Hər bir işğaldan azad edilmiş rayonun özünün iqtisadi funksiyası olacaq. Bu isə bölgələr arasında balanslı və rasional iqtisadi sistemin qurulmasını təmin edir.

    Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək.

    Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

    Xüsusilə, Ələt Azad İqtisadi Zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşacaq. Ağdamdakı yeni bazarın bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək.

  • Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?

    Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb.

    Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb:

    “Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər”.

  • İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil – Detallar açıqlandı

    Son günlərdə işsizlərin (qeyri-formal məşğul şəxslər) aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəyi barədə “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub.

    Sadə dildə desək, insanlar işləmədikləri halda niyə bu məbləği ödəməli olduqlarını anlamaqda çətinlik çəkirlər. Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.

    Qaynarinfo xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə əlaqə saxlayıb.

    Komitə sədri saytımıza açıqlamasında bildirib ki, icbari tibbi sığorta sığortaların bir növüdür və məqsəd sığorta olunan şəxslərin sığorta hadisəsi baş verdikdə onlara dəyən zərərin, xəstəliyin və zədənin aradan qaldırılması üçün maliyyə təminatının yaradılmasıdır: “Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə və bu, icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik? Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər. Kimsə istəməsə ki, icbari sığorta ödəsin, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər. Azərbaycanda da icbari sığorta qəbul olunanda sual yaranmışdı ki, bəs işləməyən şəxslərin sığorta məsələsi necə olacaq? O zaman cənab Prezidentin göstərişi ilə işləməyən şəxslər də bu kateqoriyaya daxil olundu”.

    Musa Quliyevin sözlərinə görə, ilkin mərhələdə bu insanlara böyük güzəşt olundu: “Beləliklə, məşğulluğundan asılı olmayaraq, hər kəsə icbari tibbi sığortadan faydalanmaq imkanı yaradıldı. Amma bu, müvəqqəti keçid qayda idi. İndi “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdən sonra gələn ildən dövlət qeydiyyatında olan şəxslər – uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla, formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə, icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər. Bu, sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Yəni bir vətəndaş işləyirsə, yüksək əməkhaqqı alırsa, öz əməkhaqqısından yüksək icbari tibbi sığorta haqları ödəyirsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidir? Bu suallar da cəmiyyətdə çıxa bilər”.

    O əlavə edib ki, bu qayda məcburi deyil, amma ödəniş etməyən vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcəklər.

    Parlamentari vurğulayıb ki, bu baxımdan, ayda 16 manat sığorta haqqı ödənilməsi bir il ərzində özəl sektorda instrumental müayinənin, MRT və ya USM qiyməti qədər də deyil: “Yəni bu mənada 16 manat böyük vəsait deyil. Bu, eyni zamanda vətəndaşların əməkhaqlarının leqallaşdırılması, iş yerlərinin qeyri-formaldan formala keçirilməsi məsələsində də öz rolunu oynayacaq. Bu mənada bu, müsbət addımdır. Qanun qəbul olunduqdan sonra İcbari Tibbi Sığorta Agentliyi qaydaları müəyyənləşdirəcək. Bunun ən sadə mexanizmi hər kəsin öz poliklinikasına müraciət edərək sığorta kartı almasıdır və ya hesab açdırmaq, o hesaba da vəsaiti aybaay ödəməkdir. Yaxud da bir illik sığorta haqqını ödəmək də mümkün olacaq”.

    Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

  • Daha bir məhsul bahalaşacaq – İqtisadçı açıqladı

    Dünya bazarında kakaonun qiymətləri yenidən yüksəlib. Bazarda “ICE New York”da 3% artaraq ton üçün 5.261 dollar, ICE Londonda isə kakaonun qiyməti 3.993 funt səviyyəsinə yüksəlib.

    Mütəxəssislər bildirir ki, Londonda 4.000 funt psixoloji dəstəyinin qırılması satıcıları daha aqressiv edib və kəskin dalğalanma yaradıb.

    İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, kakaonun bahalaşması birmənalı olaraq şokoladın qiymətlərini artıracaq:

    “Şokoladın hazırlanmasının əsas xammalı kakaodur. Təbii ki, orada müəyyən, məsələn, şəkər, işçi qüvvəsi və s. qatqılar var. Kakao maya dəyərinin formalaşmasında əsas rol oynayır”

    Xalid Kərimli hesab edir ki, kakaonun qiymətinin artması şokolad istehsalı xərclərinin artırdığına görə, rəqabətə uyğun qiymət səviyyəsinə artırıcı təsir göstərir:

    “Xüsusən də kəskin bahalaşmalarda şokalad istehsalçıları tədricən qiymətləri qaldırırlar. Qiymətləri birdən-birə qaldırmırlar. Yavaş-yavaş xərc artımını qiymət artımına ötürürlər”.

  • Azərbaycanda YENİLİK gözlənilir: Yaşayış binalarında QAZ OLMAYACAQ?

    Azərbaycanda bina sektoru ölkənin emissiya mənbələri arasında xüsusi çəkiyə malikdir.

    Bu barədə BMT-nin “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) sənədində qeyd olunub.

    Hesabata görə, 2022-ci ildə yaşayış sektoru dörd milyard kubmetr, kommersiya, institusional və sənaye sektoru isə 0.5 milyard kubmetr təbii qaz istehlak edib. Bu həcm ümumilikdə 10 milyon ton CO₂ ekvivalentində tullantı yaradıb və binaları ölkədə emissiyaların 14 faizi ilə ikinci ən böyük mənbəyə çevirib. Bu səbəbdən binalar sektorunun dekarbonizasiyası iqlim öhdəliklərinə əməl olunması üçün əsas istiqamətlərdən biri kimi göstərilir.

    Bu səbəbdən Azərbaycan 2035-ci ilə qədər yaşayış binalarının elektrik və istilik sistemləri ilə təchiz edilməsi istiqamətində yeni standartlar tətbiq edəcək.

    Sənədə əsasən, binalarda elektrikli hava-su istilik nasoslarının və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Təbii qazla işləyən sistemlərdən, təxminən, üç dəfə daha səmərəli olan istilik nasosları həm isitmə, həm də isti su təminatını həyata keçirəcək və qazdan asılılığın azalmasına səbəb olacaq. Elektromaqnit enerjisindən istifadə edən elektrik plitələri isə qaz plitələrini əvəz edərək enerji itkilərini minimuma endirəcək.

    Sənəddə bildirilir ki, binaların enerji səmərəliliyinin artırılması 2035-ci ilə qədər dekarbonizasiya hədəfinə çatmaq üçün kritik əhəmiyyət daşıyır. Bu çərçivədə genişmiqyaslı modernizasiya tədbirləri nəzərdə tutulur. Təkmilləşdirilmiş istilik izolyasiya materialları, ikiqat və üçqat şüşəli pəncərələr, eləcə də boru və avadanlıqların istilik izolyasiyası üzrə yeni standartların tətbiqi hesabına binaların enerji itkisinin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır. Bundan başqa, LED işıqlandırmaya keçid, enerji etiketli məişət texnikasının – soyuducu, paltaryuyan və qabyuyanların – geniş tətbiqi və qlobal enerji standartlarına uyğun yüksəksəmərəli kondisioner sistemlərinin quraşdırılması nəzərdə tutulur. Bu tədbirlərin enerji istehlakının ümumi azalmasına mühüm təsir göstərəcəyi vurğulanır.

    Sənəddə vurğulanır ki, bütün bu tədbirlərin həyata keçirilməsi üçün ciddi kapital qoyuluşları tələb olunacaq. Bununla belə, istilik nasoslarının təbii qaz qazanlarına nisbətən, təxminən, üç dəfə yüksək enerji səmərəliliyinə malik olması uzunmüddətli perspektivdə enerji istehlakının azalmasına və istismar xərclərində əhəmiyyətli qənaətə səbəb olacaq.

  • Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kim və necə əldə edə bilər?

    “İşsizlikdən sığorta fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun xərcləri 266.4 milyon manat olacaq. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bu 2025-ci illə müqayisədə 65 faiz artım deməkdir”.

    Bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

    Bəs bu vəsaiti kimlər ala biləcək?

    Deputat qeyd edib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub:

    “Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir”.

    Pulu almaq üçün necə müraciət etməli?

    V.Bayramov qeyd edib ki, sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya DOST mərkəzlərində işsiz şəxs kimi qeydiyyata alınmalıdır:

    “Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə əlavə edilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

    Müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qurtarmasına görə işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır.

    Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”.

  • Bakı və Gəncədə dövlət əmlakları satışa çıxarılacaq

    Dekabrın 23-də Bakı və Gəncə şəhərlərində bir neçə dövlət əmlakı üzrə təkrar hərraclar keçiriləcək.

    Median.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, təkrar satışa 3 obyekt çıxarılıb.

    Bakı şəhərinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən metal məmulatlarının təmiri və hazırlanması emalatxanası satışa çıxarılacaq. Emalatxananın ümumi faydalı sahəsi 699.7 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 4528.6 kvadratmetrdir. Əmlakın ilkin satış qiyməti 50 min manat, torpaq sahəsinin start qiyməti isə 90 min manat olmaqla ümumi start məbləği 140 min manat təşkil edir.

    Bakı şəhərində hərraca çıxarılacaq digər obyekt Suraxanı rayonu Günəşli qəsəbəsi AB massivində yerləşən 42 saylı mağazadır. Mağazanın ümumi sahəsi 1664.4 kvadratmetrdir və 400 min manat start qiyməti ilə satışa çıxarılıb.

    Gəncə şəhərində isə 3 saylı avtodayanacaq hərraca çıxarılacaq. Kəpəz rayonunun 1-ci mikrorayonunda yerləşən obyektin ümumi sahəsi 140.8 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 2504.8 kvadratmetrdir. Obyektin ilkin satış qiyməti 12 500 manat, torpaq sahəsinin start qiyməti isə 62 500 manat olmaqla ümumi məbləğ 75 min manatdır.

  • Hansı sahələrə güzəştli kreditlər daha çox verilir?

    Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 5 355 layihənin maliyyələşdirilməsinə (il ərzində 13,4 % çox) 290,4 milyon manat məbləğində (54,3 %) güzəştli kredit verib.

    “Report”un fonda istinadən verdiyi xəbərə görə, verilmiş kreditlərin hesabına 3 865 yeni iş yerinin yaradılması planlaşdırılır.

    Verilmiş kreditlərin 46,2 %-i sənaye məhsullarının istehsalı və emalına, 44,1 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 7,1 %-i xidmət, 2,6 %-i isə digər sahələrin payına düşüb.

    On ay ərzində maliyyələşdirilmiş layihələrin 99,7 %-i mikro (93,7 %), kiçik (4 %) və orta sahibkarlıq (2 %) subyektlərinin payına düşüb.

    Ayrılmış güzəştli kreditlərin ümumi məbləğinin 89 %-ni mikro (60,4 %), kiçik (14,7 %) və orta (13,9 %) biznes subyektləri əldə edib.

    Hesabat dövründə kreditlərin böyük hissəsi “Bank Respublika” ASC-nin xətti ilə verilib. Cari ilin yanvar-oktyabr aylarında bank sahibkarlara ümumi məbləği 58,9 milyon manat olan (1 579 layihə üzrə) güzəştli kredit verib. Verilən kreditlərin həcminə görə TOP-5-ə həmçinin “PASHA Bank” ASC daxildir ki, bu xətt üzrə 35 milyon manat, daha sonra “Yelo Bank” ASC – 32,3 milyon manat (1 108 layihə üzrə), “Kapital Bank” ASC – 31,4 milyon manat (342 layihə üzrə) və “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) – 30 milyon manat bölüşdürülüb.

    Xatırladaq ki, 2024-cü ildə ABİF-in vəsaitləri hesabına maliyyələşdirilən sahibkarlıq subyektlərinin sayı 5 722 olub (+74,3 %) və bunun ümumi məbləği 248,1 milyon manat (+28 %) təşkil edib.

  • Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın artıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.

    Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 4,6 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.

  • Azərbaycanda duru bitki yağları istehsalı azalıb, marqarin istehsalı isə artıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 33 min 449,1 ton duru bitki yağları istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.

    Hesabat dövründə Azərbaycanda həmçinin 41 min 403,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,3 % çoxdur.

    Noyabrın 1-nə ölkədə 2 min 002,3 ton duru bitki yağı, 3 min 483,4 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 31,8 % və 22,2 % azdır.

    Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.