Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti enib

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti enib.

    Azərbaycan neftinin bir barelinin qiyməti 2.24 ABŞ dolları və ya 3.34% azalaraq 64.8 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.04 ABŞ dollarına bərabər olub.

  • Üç səhmdar cəmiyyətinin səhmləri satışa çıxarılacaq

    Dekabrın 23-də üç səhmdar cəmiyyətinin səhmlərinin satışa çıxarılması ilə bağlı təkrar pul hərracı keçiriləcək.

    Median.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Ağdaş Quşçuluq” ASC, “Əli Bayramlı Kimyəvi Təmizləmə” ASC və “İmişli Yağ-Pendir” ASC-nin səhmləri satışa çıxarılacaq.

    Qeyd edək ki, “Ağdaş Quşçuluq” ASC Ağdaş rayonunun Qaradağlı kəndində yerləşir və onun nizamnamə kapitalı 677 min 482.2 manat təşkil edir. Cəmiyyət tərəfindən ümumilikdə 338 min 741 ədəd səhm buraxılıb və hər bir səhm 2 manat nominal dəyərə malikdir. Hərraca ümumi səhmlərin 30 faizinə uyğun gələn 101 min 662 ədəd səhm çıxarılıb. Satışa çıxarılan səhmlərin nominal dəyəri 203 min 324 manat, ilkin hərrac qiyməti isə 101 662 manat olaraq müəyyən edilib.

    Hərraca çıxarılan digər müəssisə 17 aprel 2007-ci ildə təsis edilmiş “Əli Bayramlı Kimyəvi Təmizləmə” ASC-dir. Cəmiyyət Şirvan şəhərinin Mehmandarov küçəsi, 1 ünvanında yerləşir və nizamnamə kapitalı 85 min 986 manatdır. Bu ASC-nin buraxdığı 171 min 972 ədəd səhm var və hər birinin nominal dəyəri 0.5 manatdır. Təkrar hərraca 77 min 108 ədəd səhm təqdim edilib ki, bu da ümumi səhmlərin 44.84 faizini təşkil edir. Satışa çıxarılan səhmlərin nominal dəyəri 38 min 554 manat, ilkin satış qiyməti isə 19 min 277 manatdır.

    Hərracda iştirak edəcək üçüncü müəssisə 29 avqust 1997-ci ildə yaradılmış “İmişli Yağ-Pendir” ASC-dir. Müəssisə İmişli rayonunun Rəsullu kəndində fəaliyyət göstərir və onun nizamnamə kapitalı 238 min 217.6 manatdır. Cəmiyyət ümumilikdə 119 min 109 ədəd, nominal dəyəri 2 manat olan səhm buraxıb. Hərraca bu səhmlərin 30.03 faizinə bərabər olan 35 min 773 ədəd səhm çıxarılıb. Satışa təqdim edilən səhmlərin nominal dəyəri 71 min 546 manat, ilkin hərrac qiyməti isə 35 min 773 manat müəyyən edilib.

  • Azərbaycan Vyetnamdan nar almağa başlayıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 8 023 ton nar ixrac edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 28 % çoxdur.

    Azərbaycan Rusiyaya 6,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çox) 7 096 ton (+27 %), Ukraynaya 360 min ABŞ dolları dəyərində (+38 %) 441 ton (+63 %), Gürcüstana 273 min ABŞ dolları dəyərində (+58 %) 378 ton (+45 %), Qazaxıstana 36 min ABŞ dolları dəyərində (-28 %) 60 ton (-15 %), Birləşmiş Ərəb Əmirliklərinə 27,5 min ABŞ dolları dəyərində 18,3 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

    Hesabat dövründə Azərbaycan 146,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 71,23 ton (+3 dəfə) nar idxal edib.

    Azərbaycan Rusiyadan 78,4 min ABŞ dolları dəyərində 28 ton (1 il əvvəl tədarük olmayıb), Perudan 26,8 min ABŞ dolları dəyərində (-27 %) 10,7 ton (-27 %), Türkiyədən 24,8 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 20,7 ton (+4,2 dəfə), İrandan 12,9 min ABŞ dolları dəyərində (+22 dəfə) 10,7 ton (+20 dəfə), Cənubi Afrikadan 2,2 min ABŞ dolları dəyərində (-49 %) 0,9 ton (-47 %) məhsul alıb.

    Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Vyetnamdan tədarük (0,2 min ABŞ dolları dəyərində 0,05 ton) həyata keçirilib.

  • İpoteka və Kredit Zəmanət Fondu sabiq nazirdən dörd avtomobil alacaq

    İpoteka və Kredit Zəmanət Fondu “Improtex Motors” şirkətindən dörd avtomobil alacaq.

    360 min manat məbləğində olan satınalma müqaviləsi noyabrın 24-də tərəflər arasında bağlanılıb.

    Şərtlərə görə, fondun alacağı avtomobillərin üçü komfort, biri isə biznes sinfinə daxil olacaq. “Improtex Motors” MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir.

    MMC-nin qanuni təmsilçisi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.

  • Bu il sahibkarlar dövlət zəmanəti ilə 124 milyon manat güzəştli kredit alıb

    İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 678 milyon manat kredit verilib. Bunun 124 milyon manatı bu ilin yanvar-noyabr aylarının payına düşüb.

    Fondun zəmanət və subsidiyası ilə maliyyələşdirilən layihələr çərçivəsində isə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 29 noyabr 2017-ci il tarixli, 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə sahibkarların manatla aldıqları kreditlərə zəmanət və həmin kreditlər üzrə faiz subsidiyalarının verilməsinə başlanılıb.

    Eyni zamanda, dövlət başçısının 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin (qiymətli kağızlar buraxmaq hüququna malik olan və bu kağızları öz adından dövriyyəyə buraxaraq onlardan maliyyə vəsaiti cəlb edən hüquqi şəxs və ya dövlət orqanı-red.) maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Həmçinin, iki yeni alətin – sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.

  • Mikayıl Cabbarov Məhəmməd İshaq Dar ilə görüşüb

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

    Bu barədə nazir “X” hesabında paylaşım edib.

    “Görüş zamanı iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğuladıq, ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik”, – deyə nazir bildirib.

  • Qazaxıstan Azərbaycandan iki konteyner gəmisi alacaq

    Qazaxıstan Azərbaycandan iki konteyner gəmisi alacaq.

    Median.Az-ın Caspianlife.kz-ə istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev hökumət iclasında açıqlama verib.

    O, iclasda sərhədyanı qovşaqların nəqliyyat infrastrukturu ilə təmin edilməsi ilə bağlı danışıb.

    Qazaxıstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, “Xəzər düyünü” çərçivəsində Aktau və Kurık dəniz limanlarının modernləşdirilməsi üzrə işlər tam sürətlə davam edir. İlin axırına qədər Aktau limanında “Lyanyunqan” Çin şirkəti ilə birgə konteyner qovşağının tikintisinin birinci mərhələsi başa çatacaq. Həmçinin Aktauda liman sularının dibinin dərinləşdirilməsi və körpülərin modernləşdirilməsi layihələri də reallaşdırılır.

    “Kurık limanında “Sarja” çoxfunksiyalı terminalının tikintisi layihəsi həyata keçirilir. 2027-ci ilə qədər Xəzər dənizi üzərindən konteyner daşımalarını artırmaq üçün Azərbaycandan 700 konteyner tutumuna malik iki gəminin alınması planlaşdırılır. Həmçinin limanlara aparan dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması üzərində də işlər görülür. Bu layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının ötürmə qabiliyyətinin 30 milyon tona çatdırılmasına kömək edəcək”, – deyə Nurlan Sauranbayev əlavə edib.

  • “Azəri-Çıraq-Günəşli” yatağında hasilat azalır – SƏBƏB

    “Gələn il bp şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında qum təzahürü ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik təxminən səkkiz min barel neft itkisi gözləyir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən Xəzər Texniki Konfransı SPE-2025-də bildirib.

    Onun sözlərinə görə, AÇG-də sabit hasilatı təmin etmək, eləcə də Avropaya və digər bazarlara ixrac tədarüklərini qorumaq üçün müasir texnologiyalar və innovasiyalar lazımdır.

    “Texnologiyalara tələbat çox yüksəkdir. Bu yaxınlarda bp-nin texnologiya istiqaməti üzrə rəhbəri Bakıya səfər edib. Biz ona “Səngəçal” terminalında və dənizdəki əsas çağırışlarımızı göstərdik. Bizə daha uzun üfüqi quyular lazımdır və biz hələ ki onların optimal şəkildə necə qazıla biləcəyini tam başa düşmürük. Qum isə ciddi problemdir. Gələn il məhz qumun idarəedilməsi ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik səkkiz min barel həcmində itki proqnozlaşdırırıq”, – C.Kristofoli qeyd edib.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.53 ABŞ dolları və ya 0.8% artaraq 67.04 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.36 ABŞ dolları təşkil edib.

  • Cari ilin doqquz ayında ölkədə açılan iş yerlərinin 76 faizi Bakının payına düşür

    Cari ilin ilk doqquz ayının nəticələrinə əsasən, ölkə üzrə ümumilikdə 77 min 692 yeni iş yeri açılıb.

    Median.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu dövrdə ən çox iş yeri Bakı şəhərində qeydə alınıb – paytaxt üzrə 58 min 930 yeni iş yeri yaradılıb.

    Bakının rayonları üzrə ən yüksək göstərici Nərimanov rayonuna məxsusdur və burada 11 min 81 yeni iş yeri açılıb. Nəsimi rayonunda 9 min 709, Xətai rayonunda 8 min 626, Yasamalda 7 min 83, Binəqədidə 6 min 135, Səbaildə isə 5 min 648 yeni iş yeri yaradılıb. Sabunçu rayonunda 3 min, Nizami rayonunda 3 min 305, Xəzər rayonunda 1 min 535, Suraxanı rayonunda min 948, Qaradağ rayonunda 836, Pirallahıda isə 24 yeni iş yeri açılıb.