Category: İqtisadiyyat

  • Azərbaycanda mənzillər bahalaşıb

    Bu ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 100,7 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,8 faiz, yol və körpü tikintisi üzrə isə 100,3 faiz təşkil edib.
     
    Bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.
     
    Məlumata əsasən, bu ilin II rübü ilə müqayisədə ilin III rübündə yaşayış evləri üzrə qiymət indeksi isə 100,4 faizə bərabər olub.
     
    Eyni zamanda ötən ilin III rübü ilə müqayisədə bu ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi 101,2 faizə, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni aylarında isə sözügedən sahə üzrə qiymət indeksi 101,1 faiz təşkil edib.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.18 ABŞ dolları azalaraq 66.51 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.69 ABŞ dolları təşkil edib.

  • Azərbaycandan Fransaya neft ixracı üç dəfə artıb

    Cari ilin 10 ayı ərzində Azərbaycandan Fransaya 143 milyon dollar dəyərində 281 min tondan çox bitumlu süxurlardan alınan xam neft və onun məhsulları ixrac olunub.

    Median.Az Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Fransaya 57 milyon 85 min dollar dəyərində 89 min 712.83 ton xam neft və neft məhsulları ixrac olunmuşdu. Bu isə o deməkdir ki, bu ilin göstəriciləri 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2.5 dəfə və ya 85.9 milyon dollar, həcm baxımından isə 3.1 dəfə və ya 191.3 min ton üstələyir.

    Qeyd edək ki, hesabat dövründə Fransaya ümumilikdə 150 milyon 835.58 min dollar dəyərində mal ixrac edilib. 201 milyon 819.53 min dollar mal isə idxal olunub. Ötən ilin müvafiq dövründə isə göstəricilər olaraq belə olub: İxrac 64 milyon 312.35 min, idxal isə 199 milyon 405.06 min dollar.

  • Deputat: Manatın məzənnəsi sabit qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür

    “Erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir. Bu 5 və daha çox uşağı olan anlara şamil olunur. İndi 5 uşağı və ondan yuxarı olan ailələrin sayı çox azdır. Ona görə də bu güzəşti 3 və daha çox uşağı olan analara şamil edilməsi sosial nöqteyi nəzərdən çox ədalətli olardı”.

    Bu sözləri Milli məclisin iclasında büdcə müzakirəsi zamanı deputat Əli Mənsimli deyib

    Deputatın fikrincə, elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa az qalmış müddətdə insanlar pensiya kapitalından istifadə edə bilsin:

    “Əgər vətəndaş pensiyaya çıxmamışdan dünyasını dəyişibsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində qanunvericilikdə dəyişikliklərin edilməsi vacibdir. Biz sosial sahəyə 17.1 milyard manat vəsait ayırırıq. Bu çox böyük bir rəqəmdir. Amma həmin vəsaitin öz təyinatına görə istifadə edilməsi daha aktual məsələdir”.

    Deputat həmçinin qeyd edib ki, manatın məzənnəsi sabit qalsa da manatın alıcılıq qabiliyyəti sürətlə aşağı düşməkdə davam edir:

    “Bu son dövrlərdə özünü daha qabarıq göstərir. Bir neçə il bundan qabaq 100 manata aldığımız mal və məhsulların indi heç yarısına qədərinihəmin pula almaq mümkün deyil. Ona görə də bu 17.1 milyard manat vəsaitin daha çox hissəsini infilyasiyanın yeminə yox, əhalinin, pensiyaçıların güzəranının yaxşılaşmaına yönəlməsinə ciddi tədbirlərin həyata keçrilməsini vacib hesab edirəm”.
    //qafqazinfo

  • Yumurtaya tələbat kəskin artıb: Bahalaşma gözlənilirmi?

    “Hazırda sənaye üsulu ilə istehsal olunan yumurtaların qiymətində ciddi bahalaşma görmürəm, əvəzində tələbat artıb”.

    Bunu Qaynarinfo-ya açıqlamasında “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli yumurtanın qiymətinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

    Sədrin sözlərinə görə, yaxın günlərdə müəyyən qıtlıq müşahidə oluna bilər:

    “Bu, mal ətinə olan tələbatın azalması və insanların həm yumurtaya, həm də toyuq ətinə inamının artması ilə bağlıdır. Əvvəllər olduğu kimi bu gün də istehsalımız 5 milyonun üzərindədir. Lakin tələbat fərqlidir. Ötən il gündəlik tələbat 3,6–4 milyon civarında idisə, bu il 4,5–4,8 milyona, bəzən isə 5,2 milyona qədər yüksəlir”.

    Mürvət Həsənli kənd yumurtasının istehsalının azalmasına da münasibət bildirib:

    “Kənd toyuqlarında qışa doğru yumurta istehsalı azalır. Havaların soyuq keçməsi buna təsir edir. Ona görə də kənd yerində istehsal aşağı düşür. Kənd yumurtasına tələbat yüksək olduğundan qiymət artımı ehtimalı daha çoxdur. Bu da müvəqqətidir”.

    Sədr onu da qeyd edib ki, ölkədə nə yem, nə də digər enerji daşıyıcılarının qiymətində artım yoxdur:

    “Odur ki, ümumi yumurta qiymətinin yüksəlməsi gözlənilmir, sadəcə tələbat çoxalıb. Ötən il adambaşına düşən illik yumurta istehlakı 147 ədəd idisə, bu il rəqəm 194-ə çatıb”.

    Qeyd edək ki, yumurtanın bahalaşması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, kənd yumurtasının bir ədədinin qiyməti 40–45 qəpiyə təklif olunur. Bundan əlavə, broyler yumurtasının da qiymətində artım müşahidə edilir. Satıcılar bunu payız aylarında yumurta azlığı ilə izah edirlər.

  • Azərbaycanın qızıl bazarında vəziyyət necədir? (AÇIQLAMA)

    Hazırda həm qlobal, həm də yerli qızıl bazarında dalğalanmalar davam edir. Dünyada baş verən iqtisadi proseslər – ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə dair gözləntilər, dollar indeksinin möhkəmlənməsi, iri həcmli qısamüddətli satış əməliyyatları və geosiyasi risklərdəki dəyişikliklər qızılın qiymətinə birbaşa təsir göstərir.

    Dünyada gedən iqtisadi proseslər Azərbaycanda qızıl-zinət əşyalarının alıcılıq qabiliyyətinə və qiymətinə necə təsir edib?

    Məsələylə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov Trend-ə açıqlamasında bildirib ki, qızılın dünya birjalarında qiyməti son aylarda tarixi maksimuma yaxınlaşıb, daha sonra isə korrektə mərhələsinə daxil olub.

    “Hazırkı eniş qısamüddətli xarakter daşıyır və bazarın əsas trendlərini dəyişmir. Bu, mərkəzi bankların qızıl ehtiyatlarını artırmağa davam etməsi, qlobal inflyasiya risklərinin qalması və maliyyə bazarlarındakı qeyri-müəyyənliyin davam etməsi ilə bağlıdır. Qızıl bu səbəbdən hələ də təhlükəsiz aktiv kimi yüksək tələbatda qalır.

    Azərbaycan bazarında qiymətlər beynəlxalq birjalardakı dinamikanı izləyir və məzənnə, logistika və digər xərclər nəzərə alınmaqla formalaşır. Bu səbəbdən həm zərrə, həm külçə, həm də zərgərlik məmulatlarının qiymətində gündəlik dəyişikliklər müşahidə olunur”.

    İqtisadçı qeyd edib ki, Azərbaycanda qızılın qiyməti mağazaya, brendə, dizayna, çəkisinə və işçiliyin səviyyəsinə görə dəyişir.

    R.Əmircanov hazırda bazarda müşahidə olunan orta göstəriciləri də açıqlayıb.

    O, bildirib ki, hazırda dünya birjalarında qızılın 1 unsiyası 4 000 ABŞ dollarından yuxarı ticarət olunur.

    “Azərbaycan bazarında 999 əyarlı (safi) qızıl: metal dəyəri təqribən 221 AZN, məmulat satışı 250–270 AZN aralığındadır. 750 əyarlı (18K) qızıl: metal dəyəri təqribən 167 AZN, məmulat satışı 200–240 AZN təşkil edir. 585 əyarlı (14K) qızıl: metal dəyəri təqribən 130 AZN, məmulat satışı 160–190 AZN intervalında dəyişir”.

    İqtisadçı vurğulayıb ki, bu qiymətlər real bazar göstəricilərinə əsaslanır və beynəlxalq qızıl dəyərindəki dəyişikliklərə uyğun olaraq gündəlik yenilənir.

    O dəyişən qiymətlər fonunda alıcılıq qabiliyyətinin dəyişməsi məsələsinə də aydınlıq gətirib:

    Zərgərlik bazarında mövsümi dinamika çox mühümdür. Payız və yaz ayları ən yüksək satış dövrü hesab olunur. Son aylarda müəyyən yumşalma hiss olunsa da, ümumi alıcılıq qabiliyyətində ciddi azalma yoxdur.

    Toy və ailə mərasimləri bazarda satışları sabit saxlayan əsas amildir. Bundan başqa, qızıl yalnız bəzək əşyası deyil, həm də investisiya vasitəsidir. Bu səbəbdən külçə və sikkə qızıl üzrə satışlarda müəyyən artım müşahidə edilir.

    İqtisadçı bildirib ki, qiymətli daşlar seqmentində satışlar büdcə qruplarına görə dəyişsə də, ümumi dinamika sabitdir.

    “Qiymətli daşlar bazarı daha stabil fəaliyyət göstərir. Azərbaycanda almaz və digər qiymətli daşların qiymətləri əsasən Belçika (Antverpen), İsrail, Hindistan və BƏƏ kimi mərkəzlərdə tətbiq olunan qiymət siyahılarına uyğun olaraq formalaşır. Hesablama əsasən Rapaport qiymət cədvəlləri üzərindən aparılır. Həmçinin son illər laboratoriyada yetişdirilən (süni) almazlara da tələbat artmaqdadır.

    Daşların qiyməti karat ağırlığına, rəng göstəricisinə, təmizlik dərəcəsinə və kəsim keyfiyyətinə əsasən müəyyən edilir”.

    R.Əmircanov qiymətli daşların Azərbaycan bazarında satış qiymətlərini də açıqlayıb:

    “Hazırda 0.30–0.50 karatlıq brilyant daşlara tələbat daha yüksəkdir və bu seqment orta büdcəli alıcılar üçün daha əlverişli hesab olunur.1 karat və yuxarı daşlar isə həm investisiya, həm də xüsusi hədiyyə kimi geniş üstünlük təşkil edir. Safir, yaqut və zümrüd kimi daşlarda müəyyən azalma müşahidə edilsə də, ümumi bazar aktivliyi qorunur və satışlar davam edir.

    Ümumilikdə, ölkəmizdə ən çox satılan məmulatlar brilyant qaşlı zərgərlik məhsullarıdır. Digər qiymətli və yarıqiymətli daşlara da tələbat sabitdir və bu kateqoriyaların öz alıcı auditoriyası mövcuddur”.

    İqtisadçı qeyd edib ki, hazırda qızıl bazarında qiymətlər daha çox qlobal birjalardakı dəyişikliklərin təsiri ilə formalaşır.

    “Azərbaycan bazarında 585 və 750 əyarlı qızıl üzrə alıcılıq sabitdir. Külçə və sikkə qızıl investorlar arasında daha çox populyarlıq qazanır. Qiymətli daş bazarında ciddi dalğalanma yoxdur və satışlar stabil davam edir. Ümumilikdə, alıcı davranışında kəskin azalma qeydə alınmır, yalnız seqmentlər üzrə dəyişikliklər müşahidə olunur.

    Mövcud tendensiyalar fonunda ilin sonuna doğru qızılın 1 unsiyasının 4 200–4 400 ABŞ dolları intervalında ticarət olunması ehtimal olunur”,-deyə o əlavə edib.

    O tövsiyə edib ki, alış zamanı vətəndaşlar yalnız etibarlı mağazalara üstünlük versinlər və mütləq şəkildə rəsmi sertifikat tələb etsinlər.

  • Gələn ilin yaşayış minimumunun məbləği 285 manat olacaq


    2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilir.

    Bu məsələ Milli bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.

    Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

    Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

    Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.

    Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
    //unikal.az

  • Nazir gələn il pensiyaların nə qədər artacağını açıqladı

    “2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

    Nazir bildirib ki, proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.

    “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulub”.
    //unikal.az

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 0.33 ABŞ dolları, yaxud 0.48% azalaraq 67.67 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68 ABŞ dolları təşkil edib.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 0.07 ABŞ dolları, yaxud 0.1% artaraq 68 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.93 ABŞ dolları təşkil edib.