Category: İqtisadiyyat

  • Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?

    “Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əməkhaqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir”.

    Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib.

    O bildirib ki, minimum əməkhaqqıdakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqqılarında artımları təmin edir:

    “Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

    Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqqıları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1 150 manatdır. Minimum əməkhaqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

    Minimum əməkhaqqıda gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əməkhaqqıdan az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur”.

  • Qızıl kəskin bahalaşdı

    Nyu-York Ticarət Birjasının bölməsi olan “Comex”də aprel ayı üzrə qızıl füçerslərinin qiyməti yanvarın 30-dan bəri ilk dəfə olaraq troya unsiyası üçün 5 200 dollar həddini keçib.

    Bu, ticarət platformasının məlumatında əksini tapır.

    Bakı vaxtı ilə saat 03:00-a olan məlumata görə, qiymətli metalın qiyməti 1.33% artaraq bir troya unsiyası üçün 5 251.6 dollar təşkil edib.

    Saat 05:30-a qədər isə qızılın qiymətində artım tempi zəifləyib və unsiya üzrə 5 186.12 dollara (+0.08%) civarında qərarlaşıb.

  • Bakıda 2 nəfər saxlanıldı

    Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar.
     
    Median.Az xəbər verir ki, onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.
     
    Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.
     
    Araşdırmalarla saxlanılan şəxslərin oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
     
    Araşdırmalar davam etdirilir.

  • Ramazan ayının altıncı günü: İmsak və iftar vaxtı, günün duası

    Fevralın 24-ü Ramazan ayının altıncı günüdür.
     
    Median.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 05:57, iftar vaxtı isə saat 18:40-dır.
     
    Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
     
    Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9
     
    Ramazan ayının altıncı gününün duası:
     
    Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.
     
    Tərcüməsi:
     
    İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!
     
    İftardan qabaq oxunan dua:
     
    İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!
     
    Qeyd edək ki, müsəlmanların müqəddəs ayının Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.
     
    Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

  • Xaricə 59 qəpiyə, yerli bazarda 1 manat – Qiymət fərqinin səbəbi nədir?

    Bu il xaricə kartofun kiloqramını 59 qəpiyə satmışıq. Bu rəqəmlər rəsmi mənbələrdə qeyd olunub.

    Açıqlanan məlumatlarda qeyd olunub ki, ötən ilin eyni dövründə bu göstərici 0,30 dollar (təxminən 51 qəpik) olub. Bu isə o deməkdir ki, orta ixrac qiyməti illik müqayisədə 16,7% artıb.

    Hazırda Azərbaycan bazarında yerli kartofun bir kiloqramının qiyməti 1-1.5 manat arası təklif olunur. İqtisadçılar tərəfindən aman-zaman yerli istehsalın daxili bazarı təmin etmədiyi qeyd olunur.

    Bəs niyə xaricə kartof 59 qəpiyə gedir, amma daxildə 1-1.5 manatdan satılır?

    İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya deyib ki, xaricə göndərilən kartofun qiymətinin aşağı olması bir neçə səbəblə izah oluna bilər:

    “Xarici bazarlarda tələbat, valyuta fərqləri, məhsulun maya dəyərı və ixracçı şirkətlərin rəqabəti qiymətləri aşağı sala bilər. Məsələn, Azərbaycan fermeri dizel yanacağının 1,1 manata, iranlı fermər isə 60 dəfə ucuz, yəni 2 qəpiyə alır və bu məhsulun maya dəyərini ciddi şəkildə aşağı salır”.

    Akif Nəsirlinin sözlərinə görə, daxili bazarda isə tələb daha stabil və daimi olduğundan qiymətlər nisbətən yüksək olur:

    “Bundan başqa, daşınma, satıcı marjası və digər xərclər daxili qiymətə təsir edir”.

    “Fermerlər üçün ixrac, yoxsa daxili bazar daha sərfəlidir” sualına cavab olaraq ekspert bildirib ki, sərfəlilik vəziyyətindən asılıdır:

    “Əgər ixrac üçün xərclər (daşıma, gömrük, vergi) çox deyilsə və xarici bazar həcmi böyükdürsə, ixrac sərfəli ola bilər. Amma daxili bazarda daha yüksək qiymət olarsa, fermer məhsulu ölkə daxilində satmaqla daha çox gəlir əldə edə bilər”.

    Dövlətin daxili bazar və ixracat arasındakı qiymət fərqini tənzimləməsi haqqında da danışan Akif Nəsirli deyib ki, qiymətlər bir neçə üsulla tənzimlənə bilər:

    “Məsələn, ixrac rüsumları və ya kvotalar tətbiq edərək xaricə çıxan məhsulu məhdudlaşdıra, subsidiya və dəstək proqramları ilə daxili satışları stimullaşdıra, yaxud fermerlərə birbaşa alış qiyməti zəmanəti verə bilər. Bu, həm daxili bazarda qiymət stabilliyini təmin edir, həm də fermerləri qoruyur”.

  • Ölkədə bir il müddətində VERGİ GÜZƏŞTLƏRİ tətbiq olunacaq

    Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2025-ci il sentyabrın 1-dən bir il müddətinə vergi güzəşti tətbiq ediləcək.

  • Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı

    Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib.

    “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% azalıb.
    Yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.

    Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib.
    Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə şirələri, 11 min 433,5 ton meyvə-tərəvəz konservləri, 6,4 min ton qida duzu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq, 44,5%, 8,2%, və 11,1% azdır.

    Qeyd edək ki, 2025-ci ildə ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.

  • Bakının məşhur restoranlarında iftar qiymətləri

    Hər il olduğu kimi, bu il də Ramazan ayının gəlişi ilə bir çox restoran və iaşə obyektləri xüsusi iftar menyuları təqdim edir. Bu menyular həm qiymət, həm də tərkib baxımından bir-birindən fərqlənir və müxtəlif büdcələrə uyğun seçimlər təklif olunur.

    Qiymətlər isə restoranın səviyyəsindən, yerləşdiyi məkandan və təqdim olunan menyunun zənginliyindən asılı olaraq dəyişir.

    Median.Az xəbər verir ki, Bizim.Media bir çox restorandakı qiymətləri araşdırıb:

    “Qoç ət”də iftar menyusu yoxdur. Burada Ramazan ayında da digər günlərdə təklif edilən menyu təqdim olunur. Lakin restoran müştərilərinə yalnız iftar saatından sonra xidmət göstərir.

    “Fairmont” bir nəfər üçün qiymət 60 manat, beynəlxalq menyuda isə 90 manatdır. Bu menyu əcnəbi vətəndaşlar üçün təqdim edilir.

    “Fisincan” restoranında əsas yemək olaraq, toyuq, ət yaxud balıq seçilir. Bundan əlavə, qarnir, içki və şirniyyatla çay 30 manatlıq iftar süfrəsinə daxil edilir.

    “Caravan Baku”da iftar menyusu 25 manata təklif olunur. Toyuq, mərci yaxud düşbərə şorbasl, pendir və ya qarışıq turşu, sezar, paytaxt və ya toyuq salatı, yarpaq dolması, düyü və ya steyki, lülə, tikə və ya toyuq kabablarından birini seçmək imkanı yaradılır.

    “Özsüt” restoranında menyu 35 manatdır və 10% xidmət haqqı ödənilir. İmsak menyusu isə bəzi günlərdə verilir.

    “Mado” da iftar menyusu toyuq menyusu 25, ət menyusu olduqda isə 27 manat təşkil edir. Menyuda şorba, qarnir, salat və şirə təklif olunur. İmsak menyusu isə yalnız Nərimanov filialında təklif edilir.

    “La Kükü” restoranında 1 nəfərlik menyu 20 manatdır. Menyuda şorba, salat əsas yemək kimi verilir.

    “Bayıldım” restoranında isə bir nəfərlik iftar menyusu yoxdur. Burada iftar menyusunun verilməsi yalnız 2 nəfərdən başlanılır.

    2 nəfərlik menyu 49, 4 nəfərlik menyu isə 69 manat təşkil edir. Menyuya mərci şorbası, çoban salatı, ağ pendir, qazlı su, özbək plovu və kabab daxildir.

    “Four Seasons Hotel Baku”da yerləşən “Zafferano” restoranında isə iftar menyusu 110 manata təklif edilir.

    Göründüyü kimi, iftar menyuları 20 manatdan başlayaraq 110 manata qədər təklif edilir.

  • Gürcüstan Azərbaycandan Ermənistana neft tranziti üçün simvolik tarif müəyyən edib

    Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib.

    Bu barədə “Sputnik Gürcüstan” nəşri məlumat verib.

    Məlumata görə, rüsumlar İrəvanda iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub.

    Gürcüstan İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Gürcüstan tərəfi ölkədə iri nəqliyyat infrastruktur layihələri barədə qarşı tərəfə məlumat verib, hansı ki, bunun tam tətbiqi iki ölkə arasında əlaqəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

    Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb və artıq bir neçə dəfə məhsul partiyaları bu ölkəyə göndərilib. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti enib.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.58 ABŞ dolları və ya 0.8% azalaraq 72.20 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72.78 dollara satılıb.