Category: İqtisadiyyat

  • IMF Azərbaycana inflyasiya risklərinin monitorinqini tövsiyə edir

    Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, xaricdən inflyasiya təzyiqinin azalması və büdcə konsolidasiyasının davam etdirilməsi şərtilə, Azərbaycanda illik inflyasiya 2025-ci ilin sonundakı 5,2 %-dən 2026-cı ilin sonuna 5 %-ə, 2027-ci ilin sonuna isə 4 %-ə enəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu IMF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17 tarixlərində Bakıya səfərinin yekunlarına dair bildirib.
    IMF 2032-ci ilə qədər olan dövrdə illik inflyasiyanın 4 % səviyyəsində sabit qalacağını gözləyir.

    Eyni zamanda, IMF-nin proqnozlarına görə, orta illik inflyasiya 2026-cı ildə 5,2 % (2025-ci ildə 5,6 %), 2027-ci ildə 4,5 % təşkil edəcək, sonrakı illərdə isə – 2032-ci ilə qədər 4 % səviyyəsində gözlənilir.

    “Əsasən xarici amillərin təsiri altında inflyasiya müvəqqəti olaraq Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonunun yuxarı həddini ötüb, lakin 2025-ci ilin ikinci yarısında yenidən həmin diapazon çərçivəsinə qayıdıb. İnflyasiyanın azalması gözlənilsə də, artan xarici qeyri-müəyyənliyi və hələ də formalaşmaqda olan pul-kredit siyasətinin transmissiya mexanizmini nəzərə alaraq, inflyasiya risklərinin diqqətli monitorinqi və inflyasiyanın gözlənilməz dəyişmələrinə reaksiya verilməsi vacib olacaq”, – A. Bordon deyib.

    Onun sözlərinə görə, banklararası bazarda faiz dərəcələri uçot dərəcəsinə yaxın qalır, bu da AMB tərəfindən izafi likvidliyin uğurlu idarə olunmasını əks etdirir.

    “Bütövlükdə iqtisadiyyata transmissiyanın əhəmiyyətli dərəcədə yaxşılaşdırılması risksiz gəlirlik əyrisinin daha da inkişaf etdirilməsini və dollarlaşma, yüksək əməliyyat xərcləri və bank sektorunda aşağı rəqabət kimi çoxdankı struktur problemlərinin həllində tərəqqinin davam etdirilməsini tələb edəcək”, – A.Bordon bildirib.

  • Azərbaycanda qara kürü istehsalı 2 dəfədən çox artıb

    2025-ci ildə Azərbaycanda 3192.81 kq nərə balığının kürüsü (qara kürü) istehsal edilib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, bu göstəricinin həcmi 2024-cü illə müqayisədə 2.4 dəfə və ya 1848 kq çoxdur. Belə ki, 2024-cü ildə Azərbaycanda 1344.30 kq nərə balığının kürüsü istehsal edilib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 1 milyon 18.2 min ABŞ dolları dəyərində 1 ton nərə balığının kürüsü ixrac edilib.

    Xatırladaq ki, ötən il Azərbaycana Çindən 2 milyon 530 min ABŞ dolları dəyərində 8.4 ton qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 513 manat təşkil edib.

  • Azərbaycan nefti 71 dollara yaxınlaşdı

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 2.03 ABŞ dolları və ya 2.94% artaraq 70.95 dollara satılıb.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.92 dollar təşkil edib.

  • Taksi şirkəti Azərbaycan bazarından çıxır

    Azərbaycanda taksi şirkəti ləğv edilir.

    Valyuta.az xəbər verir ki, nizamnamə kapitalı 10 manat olan “Retro TAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

    Kreditorlar iki ay ərzində tələblərini AZ1027 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 89, mənzil 55 ünvanına təqdim edə bilərlər.

    Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Ruslan Əhədov Rahil oğludur.

  • Xarici ölkələrdən ölkəmizə kilosu 11,25 manata kərə yağı idxal olunub

    Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 12 milyon 625,60 min ABŞ dolları dəyərində 1 min 907,96 ton kərə yağı idxal olunub. İdxal olunan məhsulun 1 kiloqramının orta qiyməti 6,62 ABŞ dolları (11,25 manat) təşkil edib.

    Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 milyon 480,69 min ABŞ dolları və ya 30,26%, miqdar ifadəsində isə 693,84 ton və ya 26,66% azdır.

    Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycana 18 milyon 106,29 min ABŞ dolları dəyərində 2 min 601,80 ton kərə yağı idxal edilmişdi. Həmin dövrdə 1 kiloqramın orta idxal qiyməti 6,96 ABŞ dolları (11,83 manat) olub.

  • Azərbaycanda toxumluq kartof kəskin bahalaşıb: Səbəb nədir?

    Azərbaycanda toxumluq kartof bahalaşıb.

    Bu barədə Qaynarinfo-ya fermerlər məlumat verib. Onlar bildirib ki, ölkəmizə Rusiya, Ukrayna və digər ölkələrdən gətirilən sertifikatlı toxumların qiymətində 2 dəfə artım var.

    Ötən il toxumun bir kiloqramın 70 qəpiyə idisə, bu il 1,3-1,4 manat arasında təklif olunur. Fermerlər deyir ki, toxuma tələbatın çox olması qiymət artımına səbəb olan amillərdəndir.

    Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ölkədə satılan toxumun 95%-i xaricdən gətirilir:

    “Problem nədədir? Biz dollarla aldığımız toxumu yetişdiririk, amma təkrar xaricə ixrac edə bilmirik. İxrac edə bilmiriksə, deməli, verdiyimiz valyuta həmin ölkədə qalır. Biz onu aparıb valyutaya çevirib öz ölkəmizə qaytara bilsək, hər bir əkinçi pul qaza bilər

    Toxumluq kartofun qiyməti ildən-ilə artır. Hər gün qiymətlər qalxır. Amma bizim yetişdirdiyimiz məhsulun qiyməti qalxmır. Məhsulu satmaq istədiyimiz anda sata bilmirik. Anbarlar yoxdur. Əgər anbar olsa, məhsulu yığıb saxlamaq olar. Bazarlarda durğunluq yarananda əkinçi məcbur olub məhsulu dəyər-dəyməzinə satır ki, ziyana düşməsin”.

    Anar Abbasov deyir ki, kartof torpaqdan çıxarıldıqdan 3 ay sonra Azərbaycana xaricdən kartof idxal olunur:

    “Niyə xaricdən gətiririk? Anbarlar olsa, zamanında yığdığımız məhsulu 3 aydan sonra çıxardıb satarıq. Onsuz da biz onu dəyər-dəyməzə satırıq”.

  • Kreditləri ən pis və ən yaxşı ödəyən rayon və şəhərlər məlum olub (VİDEO)

    Azərbaycanda kreditləri ən pis və ən yaxşı ödəyən rayon və şəhərlərin adları məlum olub.

    Mərkəzi Bank tərəfindən bu ilin yanvarın 1-nə Azərbaycanın rayon və şəhərləri üzrə verilmiş vaxtı keçmiş kreditlərin cəmi kreditlərə olan nisbəti açıqlanıb.

    İqtisadçı ekspert Ruslan Atakişiyev bildirir ki, rayonlar üzrə kreditlərin gecikmələri, yaxud vaxtlı-vaxtında ödənilməsi müxtəlif səbəblərdən baş verə bilir.

    Onun sözlərinə görə, regionun iri şəhərlərə yaxınlığı da bu məsələdə əsas faktorlardandır. İri şəhərlər və onun ətraflarına yaxın olanlar daha çox vaxtlı vaxtında ödəməkdə maraqlı olur, ucqarlara getdikcə isə ödəmə məsələləri çətinləşir.

    İqtisadçı-ekspert bildirib ki, səbəb həmin ərazilərdə maliyyə əlçatanlılığı, maliyyə institutlarının yaxşı inkişaf etməsidir.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

  • Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.79 ABŞ dolları və ya 1.13% artaraq 70.36 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.57 ABŞ dolları təşkil edib.

  • Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb, əks istiqamətdə artıb

    Ötən ay Azərbaycandan Gürcüstana 3,10 milyon ABŞ dolları həcmində pul köçürülüb.

    APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

    İllik müqayisədə həcmdə 6,04% azalma qeydə alınıb. Yanvarda xaricdən Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,10% təşkil edib.

    Gürcüstandan Azərbaycana isə 4,64 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 28,18% çoxdur.

    Hesabat ayında xarici ölkələrdən Gürcüstana 282,64 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 16,6% çoxdur. Gürcüstandan xaricə göndərilən pul köçürmələri isə illik müqayisədə 10,2% artaraq 31,2 milyon ABŞ dollarına bərabər olub.

  • Kirayə evlərin qiyməti ARTACAQ? – EKSPERT AÇIQLADI

    Yanvarın 1-dən etibarən müqaviləli kirayələrin dövlət rüsumu 14%-dən 10%-ə endirildi. Dəyişiklik ilkin baxışda kirayə bazarının leqallaşdırılması və qiymətlərin sabitləşməsi baxımından müsbət addım kimi qiymətləndirilir. Çünki əvvəlki illərdə kirayə münasibətlərinin böyük hissəsi qeyri-rəsmi şəkildə qurulurdu və vergi öhdəlikləri tam şəkildə icra olunmurdu.

    Bununla belə, ekspertlər hesab edirlər ki, faizlərin azaldılması nəzəri baxımdan bazara müsbət təsir göstərməli olsa da, praktiki müstəvidə vəziyyət bir qədər fərqlidir. Müqavilələrin hüquqi baxımdan rəsmiləşdirilməməsi və münasibətlərin qeyri-rəsmi formada qalması 10 faizlik rüsumun tətbiqini tərəflər üçün əlavə öhdəlik kimi təqdim edir. Bu səbəbdən hazırda kirayə qiymətlərində ciddi dəyişiklik müşahidə olunmur.

    İqtisadçı Vüqar Oruc BAKU.WS-ə bildirib ki, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi bazarın şəffaflaşması üçün stimul yaratsa da, bu proses hələ geniş miqyas almayıb:

    “Əvvəllər kirayə münasibətlərinin əhəmiyyətli hissəsi rəsmiləşdirilmirdi. Faizin azaldılması nəzəri olaraq bazara müsbət təsir etməli idi. Lakin müqavilələrin hüquqi baxımdan bağlanmaması və münasibətlərin qeyri-rəsmi qalması səbəbindən 10 faizlik rüsum hazırda tərəflər üçün əlavə öhdəlik kimi qəbul olunur. Bu baxımdan qiymətlərdə hələ ciddi dəyişiklik yoxdur.”

    Ekspert qeyd edir ki, inzibati metodlarla kirayə münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, proses məhdud xarakter daşıyır:

    “Dövlətin bütün qeyri-rəsmi kirayə münasibətlərini aşkar etməsi üçün resurslar kifayət qədər geniş deyil. Ona görə də dəyişikliklər bazara hələ ciddi təsir göstərməyib.”

    Bununla yanaşı, V.Oruc 2026-cı il üzrə qiymət artımı proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, cari ildə kirayə bazarında artım tendensiyası mümkündür:

    “İlkin mərhələdə – ilk 6 ay ərzində kirayə qiymətlərinin 5-6 faiz yüksəlməsi ehtimalı var. İlin ikinci yarısında isə artım tempinin daha da sürətlənməsi mümkündür.”

    Beləliklə, vergi dərəcəsinin azaldılması bazarın leqallaşdırılması istiqamətində addım kimi qiymətləndirilsə də, qısa müddətdə kirayə qiymətlərinə ciddi təsir göstərməyib. Lakin ekspertlərin proqnozlarına görə, qarşıdakı aylarda qiymət artımı yenidən gündəmdə olacaq və bu, xüsusilə paytaxtda kirayə bazarında hiss edilə bilər.