Category: İqtisadiyyat

  • Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib

    Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib.

    Median.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Belə ki, bu ilin mart ayında Azərbaycana Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal olunub.

    Həmçinin bu ilin ilk üç ayında Azərbaycan Ermənistana 5 milyon 757 min dollar dəyərində məhsul ixrac edib.

  • Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI

    Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 5.55 ABŞ dolları və ya 4.68% azalaraq 113.01 ABŞ dolları olub.

    Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 118.56 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, ötən gün Azərbaycan nefti daha 7.27 ABŞ dolları ucuzlaşmışdı.

  • Dünya birjalarında ABŞ dolları ucuzlaşır

    İranla sülh müqaviləsinin imzalanması ehtimallarının artması səbəbindən ABŞ dollarının məzənnəsi mart ayının əvvəlindən bu yana ən minimum həddə qədər ucuzlaşıb.

    Bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.

    Nəşrin məlumatına görə, sərmayədarların müsbət əhvali-ruhiyyəsi fonunda Amerika valyutası digər aparıcı valyutalarla müqayisədə öz dəyərini itirməkdədir. ABŞ Prezidenti Donald Trampın münaqişənin başa çatması ilə bağlı verdiyi açıqlamalardan sonra treyderlər qoruyucu aktivlərdən imtina etməyə başlayıblar.

    ANZ şirkətinin Asiya üzrə tədqiqatlar şöbəsinin rəhbəri Xun Qo qeyd edib ki, hazırda bazarlar proseslərin sülh yolu ilə həll olunacağı ssenarisinə əsaslanır. Mütəxəssisin sözlərinə görə, ABŞ valyutası indeksinin 98 olan kritik həddən düşməsi onun gələcək mövqeləri üçün ciddi fəsadlar yaradacaq.

    “Dolların üzərində təzyiqlərin gələcəkdə də davam etməsi ehtimalı var”, – deyə ekspert əlavə edib.

  • Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?

    Bəzi marketlərdə məhsulların qiymətinin 1 kiloqramlıq vahidə görə deyil, 100, 250 və ya 500 qramlıq ölçülərə əsasən göstərilməsi alıcılar arasında narazılıq doğurub.

    Bəs bu praktikada qanun pozuntusu varmı, yoxsa sadəcə marketlərin reklam və təqdimat siyasətidir?

    Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, marketlərdə qiymətin müxtəlif çəki vahidləri ilə göstərilməsi özlüyündə qanunsuz sayılmır. Onun sözlərinə görə, əsas məsələ məlumatın təqdim olunma formasıdır:

    “Əgər qiymət konkret çəki vahidinə görə müəyyən edilirsə, həmin çəki də etiketdə aydın şəkildə qeyd olunmalıdır. Əsas prinsip odur ki, qiymətlər açıq, başa düşülən və müqayisə edilə bilən formada təqdim olunsun. Alıcı yanlış yönləndirilməməlidir. Belə təqdimat formaları xüsusilə toyuq məhsulları, çərəzlər və meyvə quruları, konfetlər, şokaladlar kimi məhsullarda daha çox rast gəlinir”.

    Reklam və istehlakçı hüquqları ilə bağlı qanunvericiliyə toxunan iqtisadçı vurğulayıb ki, qanunvericilik düzgün və dolğun məlumatın təqdim olunmasını tələb edir:

    “Reklam yaradıcı ola bilər, amma məhsul haqqında doğru və tam məlumat verməlidir. İstehlakçı aldanmamalı, yanlış yönləndirilməməlidir. Müştəri də gördüyü qiymətləri müqayisə edib analiz edə bilməlidir”.

    Onun sözlərinə görə, alıcı əlavə məlumat əldə etmək hüququna malikdir və ehtiyac olduqda satıcıdan açıqlama tələb edə bilər. Satıcının isə məlumatları düzgün təqdim etmək öhdəliyi var:

    “Əgər istehlakçı aldadıldığını düşünürsə, məhsulu qaytarmaq və ya müvafiq qurumlara şikayət etmək hüququna malikdir”.

  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

    Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası istiqamətində Çexiya təcrübəsini öyrənir. Bu məqsədlə təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti metro, tramvay, avtobus və dəmir yolunun vahid sistem kimi – sinxronlaşdırılmış hərəkət cədvəli və ümumi tarif modeli əsasında necə işlədiyini araşdıracaq.

    Bəs vahid tarif sisteminin Azərbaycanda tətbiqi nə dərəcədə realdır?

    Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa Qaynarinfo-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası olduqca vacib məsələdir:

    “Hazırda ictimai nəqliyyat sahəsində müəyyən çətinliklər mövcuddur. Ölkədə tramvay və trolleybus xətləri fəaliyyət göstərmir. İctimai nəqliyyat əsasən avtobus və metrodan ibarətdir. Sərnişinlər nəqliyyat vasitələrinin dəqiq hərəkət qrafikini bilməlidir. Məsələn, avtobusun hansı dayanacaqda olduğu və doluluq səviyyəsi barədə məlumat əlçatan olmalıdır. Bütün bu proseslər sinxron şəkildə işləməlidir”.

    Ekspert qeyd edib ki, gələcəkdə belə sistemin tətbiqi mümkündür, lakin hazırda bu, real görünmür:

    “Yəqin ki, zamanla bizdə də bu cür sistem qurulacaq. Amma indiki şəraitdə bu, çətin görünür. Çünki hazırda yalnız avtobus və metro fəaliyyət göstərir”.

    Yasin Mustafa vahid tarif sistemi ilə bağlı problemlərə də toxunub. Onun sözlərinə görə, bu sahədə əsas çətinliklərdən biri müxtəlif qurumların fəaliyyət göstərməsidir:

    “Vahid tarif sisteminin tətbiqi zamanı maliyyə bölgüsü məsələsi ortaya çıxır. Hansı quruma nə qədər vəsait düşəcəyi sual doğurur. Hazırda bu məsələlər tam həllini tapmayıb. Amma düşünürəm ki, gələcəkdə bu problemlərin həlli üçün uyğun mexanizmlər tapılacaq”.

  • Azərbaycanda dolların məzənnəsi dəyişəcək? – Rəsmi açıqlama

    2030-cu ilin sonuna qədər Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır.

    Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

    Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manat/dollar nisbəti cari ilin səviyyəsində (1,7) götürülüb.

  • Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ

    Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada 1.5-3 dəfə artım əmsalları tətbiq ediləcək.

  • Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

    Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 7.27 ABŞ dolları və ya 5.77% azalaraq 118.56 ABŞ dolları olub.

    Xatırladaq ki, “Azeri Light”in əvvəlki qiyməti 125.83 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

    İyulun 15-dən Azərbaycan Mərkəzi Bankı (AMB) tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxacaq.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparır. AMB beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlamış və 2021-ci ildən yenilənmiş 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.

    Proseslərin davamı olaraq, “İqtisadiyyat və İnkişaf” mövzusuna həsr olunan 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Bu pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

    Yenilənmiş 100 manatın üzərində AMB-nin sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.

    Hazırda ölkədə istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

    Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

  • Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?

    Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır.

    Bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

    Məlumatda köhnə 100 manatlıq əsginasların aqibəti ilə bağlı məsələyə də aydınlıq gətirilib.

    Bildirilib ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.