Category: Kriminal

  • Eldar Mahmudovun məhkəməsi başlayıb

    Bu gün Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh Eldar Mahmudov iştirak etməyib.

    Zalda iştirak edən bir nəfər özünü E.Mahmudovun qaynı kimi təqdim edib. O deyib ki, sabiq nazirin məhkəməyə verildiyini aprelin 23-də biliblər. Onun sözlərinə görə, E.Mahmudov qızı ilə eyni ünvanda qeydiyyatdadır.

    O, iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə məhkəməyə gəlmək barədə şərait yaradılmasını istəyib.

    Daha sonra iddiaçı M.Mustafayev vəsatət qaldıraraq, işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini tələb edib. O bildirib ki, ikinci cavabdeh qismində göstərilən Maliyyə Nazirliyinin inzibati binası Nəsimi rayonu ərazisində yerləşir:

    “Əgər iş Nəsimi Rayon Məhkəməsinə göndərilməsə, cavabdeh tərəf Eldar Mahmudovun da iştirakı ilə burada – Yasamal Rayon Məhkəməsində baxılsın”.

    Məhkəmə vəsatəti təmin edib, cavabdeh Eldar Mahmudovun prosesdə iştirak etməsi barədə qərar qəbul edib.

    Məhkəmənin hazırlıq iclası mayın 3-də davam etdiriləcək.

    Xatırladaq ki, “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyevi məhkəməyə verib.

    Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

    M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

    Bu iddia ərizəsi üzrə hazırlıq iclası mayın 1-nə təyin olunub. İşə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.

    Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

    Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək “Azərsu” ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

    M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə iki il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

    Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

    Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

    M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq intihar edib.

  • Şirvanda mağazaya basqın: Butulkanı qızın başında sındırdılar – VİDEO

    Şirvanda mağazaya basqın edən şəxslərin videogörüntüləri əldə olunub.

    Median.Az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə aprelin 22-də, axşam saatlarında Şirvan şəhərində yerləşən marketlərdən birində baş verib.

    Marketə pul əldə etmək məqsədilə daxil olan şəxs mağazanın satıcı-nəzarətçisi – 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Fərhad oğlunun və kassada əyləşən 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zabil qızının başına butulka ilə zərbələr endirib. Son anda kassadan pul götürə bilməyən cinayətkar qaçaraq aradan çıxıb.

    Hər iki şəxs kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

    Hadisə ilə bağlı polis orqanlarına məlumat verilib. Mağazanın müşahidə kameralarında əks olunan görüntülərdən məlum olub ki, mağazaya basqında iki nəfər iştirak edib. Onlardan biri mağazanın qarşısında pusquda durubmuş.

    Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Dövlət Gömrük Komitəsinin əməkdaşı qətlə yetirildi

    Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

    Hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

    Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.

    Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

    Faktla bağlı araşdırma aparılır./report

  • MTN generallarına hökm elan olunub

    Bakı Hərbi Məhkəməsində Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun CM-nin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən, külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq, mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, məhkəmənin hökmü ilə Sübahir Qurbanov, Füzuli Əliyev 14 il, Teymur Quliyev 12 il, Zaur Məmmədov, Natiq Əliyev 10 il 6 ay, Anar Şirəliyev, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Təqsirləndirilən Natəvan Mirvətovaya 5 il, Fərhad Atayevə və Elşən Əzizova 3 sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

    Atayev və Əzizov iclas zalından azadlığa buraxılıblar.

    Xatırladaq ki, dövlət ittihamçısı general Sübahir Qurbanova, Teymur Quliyevə 16 il, Füzuli Əliyevə 15 il, Natiq Əliyevə 14 il, Zaur Məmmədova 13 il, Natəvan Mirvətovaya 12 il, Elşad Əzizova 8 il, Fərhad Atayevə, Anar Şirəliyevə və Eşqin Əliyevə 7 il cəza təyin edilməsini xahiş edib. Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

  • Həbs olunmuş “Quska” Bakı hava limanında – FOTO + VİDEO

    Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseyn Abdullayev saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

    Hüseyn Abdullayevin həbsi və ekstradisiyası iki ölkə arasında əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilib.

    Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işi başlanılıb.

    Bakı aeroportunda Hüseyn Abdullayevin ekstradisiyasını özündə əks etdirən kadrları təqdim edirik:
    /oxu.az



  • Son dəqiqə! Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi

    Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

    Median.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.

    Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

    O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

    Xatırladaq ki, H. Abdullayev bir neçə ildir Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

  • 26 yaşlı gənc bıçaqlanıb

    Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla verdiyi məlumata görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

    O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

    Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

    Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

  • Bakıda maskalı şəxslər evə basqın etdi

    Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində quldurluq hadisəsi törədilib.

    Median.Az-ın DİN-in saytına istinadən məlumatına görə, aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.

    Onlar istədiklərinə nail ola bilmədiklərindən N. Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk ediblər.

    Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

    Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

  • “Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü

    Bakı Ağır Cinayətlər Məhkəməsində qaynı olan xalası oğlunu öldürməkdə təqsirləndirilən Seymur Abıyevin məhkəməsi başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosessdə Seymur Abıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. S.Abıyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz olan afamı öldürmə) maddələri ilə təqsirli bilinib. S.Abıyev ötən ilin avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində qaynı Amin Bayramovu qətlə yetirərək həyətində basdırıb.

    Təqsirləndirilən şəxs Amin Bayramovu öldürməsinin səbəbini belə danışıb: “Mənə borcu var idi. Söhbət edəndə dedi ki, “arvadımdan xoşun gəlir?”. Mən də bunu başa saldım ki, ayıbdır, bu yaxşı hərəkət, danışıq deyil. Onu başa saldım. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.

    Məlum olub ki, S.Abıyev Amin Bayramovun xanımına zəng edərək ondan xoşu gəldiyni deyib. Amma S.Abıyev məhkəmədə bunun doğru olmadığını söyləyib. Məhkəmədə mərhumun xanımı da ifadə verib. Qadın deyib ki, hadisədən 2 ay əvvəl Seymur Abıyev ona zəng edib. Suallara cavab verən şahid Seymur Abıyevin onunla qohum kimi zəng edib danışdığını söyləyib. Şahid S.Abıyevin ona yaxın münasibətdə olmağı təklif etmədiyini deyib. Amma məlum olub ki, şahid yalan danışır. Çünki o, istintaqa ifadəsində S.Abıyevin ona zəng edərək görüşmək istədiyini, yaxın münasibətdə olmaq istədiyini deyib. Şahid məhkəmənin xəbərdarlığından sonra doğru danışacağını, amma mərhumun atasından utandığını deyib. Mərhumun atası zaldan çıxmaq təklifi ilə razılaşıb. Daha sonra qətlə yetirilən Amin Bayramovun xanımı S.Abıyevin qətlin səbəbi kimi dediklərinin yalan olduğunu söyləyib.

    O, bildirib ki, yoldaşı onu S.Abıyevə borc qarşılığında təklif etməyib. Suallara cavab verən şahid S.Abıyevin ona bir neçə dəfə münasibətdə olmağı təklif etdiyini, lakin bunu həyat yoldaşına söyləmədiyini deyib. Qadın bu hərəkətinin səbəbini belə izad edib ki, onlar arasında dava düşəcəyindən qorxub. Şahid S.Abıyevin ona zəng etməsi barədə yalnız öz anasına xəbər verdiyini qeyd edib. Yenicag.az

  • Məmurun qardaşı qızına sataşan oğlana qarşı dəhşətli əməl – “Atlant” istirahət mərkəzində şok

    Qaradağ rayonunda dostunu qətlə yetirməkdə təqsirli bilinən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az-ın publika.az-a istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, hadisədən bir neçə gün əvvəl Amal Zülfüqarov Xaçmazda “Atlant” istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb.

    Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib.

    Bu səbəbdən Amal Zülfüqarov ötən il avqustun 15-də Qaradağ rayonu, Qobustan qəsəbəsində kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşan Amal onun boyun və sinə nahiyəsinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.

    Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək, yenidən Qismətə hücum edib.

    Amal Zülfüqarov Qismətin ürək, boğaz, sinə və qarın nahiyəsinə ümumilikdə 35 bıçaq zərbəsi endirib.

    Amal Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

    İttihama münasibət bildirən Amal Zülfüqarov özünü qismən təqsirli bilib. O, qeyd edib ki, xuliqanlıq niyyəti ilə adam öldürüb.

    Amal Zülfüqarovun sözlərinə görə, qətlə yetirdiyi Qismətlə dost olublar: “Hadisədən bir neçə gün əvvəl Qismət və daha iki dostu məni yerimdən götürərək, birlikdə “Atlant” istirahət mərkəzinə getdik. Bu zaman Qismətin mənə qarşı münasibətinin tam dəyişdiyinin şahidi oldum”.

    Təqsirləndirilən şəxs deyib ki, Qismət yolda ona qarşı fərqli şəkildə davrandığını görüb: “Sözümü kəsirdilər, bəzən də məni danışdırmırdılar. Qismət də qayıtdı ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma sıxacaqlar. Mənim də ürəyimə xal düşdü”.

    Amal Zülfüqarov qeyd edib ki, istirahət mərkəzində olan zaman Qismət ona tərs-tərs baxıb: “Qismətdən bu hərəkətlərinin səbəbini soruşdum. Bildirdi ki, yaxşı edirəm. Mən də uşaqlardan da səbəbini soruşdum. Onlar da heç nə demədi. Artıq mən də əsəbiləşməyə başladım”.

    Təqsirləndirilən şəxs deyib ki, məsələni araşdırmaq üçün bir neçə dəfə Qismətlə danışmaq istəyib, amma ona tapa bilməyib.

    Amal Zülfüqarovun ifadəsinə görə, bir dəfə Qismətlə rastlaşıb: “Həmin vaxt Qismət mənə dedi ki, get, evdə qazı aç, özünü öldür. Mən də səbəbini soruşdum. Dedi ki, hamının içində deyəcəm. Mən ona dedim ki, səninlə qardaş kimi olmuşam, amma mənə qarşı nəsə söhbət olsa, səni öldürərəm. Hamının içində də bunu dedim”.

    Amal Zülfüqarov əlavə edib ki, növbəti dəfə Qobustan qəsəbəsində kafedə Qismətlə görüşüb: “Həmin sözü orada demək istədiyini söylədi. Amma orada olan Nicat Qismətə dedi ki, söhbəti açma. Bu hərəkət məni daha da əsəbiləşdirdi”.

    Amal Zülfüqarov daha sonra ifadəsində kafedə baş verən davalarından danışıb. O bildirib ki, hadisə zamanı bıçaqladığı Haldun və Tələtlə dost olub: “Onlarla Çörək kəsmişəm, onlara zərbə endirməmişəm. Ola bilər ki, onlar məni aralayanda bıçaq zərbəsi dəyib”.

    Cinayəti törədən Amal Zülfüqarov Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.