Category: Kriminal

  • Ölən şagirdin meyiti qəbirdən çıxarıldı – “Döyüb öldürüblər” (FOTO)

    Bir neçə gün öncə Şəmkir rayonunda orta məktəb şagirdinin ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.

    Rayonun Çənlibel kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Məhərrəmov Elgün Gündüz oğlu sinif yoldaşı tərəfindən döyülərək öldürülüb:

    “Elgün Nurlan adlı sinif yoldaşı ilə mübahisə edib. Yoldaşları onları ayıra bilməyib. Elgün Nurlanın əlindən çıxaraq sinif otağına qaçıb. Nurlan da onun arxasınca qaçaraq Elgünü tutub, ona möhkəm zərbələr endirib. Elgün yıxılıb və ayılmayıb. Məsələ araşdırılıb, şahidlər də bunu təsdiq edib. Aprelin 10-da Elgünün qəbri açıldı, meyit çıxarılıb, müayinə edildi. Nəticəsi bu gün açıqlanacaq”.

    Qeyd edək ki, bir neçə gün öncə Şəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib. İlkin xəbərlərdə bildirilirdi ki, rayonun Çənlibel kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da onun dünyasını dəyişdiyi məlum olub.

  • Nəvəsi qəzada ölən kişi: “Qəsdən öldürməyib ki, qəzadır da”

    Bakıda 2 nəfərin ölümünə, 9 nəfərin yaralanması ilə yol qəzası törətməkdə təqsirləndirilən Rac Əliyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, R.Əlizadə etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq sürücü Şovqatov Ələddinin idarə etdiyi “VAZ-21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ- 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ə.Şovqatovun azyaşlı nəvəsi Müsab hadisə yerində vəfat edib. R.Əlizadənin sərnişini olan qayınanası, 1959-cu il təvəllüdlü Sevda Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu rayon Xəstəxanasında vəfat edib.

    R.Əlizadə özünü təqsirli bildiyini deyib. O istintaqa verdiyi ifadəsini təsdiqləyib və əlavə ifadə verməyib. Nəvəsi ölən Ə.Şovqatov“qəsdən öldürməyib ki, qəzadı da” deyərək barışdıqlarını bildirib.

    Mərhum Müsab Şovqatov atası Zaur Şovqatov və anası Əminə Şovqatova da qəza zamanı yüngül xəsarət alsalar da, şikayətçi olmadıqlarını bildiriblər.

    Lİzinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə verib. O isə maşını etibarnamə olmadan idarə etməsi üçün Rac Əlizadəyə verib. Qəza zamanı lizinq şirkətinə dəyən 3550 manat maddi ziyan ödənilməyib.

    Proses aprelin 16-da davam edəcək.

    Qeyd edək ki, qəza zamanı 28 yaşlı Lalə Behbudova, 38 yaşlı Rac Əliyev, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, 35 yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev, 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.

  • Masazırda bibisini öldürən gənc ittiham üzrə özünü təqsirli bilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüsal Şıxəliyevin (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 4-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevaya (1975-ci il təv.) balta ilə çoxsaylı xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. Tutulan Vüsal Şıxəliyev cinayəti qisqanclıq zəminində törətdiyini bildirib.

    Məhkəmə prosesində V.Şıxəliyev ittiham üzrə özünü təqsirli hesab edib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib və bir daha cinayəti namus üstündə törətdiyini bildirib. Onun sözlərinə görə, bibisinin evində vaxt aşırı naməlum şəxslər olub, axırıncı dəfə onu tanımadığı kişi ilə görüb : “Qapını açmaq istədikdə gördüm ki, bağlıdır. Bundan artıq nə olmalı idi ? Biz belə şeyi qəbul edə bilmərik”.

    Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının və müdafiəçinin suallarını cavablandırıb.

    Proses davam edir.

  • Bakıdakı tarixə düşəcək oğurluğun detalları

    Ötən şənbə gecəsi Bakıda qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər Yasamal rayonunda, Hüseyn Cavid parkı və Vergilər Nazirliyinin binası yaxınlığında yerləşən Kapital Banкın bankomatını qaynaq aparatı ilə kəsərək içindəki 174 min manat pulu aparıblar.

    Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

    Bu cinayətin maraqlı detalları üzə çıxıb. Məlum olub ki, tibbi maska taxmış iki kişi gündüz bankomatın yanına gəliblər. Bankın Yasamal rayon filialının işçilərindən biri onlardan şübhələnib. O, naməlum şəxslərə yaxınlaşaraq nə işlə məşğul olduqları ilə maraqlanıb. Adamlar soyuqqanlılıqla cavab veriblər ki, “sanepidemstansiya”dan gəliblər və buraları dərmanla “dezinfeksiya” edəcəklər. Sonra naməlum şəxslər çıxıb gediblər.

    Lakin bankomatın “dezinfeksiyası” kiçik qaynaq aparatının köməyi ilə gecə baş tutub.

    “İki nəfər olduqları ehtimal edilən cinayətkarlar bankomatın yerini və ona haradan yaxınlaşa biləcəklərini qabaqcadan müəyyənləşdiriblər. Aparat avtobus dayanacağındakı köşkə quraşdırılıb. Cinayətkarlar köşkə daxil olaraq bankomatı içəridən yarıblar. Buna görə də, onların fəaliyyəti müşahidə kamerasına düşməyib.” — deyə polisdən bildiriblər.

    İstintaqın versiyasına görə, oğrular bir neçə gün davamlı olaraq həmin bankomatı izləyiblər və terminala külli miqdarda pulun yüklənməsini gözləyiblər. Bundan dərhal sonra onlar hərəkətə keçiblər.

    Hələlik faktla bağlı saxlanan yoxdur. İstintaq davam edir.

  • Bank müdiri müalicə üçün yığılan pulu da oğurlayıbmış

    Bir milyon manatdan çox pul ilə ölkədən qaçarkən saxlanılan bank müdiri Cəlil Əlizadə barəsində yeni iddialar ortaya çıxıb.

    Gəncə şəhər sakini Ayfər Abbasova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, “Beynəlxalq Bank”ın Gəncə filialının “Yeni Gəncə” şöbəsinin rəhbəri olan C.Əlizadə onun qızının müalicəsi üçün toplanan 14 min dolları mənimsəyib: “Qızım Fatimə Əmiraslanova Beta Talassemiya xəstəliyindən əziyyət çəkir. Onun üçün xeyriyyə kampaniyaları keçirildi və müxtəlif banklarda açılan hesablara yardım edildi. Ümumi olaraq 24 min dollar yığıldı, qızımın əməliyyatına isə 150 min dollar lazım idi”.

    A.Abbasova qeyd edib ki, həkim işləyən bacısı vasitəsilə C.Əlizadəni tanıyıb: “Bacım Cəlilə qızımın əməliyyatı ilə bağlı danışıb. Bir neçə gün sonra Cəlil mənə zəng edib devalvasiyaya görə manatın öldüyünü dedi və pulu dollara çevirib banka yüksək faizlə əmanət qoymağı təklif etdi. Mən də pul artsın deyə razılaşdım, ona 24 min dollar verdim. Bir müddət sonra donor axtarışına görə 10 min dollar ondan alıb bank hesabıma qoydum. Qalan 14 min dolları isə dəfələrlə istəsək də Cəlil hər dəfə bir bəhanə uydurub vermədi. Axırıncı dəfə dedi ki, filan tarixdə görüşüb pulunu verəcəyəm. Həmin gün nə qədər zəng etdik, onun nömrəsinə zəng çatmadı. Banka gedəndə öyrəndik ki, bir milyon pulla arvadı ilə birgə ölkədən qaçarkən tutulub. Cəlil hələ Gəncəyə gətirilməyib. Amma onunla birgə qaçan arvadı Aygül Qurbanova hazırda məktəbdə dərs deyir və işə çıxır. Qızımın müalicəsi üçün yardım edənlər də məndən hesabat tələb edir, nə onlara, nə də qızıma cavab verə bilirəm”.

    Qeyd edək ki, C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var. O, iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.

  • 10 yaşlı uşağı zorla zirzəmiyə saldı, qeyri-təbii yolla əlaqəyə girdi, sonra… – Siyəzəndə dəhşətli hadisə

    Siyəzən şəhərində seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mehrac Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Mehrac Əsgərov 2016-cı ilin mart-may aylarında yaşadığı Siyəzən şəhəri, H.Talıbov küçəsi, 10 nömrəli yaşayış binasının zirzəmisində 2006-cı il təvəllüdlü Rasim Əliyevə (ad və soyad şərti verilib – red.) seksual xarakterli zorakılıq hərəkətləri edib.

    Rüsvay edəcəyi ilə hədələdi

    Mehrac Əsgərov may ayının əvvəllərində Rasim Əliyevi aldadaraq yaşadığı binanın zirzəmisinə aparıb. Orada Rasim Əliyevə başqa bir oğlanla intim münasibətdə olmasını bildiyini xatırladaraq ona hədə-qorxu gəlib.

    Bundan sonra Mehrac Əsgərov Rasim Əliyevin onunla da cinsi əlaqədə olmasını istəyib. Əvvəlcə Rasim Əliyev onunla qeyri-təbii yolla cinsi əlaqədə olamaqdan imtina edib.

    Zirzəmidə cinsi əlaqə

    Bu zaman Mehrac Əsgərov onunla cinsi əlaqədə olmadığı təqdirdə onun barəsində olan məlumatları yaymaqla, onu rüsvay edəcəyi ilə hədələyib.

    Bundan sonra Rasim Əliyev bir dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa razı olub. Sonra Mehrac Əsgərov onu əxlaqsız hərəkətlər etməyə vadar edib.

    Zorakılıq

    Daha sonra mayın ortalarında Mehrac Əsgərov Rasim Əliyevi yenə də məcburi şəkildə həmin zirzəmiyə gətirib. Orada zorla Rasim Əliyevlə cinsi əlaqədə olandan sonra Mehrac ona daim cinsi əlaqədə olacağını deyib.

    Şantaj

    Bundan sonra növbəti dəfə Mehrac Əsgərov Rasim Əliyevi həmin zirzəmiyə çağırsa da, o gəlməkdən imtina edib. Bu zaman Mehrac Əsgərov onu hədələməyə başlayıb.

    Mehrac Əsgərov ona deyib ki, onunla cinsi əlaqədə olan zaman telefonuna video çəkiliş edib. Mehrac Əsgərov onun bu videosunu sosial şəbəkədə yayacağı ilə hədələyib.

    Mehrac Əsgərovun hədələrinə baxmayaraq, Rasim Əliyev onun dediyi yerə gəlməyib. Vəziyyətin belə yarandığını görən Mehrac Əsgərov Rasim Əliyevin şəkilini Vatsap sosial şəbəkəsinə qoyaraq, ona fikrinin tam ciddi olmasını sübut etməyə çalışıb.

    Şantajla görüşmək

    Daha sonra Mehrac Əsgərov Rasim Əliyevə şəkilini Vatsapa qoyduğunu deyib. Belə olan halda Rasim Əliyev yenə də onunla görüşüb.

    Bu onların son görüşü olub. Rasim Əliyevin hüquq-mühafizə orqanlarına şikayət etməsindən sonra Mehrac Əliyev həbs edilib.

    Seksual ittiham və şərti cəza

    İstintaq orqanı tərəfindən Mehrac Əsgərovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Siyəzən rayon Məhkəməsinin hökmü ilə Mehrac Əsgərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 3 il sınaq müddəti olmaqla 4 il şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Mehrac Əsgərovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

    Prokuror şikayət etdi, iş geri qaytarıldı

    Həmçinin Mehrac Əsgərov da apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ona daha yüngül cəza verilməsini istəyib.

    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

    Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protestinə Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada baxılıb.

    Hakim heyəti prokurorun protestini təmin edib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

    Hökm yenə də dəyişmədi

    Bu səbəbdən Mehrac Əsgərovun barəsində olan cinayət işi yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılıb. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti və apelyasiya protestinin dəlilləri araşdırılıb.

    Hakim heyəti yenə də apelyasiya şikayəti və protestinin təmin edilməməsi barədə qərar çıxarıb.

    Qeyd edək ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş orta məktəbin şagirdi olublar.
     
    ///publika.az

  • Beyləqanda ŞOK: 21 yaşlı gənci öldürüb evində basdırdı – FOTOLAR

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini 1979-cu il təvəllüdlü Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.

    DİN-dən verilən xəbərə görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini 21 yaşlı Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti eksqumasiya edilib.


    Qeyd edək ki, Kənan Məhərrəmov oktyabrın 19 axşam saatlarında evdən çıxıb, geri qayıtmayıb. Kənan Məhərrəmov anası Radə Məhərrəmovanın sözlərinə görə, oğlu ruhi xəstə olsa da özünü idarə edə bilir. Evdə bütün işlərdə valideynlərinə kömək edirmiş. O, harda olsa evə vaxtında gəlirmiş. Dost – tanışları da olmayıb ki, onlarla bərabər olsun.




    Mənbə: Femida.az

  • Beynəlxalq Bankın şöbə müdiri ölkədən qaçarkən tutuldu

    Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının “Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb.

    Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti (1 milyon manatdan artıq) mənimsəyib. Onun, hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir.

    C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.

    Hazırda Beynəlxalq Bankın rəhbərliyi Gəncəyə səfər edib. Məsələ ciddi şəkildə araşdırılır.

    Məlumat üçün bildirək ki, ABB-nin Gəncə filialının müdiri iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.

  • Əlehqazda gəlib Kapital Bankı yardılar: Üç nazirliyin ”gözü qarşısında” oğurluq

    Bakıda bu günə qədər görünməmiş oğurluq baş verib.

    Median.Az xəbər verir ki, criminal.az saytının məlumatına görə, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb. Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ”sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq.

    Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min manat pulu oğurlayıblar.
    Yasamal rayon Polis İdarəsindən faktı təsdiq etsələr də, əlavə məlumat vermədilər.

    Oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir.

  • Bakıda “civə əməliyyatı” – FOTO

    Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.

    Belə ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub.

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 585 qram civə, bir ədəd kustar üsulla hazırlanan tapança və altı ədəd patron aşkar olunaraq götürülüb.

    Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.

    Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.