Category: Kriminal

  • Nardaran sakininin evindən silah-sursat tapılıb

    Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

    Aprelin 8-də əldə edilən məlumatlar əsasında bu istiqamətdə həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini Mikayıl Qafarovdan bir ədəd pnevmatik tapança, dörd ədəd patron və bir ədəd patron darağı, 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyevin evindən bir ədəd nömrəsi silinmiş yivli odlu silah, süngülü karabin kəsiyi (obrez), bir ədəd pnevmatik tapança, iki ədəd “F-1” qumbarası, avtomata məxsus süngü bıçaq və 65 ədəd müxtəlif çaplı patron, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Ağ körpü kənd sakini İsfəndiyar Hüseynovun yaşadığı evdən bir ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edərək götürüblər.

    Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

  • Paytaxt sakinini hədələyib soyğunçuluq edən şəxslər saxlanılıb – DİN

    Paytaxtda hədə yolu ilə mobil telefon oğurlayan şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Həsənov axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı 3 nəfərin bıçaq və elektroşokla ona hədə-qorxu gələrək mobil telefonunu aldıqlarını, geri qaytarılması müqabilində 100 manat pul tələb etdiklərini, pulu verə bilmədiyindən isə telefonu götürərək aradan çıxdıqlarını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

    Araşdırmalarla onların Lənkaran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və əvvəllər məhkum olunmuş Şəhriyar Nərimanov olduqları müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.//Metbuat.az

  • Təcridxanaya narkotik maddə keçirmək istədi

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

    İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rzayev Xəyal Kamal oğlu müəssisəyə qəbul olunarkən əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarının içində gizlətdiyi sellofan bükülüdə 0,05 qram heroin aşkar edilib.

    Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Babayev Zahir Mayis oğlu müəssisəyə qəbul olunarkən əşyalarına və üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibində gizlətdiyi sellofan bükülüdə 1 qram tiryək aşkar edilib.

    Hər iki faktla bağlı araşdırma aparılır.//Ölkə.az

  • Ağstafa sakini 5 manat borca görə həmyerlisini bıçaqladı

    Ağstafada evində təmir apararkən yıxılaraq xəsarət aldığı bildirilən rayon sakini Elton Rzayevin sonradan bıçaqlandığı məlum olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Poylu kənd sakini, 1994-cü il təvəllüdlü Elçin Musayev saxlanılıb.

    Məlum olub ki, Elton Rzayevin Elçin Musayevə 5 manat pul borcu olub. Onlar arasında borc üstündə mübahisə baş verib. Mübahisə sonda davaya çevrilib və E.Musayev həmyerlisini bıçaqlayıb.

  • Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

    Azərbaycanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə aprelin 6-da həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Tağıyevdən çəkisi 1 kiloqram 50 qram narkotik vasitə olan heroin götürülüb.

    Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Quliyevdən isə şəxsi axtarış zamanı 450 qram marixuana aşkar edilib.

    Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qarxun kənd sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişidirilmiş 215 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Bakıda 9 yaşlı qıza qənim kəsilən şəxs saxlanıldı

    Daxili işlər orqanlarınnın əməkdaşları tərəfindən şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    DİN-dən “Minval”-a verilən məlumata görə, mart ayının son günlərində Bakı şəhər sakini olan 3 qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib. Dərhal idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.

    Araşdırma zamanı saxlanılan şəxsin aprelin 1-də Nəsimi rayonu A.Mustafayev küçəsində 9 yaşlı bir qızın qarşısını kəsdiyi və onun qulağında dəyəri 300 manat olan qızıl sırğaları dartıb qaçaraq oğurladığı məlum olub. İ.Əzizov istintaqa verdiyi ifadəsində ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığını bildirib.

  • Arvadı və qayını tərəfindən öldürülüb həyətdə basdırılan kişinin atası DANIŞDI – VİDEO

    Qəbələdə itkin düşmüş şəxslə bağlı aparılan araşdırmalar hadisənin qətl olduğunu üzə çıxarıb.

    ARB Şəki xəbər verir ki, həyat yoldaşı və qardaşı birləşərək Qəbələ sakinini öldürüb, sonra itkin düşmüş kimi qələmə verməyə çalışıblar.

    Ancaq hadisə tez bir zamanda gün üzünə çıxıb. Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.

    Ağaməmməd Rəfiyev – Mərhumun atası: “Mənə dedi ki, Dursun Mingəçevirə işləməyə gedib. Gedib Mingəçevirdə işləyənlərdən soruşdum, dedilər ki, yoxdu burada. Gəldim evə”.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib. Müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman qadın ərinin qardaşı Vüsal ilə birgə daşla baş nahiyəsinə vuraraq qətlə yetirib. Cəsədini isə həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.

    Əfruz Rəfiyeva- Mərhumun bibisi: “Bilirdik itib, amma həyətdə basdırıldığını bilmirdik. Polislər həyətdə uşağı axtarırdılar. 5 dəqiqə keçmədi ki, meyiti tapdılar”.

    Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Şəkinski”nin qətlə yetirilən həyat yoldaşının – FOTOLARI

    Xəbər verdiyimiz kimi, bu ilin mart ayının 30-da Fransanın Tuluza şəhərində yaşayan kriminal avtoritet Rahim Namazov (ləqəbi “Şəkinski”) və həyat yoldaşının olduğu “Audi” markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Rahim Namazovun ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından həyat yoldaşı dünyasını dəyişib.

    Unikal.org-un Fransa mətbuatına istinadən əldə etdiyi məlumata görə, həyatına sui-qəsd olunmuş kriminal avtoritet Rahim Namazov (ləqəbi “Şəkinski”) sağalıb və özünü yaxşı hiss edir.

    Fransa KİV-lərinə müsahibəsində Namazov həyatına təhlükə mövcud olduğu üçün özünü təhlükəsizlikdə hiss edə bilmədiyini deyib. Bununla bərabər, o, Fransa KİV-lərini aldadaraq kriminalla heç bir əlaqəsinin olmadığı qeyd edib.

    Bu arada Rahim Namazovun qətlə yetirilən həyat yoldaşının da görüntüləri yayımlanıb.


  • Borca görə 36 nəfər saxlanılıb

    Aprel ayının 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

    Bu haqda oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata əsasən, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə üç nəfər, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

  • Yevlaxda qız üstündə gənc oğlanın BAŞINA OYUN AÇDILAR – TƏFƏRRÜAT (YENİLƏNDİ)

    “Yevlax rayonunda qız üstündə bıçaqlandığı deyilən 23 yaşlı gənc əvvəlcədən planlaşdırılmış hadisənin qurbanı olub”.

    Bu barədə Publika.az-a Xəyal Məmmədovun atası Fariz Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, hadisə Mingəçevirdə baş verib: “Oğlum Mingəçevirdə kollecdə oxuyur. Pis vərdişləri, pis dost-tanışı olmayıb. Polislə danışdıq, bıçaqlayan şəxs Mingəçevir sakini olub. Oğlum deyir ki, o adamı tanımır. Amma oğlumu bıçaqlayan şəxs Xəyalın dostlarından birini tanıyır. Elə hadisə zamanı da orda olub. İki dost kollecdən çıxıb maşınla evə gedəndə bir neçə nəfər onların qarşısını kəsib, dalaşıblar. Cibində bıçaq olub, oğlumu başından və üzündən bıçaqlayıb. Hazırda Mingəçevir Mərkəzi Xəstəxanasındadı, vəziyyəti normaldı. Polis məsələni araşdırır”.

    Yevlax rayon Qaroğlan kənd bələdiyyəsindən verilən məlumata görə, kənd sakini Xəyal Fariz oğlu Məmmədov burda yaşamadığı üçün hadisə ilə bağlı məlumatlı deyillər: “Mingəçevirdə oxuyur, elə orda da qalır. Amma ailəsi burada yaşayır. Sakit ailədirlər. Hadisə nə üstündə olub, bimirik. Atası eşidən kimi getdi xəstəxanaya. Dediyinə görə, gecə əməliyyat ediblər, vəziyyəti yaxşıdır”.

    Xəstənin müalicə aldığı Mingeçevir Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəstənin vəziyyəti stabildir: “Dünən yaralı halıda xəstəxanaya gəlib. Dərhal həkimlərimiz tərəfindən yaralı cərrahi əməliyyata alınıb. Hazırda palataya köçürülüb, vəziyyəti yaxşıdır”.

    ***

    Yevlax rayonunda qız üstundə 23 yaşlı gənc bıçaqlanıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü rayonun Qaroğlan kənd sakini Xəyal Fariz oğlu Məmmədov münaqişə zəminində gicgah və ağız nahiyəsindən bıçaq zərbələri alıb.

    Üstəlik, ona məxsus “VAZ-2107” markalı minik avtomobilinin müəyyən hissələri əzilib, şüşəsi sındırılıb. Yaralı şəxsi avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedib və dərhal əməliyyata alınıb.

    Faktla bağlı araşdırma aparılır.