Category: Kriminal

  • Polis Bakı metrosunda əməliyyat keçirdi: Cinayətkar qruplaşma ifşa edildi – FOTO

    Polis Bakı metrosunda əməliyyat keçirdi: Cinayətkar qruplaşma ifşa edildi – FOTO

    Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Xırdalan şəhər sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib.

    Daxili İşlər Nazirlıiyindən oxu.az-a daxil olan məlumata görə, araşdırmalarla qadının “Samsung Galaxy S6” markalı telefonunun metronun “Elmlər Akademiyası” stansiyasında qatara minərkən gödəkçəsinin cibindən oğurlanması məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğun 3 nəfər tərəfindən törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən şəxslər saxlanılıblar.

    Araşdırmalarla onların Elnur Hüseynov, əvvəllər məhkum olunmuşlar Emil Məmmədov və Əli Həsənov olduqları məlum olub. Saxlanılanlar bu əməli narkotikin təsiri altında etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf ediblər.

    Davam etdirilən əməliyyat tədbirləri ilə onların narkotik vasitəni əldə etdikləri mənbə də qısa zamanda müəyyən edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Zaur Əzizov da Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 10 bükümdə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

    Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Onların digər cinayətlərdə iştirakının olub-olmaması da araşdırılır.

    Polis Bakı metrosunda əməliyyat keçirdi: Cinayətkar qruplaşma ifşa edildi – FOTO


  • Ağdaşda 27 yaşlı qızdan biznesmen kişiyə qarşı şok hərəkət: özü ilə əlaqə qurdu, qızını…

    Ağdaşda 27 yaşlı qızdan biznesmen kişiyə qarşı şok hərəkət: özü ilə əlaqə qurdu, qızını...

    Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Günel Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Günel Mustafayeva 2017-ci ilin fevral ayının əvvəllərindən başlamaqla müxtəlif vaxtlarda Nizami Quliyevin və onun qızı haqqında rüsvayedici məlumatlar yayma, ailəsini dağıtmaqla və s. yollarla hədə-qorxu gələrək, külli miqdarda əmlakını əldə etmək məqsədilə ondan 15000 manat məbləğində pul tələb edib.

    “Mənimlə cinsi əlaqədə olmaq istədiyini eşitdim”

    Günel Mustafayevanın barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub. Onun barəsində olan cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Günel Mustafayeva elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağdaş şəhər sakini Nizami Quliyevi 2017-ci ilin yanvar ayından tanıyıb: “3 yanvar 2017-ci il tarixdən istifadəmdə olan mobil telefon vasitəsilə Nizami ilə əlaqə saxladım. Nizaminin məni pulla ələ alaraq, cinsi əlaqədə olmaq istədiyini eşitdim. Nizami bu barədə heç vaxt mənə heç bir söz deməmişdi. Nizami ilə tanış olduğum müddətdə mənə mütəmadi olaraq nahar yeməyi alaraq göndərib”.

    “Pul müqabilində cinsi əlaqədə olmaq istəyi pis təsir etdi”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Nizami ona “Samsung” markalı mobil telefon, kompüter, bir ədəd sep və bir ədəd qolbağı hədiyyə verib: “Eyni zamanda Nizami mənə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul da verib. Nizaminin məni pulla ələ alıb cinsi əlaqədə olmaq istəyi, həmçinin pul qarşılığında cinsi əlaqədə olmasına dair dedikləri mənə pis təsir etdi”.

    “SMS-də yazmışam”

    Günel Mustafayeva qeyd edib ki, 2017-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Nizamiyə onun şərəfini alçaltdığı üçün 15000 manat pul verməli olduğunu, həmin 15000 manat pulu verməyəcəyi təqdirdə Nizamiyə onu rüsvay edəcəyini bildirib: “Nizamini rəislə və prokurorla hədələmişəm, həmin 15000 manat pulu ondan tələb etmişəm. Məqsədim Nizami Quliyevə ziyan vurmaqla onun həmin məbləği kimsəsizlər evinə keçirməsinə nail olmaq olub. Belə məzmunda bir dəfə ona sms də yazmışam”.

    “Ailəsini dağıtmaq məqsədim olmayıb”

    Günel Mustafayeva qeyd edib ki, sonrakı tarixlərdə Nizami Quliyevə yazdığı hədə məzmunlu sms-lərdə belə tələb qoymayıb, həmin məbləğin konkret olaraq özünə çatdırılmasını göstərib: “Nizamidən həmin məbləğdə pulun alınması məqsədilə istifadə etdiyim mobil nömrələrdən Nizami Quliyevin istifadəsində olan mobil telefon nömrələrinə həqiqətən də pulun alınması məqsədilə çoxsaylı sms-lər yazaraq, həmin məbləğin verilməsini tələb etmişəm. Nizami Quliyevin və qızının haqqında rüsvayedici məlumatlar yaymaq və ya hansısa şəkildə ailəsini dağıtmaq məqsədim olmayıb”.

    “Aramızda münasibət yarandı”

    Cinayət işi üzrə zərər çəkmiş Nizami Quliyev bildirib ki, 2017-ci ilin yanvar ayında Ağdaş şəhərində “Fatimə” gözəllik salonunda işləyən Günel Mustafayeva onun mobil telefonuna zəng edib: “Günel mənimlə tanış olmaq istədiyini bildirdi. Bundan sonra onunla mütəmadi olaraq telefonla danışmağa başladıq, aramızda münasibət yarandı. Günellə danışdığım müddətdə ona hədiyyə olaraq “Samsung” markalı mobil telefon, “Samsung” markalı noutbuk, ayrı-ayrı vaxtlarda ona cəmi 800 manat vermişəm”.

    Zərərçəkimiş şəxsin sözlərinə görə, daha sonra ad günü ilə əlaqədar olaraq Günelə Mingəçevir şəhərindən 900 manat dəyərində qızıl sep və qolbağı alıb: “Günellə bir müddət danışdıqdan sonra 2017-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Günel mənə hədə-qorxu gəldi, məndən pul tələb etdi. Pul verməyəcəyim təqdirdə isə məni rəis, prokuror və məhkəmə vasitəsilə hədələdi. Həmçinin qızımın haqqında rüsvayedici məlumatlar yayacağı və ailəsini dağıdacağı ilə qorxudaraq məndən 15000 manat tələb etdi. Günel həmçinin bunun üçün konret vaxt da təyin etdi. Mənə fevralın 17-də 5000 manat, yerdə qalan 5000 manatı 27 fevralda, qalan 5000 manatı isə 10 martda ona çatdırmağımı tələb etdi”.

    “Özümün ləkələnəcəyimi düşündüm”

    Zərərçəkmiş qeyd edib ki, Günel Mustafayeva pulu verməyəcəyi təqdirdə onun ailəsini dağıdacağını və qızını rüsvay edəcəyini bildirib, həmçinin rəis və prokurorla hədələyib: “Günelin həqiqətən də bunları edəcəyindən çox qorxdum. Qızımın həddi-buluğa çatmış biri olması və Günelin onu rüsvay etməsindən, həyat yoldaşımdan və ailəmdən məni ayırmasından qorxdum. Günel dəfələrlə mənim iş yerimə və yaşadığı evə gələrək “sənin haqqında rüsvayedici məlumatlar yayacam və səni yaxın dostlarının, ailənin yanında nüfuzdan salacam, ya qızının şərəfli adı, ya da ki, pul” deyib. Günelin mənim və qızımın barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özümün ləkələnəcəyimi düşündüm”.

    “Günellə səmimi münasibət saxlamışam”

    Nizami Quliyevin ifadəsinə görə, bundan sonra bu barədə rayon prokurorluğuna gələrək şikayət edib: “Heç vaxt heç bir şəkildə Günelin şərəf və ləyaqətini alçaltmamışam, heç vaxt heç bir yerdə Günelin haqqında şərəf və ləyaqətini alçaldacaq heç bir söz danışmamışam. Günelin mənim barəmdə dediklərinin hamısı onun özünü müdafiə xarakteri daşıyır. Heç kəsə Günelin pul qarşılığında cinsi əlaqədə olması barədə deməmişəm. Günellə dost kimi səmimi münasibət saxlamışam, dəfələrlə Günelin çətin vəziyyətlərində ona dayaq durmuşam. Günel məndən istədiyi pulu bilavasitə özü üçün tələb edib. Həmin məbləğin kimsəsizlər evinə köçürülməsi yalnız bir dəfə sms-də yazılsa da, sonrakı sms yazılarda, həmçinin mənimlə olan danışıqlarda həmin pulu özü üçün tələb etdiyini göstərib”.

    Zərərçəkmiş həmçinin bildirıb ki, Günelin onun mobil nömrəsinə zəng edərək onunla tanış olması, onunla münasibət yaratması məqsədli şəkildə olub: “Günelin mənim sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumu, rayonda müəyyən nüfuza malik olduğumu bildiyindən hədə-qorxu gəlməklə, məndən müəyyən maddi vəsaiti qanunsuz əldə etmək məqsədi daşıyıb”.

    10 il cəza və narazılıq

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Mustafayeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilib. Onun cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan Günel Mustafayeva apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

    Günel Mustafayevanın şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Gündüz Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.

    Şantajçı qadına şərti cəza

    Qərara görə, Günel Mustafayevanın şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

    Məhkəmə Günel Mustafayevanın cəzasını 4 il 8 ay 28 günə endirilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və yeni təyin edilmiş cəza 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.

    Günel Mustafayevanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

     

    ///Publika.az

  • Azərbaycanda tanınmış iş adamına cinayət işi açıldı

    Против владельца молочного комбината Atena возбуждено уголовное дело

    Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

    Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.

  • Borca görə arvadını təklif etdi – Bakıda şok olay

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

    S.Abıyev özünü elan edilən ittihamla təqsirli bilib.

    O, ifadə verməzdən əvvəl mərhumun atasının zaldan çıxmasını xahiş edib. Amma məhkəmə onun bu istəyini rədd edib.

    S.Abıyev bildirib ki, qətlə yetirdiyi Amin Bayramovun ona borcu olub: “Bu barədə söhbət edəndə dedi ki, “arvadımdan xoşun gəlir?” Mən də onu başa saldım. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.

    Qeyd edək ki, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova ötən ilin yayında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini – bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

    A.Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu S.Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.

    A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib. Daha sonra o, həbs olunub.

  • Aparat rəhbərinin ailə faciəsi: “Azəriqaz” ailənin sağ qalan yeganə üzvünə 1,2 milyon ödəməlidir

    3 nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən partlayışa görə cinayət məsuliyyətinə cəlb edilən “Azəriqaz” İctimai Birliyinin (İB) Bakı Regional Qaz İstismar Departamentinin, Abşeron rayon Texniki İstismar xidmətində baş mühəndis vəzifəsində işləmiş Nəzərov Pənah Məmmədalı oğlu yenidən hakim qarşısına çıxarılıb.

    Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilən Pənah Nəzərov aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.

    Musavat.com xəbər verir ki, 1969-cu il təvəllüdlü Pənah Nəzərov Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.

    Mülki iddiaçı Gülnar Novruzova məhkəmədə maddi zərərin əvəzi qismində 729 min manat, mənəvi zərərin əvəzi qismində isə 500 min manat olmaqla, cəmi 1 milyon 229 min manat mülki iddia qaldırıb.

    Məhkəmə zərərçəkmiş tərəfin qaldırdığı mülki iddiada göstərilən vəsaitin “Azəriqaz” İB-dən tutulub Gülnar Novruzovaya ödənilməsini qərara alıb.

    Baş verən qəza haqda…

    Bir aliənin faciəsinə səbəb olan partlayış ötən ilin oktyabr ayında Hökməli qəsəbəsində baş verib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Aparat rəhbəri Müşviq Qurbanovun evində baş verən dəhşətli partlayış 3 nəfərin ölümü ilə nəticələnib.

    Partlayış nəticəsində 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və qızları 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Ailənin digər üzvü 2004-cü il təvəllüdlü Leyla Qurbanlı isə ağır dərəcəli yanıq xəsarətləri alıb.

    Mərhum Şəbruz Novruzova Bakıda tanınmış cərrahlardan olub.

    “Azəriqaz”ın şikayəti rədd edildi…

    Abşeron Rayon Məhkəməsinin qərardan narazı qalan “Azəriqaz” İB Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

    Mülki cavabdeh olan “Azəriqaz”ın nümayəndəsi Əlibaba Rzayev apelyasiya şikayətində hökmünün mülki iddiaya dair hissədə ləğv edilməsini və mülki iddianın təmin edilməməsini istəyib.

    Bildirib ki, partlayış baş verən evdə olan məişət əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı keçirilmiş tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri saxtadır. Nümayəndənin fikrincə, qeyd edilən məbləğ həddindən artıq şişirdilmiş qiymətlərlə hesablanıb və təqdim edilmiş əşyaların mövcudluğu yalnız zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən təqdim edilmiş siyahı ilə məyyən edilib.

    “Azəriqaz”ın nümayəndəsi əlavə edib ki, mülki iddiaçı olaraq Gülnar Novruzovanın tanınması da yalnışdır. O, bu fikrini belə əsaslandırıb ki, mülki iddia vermək hüququ yalnız zərərçəkmiş şəxslərin hüquqi varislərinə aid olan bir hüquqdur.

    “Məhkəmə mənəvi zərərin əvvəzi olaraq mülki cavabdehdən 500 min manat tutulması barədə qərar qəbul edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almayıb. “Azəriqaz” dövlət büdcəsindən maliyyələşən müəssisədir və qeyd olunan məbləğin tutulması Birliyin normal fəaliyyətinə olduqca mənfi təsir göstərəcəkdir. Mənəvi zərərin əvəzinin 500000 manat məbləğində müəyyən edilməsi ağlabatan deyildir”- deyə nümayəndə qeyd edib.

    Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Gülnar Novruzova isə apellyasiya şikayətində mənəvi zərərə görə 1 milyon manat ödənilməsini tələb edib.

    G.Novruzova “Azəriqaz” cinayət işi üzrə məsuliyyətə cəlb edilməyən digər məsul vəzifəli şəxslərinin barəsində xüsusi qərar çıxarılmasını istəyib.

    Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin deilməməsini istəyib.

    Məhkəmə tərəfləri dinlədikdən sonra qərarı elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb. “Azəriqaz” zərərçəkmiş tərəfə 1 milyon 229 min manat ödəməlidir.

    Qeyd edək ki, ittihama görə Pənah Nəzərov səhlənkarlıq, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olan cinayət əməli törədib.

    Belə ki, P.Nəzərov “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Abşeron rayon Texniki İstismar xidmətində baş mühəndis vəzifəsində işləyərkən qazdan istifadə qaydaları, qaz təsərrüfatında təhlükəsizlik qaydaları, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının tələblərini pozub.

    İttihamda yazılır ki, P.Nəzərov vəzifə funksiyalarına görə texniki sənədləşmə və texniki baxış qrafiklərinin tərtib olunmasının ona həvalə edilməsinə baxmayaraq, öz xidməti vəzifəsini yerinə yetirməyib Abşeron rayon Texniki İstismar ərazisində, Sulutəpə-Xırdalan daşıyıcı qaz kəmərində və istismara verilməsində 2015-ci ildə tərtib etdiyi texniki baxış qrafikində və digər sənədlərdə qaz sızması baş vermiş qaz kəmərinə baxış və təmir işlərinin keçirilməsi ilə bağlı tədbirlər görməyib, bununla da onun işə laqeyd münasibəti nəticəsində, 20 oktyabr 2016-cı il tarixdə saat 06 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi Aşıq Ələsgər küçəsində yerləşən Novruzova Şəbruz Aydın qızına məxsus fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayış baş verib.

    Partlayış zamanı iki mərtəbəli yaşayış evinin 250.88 kv.m sahəsi tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.

    İttihamda qeyd edilir ki, P.Nəzərov evin bərpası üçünn ƏDV də daxil olmaqla sərf ediləcək vəsait nəzərə alınmaqla, 181 min 502 manat, evdə olan əmlakın bütünlüklə yanaraq məhv olması nəticəsində 141 min 721 manat olmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 323 min 223 manat məbləğində külli miqdarda ziyanı vurulmasına səbəb olan cinayət əməlini törədib.

    Bu işdə zərərçəkmiş şəxs ailənin sağ qalan yeganə üzvü Leyla Qurbanlı tanınıb. Onun qanuni nümayəndəsi və mülki iddiaçı qismində Gülnar Novruzova, partlayış zamanı dünyasını dəyişən Şəbruz Novruzovanın hüquqi varisi isə Nuşravan Novruzov tanınıb.

    İş üzrə mülki cavabdeh tərəf isə “Azəriqaz” İB-dir.

  • Azərbaycanda 22 yaşlı gəncin sevdiyi qıza qarşı iyrənc planı: videoya çəkib şantaj etdilər

    Azərbaycanda 22 yaşlı gəncin sevdiyi qıza qarşı iyrənc planı: videoya çəkib şantaj etdilər

    İki gənc sevdiyi qızlara qarşı iyrənc plan qurublar. Amma bu plan onları dəmir barmaqlıqlar arxasına aparıb. Onlar yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq edərək onun videogörüntüsünü çəkiblər. Daha sonra isə onu şantaj edərək pul tələb ediblər.

    Median.Az-in musavat.com-a istinadən məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü Leysan Qocayev və 1996-cı il təvəllüdlü Orxan Əlizadənin Cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Leysan Qocayev Cinayət Məcəlləsinin (CM) 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib.

    O, CM-nin 150.2.1-ci maddəsi ilə bəraət alıb, digər maddələrlə isə 6 il müddətinə azadlqıdan məhrum edilib.

    Orxan Əlizadə isə yalnız CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
    O.Əlizadə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət alıb.

    İttihamda yazılır ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan Nigar Məmmədovanın (ad və soy ad şərtidir) başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı planlaşdırıb.

    Bu məqsədlə L.Qocayev sevdiyi qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Dostu Orxan Əlizadə ilə isə qabaqcadan əlbir olaraq N.Məmmədova barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib.

    Belə ki, L.Qocayev sevdiyi qıza zəng edərək onu anası ilə tanış etmək adı altında özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə dostu Orxan da sevdiyi qızla gəlib.

    İttihamda yazılır ki, L.Qocayev Orxan Əlizadəni və sevgilisini valideynlərinin yataq otağında yerləşdirib və Nigarın gəlişini gözləyib. Nigar evə daxil olarkən Leysan dostu Orxanı və onun sevgilisini otağa çağıraraq Nigarın ona xəyanət etdiyini deyib və bunu sübut edəcəyini söyləyib. Orxan isə həmin zaman öz sevdiyi qızın da ona xəyanət etdiyini deyib. Bu zaman Orxan da Leysan da sevdikləri qızlara bir sillə vurublar.

    Daha sonra Leysan Nigarı özünün yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, Nigar bundan imtina etdiyi üçün onu döyüb. Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman Orxan digər otaqdan gələrək bunu telefonla çəkməyə başlayıb.

    Cəmi bir neçə saat sonra Orxan Nigara zəng edərək onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib. Lakin Nigar bu qədər pulu tapa bilməyəcəyini deyib. Nigara bu pulu tapması üçün bir neçə gün vaxt veriblər.

    Bu hadisədən Nigarın ailəsi xəbər tutub və hüuqu mühafizə orqanlarına məlumat verilib. Bir neçə gün sonra isə Nigar Leysan və Orxana zəng edərək onların təklifi ilə razılşdığını, görüşmək istədiyini deyib. Bu zaman Nigar onlara 200 manat təklif edib. Lakin Orxan və Leysan bu məbləğin az olduğunu deyərək, götürməyiblər. Həmin zaman Мingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla hər iki şəxs həbs edilib.

    Gənclərin cəzası ağırlaşdırılıb…

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı Fuad Musayev və zərərçəkmiş tərəf narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş tərəf isə apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Onlar təqsirləndirilən şəxslərin cəzasının artırılmasını istəyiblər.

    Şəki Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin edib və hər iki şəxsin cəzası ağırlaşıdırlıb.

    Leysan Qocayevlə bağlı hökmdə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hissələri ləğv edilib. L.Qocayev bu maddələrlə təqsirli bilinib qəti olaraq 8 il azadlqıdan məhrum edilib.

    Orxan Əlizadə isə CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum edilib.

  • Broyler fabrikinin 7 işçisi həbs edildi

    Broyler fabrikinin 7 işçisi həbs edildi

    Bu il yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

    Daxili İşlər Nazirıliyindən oxu.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

    Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.

    Oğurluqda şübhəli bilinən şəxslər – Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.

    Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Bakıda “Playstation” oğrusu ikinci dəfə kameraya düşdü – VİDEO

    Bakıda “Playstation” oğrusu ikinci dəfə kameraya düşdü – VİDEO

    Bakıda daha bir “Playstation” oyun klubundan oğurluq hadisəsi kameraya düşüb.

    Oxu.Az-a daxil məlumatda bildirilir ki, hadisə 2017-ci ilin dekabrın 12-də qeydə alınıb.

    Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən “Playstation” klubundan iki ədəd “joystick” oğurlanıb. Klub sahibləri oğurluq hadisəsini kameraya baxdıqdan sonra müəyyən edib.

    Qeyd edək ki, dekabrın 19-da paytaxtın “Playstation” klubunlarının birində baş verən oğurluq hadisəsi də anbaan müşahidə kamerasına düşmüşdü. Videoları müqayisə etdikdə, oğurluğu eyni adamın törətdiyi aydın görünür.

  • Goranboyda marketdə qətl törədən şəxslər saxlanıldı

    Goranboyda marketdə qətl törədən şəxslər saxlanıldı

    Goranboy rayonunda marketə hücum edərək qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfiqar Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü – Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

  • Avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslər iş başında tutuldular – Bakıda

    Avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslər iş başında tutuldular - Bakıda

    Dünən gecə saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu 20 yanvar küçəsində avtomobilləri qarət etməkdə şübhəli bilinən 2 nəfər tutulub.

    Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat nəticəsində Yevlax şəhər sakinləri 1986-cı il təvəllüdlü Sakit Məmmədov və 1992-ci il təvəllüdlü Rasim Məmmədov qardaşları yaxalanıblar.

    Şahidlərin verdikləri məlumata görə, qardaşlar cinayət törətdikləri zaman ələ keçiblər.
    Onların kirayə qaldıqları mənzilin zirzəmisində xeyli sayda avtomobil ehtiyat hissələri və bəzək aksessuarları aşkar olunaraq müsadirə edilib. Cinayətkar qardaşların başqa cinayətlərdə iştirakının olub-olmaması araşdırılır./mediapress