Category: Kriminal

  • Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi – Saxlanılan var

    Ağsu rayonunda bıçaqlanma olub.

    Hadisə aprelin 6-da səhər saat 10 radələrində Ağsu rayon 1 saylı tam orta məktəbində baş verib.

    Ağsu şəhər sakini 1992-ci il təvəllüdlü Dostəli Bağırov məktəbə gələrək, orta məktəbin 11-ci sinif şagirdi ilə mübahisə edib. Mübahisə nəticəsində D.Bağırov şagirdi ayağından bıçaqlayıb, şagirdin 16 yaşlı qardaşını isə döyüb.

    Xəsarət alan qardaşlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər və onlara tibbi yardım olunub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən D.Bağırov saxlanılıb.
    //oxu.az

  • Ağdamda orta məktəbdə dava: Xadimə direktora hücum etdi

    Ağdam rayonunda orta məktəbdə dava olub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib.

    Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa bilməz. Məsələdən xəbər tutan Ü.Abdullayeva direktorun otağına gələrək, onu söyüb. Daha sonra xadimə ilə direktor arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib, xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, xadimə saxlanılıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

    Ağdam Rayon Məhkəməsinin qərarı ilə xadimə 60 manat cərimə olunub.

  • İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı

    Azərbaycana 21 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb:

    “Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

  • Tbilisi polisi Əfqan Sadıqovu saxlayıb, Azərbaycana deportasiya olunub

    Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

    Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.

    Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.

    Qeyd edək ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə iznibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.

  • Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

    Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 3-də ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə və 2970 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

  • Məhkəmə ərini ad günündə öldürən qadına 1 il yarım cəza verdi – SƏBƏB

    Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işinin bəzi detalları məlum olub.

    “Unikal”ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, hadisə 2025-ci il avqustun 4-də paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində qeydə alınıb.

    Belə ki, Natiq Quliyev öz ad günündə həyat yoldaşı Quliyeva Nərgiz Rafiq qızı tərəfindən qətlə yetirib.

    İttiham aktında göstərilib ki, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva ilə 4 avqust 1979-cu il təvəllüdlü əri Natiq Quliyev arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb.

    Mübahisəyə səbəb isə Natiq Quliyevin öz ad günündə araq içəndən sonra mətbəxə keçərək Nərgizin onun mobil telefonuna kontur yükləməməsini əsas gətirməyi olub.

    Nərgiz ərinin onu təhqir etməsindən və əlləri ilə saçından yapışaraq dartmasından qəzəblənib.

    Nərgiz Quliyeva aralarında yaranmış dava zamanı məişətdə gündəlik istifadə etdiyi bıçağı ərinin qarın boşluğuna vurur. Natiq Quliyev aldığı bıçaq xəsarətindən ölüb.

    Bununla da, Nərgiz Quliyeva polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Hakim Səbinə Məmmədzadənin qəbul etdiyi hökmə əsasən, Nərgiz Quliyeva həyat yoldaşını qəsdən qətlə yetirməsi ilə bağlı hər hansı bir sübut yoxdur və o, 120.1-ci maddə ilə təqsirləndirilə bilməz və bu maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməlidir.

    Yekun olaraq, Nərgiz Quliyeva 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi ilə bağlı qərar qəbul edilib.

  • “Yaralı halda yarım saat kömək istəyib” – Dəhşətli qətlin detalları (VİDEO)

    2 aprel tarixində Marneuli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub.

    Median.Az 24News.ge-yə istinadən xəbər verir ki, hadisəyə səbəb olan münaqişə martın 26-da, mərhum ilə 22 yaşlı şəxs arasında toy məclisində başlayıb.

    Bildirilir ki, ağır cinayətdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu toy günü qisas almaqla hədələyib. Dünən isə onu evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib.

    Hadisə şahidlərinin sözlərinə görə, ağır yaralanan gənc hadisə yerində çoxlu qan itirərək həyatını itirib.

    Yerli sakinlər bildirirlər ki, mərhum qaçmağa çalışsa da, hücum edən şəxs onu yaxalayaraq öldürüb.

    “Qışqırıq səsinə çıxdım. Artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi və bu həyətə daxil oldular. Yazıq hasardan tullanmaq istəyirdi, amma çatmadı. Onu yaxaladı və boğazını kəsdi. Eşitdiyimə görə, onların arasında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz ona “səni bağışlamayacağam” deyə hədələyib. Sonrada belə qisas aldı,” – deyə sakinlərdən biri bildirib.

    Başqa bir sakin isə qeyd edib ki, yaralı gənc təxminən yarım saat kömək istəyib:

    “Hamı qorxurdu, heç kim yaxınlaşa bilmirdi, çünki qatil bıçaqla silahlanmışdı. Mən gələndə artıq hamı çöldə idi, o isə qaçmışdı. Təcili yardıma belə zəng etməyə qorxurdular. Mən zəng etdim, amma artıq gec idi – hadisə yerində ölmüşdü. Boğazında dərin kəsik var idi, qan itkisindən həyatını itirdi”.

    Qeyd edək ki, hadisə ilə bağlı saxlanılan 22 yaşlı şəxsə qarşı ittiham irəli sürülməsi gözlənilir. Araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

  • Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi

    Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib.

    Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, Belarus vətəndaşı, ADA-da tələbə olan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadi barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxs tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

    Keçirilən əməliyyat nəticəsində dörd nəfər – 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Münəvvər Taleh qızı Bərxudayeva, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Layla Samir qızı Muradi, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Farid qızı Qaraşlı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

  • Göygöldə FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ

    Göygöldə bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

    Belə ki, 1962-ci il təvəllüdlü A.Hüseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, A.Hüseynov bu gün hadisə baş verən restoranda oğluna toy məclisi keçirirmiş.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda qardaşını bıçaqladığı deyilən şəxslə bağlı İLGİNC İDDİA: “Ağlı başında deyildi” (Video)

    Sumqayıtda qardaşlar arasında baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

    Hadisə şahidi olan qonşunun Baku TV-yə dediklərinə görə, şübhəli şəxs ruhi xəstə olub və həmin an özündə olmayıb.

    “Ruhi xəstədir, ağlı başında deyildi. Polislər gəldi, əlində bıçaq var idi, hətta polis əməkdaşlarının üzərinə cumurdu, birtəhər onu apardılar. Anası qışqırırdı ki, qan töküldü. Qonşular yaralıya yardım edib, yarasını bağladılar. Daha sonra təcili yardım çağırdıq, polis əməkdaşları da gəlib onu apardılar”, – deyə qonşu Adilə Qasımova bildirib.

    Digər qonşu Lətifə Qurbanovanın sözlərinə görə, qardaşlardan biri evlənmək istədiyi üçün yola getmirdilər: “Şüşələri sındırırdılar. İki-üç həftədir, yola getmirdilər”.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.