Category: Kriminal

  • DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsə hökm oxundu

    Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə əsasən, Namiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur.

    İttihama əsasən, Namiq Nəbiyev Suriya Ərəb Respublikasında davam edən silahlı münaqişə ilə əlaqədar olaraq 2022-ci ildən etibarən müxtəlif vaxtlarda üçüncü şəxslərin adına açılmış bank hesablarına ümumilikdə 28.479 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Bildirilir ki, həmin vəsaitlərin terror təşkilatı kimi tanınan İraq və Şam İslam Dövlətinə (İŞİD) çatdırılması təmin edilmiş, nəticədə bu vəsaitlərin silah və digər terror məqsədli vasitələrin əldə olunmasına yönəldilməsi üçün şərait yaradılıb.

  • Tiktoker “Roşka”nın videogörüntüləri ilə bağlı müəmma: Dövlət ittihamçısı dəyişdirildi

    “Roşka” ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə düşüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə baş tutacaqdı.

    Prosesin təxirə salınmasına təqsirləndirilən şəxsin vəkilinin məhkəməyə təqdim etdiyi videogöruntülərlə bağlı ekspertizanın yekun rəyinin məhkəməyə daxil olmaması səbəb göstərilib.

    Bununla yanaşı, cinayət işindəki dövlət ittihamçısı dəyişdirilərək, işə yeni prokuror kimi Elvin Mirzəyev qoşulub.
    Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib.

    Qeyd edək ki, Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

    Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

    Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı

    Aprelin 6-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

  • Bakıda papağa görə dava: Ər arvadını döydü

    Bakıda kişi arvadını papağa görə döyüb.

    Hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlkin Muradzadə 2022-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan bir övladları dünyaya gəlib.

    Bir ay əvvəl İlkin axşam işdən evə gəlib və başındakı papağı götürüb azyaşlı övladının başına qoyub. Həyat yoldaşı həmin papağı uşağın başından götürüb stolun üstünə qoyub və bu hərəkət İ.Muradzadəni əsəbiləşdirib. Cütlük papağa görə mübahisə edib və mübahisə zamanı İ.Muradzadə həyat yoldaşını döyüb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və İ.Muradzadə saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
    //oxu.az

  • Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəz rəhbəri barədə QƏRAR VERİLDİ

    Sumqayıt Şəhər Məhkəməsində fəaliyyəti dayandırılan “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

    Prosesdə vəsatət təmin edilib və Ceyhun Salmanov, Natiq Əliyev və Elşad Məhərrəmov barəsində olan həbs qətimkan tədbirlərinin müddəti 2 ay – iyunun 9-na qədər uzadılıb.

    Xatırladaq ki, Sumqayıt Şəhər Prokurorluğuna daxil olan şikayətlər əsasında “Qurtuluş” reabilitasiya mərkəzində araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq mərkəzdə qanunsuzluqlar aşkarlanıb və faktla bağlı cinayət işi başlanılıb. Mərkəzin rəhbəri Ceyhun Salmanov, təşkilatın əməkdaşları – Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıblar. Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər qərarlardan apellyasiya şikayəti versələr də, Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamışdı.

    Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərərvurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, bir müddət əvvəl tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə həmin mərkəzdə müalicə alsa da, 4 ay sonra müalicə müəssisəsini tərk etmişdi. Hadisədən bir neçə gün sonra mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıblar.
    //oxu.az

  • Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə kirayədə yaşadığı şəxsi 16 bıçaq zərbəsi ilə öldürməyə cəhd etməkdə təqsirləndirilən İbrahim Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

    Təqsirləndirilən İbrahim Əliyev ailə qayğıları səbəbindən Bakıya gəldiyini deyib:

    “Cəfər mənim otaq yoldaşım idi. Hadisə kirayə tutacağım evə getdiyim ilk gün baş verib. Mübahisəyə səbəb onun idman əşyalarını yatağımın yanından asması oldu. Ondan həmin əşyaları yığışdırmağını istədim. O mənə çox kobud tərzdə cavab verdi. Ev sahibini çağırıb pulu və şəxsiyyət vəsiqəsini ona vermək istədim. Cəfər elə bildi ki, baş verən hadisəni ona deyəcəyəm, halbuki belə bir niyyətim yox idi. Telefonumda sosial şəbəkə hesablarıma baxırdım, musiqi dinləyirdim. Cəfər musiqinin səsini kəsməyimi tələb elədi, baxmayaraq ki, mən az səslə dinləyirdim. Sanki mənimlə dalaşmağa bəhanə axtarırmış kimi qışqırıb üzərimə gəlməyə başladı. Sonra əl atıb məni yumruqladı. Bıçağı əlimə götürdüm ki, onu qorxudum. Boyun nahiyəsindən iki dəfə vurdum. Səhər gedib polisə təslim olmuşam”.

    Daha sonra istintaq dövründə tərəflər arasında barışıq əldə olunduğu və təqsirləndirilənin törətdiyi əməldən peşman olduğu bildirilib.

    Zərərçəkmiş Cəfər Vəliyev ifadəsində özünün təqsirləndiriləni vurduğunu etiraf edib:

    “Məni bıçaqla vurduğunu əvvəl bilməmişəm, köynəyimi qanlı görəndə vurulduğumu hiss elədim. Şikayət tələbim yoxdur”.

    Növbəti prosesin vaxtı barədə məlumat veriləcəyi bildirilib.

    Xatırladaq ki, İbrahim Əliyev kirayədə birlikdə yaşadığı otaq yoldaşı Cəfər Vəliyevə aralarında yaranan mübahisə nəticəsində 16 bıçaq zərbəsi endirib.

    Ona qarşı AR Cinayət Məcəlləsinin 29.120-ci maddə üzrə cinayət işi açılıb.

  • Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndi

    Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum olunub.

    İttihama görə, hadisə 2026-cı ilin yanvar ayında saat 16:30-da təqsirləndirilən şəxsin yaşadığı Qusar rayonu ərazisində yerləşən mağazada baş verib.

    Belə ki, sərxoş vəziyyətdə olan Fərəc Bəşirzadə mağazada satıcı kimi çalışan anası, zərərçəkmiş Bəsti Bəşirzadədən (adı, soyadı şərtidir) spirtli içki almaq istəyib. Anasının buna etiraz etməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən qadına qarşı fiziki zor tətbiq edərək onun üz nahiyəsinə yumruq zərbələri endirib. Nəticədə Bəsti Bəşirzadəyə sağ göz orbiti ətrafında və üst dodağın orta hissəsində qançırlar, burunun sol yan səthində sıyrıqlar, eləcə də üst dodağın selikli qişasında əzilmiş yara kimi xəsarətlər yetirilib.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngüldərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

    Məhkəmə istintaqı zamanı Fərəc Bəşirzadə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə günü səhər saatlarında qardaşına məxsus mağazadan spirtli içki alaraq qəbul edib. Daha sonra həmin gün yenidən mağazaya qayıdaraq spirtli içki almaq istəyərkən anası buna mane olub. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən təqsirləndirilən şəxs əsəbiləşərək anasına zərbə endirdiyini etiraf edib.

    O, həmçinin anası ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

  • 200 min manat mənimsəyən sabiq direktor kassasiya şikayəti verib

    Paytaxtın Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılır.

    İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Sığorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub.

    O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.

    İş üzrə Dövlət Sığorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

    Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb. İndi isə həmin instansiyaya təkrar şikayət verilib.

  • Gəncədə Türkiyə vətəndaşı BIÇAQLANDI

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a məlumat verilib.

    Qeyd olunub ki, Türkiyə vətəndaşı 22 yaşlı Mehmet Kaygusuz naməlum şəraitdə bıçaqlanıb.

    O, bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

  • 34 yaşlı kişi bıçaqlandı – Dayısı SAXLANILDI

    Ötən gün Samuxda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü R.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb.

    Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, rayon sakini 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaqa təhvil verilib.