Category: Kriminal

  • Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb

    Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakıda zərərçəkmiş şəxsin külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməldə təqsirli bilinən 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar.

    Araşdırmalarla müəyyən edilib ki, R.Qasımzadə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı M.Məmmədzadə ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

    O, zərərçəkmişə geniş əlaqələrinin olduğunu və qızıl-zinət əşyalarının satışını həyata keçirdiyini bildirməklə onun etibarını qazanıb. Daha sonra saxlanılan şəxslər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq adı ilə zərərçəkəndən müxtəlif vaxtlarda ümumilikdə 317 500 manat pul vəsaiti alaraq həmin məbləği öz aralarında bölüblər. Nəticədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.

    Zərərçəkmiş şəxs ifadəsində sonuncu dəfə pulun bir hissəsini Bakı Dəniz Vağzalı ərazisində həmin şəxslərə təqdim etdiyini bildirib. Bu səbəbdən iş üzrə istintaq araşdırmaları Su Nəqliyyatında Polis İdarəsində aparılıb.

    Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və onların hər ikisi təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Sumqayıtda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)

    Sumqayıtda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin vəziyyəti açıqlanıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, aprelin 3-ü saat 23:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1990-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub:

    “Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

    * * * * *

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən yataqxanada qeydə alınıb.

    İlkin məlumata görə, qardaşlar arasında yaranan mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb.

    Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

    Hadisəni törətməkdə şübhəli bilinən C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər – YENİ DETALLAR

    Aprelin 2-də Marneuli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub.

    Median.Az 24News.ge-yə istinadən xəbər verir ki, yerli sakinlər hadisəyə səbəb olan münaqişənin martın 26-da keçirilən toy məclisində başladığını bildiriblər.

    Məlumata görə, ağır cinayəti törətməkdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu hələ toy günü qisas almaqla hədələyib. Dünən isə o, gənci evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib. Hadisə şahidlərinin sözlərinə görə, ağır yaralanan Ümid çoxlu qan itirərək hadisə yerindəcə dünyasını dəyişib. Şahidlər bildirirlər ki, gənc qaçmağa çalışsa da, hücum edən şəxs onu yaxalayaraq qətlə yetirib.

    Hadisənin şahidi olan sakinlərdən biri həmin anları belə təsvir edib: “Qışqırıq səsinə çölə çıxdım, artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi. Yazıq hasardan tullanıb qaçmaq istəyirdi, amma çatmadı. Onu yaxalayıb boğazını kəsdi. Eşitdiyimə görə, aralarında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz ona “səni bağışlamayacağam” deyib. Beləcə qisas aldı”.

    Digər bir sakin isə yaralı gəncin təxminən yarım saat kömək istədiyini, lakin hamı qorxduğu üçün yaxınlaşa bilmədiyini qeyd edib:

    “Qatil bıçaqla silahlandığı üçün hamı qorxurdu. Mən gələndə o artıq qaçmışdı. Təcili yardıma zəng etməyə belə çəkinirdilər. Mən zəng etdim, amma artıq gec idi – boğazındakı dərin kəsik səbəbindən hadisə yerində keçinmişdi”.

    Hadisə baş verən gün şəhərin mərkəzi xəstəxanasında da vəziyyət gərgin olub. Həkimlər gəncin həyatını xilas edə bilmədikdən sonra xəstəxana ərazisində qarşıdurma yaşanıb.//oxu.az

  • Ali Məhkəmə “Abzas Media” işi ilə bağlı həbs edilən jurnalistlərlə bağlı qərar verdi

    Ali Məhkəmə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.

    “Unikal”ın məlumatına görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslər – jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da kassasiya şikayətlərinə baxılıb.

    “Abzas Media”nın qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları vəkilləri təmsil edib.

  • Baş idarə əməliyyat keçirdi – 3 nəfər saxlanıldı (Video)

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 43 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, idarə əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib. Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    Hər üç şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Avtoxuliqanlıq edən sürücü həbs olundu – Video

    Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    O, idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.

    Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.

  • “Barəmdə deyilənlər şər-böhtan idi, cinayət işi rədd edildi” – Hidayət Məhərrəmli

    Tanınmış fitnes məşqçisi Hidayət Məhərrəmlinin keçmiş sevgilisi Ş.Y. hüquq-mühafizə orqanlarına etdiyi şikayəti geri götürüb.

    “Qafqazinfo” xəbər verir ki, o, notarial qaydada ərizə yazaraq keçmiş sevgilisinə qarşı şikayətinin, maddi-mənəvi tələbinin olmadığını bildirib. Ş.Y-nın müraciəti əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilib.
    Bu barədə saytımıza açıqlamasında H.Məhərrəmli özü məlumat verib. O bildirib ki, əvvəllər münasibətdə olduğu xanımın müraciəti əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılıb: “Araşdırma zamanı müəyyən edilib ki, sosial şəbəkələrdə yayılmış iddialar şəxsi münasibətlər fonunda yaranmış qısqanclıq və emosional gərginlik zəminində səsləndirilib, lakin real faktlara əsaslanmayan məlumatlardan ibarət olub. Araşdırma zamanı həmin xanım 32 saylı notariat ofisində imzaladığı, reyestrdə 8İ-37 nömrə ilə qeydə alınmış 5 yanvar 2026-cı il tarixli ərizə ilə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edərək mənə qarşı heç bir şikayətinin, iddiasının, maddi və mənəvi tələbi olmadığını bildirib. Bu fakt bir daha təstiq edir ki, barəmdə qeyd edilən ittihamlar qısqanclıq zəmnindən əmələ gələn emosional düyğulardan doğuran yalan, şər və böhtan xarakterli ittihamlardır.

    Bu səbəbdən də həmin xanım tərəfindən edilən müraciət əsasında Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb. Aparılan yoxlamalar və hüquqi qiymətləndirmə nəticəsində yayılan iddiaların faktiki əsasının olmadığı müəyyən edilib və məsələ üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Onlara aparılmış obyektiv araşdırmaya görə təşəkkür edirəm”.

    H.Məhərrəmli məsələ ilə bağlı əvvəllər sosial şəbəkələrdə və müxtəlif media platformalarında barəsində yayılmış əsassız və həqiqətə uyğun olmayan bütün məlumatların silinməli olduğunu düşünür: “Sosial şəbəkələrdə və media resurslarında bu mövzu ilə bağlı edilən paylaşımlar zamanı rəy (şərh) bölməsinin açıq saxlanılması böhtan və təhqir xarakterli fikirlərin yayılmasına şərait yarada bilər, o cümlədən işgüzar fəaliyyətimə və nüfuzuma xələl gələ bilər. Bu səbəbdən bütün səhifə və media administratorlarından tələb olunur ki, bu mövzu ilə bağlı paylaşımlarda rəy bölməsi deaktiv edilsin. Əks halda, həm yayılan yanlış məlumatlara, həm də rəy bölməsi vasitəsilə ictimai şəkildə səsləndirilən təhqiredici və hüquqazidd fikirlərə görə, həmin səhifə və administratorlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görüləcək və onlar məsuliyyətə cəlb olunacaqlar”.
    Qeyd edək ki, xanım bir müddət əvvəl hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş sevgilisinin biznes qurmaq adı ilə ondan 550 min manat aldığını iddia etmişdi.

  • Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ (Video)

    Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub.

    Oxu.Az-ın əldə etdiyi görüntülərdə Münəvvər Taleh qızı Bərxudayevanın, Layla Samir qızı Muradinin, Şəfiqə Farid qızı Qaraşlının və Ardeshir Seyfpour Saad Abadinin kinoteatrın divarlarına cızma-qara etməsi yer alıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Kino Mərkəzinin divarlarına qraffiti çəkən məktəbli qızlar bu şəxslərin övladıdır

    Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

    Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və “İnstagram”da “temacreworiginal” adlı hesabda öz qraffiti nümunələrini paylaşıb.

    Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecer işləyir.

    Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətinin baş direktorudur.

    Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur.

    Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “Hallibörton Yeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.

    Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb.

    Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

    Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb, ilkin görünüş bərpa olunub.

    Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb.

    Vurğulayaq ki, hadisə ictimai rəydə müzakirələrə və qınağa səbəb olub. Bakının mərkəzində tarixi-mədəni abidənin divarının zədələnməsi vandallıq aktı kimi qiymətləndirilir.

  • “Quru meyvə” adı ilə 112 kiloqramdan artıq narkotiki ölkəyə keçirmək istədilər

    Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, “qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.