Category: Kriminal

  • Oğlunu güllələyən ata məhkəmə qərarından narazıdır

    Astara rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ağaşir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, müraciət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

    İttihama görə, Ağaşir Hüseynov 31 iyul 2020-ci ildə saat 17 radələrində Astara rayonun Vaqo kəndində ailə məişət zəminində aralarında soyuq münasibətlər olan oğlu Turalın arvadı Fərzanə ilə mübahisə etdiyini eşidib. Ağaşir oğluna arvadı ilə dava etməsinə görə iradını bildirib.

    Tural isə iradı qəbul etmək əvəzinə, atasına kobudluq edib, nalayiq şəkildə cavab qaytarıb.

    Bundan əsəbiləşən Ağaşir evdə olan babasından miras qalmış ov tüfəngi ilə Turalın sol bud nahiyəsinə iki dəfə atəş açıb, ona xəsarət yetirib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağaşir Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror protest verib, Ağaşirin cəzasının ağırlaşdırılmasını istəyib. Təqsirləndirilən şəxsin vəkili isə apelyasiya şikayəti verib və müvəkkilinin barəsində şərti cəza təyin olunmasını istəyib.

    Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti və təqsirləndirilən şəxsin vəkilinin şikayəti təmin edilməyib.

  • Marneulinin azərbaycanlı merinin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ

    Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz ətrafı ilə birlikdə amansızcasına döyməsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq başlanıb.

    Median.Az bu barədə yerli KİV-ə istinadən məlumat verir.

    Bildirilib ki, hazırda Kənan İsmayılov Marneuli Polis İdarəsindədir.

    Qeyd edək ki, ictimai fəal Samirə Bayramova sosial şəbəkədə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz ətrafındakı şəxslərlə birlikdə amansızcasına döyməsi barədə paylaşım edib.

    Onun sözlərinə görə, sahibkarlardan biri çörəyin qiymətini artırmadığı üçün Kənan İsmayılov həmin şəxsi döyüb:

    “Onlar öz biznes maraqlarına görə çörəyin qiymətini süni şəkildə artırıblar və digər sahibkarları da eyni şeyi etməyə məcbur ediblər. Onlardan biri şəxsən mənimlə də əlaqə saxlamışdı. Tabe olmayanlardan biri isə bu gün vəhşicəsinə döyülüb”.

  • Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI – Video

    Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisində baş tutan tədbirlər zamanı 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov şübhəli kimi saxlanılıblar.

    Onlardan ümumilikdə 70 kiloqram 875 qram həcmində tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə – marixuana aşkarlanıb. Saxlanılanların müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, tutulan şəxslərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • Tovuzda 19 yaşlı qız OĞURLANDI – Dörd nəfər SAXLANILDI

    Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri – 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir.

  • Samux sakini bacısı oğlunu bıçaqladı

    Samuxda bıçaqlanma hadisəsi olub.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü F.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxsə dərhal yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, F.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Fakt araşdırılır.

  • Bu məmurun pulunu ələ keçirən şəxs məhkəmə zalında həbs olundu

    Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Dövlət ittihamçısı Ergin Qafarov çıxış edərək işin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.

    Məhkəmə qısa müşavirədən sonra qərarı elan edib.

    Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından həbs olunub.

    Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.

    Qeyd edək ki, məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.

    Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

    Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

    R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

    Qeyd edək ki, Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.

    Mediada Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu da deyilir.

    Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29,178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Sabiq bağça müdiri 10 nəfərdən pul tələb edibmiş

    Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Zaqatala rayon prokurorluğundan bildirilib ki, istintaq zamanı Lətifə Hasilovanın qeyd olunan vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul olunması məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul vəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlar törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

    Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Narkotikin təsirində olan “BMW” sürücüsü saxlanıldı

    Neftçala rayon sakini İsmayıl Hüseynov “BMW” markalı avtomobillə Ələt–Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

    Faktla bağlı İ.Hüseynov barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.

    BDYPİ bir daha narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etməklə günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd hərəkətlərə son qoymağı tələb edir və xəbərdarlıq edir ki, bu kimi hallara qarşı ən sərt, qətiyyətli və barışmaz tədbirlər bundan sonra da davam etdiriləcək.

  • Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

    Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Median.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

    Şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

    Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

  • Oğrunu tutmağa çalışan satıcı işdən çıxarıldı

    Mağazadan oğurluq edən şəxsi saxlamağa cəhd edən işçi işdən çıxarılıb.

    Qeyri-adi olay Londonda “Waitrose” supermarket şəbəkəsində baş verib.

    Belə ki, 54 yaşlı mağaza satıcısı Uoker Smit növbəsi zamanı bir müştərinin mağazadan şokoladlar götürdüyünü görüb. O, müdaxilə etməyə çalışsa da, qısa mübahisə yaranıb, torba cırılıb və məhsullar yerə tökülüb. Şokoladlardan biri qırılıb.

    Hadisədən sonra mağaza meneceri Smitə töhmət verib və məsələ rəhbərliyə ötürülüb. Smit bildirib ki, əvvəllər işçilərə oğurluq hallarında müdaxilə etməmək tapşırılıb, lakin davamlı hadisələr onu hərəkətə keçməyə vadar edib.

    Şirkət isə açıqlamasında təhlükəsizlik qaydalarına ciddi riayət etdiklərini və əməkdaşların bu qaydalara əməl etməli olduğunu vurğulayıb.